Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-235/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X5, Cavabdehin hüquqi varisi X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 (üçüncü şəxs Bakı şəhəri Gürgən qəsəbə bələdiyyəsi) qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(094)-26/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhəri Gürgən qəsəbə Bələdiyəsi üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tiklinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması və qanunsuz tikintinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(094)-26/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı məxsus torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, mübahisəli Bakı şəhəri, Gürgan qəsəbəsi, E.Hüseynov küçəsinin qərb hissəsində yerləşən 1650 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olsada, iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülkiyyətçi hüquqları əmlaka sahiblik edən şəxs olaraq iddiaçıya mənsubdur. Həmin torpaq sahəsinin faktiki ölçüsü 1650 kv.metrdir və torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikili inşa olunmuşdur. Bu isə iddiaçının qanunla qorunan hüquq və mənafelərinə ziddir. Məhkəmə iddiaçının istifadəsində olan və faktiki olaraq zəbt etdiyi torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş qarajı əsas səbəb kimi göstərmişdir. Əslində isə məhkəmənin gəldiyi nəticələr qanuna və işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikasının 2002- ci il 15 mart tarixli 274-119 saylı qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 2.5-ci bəndində göstərilir. Bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin planını (cizgisini) ərizəçiyə verilir. İddiaçının 1650 kv. torpaq sahəsinə dair planı (cizgisi) olmadığı halda, məhkəmə ekspertizası təyin etmədən, torpaq sahəsinə baxış keçirmədən cavabdehin məhkəməyə təqdim etdiyi şahidlərin cavabdeh tərəfindən 1980-ci ildə sökülmüş tövlənin yerində 7 m x 4.2 m ölçüdə qaraj və 2.5 x 2.5 m ölçüdə su hovuzu tikməsini təsdiq etmələri məhkəmə tərəfindən nəzərə alınmamış və araşdırılmamışdır. Məhkəmə, ümumiyyətlə iddiaçının icarəsinə verilmiş 1650 kv.m torpaq sahəsinin harada yerləşməsini müəyyən etməmişdir. Apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bununla əlaqədar cavabdehin vərəsəsi – həyat yoldaşı X7 onun prosessual hüquq varisi kimi tanınmışdır. Apelyasiya baxışı zamanı cavabdehin hüquqi varisi apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı 2007-ci ildə ərizə ilə Gürgən Bələdiyyəsinə müraciət etmiş, xx.xx.2007-ci il tarixdə Bələdiyyə qərarı ilə iddiaçıya sözügedən torpaq sahəsi “Torpağın icarə müqaviləsi” ilə icarəyə verilmişdir. 2007-ci ildən hal-hazıadək iddiaçı torpaqdan istifadə edir, əkin əkir, hər il torpaq icarəsini ödəyir. Hətta 2009-2010-cu illərdə cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə kubik daşları tökmüş, iddiaçının şikayətindən sonra daşları aparmışlar. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Bakı şəhəri Gürgən qəsəbə bələdiyyəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Gürgan qəsəbəsi, E.Hüseynov küçəsinin qərbdə yerləşdiyi 1650 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olsada, iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülkiyyətçi hüquqları əmlaka sahiblik edən şəxs olaraq iddiaçıya mənsubdur. Həmin torpaq sahəsinin faktiki ölçüsü 1650 kv.metrdir və torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikili inşa olunmuşdur. Bu isə iddiaçının qanunla qorunan hüquq və mənafelərinə ziddir. Ona görə də hesab etmişdir ki, cavabdeh iddiaçının istifadəsində olan və faktiki olaraq zəbt etdiyi torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilmiş qaraj sökülməli və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı tələbinin əsası kimi mübahisəli 1650 kv.m torpaq sahəsinin xx.xx.2007-ci il tarixli 12 saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Gürgan-Pirallahı bələdiyyəsi tərəfindən ona 99 il müddətinə icarəyə verilməsinə istinad etsə də, həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətlərini, eləcə də torpaq sahəsinin yerləşmə sxemini nə birinci instansiya məhkəməsinə, nədə ki, məhkəmə kollegiyasına təqdim etməmişdir. Eyni zamanda torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması barədə sübutunu təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisəyə obyektiv baxılmasının təmin edilməsi məqsədilə iş üzrə xx.xx.2019-cu ildə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertizasını icrası ilə bağlı Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********36 saylı məktubu və ona əlavə edilmiş arayışdan müəyyən edilmişdir ki, Xidmətin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifov tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İş üzrə iddia edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstərcilərini əks etdirən sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, sxem və s) rəsmi surətdə təqdim edilməməsi səbəbindən müvafiq rəyin verilməsi mümkün olmamış, bu səbəbdən iş materialları ekspertiza keçirilmədən geri qaytarılmışdır. İşdə olan, Pirallahı rayonu X4 rayon Məhkəməsinə ünvanladığı 08 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubundan müəyyən olunur ki, “Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 588-İVQ nömrəli Qanununa və həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2801 nömrəli Sərəncamına əsasən ayrılma yolu ilə yeni Gürgən bələdiyyəsi təşkil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının İİ hissəsinə əsasən bələdiyyələr seçkilər əsasında yaradılır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respublikası X8 2014-cü il 21 oktyabr tarixli 4/25 saylı Qərarı ilə növbəti bələdiyyə seçkiləri 2014-cü il 23 dekabr tarixində keçirilmiş və seçkilərin nəticələri X8 2015-ci il yanvar tarixli iclasında təsdiqlənmişdir. Bakı şəhəri Pirallahı rayonunun ərazisində yeni yaradılmış Gürgən bələdiyyəsi 2015-ci il 27 yanvar tarixində 01 saylı protokola əsasən fəaliyyətə başlamışdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, Gürgən bələdiyyəsi fəaliyyətə başladığı vaxtdan hal-hazıradək torpaq sahəsi ayırmamış və qeyd etdiyiniz məsələ ilə bağlı bələdiyyə arxivində məlumat müəyyən edilməmişdir. Eyni zamanda, “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 dekabr tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 2017-ci il yanvarın 1-dən etibarən bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə bağlı məsələlər ümumiyyətlə müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. AR Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən Gürgan qəsəbəsi, E.Hüseynov küçəsinin qərb tərəfindən yerləşən 1650 kv.m torpaq sahəsi üzərində Gürgan bələdiyyəsinin mülkiyyət, iddiaçının isə icarə hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və rəsmiləşdirilməsi müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə onun özünün qanuni istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair qanunla müdafiə olunan sahiblik, istifadə və ya sərəncam hüquqlarını təsdiq edən sübutlar təqdim etməli idi. İddiaçı bunu təsdiq edən sübut qismində birinci instansiya məhkəməsinə ona müvafiq torpaq sahələrinin 99 il müddətinə icarəyə verilməsi barədə icarə müqaviləsinin kserosurətini təqdim etmiş, lakin həmin müqavilənin və onun verilməsinə əsas olmuş sənədlərin əsli və ya təsdiq edilmiş surətlərini, həmçinin torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən edən plan-cizgi, ayrıc aktı və digər hər hansı yer quruluşu sənədi təqdim etməmişlər. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən sorğu verilsə də, belə bir sənədin mövcudluğu barədə sənədlər aşkar edilməmişdir. Sadalanan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi iş üzrə iddiaçının təqdim etdiyi torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin kserosurəti əsasında cavabdehin sənədsiz istifadəsində olan torpaq sahəsinin məhz 2007-ci ildən iddiaçıya ayrılmış torpaq sahəsi olduğunu müəyyən etmək və bu torpaq sahəsindən qanuni istifadə (onlara qanunsuz müdaxilə) ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqlara malik olduqları barədə nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-26/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-235/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-235/2020
04.03.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver