Məhkəmə qərarları › İş №2(103)-2351/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2351/2023

18.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2351/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma və mənzilin boşaldılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər RüstəmliMəhəmməd Əli oğlu (sədrlik edən və məruzəçi), n katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4689/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzil iddiaçının atası X2 mülkiyyətində olmuş, mülkiyyətçisi xx.xx.2021-ci il tarixdə öldükdən sonra mənzilin 1/3 hissəsi iddiaçının mülkiyyətinə vərəsəlik qaydasında, qalan 2/3 hissəsi isə bağışlama müqaviləsi əsasında keçmişdir.

2. Həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 3355/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən uşaqlarla birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2009-cu ildə ailə həyatı qurmuşdur. Rəsmi nikahları Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli “778“ nömrəli şəhadətnamə ilə qeydə alınmışdır. Birgə nikahdan dörd uşaqları olmuşdur: xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Bir müddət cavabdehlə mehriban yaşasalar da, son vaxtlar ailə münasibətləri pozulmuş və iddiaçının müraciəti əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3355/2022 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan doğulmuş övladları cavabdehin, yəni ananın yanında qalmış və hər uşağın saxlanılması üçün, hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 772 manat alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulması qət edilmişdir. Onu da qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 1, 520-ci məhəllədə yerləşən 1 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kodastrı və Reyestri Publik Hüqiqi Şəxsi tərəfindən ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Həmin mənzil iddiaçıya mərhum atasından vərəsəlik yolu ilə keçmişdir. Göstərilən mübahisəli mənzilin ½ hissəsinə pay hüququ qardaşına, qalan ½ hissəsinə isə pay hüququ iddiaçıya məxsusdur. Qardaşı mülkiyyət hüququ haqqında çıxarışın tam olaraq onun adına verilməsinə etiraz etməmiş, lakin daşınmaz əmlakın satılaraq yarı bölünməsi aralarında razılaşdırılmışdır. Bu səbəbdən də mənzili satmaq məcburiyyətində qalmışdır, çünki qardaşına düşən payın pulunu ona verməlidir, lakin mənzilin satılmasına cavabdeh razılıq vermir, iddiaçının da qardaşına düşən payın pulunu vermək üçün vəsaiti yoxdur. Bu səbəbdən də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, cavabdeh keçmiş ailə üzvü olsa da, onun həmin mənzilə istifadə hüququ yoxdur və o, mübahisəli mənzildən çıxarılmalıdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdehə mübahisəli mənzili satdıqdan sonra əldə olunan vəsaitdən ona və uşaqlarına şəhərin istənilən yerindən ən azı 3 otaqlı mənzil alacağını dəfələrlə bildirsə də, cavabdeh buna razılaşmamış, sadəcə olaraq mənzilin satılmasına heç bir əsas göstərmədən razılıq verməmişdir. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olduğundan bu hüququndan sui-istifadə etməklə mənzilin satılmasına razılıq vermir və nəticədə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Əlavə olaraq bildirir ki, tərəflər 2009-cu ilin sentyabr ayında rəsmi nikaha daxil olmuşlar və bir gün sonra yeni Mənzil Məcəlləsi qəbul edilmişdir. Hazırkı mübahisə Mənzil Məcəlləsi ilə deyil, Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənməlidir.

7. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində boşadılmasını tələb etdiyi Bakı şəhəri, fərdi yaşayış evinin yaşayış sahəsi 48,8 kv.m, ümumi sahəsi 31,54 kv.m olan 2 otaqdan ibarətdir. Birgə nikah dövründə tərəflərin ümumi qazancı hesabına əldə etdikləri vəsait hesabına həmin mənzili ayrıca fərdi yaşayış evinə çevirmiş, mənzilin yerində 2 mərtəbəli, 6 otaqlı ev inşa etmişlər. Əlavə tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Birgə nikah dövründə həmin evdə yaşamış və mən hazırda da uşaqları ilə birlikdə həmin evdə yaşayır. Tərəfindən həmin evdə böyük təmirtikinti işləri aparılmış, evin sahəsi genişləndirilmiş, əlavə tikililər inşa edilmişdir. Digər tərəfdən, evin yerləşdiyi torpaq sahəsində (həyətdə) ikinci ev mövcuddur, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, lakin həmin evdən də istifadə edirlər. Onun və onunla birlikdə yaşayan uşaqlarının həmin yaşayış evinə istifadə hüququ vardır və həmin hüquq heç kim tərəfindən məhdudlaşdırıla bilməz. Mübahisəli mənzilin mülkiyyətçi olan iddiaçı ilə birgə yaşadığı və onun ailə üzvü olduğu üçün həmin mənzildən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilənin deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranmışdır. Ona görə də onu mübahisli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hissəsindən adi qaydada çıxarılması tələb oluna bilməz.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4689/2022 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundova) iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququnun 1 il müddətinə saxlanılması, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə ailə qurmuşdur. Həmin dövrdə mübahisə predmeti olan mənzil iddiaçının atasının mülkiyyətində olmuşdur. Cavabdeh gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisinin ailə üzvü dairəsinə daxil deyildir. O, xx.xx.2009cu il tarixdə mübahisə predmeti olan mənzilə gəlin gəlsə də, bu hal “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Göründüyü kimi, yaşayış binasının tərkibhissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, Cavabdeh mərhum X2 ailə üzvü deyildir. Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçi ilə birgə yaşayan yalnız ər (arvad), valideynlər və övladlar mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək, orada daimi yaşamaqdan asılıdır. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Bu baxımdan mülkiyyətçi ilə aralarında etibarlı ailə münasibətləri olmayan şəxslərin yaşayış sahəsinə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir ki, həmin razılaşma yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmadır. Göründüyü kimi mübahisəli ev Cavabdeh qayınatasına məxsus olmuşdur və sonuncu ilə Cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. O, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır.

11. Daha sonra mənzilin mülkiyyətçisi dəyişmişdir. Belə ki, mənzilin mülkiyyətçisi X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və mənzil xx.xx.2022-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə hesab etmişdir ki, mənzilin mülkiyyətçisi 2021-ci ildə vəfat edəndən sonra mənzilin mülkiyyətçisi dəyişdiyindən və cavabdeh sözügedən mənzildə yaşamağa davam etdiyindən artıq mülkiyyətçi dəyişən zaman xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin nikahı xx.xx.2022-ci il tarixdə ləğv olunduğundan və onlar arasında başqa razılaşma olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ saxlanmır. Lakin qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbindən də göründüyü kimi keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər.

13. Məhkəmə birgə nikahdan olan 4 azyaşlı uşaqların cavabdehin himayəsində olmasını, cavabdehin hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yerinin olmadığını nəzərə alaraq hesab etmişdir ki, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən cavabdehin 1 il müddətə istifadə hüququ saxlanmaqla iddia qismən təmin olunmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına, N.S.Cəbrayılovanın şikayəti üzrə xx.xx.2010cu il tarixli qərarına, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin cavabdehə vaxtın verilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsi isə xx.xx.2009-cu ildən qüvvəyə minmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il qərarının tələbindən də açıq şəkildə görünür ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilə bilməz. Məhkəmə bu hissədə düzgün olmayan nəticəyə gəlmişdir.

17. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

18. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə ümumi qazancla əldə etdikləri vəsait hesabına həmin mənzili sökərək iki mərtəbəli 6 otaqlı ayrıca fərdi yaşayış evinə çevirmişlər. Əlavə tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Birgə nikah dövründə həmin evdə yaşamışlar və o hazırda da uşaqlarıyla birlikdə həmin evdə yaşayır. Tərəfindən həmin evdə böyük təmirtikinti işləri aparılmış, evin sahəsi genişləndirilmiş, əlavə tikililər inşa edilmişdir. Digər tərəfdən evin yerləşdiyi torpaq sahəsində (həyətdə) ikinci ev mövcuddur, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, lakin həmin evdən də istifadə edirlər. Cavabdehin və onunla birlikdə yaşayan uşaqlarının həmin yaşayış evinə istifadə hüququ vardır və həmin hüquq heç kim tərəfindən məhdudlaşdırıla bilməz. İddiaçı ilə nikah pozulsa da, cavabdehin və onunla birlikdə yaşayan azyaşlı uşaqlarının həmin evdən istifadə hüququna xitam verilə bilməz. O, mübahisəli mənzil mərhum qayınatası Zülfi Babayevin adına olanda onun oğlu iddiaçının ailə üzvü kimi həmin evə köçmüşdür, iddiaçının onu həmin evə köçürmək hüququ var idi. Hazırda mübahisəli mənzil Məmmədli Babayevin adına olsa da və o, həmin mənzili bağışlama əsasında əldə etsə də, onun azyaşlı uşaqlarıyla birlikdə adi qaydada həmin mənzildən çıxarılmağını tələb edə bilməz. Mənzil Məcəlləsinin 30.4-cü maddasinin müddəaları hazırkı mübahisəyə tətbiq oluna bilməz, çünki tərəflər arasındakı hüquq münasibətləri həmin Məcəllə qəbul edilənədək yaranmışdır. İddiaçı ilə o xx.xx.2009-cu il tarixdə nikaha girdikləri üçün hazırkı mübahisə MM-nin 228.5-ci maddəsi tərbiq edilməklə həll edilməlidir. Bu münasibətlərə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq oluna bilməz, çünki qanunun geriyə qüvvəsi yoxdur. İddiaçı hazırda mövcud olmayan sahəsi 48 kv.m olan mənzilin ilk mülkiyyətçisi Zülfi Babayevin oğlu olmaqla onunla birgə yaşamışdır. İddiaçının Zülfi Babayevlə birlikdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmuşdur. Onun sökülmüş mənzildən istifadə hüququ vardır və iddiaçı ilə nikahları pozulduqdan sonra da saxlanılır. Cavabdehin və onunla birlikdə yaşayan azyaşlı uşaqlarının hazırda mövcud olmayan mənzildən iddiaçı ilə bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranmışdır və cavabdehin uşaqlarıyla birlikdə başqa yaşayış yeri yoxdur. Ona görə də yaşayış sahəsinə olan ehtiyacı bu evdən istifadə etməklə qarşılamaq məcburiyyətindədirlər. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllədə yerləşən yaşayış sahəsi 48,8 kv.m, ümumi sahəsi 31,54 kv.m olan 2 otaqdan ibarət mənzil mövcud deyildir, həmin mənzil sökülmüş və yerində 2 mərtəbəli 6 otaqlı ev inşa edilmişdir. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, evin yerləşdiyi torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir. İddiaçının hazırda mövcud olan 2 mərtəbəli evə dair sərəncam vermək hüququ yoxdur. İşə baxan hakim mübahisəli mənzilin mövcud olub-olmamasını araşdırmamışdır, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllədə yerləşən 1 saylı fərdi yaşayış evinə yerində müayinə və tədqiq edilməsi barədə vəsatət versə də, vəsatəti müzakirə olunmamışdır. Əgər qeyd edilən evə yerində müayinə və tədqiq olunsaydı, belə bir mənzilin mövcud olmadığı yəqin edilərdi və düzgün olmayan qətnamə qəbul edilməzdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehə bir neçə dəfə barışıq təklif etsə də, razılıq əldə olunmamışdır. Cavabdehə dörd otaqlı mənzil verməyə də razıdır. Cavabdeh ondan külli miqdarda pul tələb edir. Əlavə tikililər atasının vəfatından 4 il əvvəl inşa edilmişdir. Həmin tikililər qanunsuzdur, ola bilsin onların sökülməsi ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəkdir.

21. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirdi ki, iddia tələbi cavabdehin texniki pasportda olan 31.4 kv.metr sahədən çıxarılmasıdır. Cavabdeh tərəf isə orada 31.4 kv.metr sahənin olmadığını, oranın ümumiyyətlə söküldüyünü və birgə nikah dövründə yenidən tikildiyini bildirdi. Məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, ekspert öz rəyində 31.4 kv metrin olduğunu, habelə ona əlavə olaraq artırmaların da olduğunu qeyd etmişdir. Əgər cavabdeh 31.4 kv metrdən əlavə sahə ilə bağlı birgə nikah dövründə inşa edildiyini sübut edərsə, çəkilmiş xərcin 2/1 hissəsini tələb etmək hüququ var.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Nümayəndə və vəkil ona verilmiş suala cavab olaraq bildirmişdir ki, tikinti işləri 2019-cu ildə aparılmışdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı: -Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli qərardadındakı hüquqi mövqe: -Yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia qismən təmin olunduğundan və qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən müəyyən edilir ki, tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar, cavabdehin uşaqları ilə birlikdə çıxarılması xahiş edilən mənzil həmin vaxt cavabdehin qayınatasının mülkiyyətində olmuşdur. Mənzilin mülkiyyətçisi xx.xx.2021-ci ildə öldükdən sonra mənzil iddiaçının adına dövlət reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. Rəsmi sənədlərə əsasən mənzilin ümumi sahəsi 48.8 kv.metr təşkil edir.

35. Cavabdeh qeyd olunan mənzilin sökülərək yerində birgə nikah dövründə 2 mərtəbəli 6 otaqlı evin inşa edildiyini bildirmişdir.

36. Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2949 nömrəli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair tərtib olunmuş texniki pasportun məlumatları ilə yaşayış evinin faktiki vəziyyəti müqayisə olduğu zaman, yaşayış evinin 1,2,3,4 və 5 saylı tikililərin texniki pasportun məlumatlarına uyğun gəldiyi, lakin birinci mərtəbədə yerləşən 6 və 7 saylı tikililər və yaşayış evinin ikinci mərtəbə səviyyəsində yerləşən 8,9,10,11 və 12 saylı tikililərin texniki pasportun məlumatlarında öz əksini tapmayan tikililərin olduğu müəyyən edilmişdir. Təmir-tikinti, quraşdırma və s. işlərin hansı dövrdə (müddətdə) aparılmasının müəyyən edilməsinə dair metodika olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır.

37. Göründüyü kimi, ekspert rəyində əlavə olaraq artırmaların olduğu qeyd edilmiş, lakin mübahisəli ünvandakı mənzilin sökülərək yerində yeni ev tikilməsi barədə qeyd olunanlar öz təsdiqini tapmamışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olarkən mənzil cavabdehin qayınatasına məxsus olmuş və qayınata ilə cavabdeh arasında sonuncunun mənzildən istifadə hüququ ilə bağlı yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşma olmamışdır. Odur ki, cavabdehin həmin vaxt mənzildən istifadə hüququ yaranmamışdır. Belə ki, qeyd olunan münasibətlər 2009-cu il oktyabrın 1-dək yaranmışdır və ona görə də münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir (bax 26-27-ci bəndlərə).

39. İddiaçı xx.xx.2022-ci il tarixdən mənzilin mülkiyyətçisi olmuş və cavabdeh ailə üzvü kimi mənzildə birlikdə yaşamışdır. Belə olan halda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən tərəflər arasında ailə münasibətlərinə məhkəmə qətnaməsi ilə xx.xx.2022-ci il tarixdə xitam verildiyindən cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ saxlanılmır.

40. Həmin maddənin tələbindən göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

41. Bu mənada, birgə nikahdan olan dörd uşağın cavabdehin himayəsində olmasını, cavabdehin hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yerinin olmadığını nəzərə almaqla birinci instansiya məhkəməsinin mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən cavabdehin 1 il müddətə istifadə hüququ saxlanmaqla iddianın qismən təmin olunması barədə qənaəti düzgün olmuşdur.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.

43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkilinin bildirdiklərinə görə mənzildə əlavə tikinti işləri 2019-cu ildə həyata keçirilmişdir.

44. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının tələbi cavabdehin uşaqları ilə birlikdə çıxarılması tələb edilən ümumi sahəsi 48.8 kv.metr olan mənzilin yaxşılaşdırılmasına (əlavə tikililərin inşa edilməsi, təmir işlərinin görülməsi və s.) cavabdeh tərəfindən vəsaitin xərclənməsi öz təsdiqini tapdığı təqdirdə belə, həmin mənzil o vaxt iddiaçının mülkiyyətində olmadığına görə Ailə Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından tərəflərin birgə mülkiyyəti sayıla bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4689/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının xərcini təşkil edən 100 manat məbləğində vəsaitin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM: VÖEN: **********, X4, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar