Məhkəmə qərarları › İş №2(103)-2354/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2354/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2354/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak üzərinə vərəsəlik hüququnun tanınması və əmlaka dair pay hüququnun müəyyən olunması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 6240/2020 saylı qərardadından Cavabdeh2 şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “əmlak üzərinə vərəsəlik hüququnun tanınması və əmlaka dair pay hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianı təmin tədbiri barədə ərizə verərək, BMW X5 markalı, **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi və istifadəsinə qadağa qoyularaq həbs qoyulmasını və nəqliyyat vasitəsinin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmişdir. Cavabdeh2 şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması şəraitində çıxarılmışdır. Belə ki, həbs qoyulması tələb edilən avtomobil yaşadığı Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsi 194 saylı binanın zirzəmisində yerləşən avtodayanacaqda saxlanılmışdır. Eyni zamanda şəxsi avtomobili olduğu üçün adı çəkilən “BMW X5” markalı avtomobilin idarə edilməsinə zəzurət yoxdur. X1 öldüyü üçün onun mülkiyyətində olan nəqliyyat vasitəsinin həm istifadəsi, həm də özgəninkiləşdirilməsi məntiqsizdir, vərəsəlik haqqında şəhadətnamə olmadan qeyri-mümkündür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmiş, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növlərində iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. İş materiallarından görünür ki, iddiaçı, əmlak üzərinə vərəsəlik hüququnun tanınması və əmlaka dair pay hüququnun müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etməklə, tələb edilən əmlaka daxil olan BMW X5 markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı da vərəsəlik hüququnun tanınması və pay hüququnun müəyyən olunmasını iddia etməkdədir; bu səbəblə də, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə nail olmaq, eləcə də avtomobilin salamatlığını və özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə onun üzərinə həbs qoyulması məzmununda iddianı təmin tədbirinin görülməsi zəruri olmuş və bu, iddianı təmin etmə tədbiri institutunun yuxarıda qeyd olunan məqsədinə xidmət etmişdir. Cavabdehin şikayətinin dəlillərindən biri avtomobilin cərimə duracağına (meydançasına) yerləşdirilməsinin qanunsuz olması ilə bağlıdır. Hesab edir ki, avtomobil yaşadağı binanın zirzəmisindəki dayanacaqda qalmaqla, avtomobildən istifadə edilmir, eləcə də iddiaçının digər iddiası üzrə mülki işdə iddianı təmin etmə tədbiri barədə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının icrası zamanı icra məmurunun BMW X5 markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadağı binanın zirzəmisindəki dayanacaqdan çıxararaq, Azərbaycan Respublikası DİN BDYPİ-nin duracağına yerləşdirilməsi məhkəmə tərəfindən qanunsuz hesab edilmişdir. Heç kəsə məxsus olmayan avtomobilin üzərinə həbs qoymaq və onu cərimə meydançasına yerləşdirmək MPM-nin 158.1.1-ci maddəsinin tələblərinə ziddir. Nəhayət, preyudisiyal əhəməyyətinə görə, eyni məsələyə dair Bakı Apelyasiya Məhkəməsinin qüvvədə olan qərardadı olduğu halda yenidən hər hansı məhkəmə aktının qəbul edilməsi əhəmiyyətsizdir və mülki-prosessual qanunvericiliyə uyğun deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsə tərəfindən faktiki qəbul edilmiş miras əmlak mirasın açıldığı vaxtdan onun mülkiyyəti hesab olunduğundan, eləcə də avtomobil birgə nikah dövründə əldə edilməklə mərhum Ə.Məmmədovla Cavabdeh2 birgə mülkiyyəti hesab olunması prezumsiyası qüvvədə olduğundan, bununla da mübahisəli avtomobilin istər birgə mülkiyyətçi, istərsə də birinci dərəcəli vərəsə kimi Cavabdeh2 tam və ya qismən mülkiyyətində olması ehtimal edildyindən, MPM-nin 158.1.1-ci maddəsinin dispozisiya şərtləri daxilində həmin avtomobilin üzərinə həbs qoymaq yolveriləndir. BMW X5 markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə edilməsinin qadağan edilməsi və onun cərimə meydançasına yerləşdirilməsi ilə bağlı Kollegiya qeyd edir ki, avtomobilin cavabdehin yaşadığı binanın zirzəmisindəki dayanacaqda saxlanılması iddiaçının haqlı narazılığına və şübhələrinə səbəb olur, belə ki, bu vəziyyətdə nəqliyyat vasitəsi faktiki olaraq cavabdehin istifadəsində qalır. Kollegiya cavabdehin belə vəziyyətdə avtomobilə hər hansı zərər yetirmək niyyətində olması kimi fikirlərdən qətiyyən uzaqdır (çünki hazırki vəziyyətdə belə nəticəyə gəlmək üçün heç bir əsas mövcud deyil), ancaq belə arqumentlərin tam inkar edilməsinin mümkün olmadığı da iddiaçının haqlı dəlili hesab olunur. Ona görə də iddiaçının şübhələrinə son qoymaq üçün avtomobilin məhz Azərbaycan Respublikası DİN BDYPİ-nin duracağına yerləşdirilməsi daha məqsədəmüvafiqdir. Nəhayət, Məhkəmə Kollegiyası qeyd edir ki, eyni predmet barəsində hər hansı başqa işdə iddianı təmin etmə barədə görülmüş tədbirin (qüvvədə olan məhkəmə aktının olması) hazırki işə heç bir aidiyyəti yoxdur və həmin məhkəmə aktı hazırki işə münasibətdə preyudisiallıq qüvvəsinə malik deyidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin dəlilləri əhəmiyyətsizdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehin ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 6240/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar