Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2355/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-219/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 4 saylı evin, 51 saylı mənzilindən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 51 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. O, 1996-cı ilədək həmin ünvanda yaşamışdır. O, Azərbaycan Respublikasından çıxarkən həmin mənzili heç kimin istifadəsinə verməmişdir. Lakin cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qeyd olunan mənzili guya ona satdığını iddia edərək aralarında mənzilin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1091/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1091/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia üzrə cavabdeh məhkəməyə verdiyi iddia ərizəsində təsdiq etmişdir ki, ona məxsus mənzildə cavabdeh ailə üzvləri ilə yaşayır. Bu barədə iddia ərizəsinə Səbail rayon 7 saylı MKİS-nin arayışı və qonşuların iştirakı ilə tərtib edilmiş akt əlavə edilmişdir. Hazırki iş üzrə cavabdeh mənzilin istismar yığımı, məişət tullantıları yığımı haqqlarını, işıq, qaz, sudan istifadəyə görə haqları ödəyibdir. Mənzil 1996-cı ildən cavabdehin sahibliyində və istifadəsindədir. Cavabdeh ona məxsus mənzilin onun qeyri-qanuni sahibliyində olmasını təsdiq etmişdir. Halbuki ona məxsus mənzilə eyni inzibati ərazidə yerləşən eyni mənzil şəraiti olan mənzillər ayda 2000-3000 manata kirayəyə verilir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulmuş, ona külli miqdarda ziyan vurulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8216/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, ünvan 1-də yerləşən 51 saylı mənzil 22 saylı DNK-nın xx.xx.1993-cü il tarixli D-672 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən xx.xx.1993-cü il tarixdə İddiaçı oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı tərəfindən onun etibarnamə üzrə nümayəndəsinə vermiş etibarnamənin hüquqi qüvvəsi yoxdur və qüvvədən düşmüş hesab olunur. Belə ki, etibarnamədən aydın olur ki, həmin etibarnamə xx.xx.2023-cü il tarixində London şəhərində verilmişdir. Etibarnamədə etibar edən İddiaçı oğlunun qeydiyyat ünvanı və Passport məlumatları göstərilmişdir. Pasportun nömrəsi: ********* kimi qeyd edilmişdir. İş materiallarına baxanda aydın olur ki, iddiaçının həmin pasportunun müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. 9 il bundan öncə qüvvəsini itirən pasportla etibarnamənin verilməsi maraq doğuran məsələdir və hazırda həmin etibarnamə hüquqi qüvvəyə malik deyildir. Bundan başqa iddiaçının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün onun yeni pasportunun təqdim olunması zərurəti yaranmışdır. Məhkəməyə təqdim edilmiş etibarnamədə etibarnaməni verən şəxsin ata adı göstərilməmiş, bu da etibarnamənin həqiqətən də məhz İddiaçı oğlu tərəfindən verilməsi barədə şübhə doğuran məqamdır. Həmçinin Quliyev soyadının ingilis dilində Guliyev yazılmalı olan halda“Gouliev” kimi tərtib edilməsi də bu iddianın fərqli insan tərəfindən verilməsi şübhələrini artırır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə İddiaçı oğluna mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 4 saylı evin 51 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı oğluna təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun bu mülkə heç bir aidiyyatı yoxdur və tərəf deyil. Belə ki, İddiaçı oğlunun öz tapşırığı ilə 2022-ci ilin noyabr ayında mənzil onun tərəfindən iddiaçının dayısı X6 təhvil verilmişdir. Bu barədə 3 tərəfli Skayp danışığında qərar qəbul edilmişdir. Mənzil 2022-ci il ildə iddiaçının dayısı X5 həmin dövrdə Azərbaycandakı nümayəndəsi olmuş X4 təhvil verilmişdir. Bunu şahidlər və həmin prosesdə iştirak edən şəxslər də təsdiq edə bilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəf (iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə cavabdeh tərəfin izahatını dinləyib, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən özünün mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər iddiaçı hesab edilir və məhkəməyə verilmiş iddia ərizələri şəxsən onların özü və ya səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalı, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd iş materiallarına mütləq qaydada əlavə edilməlidir. Bu tələblərə riayət edilməməsi iddianın qaytarılması, icraata götürülmüş iddianın isə baxılmamış saxlanılması üçün əsas yaradır. Məhkəmə kollegiyası mülki işin materiallarına istinadən qeyd edir ki, iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili kimi Vəkil1 tərəfindən imzalanmışdır. Lakin iddiaçını məhkəmədə təmsil etmək üçün vəkil və nümayəndə Vəkil1 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli etibarnamə Gouliev İlgar tərəfindən verilmişdir. Eyni zamanda, etibarnamədə bu şəxsin identifikasiya məlumatı kimi onun (xx.xx.2004-cü il tarixdə Böyük Britaniya və X7 Krallığı tərəfindən verilmişdir) xx.xx.2014-cü il tarixdə qüvvədən düşmüş ********* nömrəli pasportuna istinad edilmişdir. Həmin pasportda Gouliev İlgarın ata adı da qeyd edilməmişdir. Buna baxmayaraq, etibarnamənin azərbaycan dilinə edilmiş tərcüməsində bu şəxsin soyadı Quliyev, ata adı isə İdris olaraq göstərilmişdir. Lakin belə olan halda, soyadın “Quliyev” kimi tərcümə olunmasını və ümumiyyətlə ata adının göstərilməsini mümkün edən halları (sənədləri) müəyyən etmək mümkün olmamışdır. Azərbaycan vətəndaşı olmadığından “Elektron” məhkəmə informasiya sistemində də bu şəxs barədə hər hansı məlumat aşkar edilməmişdir. Həmin etibarnamənin məhz iddiaçı tərəfindən verilməsinin təsdiqi olaraq, onun hazırda istifadə etdiyi və qüvvədə olan hər hansı digər sənədi, o cümlədən pasportu da məhkəməyə təqdim edilməmişdir. Halbuki, aydın olan məsələdir ki, qeyd edilən Krallığın vətəndaşı olaraq bu şəxs şəxsiyyəti təsdiq edən sənədə sahibdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin etibarnamə vəkil və nümayəndə Vəkil1 hazırki iddianı məhkəməyə vermək (imzalamaq) səlahiyyətini verən sənəd kimi qəbul edilə bilməz. Qeyd edilənlər öz növbəsində iddia ərizəsinin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması qənaətinə gəlməyə əsas verir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı icraata qəbul etmiş, növbəti mərhələdə də iddianın baxılmamış saxlanılması haqqında qərardad qəbul etməmiş və işə mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır; 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin tələblərini, o cümlədən iddia ərizəsinin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 259-cü, 263-264, 384-385-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2355/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2355/2024
25.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver