Məhkəmə qərarları › İş №2(103)-2356/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2356/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2356/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı MTK-nın cavabdeh X7 oqluna qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(004)-2210/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh X7 oqluna qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 30804 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə X5 arasında bağlanmış 05.07.2016-cı il tarixli, ABB YM-27 saylı müqaviləyə əsasən Bakı şəhəri, H.Əİiyev küç., 945-ci məhəlləsində inşa edilən bina 1, mərtəbə 8, ümumi sahəsi 130.23 kv.m ibarət olan 3 otaqlı, 83 saylı mənzil cavabdehə təhvil verilməli, cavabdeh isə əvəzində 195345 manat məbləğində ödəniş etməli idi. Cavabdeh ödənişin 45345 manatını özü etmiş, qalan 150000 manat isə Beynəlxalq Bank ASC ilə bağlanmış 05.07.2016-cı il tarixli, 12-05-072016A F-BP saylı kredit müqaviləsinə əsasən ödənilmişdir. X5 banka ödəməli olduğu aylıq ödənişi ödəməyə imkanı olmadığı üçün həmin mənzili satmaq qərarına gəlmiş, lakin 6 ay müddətində sata bilmədiyi üçün, MTK-ya müraciət etmişdir. MTK tərəfindən müqavilənin şərtlərinə uyğun təklif verilmiş və bu təklif onun tərəfindən qəbul edilmişdir. Qeyd edilən müqavilə şərtlərinə əsasən cavabdehə ilkin ödəniş kimi etdiyi məbləğdən mənzilin satılması üçün nəzərdə tutulmuş xərclər və müqavilə üzrə müəyyən edilmiş cərimə məbləğləri çıxıldıqdan sonra qalan vəsait veriləcəkdir. Cavabdeh bu şərtlərlə razılaşmış və 15.11.2017ci il tarixli notarial qaydada mənzildən imtina etmişdir. Qeyd edilən xərclər çıxıldıqdan sonra cavabdehə 20000 manat məbləğində pul verilmişdir. MTK tərəfindən cavabdehə verilmiş 14.11.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, cavabdehə 20000 manat məbləğində pul verilir və cavabdehin Beynəlxalq Bank ASC qarşısında kredit müqaviləsinə əsasən yaranmış öhdəliyini MTK öz üzərinə götürür. Bundan sonra qeyd edilən mənzil X1. Alqısatqı müqaviləsinin bağlanması üçün vasitəçi olmuş Şahlar adlı şəxsə 10000 manat məbləğində ödəniş edilmişdir. Gecikdirilmiş 7376 manat pulun, habelə bankla müqavilənin bağlanması üçün 5 faiz məbləğin 6752 manatın ödənilməsi üçün ümumilikdə 14128 manat məbləğində pul verilmişdir. Beləliklə, MTK tərəfindən 24128 manat məbləğində pul təkcə cavabdehin öhdəlikləri üçün sərf edilmişdir. Müqavilədə qeyd edilən şərtlər hazırki iş üzrə qərar qəbul edilinəsi üçün olduqca əhəmiyyətlidir. Belə ki, MTK ilə cavabdeh arasında bağlanmış müqavilənin 10.2-ci bəndində qeyd edilmişdir ki, «müqavilənin ləğv edilməsi halında alıcı tərəfindən cəmiyyətə ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və cəmiyyətə dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar Azərbaycan Beynəlxalq Bank ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar Cəmiyyətin birbaşa və dolayı bütün məsrəfləri və X4 ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 iş günü ərzində alıcıya qaytarılacaq. Müqavilənin 3.3-cü bəndində qeyd edilir ki, müqavilədən irəli gələri hüquq və vəzifələrinin kredit müqaviləsi ilə bağlı Azərbaycan Beynəlxalq Bank ASC-nin müvafiq yazılı razılığı olduğu halda 3-cü şəxslərə ötürülməsi zamanı (ilkin olaraq qeyd olunan şəxsin təhlili Azərbaycan Beynəlxalq Bank ASC tərəfindən aparılmalıdır). Alıcı müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 2 faiz həcmində minimum 1000 manat olmaqla xidmət haqqı ödəyəcək. Müqavilənin 3.4-cü maddəsinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında alıcı müqavilənin 3.1-ci maddəsində razılışdırılmiş məbləğin 2 faiz həcmində minimum 1000 manat olmaqla cəmiyyətə dəbbə pulu ödəyəcək. Müqavilənin 3.1ci maddəsində məbləğ 148200 manat müəyyən edilmişdir. Hər iki bənd üzrə cərimə məbləğləri 5928 manat edir. Azərbaycan Beynəlxalq Bank ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar cəmiyyətin birbaşa və dolayı bütün məsrəfləri və bankın tələbləri. Diqqət etməli iki məqam var burda. Birinci məqam ondan ibarətdir ki, birbaşa və dolayı yolla bütün məsrəflər, həmin məsrəfə üçüncü şəxs tərəfindən ödənilmiş ilkin 5 faiz məbləğ, İddiaçı MTK-nirı vəsaiti hesabına ödənilmişdir. Yəni iddiaçıya 30804 manat məbləğində ziyan vurulmuşdur. Halbuki cavabdeh bu halları nəzərə almadan özünün tam iradəsi ilə imtina etdiyi mənzilə görə yenidən pul istəyir. Cavabdeh əsassız şəkildə varlanmaq üçün Nərimanov rayon Məhkəməsində MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi cavabdehin iddia tələbini qismən təmin etmişdir. Ancaq bununla belə hesab edir ki, cavabdeh tərəfindən MTK-ya 30804 manat məbləğində pul ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(004)- 2210/2020 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normasının pozulması, sübutlara düzğün hüquqi qiymət verilməməsi, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Azərbaycan Respubiikası Ali Məhkəməsinin mülki kollegiyasının 20.08.2020-ci il tarixli, 2(102)-2550/2020 saylı qərarından göründüyü kimi, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı «ödənilmiş pul vəsaitinin tutulması və dəymiş mənəvi ziyanın ödənilməsı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42725 manat, su, elektrik və qaz sayğaclarının quraşdırılması üçün ödənilən 1000 manat, mənəvi zıyan olaraq 10000 manat olmaqla, cəmi 53725 manat məbləğində pul vəsaitinin və 30 manat ödənılmış dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsıni xahış etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 25345 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dovlət rüsumunun iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 18.11.2019-cu il tarixli qətnaməsı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, eyni zamanda sonuncu qətnamədən cavabdeh İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23.02.2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Qanuni qüvvədə olan məhkəmə qərarlardan göründüyü kimi, tərəflər arasında mənzillə bağlı yaranmış mübahisə üzrə işin hallarına və sübutlara hüquqi qiymət verilmişdir ki, həmin hallar da hazırki iş üzrə preyudisial xarakter daşıyır. Hazırda iddiaçı cavabdehdən 30804 manat pul tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, müqavilə şərtlərinə əsasən cavabdehə ilkin ödəniş kimi etdiyi məbləğdən mənzilin satılması üçün nəzərdə tutulmuş xərclər və müqavilə üzrə müəyyən edilmiş cərimə məbləğləri çıxıldıqdan sonra qalan vəsait veriləcəkdir. Cavabdeh bu şərtlərlə razılaşmış və 15.11.2017-ci il tarixli notarial qaydada mənzildən imtina etmişdir. Qeyd edilən xərclər çıxıldıqdan sonra cavabdehə 20000 manat məbləğində pul verilmişdir. Göründüyü kimi, iddiaçı razılaşdırılmış xərcləri çıxmaqla, qalan pulu cavabdehə vermişdir. Belə olan halda iddiaçı əlavə xərclərin və həmin xərclərin cavabdeh tərəfindən ödənilməli olmasını sübut etmək yükünü daşıyır. İşdə ümumiyyətlə cavabdehin iddia tələbindən göstərilən pul vəsaitlərini ödəmək öhdəliklərini müəyyən edən hər hansı müqavilə və ya razılaşma mövcud deyildir. İddiaçı bu istiqamətlə məhkəməyə sübut təqdim edə biliməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının bildirdikləri (izahatı) isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla cavabdehin iddiaçıya iddia tələbində göstərilən məbləğlərdə pul vəsaiti ödəməli olması müəyyən olunmamıdır. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MTK-nın cavabdeh X7 oqluna qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(004)-2210/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(004)-2210/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar