Məhkəmə qərarları › İş №2(103)-2356/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2356/2024

03.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2356/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2356/2024 (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndə-vəkili Vəkil1, cavabdehin nümayəndə-vəkili Vəkil3 ştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə 12 iyun 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən mənzili əldə etməklə, birlikdə yaşamışlar. 2.Tərəflər arasında münasibət sonradan pisləşmiş və Cavabdeh məhkəməyə müraciəti əsasında nikahları pozulmuşdur. Cavabde hazırda İddiaçı qeyd olunan evdə yaşamasına icazə vermir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanda yerləşən mənzilə İddiaçı köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 12 iyun 2010-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh ilə birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü oğlu X6 və xx.xx.2017-ci il tarixdə digər oğlu X5 anadan olmuşdur. İlk əvvəllər münasibətləri yaxşı olsa da, sonralar ailə münasibətləri pozulmuş, aralarındakı narazılıqlar heç bir formada öz həllini tapmamaqda davam etmişdir. Birgə nikah dövründə tərəflər “LEXUS LX 570”, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili, eyni zamanda ünvan 2 ünvanda yerləşən mənzili əldə etmişlər. Birgə nikah dövründə əldə edilən ünvan 2 ünvanda yerləşən mənzilə İddiaçı girişi Cavabdeh tərəfindən qadağan olunmuşdur. O, İddiaçı mənzilə daxil olmasına icazə vermir və maneəçilik törədir. Beləliklə, İddiaçı mənzilə köçürmə tələbinə dair qarşı tərəf Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən 21 iyun 2022-ci il 12:00-13.00 tarixinə ilkin mediasiya prosesi həyata keçirilmişdir. Mediasiya prosesinə mediatorun təşəbbüsü ilə xitam verilmişdir. Cavabdeh mediasiya prosesinin tarixi, yeri və saatı barədə xəbər verildiyi təqdirdə də, mediasiya prosesində iştirak etməmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanında yerləşən mənzilinə İddiaçı köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25 və 43.1, Mülki Məcəlləsinin 6.1.1, 27, 152.1, 152.3, 158.1, 158.2, 158.4, 164, 165.1, 213.1, 213.2 və 215.1-ci, Mənzil Məcəlləsinin 13.3-cü maddəsi və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, yuxarı instansiya məhkələrində iddiaçının analoji pay hüququnun təsbit olunmasına baxmayaraq, olunan ünvan 1 ünvanında yerləşən mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak kimi nəzərdən keçirilməsi üçün, ilk növbədə həmin əmlakın qanunvericiliyin də tələblərindən irəli gələrək, ümumi gəlirlər hesabına alınması məsələsi araşdırılmalı idi. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinə həmin hissədə adekvat münasibət bildirməmişdir. Həmçinin iddiaçıya tərəfindən hər hansı maneə tədbirlərinin qoyulması bir sıra subyektiv amillərlə əlaqədardır. Belə ki, istər birgə nikah, istərsə də nikah pozulduqdan sonra iddiaçı tərəfindən ona fiziki şiddət göstərilməsi müşahidə olunmuş və faktla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülməklə, cavabdehin həyat və sağlamlığı qorunmuşdur. Bu hallar da onu göstərir ki, hazırda tərəflərin birgə yaşaması mümkünsüzdür. Məhkəmə bunlardan savayı çəkişmə prinsiplərini də pozaraq, cavabdehin prosesdə iştirakını təmin etmədən yekun məhkəmə aktı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmənin qəbul etdiyi qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasına iştirak edən iddiaçının nümayəndə-vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

15. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

16. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

17. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

18. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı, təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoyulmasını tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

23. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

24. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

25. Maddə 222.1 Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

26. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır:

27. Maddə 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları;

28. Maddə 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə.

29. Maddə 9.2 və 9.2.2. Mənzil hüquqlarının müdafiəsi üsullarından biri də mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınmasıdır.

30. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

36. Maddə 185.5. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

37. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Hazırki apelyasiya baxışının predmetini qətnamənin bütövlükdə əsaslılığının və qanunuliyi yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

45. Belə ki, "xxxx" MTK və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 99 nömrəli müqavilədən görünür ki, MTK ünvan 3 ünvanında inşa ediləcək binanın 2-ci giriş, 10-cu mərtəbə, 99 saylı mənzilini payçı Cavabdeh verməyi, payçı isə mənzili qəbul etməyi və mənzilinmüəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

45. "xxxx" MTK-nın möhürü ilə təsdiq edilmiş maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa ediləcək binanın 2-ci giriş, 10-cu mərtəbə, 99 saylı mənzilin dəyəri Cavabdeh tərəfindən tam ödənilmiş, onun MTK-ya borcu yoxdur.

46. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində 418 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 iddiaçı Cavabdeh yanında saxlanılmaları, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat məbləğində aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulma vaxtının xx.xx.2021-ci il tarixdən hesablanması qət olunmuşdur.

47. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(005)-2960/2022 saylı saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanda yerləşən mənzilə İddiaçı ½ hissədə pay hüququ tanınmışdır.

48. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1802/2023 saylı qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(005)- 2960/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 4361/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 1802/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

50. Hazırki işin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər 12 iyun 2010cu il tarixində nikah bağlamışlar. İddiaçı Cavabdeh ilə hazırki mübahisə predmenti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində məskunlaşmış, uzun müddət cavabdeh və ailə üzvləri ilə birlikdə yaşayıb, birgə təsərrüfat aparmışdır. Həmçinin, o da mübahisə olunmayan haldır ki, müvafiq mənzil tərəflərin birgə nikah dövründə əldə edilməklə, cavabdeh X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlə nikah münasibətlərinə xitam verilmiş və hazırda həmin ev cavabdehin, yəni iddiaçının keçmiş həyat yoldaşının istifadəsindədir.

51. Apellyasiya şikayətinin ünvan 1 ünvanında yerləşən mənzilin birgə əmlak hesab edilməməsi hissəsi ilə bağlı Kollegiya qeyd etməyi zəruri hesab edir ki, şikayətdə göstərilən məsələ ilə əlaqədar birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, İddiaçı mübahisəli evə iddiaçının köçürülməsi tələbinin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (mülkiyyət, istifadə hüququ və s.) yaranıbyaranmaması araşdırılmalıdır.

52. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mənzilə köçürülməyə dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə bağlı nəticələrə yol verən şəxsin mübahisəli mənzil üzərində mülkiyyət və ya ondan irəli gələn digər hüquqları (istifadə və s.) olsun, lakin məhrum edilən şəxs bu hüquqlara sahib olmasın və qanunvericiliklə də təsbit edilməsin. Əgər məhrumedən şəxsin belə bir hüququ yoxdursa və ya məhrumedilən də onunla birlikdə eyni hüquqlara sahibdirsə, bu halda məhrumetmə qanunsuz sayılır.

53. Hazırki iş üzrə İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə ½ pay hüququ və bunun nəticəsi olaraq həmin hissədə mülkiyyət hüququ yuxarı instansiya məhkəmələrinin analoji aktlarında təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qanunvericinin tələbindən də anlaşıldığı kimi, iddiaçının müvafiq payı artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsbit olunduğundan, hazırki iş üzrə mülkiyyətin əldə edilməsi üsullarının yenidən araşdırılması məqsədəuyğun hesaba edilmir.

54. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından və işin hallarından da göründüyü kimi hazırki iş üzrə iddiaçının mübahisəli mənzil üzərində ½ hissədə pay hüququ və bundan doğan mülkiyyət hüququ artıq başqa bir məhkəmə mübahisəsində öz təsbitini tapmış və heç də cavabdehin bildirdiyi kimi yenidən müzakirə və ya sübut olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Artıq bu zaman sözügedən mülkiyyət hüququnun mövcudluğunun iddiaçı üçün hansı digər hüquqları ehtiva etdiyi məsələsi aydınlaşdırılmalıdır.

55. Daha öncə də qeyd edildiyi kimi mülkiyyət hüququ özündə 3 komponenti ehtiva edir: əşyaya sahiblik, onun üzərində sərəncam verə bilmə imkanı və ondan istifadə hüququ.

56. Hazırki iş üzrə iddiaçının da tələbi özünün də mülkiyyət hüququnun tanındığı mənzildən istifadə edə bilməməsi, ona dair sahibliyin həyata keçirilməsinə olan maneənin aradan qaldırılması və bunların nəticəsi olaraq mübahisəli mənzilə köçürülməsi ilə bağlıdır.

57. Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, sahiblik və istifadə hüquqları mülkiyyəti hüququnun tərkib hissələri olduğuna görə və iddiaçının mülkiyyət hüququ artıq başqa bir məhkəmə mübahisəsində öz təsdiqini tapdığına görə hazırda iddiaçı mübahisəli mənzilə köçürülməsi ilə bağlı tələb irəli sürməkdə haqlı olmuşdur.

58. Qeyd edilən müddəanın əsası özünü həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsində də tapmışdır. Belə ki, Məcəllənin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının mübahisəli mənzilə köçürülməsinin cababdehin həyat və sağlamlığına təhlükə yaradacağı ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi cavabdeh qeyd etdiyi məsələ ilə bağlı daha öncə aidiyyatı qurumlara müraciət etmiş və məsələnin həlli ilə bağlı zəruri addımlar atılmışdır. Həmin məsələ hazırki mülki məhkəmə icraatının predmetindən kənar olmaqla iddiaçının əmlak hüquqları ilə bağlı hüquq normalarının tətbiqini istinsa etmir. Cavabdehə izah olunur ki, iddiaçı tərəfindən yenidən bu cür hərəkətlərə yol verilərsə, yenə də qanunvericiliklə müəyyən edilmiş üsullarla bunun üçün aidiyyatı orqanlara müraciət etmək hüququna malikdir. 60 Kollegiya cavabdehin birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin lazımi qaydada təmin edilməməsi və yekun məhkəmə aktının çıxarılması zamanı xəbərdar edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, istər məhkəmə iclas protokollarından, istərsə də məhkəmə bildirişlərindən göründüyü kimi bütün tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, öncəki məhkəmə iclaslarında cavabdehin nümayəndə və vəkili də iştirak etmiş və bütün sübutlarını təqdim edərək məhkəmə araşdırmasının yekunlaşmasına etirazının olmadığını bildirmişdir.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normalara düzgün tətbiq edilməklə qəbul edilmiş məhkəmə qətnaməsinin hazırda ləğvinə və ya dəyişdirilməsinə əsas ola biləcək hər hansı hal mövcud deyildir və buna görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

62. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

64. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

66. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

67. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 68 Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar