Məhkəmə qərarları › İş №2(103)-2358/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2358/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2358/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh6 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-2283/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 97”V” ünvanında yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-2283/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 97 “V” ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması müəyyən edilməsi qət edilmişdir, Qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu 56 saylı MKİS-in məhkəmənin sorğusuna əsasən verdiyi xx.xx.2019-cu il tarixil cavab məktubundan bəlli olur ki, 2-ci Alatava yaşayış massivinda 97 "V" ünvan bir necə yerdə mövcuddur və həmin ünvanlar ayrı-ayrı evlərdir. Məhkəmə bildirişində göstərilən şəxslər İddiaçı evində yox, öz yaşadıqları evdə qeydiyyatdadırlar. Misal olaraq cavabdehlərdən biri , Cavabdeh2 adına olan Bakı səhəri Yasamal rayonu, 2-ci Alatava yaşayış sahəsi, 97 “'V" ünvanında yerləşən ümumi sahəsi 300.5 kv.m fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı və texniki pasportu göstərmək olar, (surəti şikayətə əlavə olunur) Lakin məhkəmə 2-ci Alatava yaşayış massivində 97 "V” ünvanının bir necə yerdə olması və həmin ünvanların ayrı-ayrı evlər olması halını araşdırmadan əsassız qətnamə qəbul etmişdir ki, bu da cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə öz yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına səbəb olmuşdur. Belə nəticə hasil olur ki, hazırda cavabdehlərin yaşayış yeri üzrə heç bir yerdə qeydiyyatları yoxdur. Belə ki, əmlaka dair sərəncam vermək məqsədilə notariat xidmətinə müraciət edərkən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi əsasında Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava küçəsi, 97"V" ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları onlara məlum olmuşdur. Lakin qeyd olunan qətnamə onlara bu günədək rəsmi qaydada verilməmiş, keçirilən məhkəmə iclası barədə heç bir məlumatları olmamış, məhkəmə bildirişi göndərilməmişdir. Məhkəmə öz qətnaməsində vurğuladığı kimi cavabdehlər Cavabdeh2 və qeyrilərinin Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən İddiaçı mülkiyyətində olan 97”V” saylı evdə yaşamamaları, iddiaçının ailə üzvü və ya onun tərəfindən evə köçürülmüş şəxlər olmaması müəyyən edilsə də yanlış olaraq, Mülki Məcəllənin 228-ci maddəsinə istinadən hüquqi əsaslandırma aparmışdır. Xüsusən Bakı şəhəri Yasamal rayonu 56 saylı MKİS məhkəmənin sorğusuna əsasən verdiyi xx.xx.2019-cu il tarixli cavab məktubunda bu ünvanın bir neçə yerdə olmaqla tekrarlanması halını diqqətə çatdırır. Cavabdehlərdən biri Cavabdeh2 Dövlət reyestrindən Çıxarışı ünvanın təkrarlanmaşına əyani sübutdur. Baxmayaraq ki, Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmazdır. İlk növbədə məhkəmə bu faktı aradırmaqdan ötrü müvafiq qurumlara sorğu verib ətraflı məlumat alması, həmin qurumların (Əmlak Məsələləri Dövlət Xidməti, Daxili İşlər Nazirliyi) prosesə cəlb edilməsi zəruri idi. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarının 1.ci bəndinə əsasən bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. Ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən həyata keçirilir. 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları). 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət nömrə; 3.15. Ünvan reyestrinin aparılması məqsədləri üçün nəqliyyat infrastrukturu obyektləri müəyyən edilmiş qaydada kodlaşdırılır və müvafiq göstəricilər məlumat bazasına daxil edilir. Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması zamanı inzibati ərazi vahidlərinə və nəqliyyat infrastrukturu obyektlərinə verilmiş nömrələr təkrarlanmır. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Komitə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir. 4.3. Ünvan reyestrində saxlanılan məlumatların dəqiqliyinə və reyestrin vaxtında aparılmasına, verilən məlumatların tam və düzgün olmasına görə cavabdeh olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar Məhkəmə iclasında Cavabdeh6 bildirdi ki, iddiaçını da, digər şəxsləri də tanımırlar. Şikayət verən 4 nəfər bir ailə üzvüdür, digər şəxsləri tanımırlar. Hazırda onların hamısı qeydiyyatsız qalmışlar. İş materiallarında “Jekin” arayışı da var ki, ünvan eyni olsa da, hər kəs öz evində yaşayır. O, evdə uşaqlıqdan yaşayır. İddiaçının evi ilə onların yaşadığı ev arasında xeyli məsafə var. Bİrbirlərini də tanımırlar. Məhkəmə iclasında Cavabdehlər Cavabdeh2 da apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı İddiaçı bildirdi ki, o, qeydiyyatla bağlı iddia qaldırmış, istifadə ilə bağlı problem yoxdur, hər kəs öz evindən istifadə edir. Evi 2000-ci ildə almışdır, həmin vaxt da “Jekin” verdiyi arayışda heç kəs qeydiyyatda yox idi. Sonra evi satmaq istəyəndə qeydiyyatda cavabdehlər çıxdı. Cavabdehləri tanımır. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı iş üzrə tədqiq olunmuş sübutlarla cavabdehlər X1 və qeyrilərinin Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən, İddiaçı mülkiyyətində olan 97”V” saylı evdə yaşamamaları, iddiaçının ailə üzvü və ya onun tərəfindən evə köçürülmüş şəxslər olmaması, onlarla mülkiyyətçi arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtlərini tənzimləyən, notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmaması müəyyən edilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehlərin iddiaçıya məxsus evdən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın şikayət verən şəxslərə aid hissədə təmin edilməməsi üçün əsasdır. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətlərinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də, şikayətlərin məzmunundan görünür ki, şikayətlərin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin onlara aid, yəni Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 aid iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə şikayət verən şəxslərə aid hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 aid hissədə iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, apellyasiya baxışı zamanı da müəyyən edildi ki, iddiaçı ilə cavabdehlərin yaşadıqları evlər ayrı-ayrı olan müxtəlif evlərdir, yəni cavabdehlər iddiaçıya məxsus evdə heç vaxt yaşamamış və buna görə də iddiaçının evindən istifadə hüquqları da olmamışdır. Bu işin mübahisəsiz halıdır. Tərəflərin heç biri bunu mübahisələndirmir. İkincisi, işdən görünür ki, həm iddiaçının həmdə cavabdehlərin rəsmi qeydə alındığı ünvan eynidir. Lakin bu ünvanın iddiaçının mülkiyyətində olan evin ünvanı ilə eyni olması iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, cavabdehlərin yaşadıqları ev də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, onların evlərinə də qeyd olunan mübahisəli ünvan verilmişdir. Ona görə də iddiaçı ilə cavabdehlərin yaşadıqları evlərə eyni ünvanın verilməsi hazırıkı iddianın irəli sürülməsinə əsas vermirdi. Çünki, iddiaçının qeyd etdiyi kimi cavabdehlər də onun evində formal qeydiyyatda deyil, eyni ünvan verilmiş öz yaşadıqları evdə qeydiyyatdadır. Üçüncüsü, iddiaçı cavabdehlərin ona məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsini tələb edir. Amma cavabdehlər iddiaçının evinin yaşayış sahəsindən istifadə hüquqlarının olduğunu iddia etmirlər, nədə onların belə bir hüquqları mövcud deyildir. Ona görə də mövcud olmayan hansı hüquq, məhkəmə qətnaməsi ilə yenə də olmayan hesab edilə bilərdi. Demək iddiaçının da son olaraq istəyi və arzusu cavabdehlərin yaşadıqları evlə onun yaşadığı evin ünvanlarının eyni olmamasına nail olmaqdır. Bunun üçün iddiaçı çatmaq istədiyi məqsəd üçün düzgün yol(vasitə) seçməli idi. Yəni, bu evlərə eyni ünvan verilməsində cavabdehlər heç bir hüquq pozuntusuna yol verməmiş, hətta cavabdehlərin yaşadığı ev 1985-ci ildə tikildiyindən həmin evə bu ünvan daha əvvəl verilmişdir. Ona görə də iddiaçı yaşadığı evlə cavabdehlərin yaşadıqları evin ünvanının eyni olmasını istəmirsə yaxud başqa ünvan verilməsini istəyirsə bu barədə aidiyyəti orqanlara müraciət etməlidir. Çünki, ünvanın verilməsi yaxud dəyişdirilməsi cavabdehlərin deyil, həmin orqanların səlahiyyətindədir. İddiaçı bu cür iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl bu məsələni özü üçün aydınlaşdırmalı idi. Dördüncüsü, tərəflərin yaşadıqları evlərin ünvanlarının eyni olması da iddiaçının hansısa hüquqlarını yaxud qanunla qorunan mənafeyini poza bilməz. Çünki, ünvanların eyni olması iddiaçının mülkiyyətində olan evi üzərində hər hansı bir formada sərəncam verməsinə qətiyyən maneə deyildi. Yəni, evini satmasına, bağışlamasına yaxud digər əqdlər bağlamasına heç də cavabdehlərin razılığı yaxud icazəsi tələb oluna bilməz. Buna görə, yalnız iddiaçının evində yaşayan və hansısa hüquqları olan şəxslərin icazəsi və ya razılığı tələb oluna bilər. Ona görə də iddiaçının gətirdiyi bu arqument də bu cür iddia irəli sürməsinə haqq qazandıra bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-2283/2019 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 aid hissədə ləğv edilsin və iddia onlara aid hissədə təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar