Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2358/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6159/2021 saylı, 10.12.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ("xxxx" MMC-in hüquqi varisi) Cavabdeh qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-6159/2021 saylı, 10.12.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 2-ün sökülməsi, Cavabdeh Alməmməd oğlunun mülkiyyətində olan ünvan 2-ün əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 18 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 85 (səksən beş) kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh Alməmməd oğlunun xüsusi mülkiyyətinə verilməsi və yeni mənzil ilə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh Alməmməd oğluna hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməsi qərara alınmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh apellyasiya şikayətində təklif edilən kompensasiyanın ədalətli olmamasını, mənzilin qəzalı vəziyyətdə olmasına dair heç bir sübutun təqdim edilməməsi, yəni bu halın təsdiqlənməməsi, onun mənzilinin sahəsinin 115 m2 olmasına baxmayaraq 70,32 m2 göstərilməsini, buna görə də yeni inşa ediləcək mənzildə ona iki otaqlı iki mənzil verilməsini xahiş etsə də, məhkəmənin buna münasibət bildirməməsini göstərmiş, bu səbəbdən, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatı: Cavabdehin nümayəndəsi və vəkili F.Dünyamalıyev apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, onun mənzilinin sahəsi 115 kv.m olduğundan, ona kompensasiya kimi sökülən evin əvəzində yeni tikilən binada kompensasiya kimi iki ədəd 85 kv.m sahəyə malik mənzil verilməlidir. Bu səbəbdən, rayon məhkəməsinin müəyyən etdiyi 85 kv.m ilə, eləcə də iddiaçının apellyasiya instansiyası icraatında təklif etdiyi bir ədəd 95 kv.m sahəyə malik olan mənzilin verilməsi təklifi ilə razılaşmadıqlarını bildirdi. Həmçinin rayon məhkəməsi evin qəzalı vəziyyətdə olmasına istinad etsə də, bununla bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, Nazirlər Kabinetinin müvafiq qərarında sökülən evlərin sahəsindən 20 faiz artıq olmaqla yeni tikilmiş binada evlərin verilməsi nəzərdə tutulub, buna müvafiq olaraq da faktiki 70,32 kv.m sahəli mənzilin əvəzinə cavabdehə 85 kv.m sahədə olan mənzilin verilməsi nəzərdə tutulubdur. Mülkiyyət hüququ əsas hüquqlardan biri olsa da, zəruri və ağlabatan səbəblər olduqda məhdudlaşdırıla bilir. Belə ki, iddiaçı şirkət tərəfindən Bakı şəhərinin abadlaşması, köhnə və qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir, yeni və şəraiti əvvvəlkindən qat-qat yaxşı olan evlərin tikintisi çərçivəsində cavabdehə də əvvəlki 70,32 kv.m sahəli mənzilinin əvəzinə yeni tipli 85 kv.m sahədən ibarət tam təmirli mənzilin verilməsi cavabdehin hüquqlarını pozmur. Cavabeh öz mənzilinin sahəsinin çox olduğunu bildirsə də, buna dair hər hansı sübut yoxdur, ekspert rəyi ilə mənzilin sahəsinin 70,32 kv.m olması müəyyən edilmişdir. Hazırda iddiaçı yeni tikiləcək binada cavabdehə əvvəlki mənzilinin sahəsinin 35%-dən də artıq olmaqla, 95 kv.m sahədən ibarət tam təmirli mənzilin verilməsinə razıdır. Hesab edir ki, cavabdehin mövqeyi ağlabatan olmamaqla bərabər, hüquqdan sui-istifadədir. Belə ki, həmin binada bir çox başqa sakinlərlə şirkət arasında razılşma olmuş, onlar artıq mənzilləri boşaltmış, lakin cavabdehin mənzilini boşaltmaması binanın tiikintisini ləngitməklə digər sakinlərin də hüquqlarını pozur, həm də həmin sakinlərin kirayə xərcləri ödəndiyindən şirkətin də əlavə xərclərinin yaranmasına səbəb olur. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 15.05.1997-ci il tarixli, MH seriyalı, 081242 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 Cavabdeh Alməmməd oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 801 saylı reyestr kitabının 120307 nömrəli vərəqində, 30/120307 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 13.04.1997-ci il tarixli texniki pasportun surətindən görünür ki, Cavabdeh Alməmməd oğlunun mülkiyyətində olan ünvan 2- ün ümumi sahəsi 68 kv.m-dən ibarətdir. Mülki iş materiallarında olan 17.12.2018-ci il tarixli, EL-496/2018 saylı lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMCyə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verir. Bakı şəhər İH Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 60 №-li, 28.09.2020-ci il tarixli arayışa əsasən Cavabdeh Alməmməd oğlu ünvan 2-də qeydiyyatdadır. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24.09.2018-ci il tarixli, 290 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1753 saylı, 12.10.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “İddiaçı istifadəsinə verilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC-in direktoru A.V.Məmmədov arasında bağlanılmış 15.02.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən "xxxx" MMC sakinlərin köçürülməsinə onlarla müəyyən edilmiş həddə nəqliyyat və əşyalarının daşınması üçün hər mənzil üçün birdəfəlik 300 manat pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən Şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyriyaşayış) sahəsindən 20%-dən artıq sahəsi olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi, bu zaman həmin mənzilləri (qeyri-yaşayış) su, qaz və elektrik enerjisi sayğacları ilə təmin etməyi öhdəsinə götürmüşdür. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş Konstruktoru Emil Əsədullayev, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş 05.07.2017-ci il tarixli, ünvan 1 ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən ərazidə yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyasından inşa edilmişdir. Sakinlər tərəfindən tikinti norma və qaydalarına uyğun olmadan yaşayış binasında çoxsaylı artırmalar inşa edilmişdir. Binada inşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olaraq dayanıqlılığına mənfi təsir göstərir. Yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə və mənzillərə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri və yaşayış binası məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri və yaşayış binası, ümumiyyətlə, mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İddiaçı MMC 06.05.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. "xxxx" MMC tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, ƏEM/N 05-1011/21 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanının ümumi sahəsi (faktiki ölçüsü) 70,32 kv.m təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 200 manat təşkil etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehə sahəsi 95 kv.m olan mənzilin verilməsinə razı olmaları barədə ərizə vermişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Məhkəmə Kollegiyası tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 15.02.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini ilə "xxxx" MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişmələrində yerləşən yaşayış evləri mövcud şəhərsalma tələblərinə cavab vermir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1- ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Kollegiya hesab edir ki, hazırkı halda mübahisə predmeti cavabdehin evin sökülməsi ilə razılaşmaması və evdən köçməyə ümumən razı olmaması deyil, kompensasiya (yeni tikiləcək binada veriləcək mənzilin sahəsi ilə) ilə bağlıdır. Belə ki, formalaşmış işgüzar praktikaya əsasən sökülmüş evlərin sahəsindən 20-30 faiz artıq olmaqla yeni tikilmiş binada mənzillər kompensasiya qismində ödənilir. Sökülməli olan evin sahəsi 70,32 kv.m təşkil edir, cavabdehə isə sahəsi 85 kv.m olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Hazırda iddiaçı cavabdehə sahəsi 95 kv.m olan mənzilin verilməsini təklif edir, bu isə mənzilin ilkin həcmindən 35 faiz artıqdır. Cavabdeh verdiyi izahatda mənzilin sahəsinin 70,32 kv.m yox, 115 kv.m olduğunu bildirir, ancaq bununla bağlı hansısa sübut təqdim edə bilməmişdir. Həmçinin "xxxx" MMC tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, ƏEM/N 05- 1011/21 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanının ümumi sahəsi (faktiki ölçüsü) 70,32 kv.m təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yeni tikiləcək binada iddiaçıya verilməli mənzilin sahəsi hissəsində dəyişdirilməli, iddiaçıya verilməli mənzilin sahəsi 95 kv.m müəyyən edilməli, qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən dəyişdirilməli, Cavabdeh mülkiyyətində olan ünvan 2-ün əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 18 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında Cavabdeh Alməmməd oğlunun xüsusi mülkiyyətinə verilməli təmirli yeni mənzilin ümumi sahəsi 95 (doxsan beş) kv.m müəyyən edilməli, qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Alməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-6159/2021 saylı, 10.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh Alməmməd oğlunun mülkiyyətində olan ünvan 2-ün əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 18 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında Cavabdeh Alməmməd oğlunun xüsusi mülkiyyətinə verilməli təmirli yeni mənzilin ümumi sahəsi 95 (doxsan beş) kvadrat metr müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə cavabdehlər tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2358/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2358/2022
13.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver