Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2360/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 31 yanvar 1961-ci il tarixdə Goranboy rayonunun Gülüstan kəndində doğulmasına dair akt qeydinin bərpa edilməsi, akt qeydində ad qrafasında “Gülxanım”, soyadı qrafasında “Əhmədova”, ata adı qrafasında “Bəkir”, ana adı qrafasında “Məryəm” göstərilməsi və müvafiq şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, eləcə də ərizəçini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən (qətnamənin ləğv olunması hissəsində) təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, ərizəçi doğum haqqında şəhadətnaməni itirdiyi üçün müvafiq ərizə ilə Goranboy və Binəqədi rayon qeydiyyat şöbələrinə müraciət edərək, doğum haqqında şəhadətnamənin dublikatının verilməsinin xahiş etmişdir. Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 08 iyun 2022-ci il tarixli məktubda şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadığından, həmçinin ərizədə göstərdiyi illərə dair akt qeydi kitablarının saxlandığı Aşağı Ağcakənd qəsəbəsində yerləşmiş (keçmiş Şaumyan rayonu) arxiv 1992-ci ildə erməni hərbi birləşmələri tərəfindən yandırılıb məhv edildiyinə görə qeyd edilən sənədin verilməsindən imtina olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 15 iyul 2022-ci il tarixli məktubda isə şəxsiyyəti təsdiq edən sənəd olmadığından doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlandırılmış 16 sentyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “ “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçiriləekən Ərizəçi doğumu haqqında hər hansı məlumat akşar olunmamışdır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir (maddə 162.1- 162.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun... qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşdən görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, sonuncular doğum haqqında hər hansı məlumat aşkar olunmadığından ərizəçinin müraciətini təmin etməmişlər. Ərizənin məzmunundan görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin mövcud olduğunu, lakin onun tərəfindən itirildiyini bildirmişdir. Yaranmış vəziyyətdə ərizəçi ilk növbədə doğum haqqında şəhadətnamənin dublikatının verilməsi deyil, doğum haqqında akt qeydinin bərpası barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, sonuncu tərəfindən itmiş akt qeydinin bərpası mümkün olmadıqda müvafiq ərizə ilə məhkəməyə müraciət etməli idi. Ərizəçi isə doğum haqqında akt qeydinin bərpası barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən və mülki prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2360/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2360/2023
05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver