Məhkəmə qərarları › İş №2(103)-2360/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2360/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2360/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddia tələbi üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8042/2023 nömrəli iş üzrə 04 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)- 8231/2016 saylı qətnaməsinə əsasən cavabdehdən ümumilikdə 11828.81 ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus “Chevrolet Aveominik” markalı, **-SG-***dövlət nömrə nişanlı avtomobilə (bundan sonra - Avtomobil) yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 11828.81 ABŞ dolları məbləğində borcun tutulması qət edilmiş, qətnamə icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmişdir.

2. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 120 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən Avtomobil iddiaçı tərəfindən əldə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məcburi icra tədbirləri zamanı iddiaçı tərəfindən ödənilmiş 191.25 manat məbləğində hərracın keçirilməsi xərci və 267.75 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) cəmi 459 manat pul məbləğinin və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-8231/2016 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasını təmin edərək, cavabdehdən ümumilikdə 11828.81 ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus Avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 11828.81 ABŞ dolları məbləğində borcun iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023ci il tarixli 17/74-174/14 saylı sifariş məktubuna əsasən cavabdehə məxsus Avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 120 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Avtomobil ipoteka saxlayan iddiaçı tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 18 may 2023-cü il tarixli 47 saylı hesab-fakturasından göründüyü kimi, Avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 191.25 manat məbləğində xidmət haqqı (162.08 manat və 29.17 manat vergi (18% ƏDV) ümumilikdə 191.25 manat) ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən "xxxx" MMCnin iddiaçıda olan hesabına xx.xx.2023-cü il tarixli № 47 saylı hesab-fakturaya əsasən Avtomobilin hərrac xidmətinin dəyəri olaraq 162.08 manat ödənilmişdir. İddiaçı tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına xx.xx.2022-ci il tarixli EQ seriya EBDG №092196 əsasən 29.17 ƏDV ödənilmişdir. İddiaçı tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına cavabdehin işi ilə bağlı, məhkəmə icraçılarına 7 faiz 267.75 manat məbləğində icra mödənişi ödənilmişdir. 191.25 manat məbləğində hərracın keçirilməsi xərci və 267.75 manat məbləğində icra ödənişi borclu cavabdehin əvəzinə iddiaçı tərəfindən ödənilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8042/2023 nömrəli iş üzrə 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 8.2, 61.2, 79.1, 79.2.1, 81.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, proses iştirakçılarının məhkəmə iclasında iştirakı

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, icra sənədinə əsasən tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişi cavabdehdən tutulmalı olduğu halda, iddiaçıdan tutulmuşdur. Bu da öz növbəsində məhz cavabdehin mənafeyinə xidmət edən hərəkət olmuşdur. Belə ki, cavabdeh nəticə etibarı ilə bu işlərin aparılması prosesində həmin məbləğdə varlanmışdır. İddiaçı ASC tapşırıq və ya digər əsas olmadan Cavabdeh tərəfindən ödənilməli olan icra ödənişini ödəməklə vicdanlı hərəkət etmiş və məhz cavabdehin mənafeyinə uyğun davranış nümayiş etdirmişdir. Bizim tərəfdən ödənilmiş məbləğ göründüyü kimi avans deyil. Bununla bağlı icra hərəkətlərin başa çatmasını gözləməyə ehtiyac yoxdur. Bu səbəbdən hesab edirik ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Bu səbəbdən İddiaçı ASC tərəfindən ödənilmiş icra ödənişi ilə əlaqədar çəkilən xərcin əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh edilənlərdən belə nəticəyə gəlmək olar ki, iddia əsaslıdır, lakin birinci instansiya məhkəməsi bütün bunlara baxmayaraq iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Bu səbəbdən hesab edirik ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının məhkəmə iclasında iştirakı

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəllə

11. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu

13. Maddə 8.2 icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

14. Maddə 61.2 İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

15. Maddə 79.1 İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir.

16. Maddə 79.2.1. Borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına dair xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir.

17. Maddə 81.1 İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.2. iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8042/2023 nömrəli iş üzrə 04 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. • Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) • İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

26. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

27. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin də, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Qeyd edilən müddəalar hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

29. Odur ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı

30. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi mübahisə ilə bağlı subyektiv hüquq icra orqanına məxsusdur. Lakin, icra orqanı tərəfindən bu hüquq iddia icraatı qaydasında deyil, icra hərəkətlərinin davamı kimi həyata keçirilməlidir.

31. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən şikayətin əsaslılığını təşkil edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

33. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8042/2023 nömrəli iş üzrə 04 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar