Məhkəmə qərarları › İş №2(103)-2361/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2361/2023

19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2361/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh qarşı iş üzrə (Açar sözlər:nikahın etibarsızlığı ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 aprel 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı X2 ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları yoxdur.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasındakı 06 sentyabr 2021-ci ildə Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış, 2367 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin nikah bağlayarkən məqsədi formal olmuşdur. Belə ki, nişan olandan sonra hesab edirdi ki, yaxın gələcəkdə el adəti ilə toy edəcəklər. Lakin hər hansı toy mərasimi barədə söhbət olmadığı təqdirdə cavabdehin nikah bağlamaqda israr etməsi onda və ailəsində şübhələr yaratmışdır. Bir müddət sonra məlum olmuşdur ki, cavabdeh ona görə nikahın bağlanmasına təkid edirmiş ki, yaşadıqları Dağlıq küçəsindəki evləri plana düşür və buna görə daha çox kompensasiya ala bilsin. Bu faktın həqiqiliyi ona bəlli olandan sonra bir daha əmin oldu ki, nikahları formal xarakter daşımış, nə indi, nə də gələcəkdə cavabdehlə ailə münasibətlərinə daxil olmaqla yaşamaları mümkün olmayacaqdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-708/23 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Cavabdeh) iddia rədd edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikahın ailə qurmaq niyyəti ilə bağlanmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 12.Maddə 25.1. Həmin Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

Apellyasiya baxışının hədləri 13.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 15.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 16.Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 17.Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25-ci maddəsinə görə isə, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 18.Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər. 19.İşin hallarından aydın olur ki, tərəflər könüllülük əsasında sərbəst iradə sərbəstliyini nümayiş etdirməklə xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlayaraq qeydə aldırmışdır. 20.Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Göstərilən hallar isə nikahın etibarsızlığının deyil, nikahın pozulmasının əsaslarını təşkil edir. Çünki qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur. 21.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 22.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 23.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 24.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar