Məhkəmə qərarları › İş №2(103)-2361/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2361/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2361/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-yə qarşı (Qazax rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: hərracın nəticələrinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı və onun nümayəndəsi X5, Cavabdeh3 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-yə qarşı (Qazax rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “hərracın nəticələrinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər "xxxx" MMC və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-193/2022 saylı qətnaməsi ilə Cavabdeh3 iddiası qismən təmin edilmiş, ünvan 1ində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin açıq hərracdan satılması və satılmasından ədlə edilən vəsaitin 5/6 hissəsinin Cavabdeh3a, 1/6 hissəsinin İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və bundan sonra onun əsasında verilmiş 2(023)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqisinin icrası qaydasında Qazax rayon İcra Şöbəsinin 94 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu ilə həmin əmlakın açıq hərracdan satılması üçün hərracın təşkil edilməsi və keçirilməsinə dair "xxxx" MMC-yə sifariş verilmişdir. Buna uyğun olaraq "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmiş, bu barədə xx.xx.2022-ci il tarixdə Qazax Rayon İcra Şöbəsinə, İddiaçı və Cavabdeh3 bildirişlər göndərilmiş, habelə “Birja Yenilikləri” qəzetində xx.xx.2022-ci il tarixdə elan dərc edilmişdir. Həm bildirşdə, həm də qəzetdə əmlakın qiymətinin 12.000 manat olduğu göstərilmişdir. Həmin bildiriş xx.xx.2022-ci il tarixdə “Mahmudov” soyadlı şəxs tərəfindən imzalanaraq təhvil alınmışdır. Hərrac baş tutmuş və torpaq sahəsi 12.000 manata Cavabdeh3 satılmışdır. Bununla bağlı “Hərracın yekunları barədə” xx.xx.2022-ci il tarixli, 25/01 nömrəli protokol tərtib olunmuş və cavabdehlərin hər biri tərəfindən imzalanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə bu əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh3, Qazax rayon İcra şöbəsinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinin onun payına düşən 1/6 hissəsinin hərracda satılması ilə bağlı “Hərracın nəticələri haqqında” yekun protokolunun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ünvan 1ində yerləşən torpaq sahəsinin paylı mülkiyyətdə olduğu üçün istifadə edə bilmədiyini bildirmiş, həmin paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması, ayrıla bilmədikdə isə kompensasiya ödənilməklə onun həmin sahədən çıxarılması barədə Qazax Rayon Məhkəməsində iddia qaldırmışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-193/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinin açıq hərracda satılması, həyətyanı torpaq sahəsinin satılmasından əldə edilən vəsaitin 5/6 hissəsinin Cavabdeh3, 1/6 hissəsinin İddiaçı Ziyaddın oğluna verilməsi qət edilmişdir. Həmin paylı mülkiyyətdə olan torpaq sahəsinin hərracda satılmasından məlumatı olmamışdır. Həmin torpağın hansı formada satılması, həmin torpaq sahəsinin hansı şəkildə Cavabdeh3 mülkiyyətinə keçməsindən xəbəri belə yoxdur. Həmçinin həmin iş üzrə məhkəmə mübahisəsi olmasına baxmayaraq, iş üzrə tam yekun qərar çıxarılmadan, torpağın ona məxsus olan hissəsinin cavabdehin adına rəsmiləşdirilməsi onun mülkiyyət hüququnun pozulmasına səbəb olubdur. Bu işdə cinayət faktı mövcuddur.

4. Qazax Rayon Məhkəməsinin 2(023)-1079/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh3 Ziyaddin oğlunun iddiası cavabdeh Qazax rayon İcra şöbəsinə aid hissədə baxılmamış saxlanılmış, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4193/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6859/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" MMC tərəfindən ünvan 1ində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 25/01 nömrəli protokolun etibarsız hesab edilməsi və həmin əmlakın Cavabdeh3 tam payda xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan çıxarışın ləğv edilməsi qət edilmişdir. (hakim X6)

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi vaxı və yerinə dair bildirişin göndərilməsini təsdiq edən xəbərnamədən bu bildirişin İddiaçı özünün də iddia ərizəsində qeyd etdiyi ünvana göndərildiyi və bildirişin “Mahmudov” soyadlı şəxs tərəfindən təhvil alındığı görünür. Yəni "xxxx" MMC bildirişin düzgün ünvana göndərilməsi ilə bağlı vəzifəsini yerinə yetirmişdir. Lakin "xxxx" MMC bildirişin göndərilməsi vaxtına dair qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, "xxxx" MMC hərrac barədə bildirişi keçirilməsinə ən geci otuz gün qalmış göndərməli olmasına baxmayaraq, qanunvericilyin bu tələbini pozmuşdur. İş materiallarından aydın olur ki, hərrac xx.xx.2022-ci il tarixə təyin edilmiş, buna dair bildiriş isə xx.xx.2022-ci il tarixdə, yəni 21 gün qalmış göndərilmişdir. "xxxx" MMC tərəfindən ünvan 1ində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin açıq hərracdan satılması zamanı hərracın keçirilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməklə yenidən hərrac keçirilməsi tərəflər arasında yaranmış mübahisənin daha ədalətli həll yoludur. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbində hərracın yekunlarına dair protokolun ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddia ərizəsinin əsaslandırılmasından və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini xahiş etdiyi aydın olur. Nəticədə məhkəmə hesab etmişdir ki, mübahisələndirilən protokol etibarsız hesab edilməli, əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində olan çıxarış ləğv edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci, 416-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh3 apellyasiya şikayətini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmış ki, məhkəmə heç bir əsas olmadan iddia tələbini təmin etməklə onu ağır və çıxılmaz bir vəziyyətə salmışdır. Belə ki, hazırda mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinə və üzərində tikdirdiyi fərdi yaşayış evinə daxil olmağa maneələr yaradılmış, mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Bundan başqa, hərrac xx.xx.2022-ci il tarixdə keçirilmiş və İddiaçı bu barədə bildiriş göndərilmiş və o, hərracın keçirilməsindən məlumatı olmuşdur. Lakin üzərində 2 il keçdikdən sonra hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır. Hərracın keçirilməsi tam olaraq qanunvericiliyin tələblərinə riayət edilməklə keçirilmişdir. Lakin iddiaçı tərəf məhkəmədə sadəcə torpağı satmaq istəməməsini bildirmişdir. İddia ərizəsində isə sadəcə ona aid torpağın hərracda satılmasından məlumatının olmamasını bildirmişdir. Halbu ki, ona hərrac tərəfindən məlumat verilmiş və həmin bildirişi imza etmiş və buna dair iş materillarında qəbz mövcuddur. Qətnamə ilə mülkiyyət hüquqlarının toxunulmazlığı və hərracın keçirilməsindən 2 ilə yaxın müddət keçməsini nəzərə almayaraq əqdlərin etibarsızlığı müddətinin 1 il müddət olmasını müəyyən etməməklə, sonda mülkiyyət hüquqlarını pozmuşdur.

12. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh "xxxx" MMC də apellyasiya şikayətində Cavabdeh3 apellyasiya şikayətində göstərdiyi eyni dəlilləri irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında Cavabdeh3 və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə etmişlər və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdilər.

16. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətlərini qəbul etməyərək, bildirmişdir ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi ona telefon vasitəsi ilə zəng edərək, əmlakın satıldığını ona demişdir. Lakin o, buna cavab olaraq, əmlakını satmadığını və satılmasına razı olmadığını qeyd etmişdir. Hazırda da, habelə ümumiyyətlə əmlakın satılmasına razı deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

18. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətlərini qəbul etməyərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən üçüncü şəxs Qazax rayon İcra şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

22. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun: 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir; 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir; 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir;

23. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir.

24. Məhkəmə kollegiyası F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamənin çıxarılması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini, iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən cavabdehlərin apellyasiya şikayətləri təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə Cavabdeh3 paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-193/2022 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası qaydasında hərraca çıxarılmış və "xxxx" MMC tərəfindən təşkil edilmiş və xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracda Cavabdeh3 tərəfindən əldə edilmişdir. Belə ki, qeyd edilən qətnaməyə əsasən həmin torpaq sahəsinin açıq hərracdan satılması və satılmasından ədlə edilən vəsaitin 5/6 hissəsinin Cavabdeh3a, 1/6 hissəsinin isə İddiaçı verilməsi qət edilmişdir. Payına uyğun olaraq iddiaçıya ödənilməli olan 2.000 manat məbləğində pul vəsaiti də hərracın nəticəsi olaraq Cavabdeh3 tərəfindən Qazax rayon İcra şöbəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi də xx.xx.2022-ci il tarixdən sonuncunun mülkiyyətindədir.

30. Hazırda iddiaçı hərracın keçirilməsinin yeri və vaxtı barədə xəbərdar olunmadığını, bu barədə bildirişin onun tərəfindən imzalanmadığını iddia edir və bu səbəbdən hərracın nəticəsi olaraq bağlanmış “Açıq hərracın yekunları barədə” xx.xx.2022ci il tarixli protokolun ləğv edilməsini tələb edir. Lakin iddiaçının mövqeyi, o cümlədən irəli sürdüyü dəlillər, habelə istinad etdiyi qanunvericiliyin normaları onun hüquqi nəticə etibarı ilə hərracın nəticələrinin ləğvini deyil, məhz etibarsızlığını mübahisələndirdiyini təsdiq edir. Bu səbəbdən məhkəmə kollegiyası hazırki iddia üzrə məhz hərracın nəticələrinin etibarsızlığına hüquqi qiymət verir.

31. Məhkəmə kollegiyası iddiaçının mövqeyinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, sifarişli poçt göndərişi (məktubu) ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.

32. Artıq müəyyən edildiyi kimi, hazırda mübahisələndirilən hərrac məhkəmə qətnaməsinin icrası qaydasında, Qazax rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş və keçirilmişdir. Bununla əlaqədar sifarişi aldıqdan sonra "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmiş və bu barədə xx.xx.2022-ci il tarixdə Qazax Rayon İcra Şöbəsinə, iddiaçıya və Cavabdeh3 bildirişlər göndərmiş, habelə “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında elan dərc edilmişdir. Poçt qəbzinə əsasən iddiaçıya göndərilmiş bildiriş ünvan 1i ünvanı üzrə xx.xx.2022-ci il tarixdə “Mahmudov” qeydi aparılmaqla və imza edilməklə qəbul edilmişdir.

33. Bununla belə, Qazax rayon İcra şöbəsi öz səlahiyyətləri çərçivəsində icra sənədinin icrası ilə bağlı zəruri tədbirlər görmüşdür. Cavabdeh "xxxx" MMC də hərracın təşkili və keçirilməsi ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş bütün vəzifələrini lazımi qaydada yerinə yetirmiş, qanunvericiliklə müəyyən edilmiş üsullara uyğun olaraq məlumatlandırmanı həyata keçirmiş, həmçinin hərracı sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq (iki aylıq müddət çərçivəsində) keçirmişdir. Elan və bildiriş də məzmun (orada əks olunmuş məlumatların dolğunluğu baxımından) etibarı ilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, habelə bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə iddiaçıya göndərilməsi təmin edilmişdir. Belə olan halda, həmin bildirişin hər hansı səbəbdən iddiaçı tərəfindən şəxsən qəbul edilməməsi (iddiaçı poçt qəbzində olan imzanın ona məxsus olmadığını iddia edir), habelə iddiaçının “Birja yenilikləri” qəzeti barədə məlumatlı olmaması və ya orada yerləşdirilmiş məlumatları izləməməsi iddiaçının istinad etdiyi əsaslarla hərracın etibarsız hesab edilməsini birmənalı şəkildə istisna edir və apellyasiya şikayətlərinin əsaslı olmasını təsdiq edir. Müddət etibarı ilə hərracın keçirilməsinə 22 gün qalmış elanın dərc edilməsi və bildirişin göndərilməsi isə özüözlüyündə (yəni hər hansı başqa bir pozuntunun olmadığı bir halda, yalnız məlumatın bir neçə gün gec göndərilməsi əsası ilə) bu hərracın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, hərracın keçirilməsinin onun keçirilməsinə ən geci otuz gün qalmış bildirilməsi ilə bağlı tələb Mülki Məcəllənin 415.2-ci maddəsində təsbit edilmiş, eyni zamanda, bu müddətin qanunvericilikdə ayrı qaydanın nəzərdə tutulmadığı halda, tətbiqi şərtləndirilmişdir. Oxşar münasibətləri tənzimləyən “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsinin əvvəlki redaksiyası da eyni müddəti təsbit etmişdir. Lakin həmin maddəyə 2018-ci ildə edilmiş dəyişikliyə uyğun olaraq elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməlidir (göndərilməlidir).

34. Məhkəmə kollegiyası xüsusilə o halı da qeyd edir ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair mediada və internet saytda elan dərc etdirmək, tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə, habelə media elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Başqa sözlə, qanunvericiliyin tələbləri baxımından həmin bildirişlərin tərəfin faktiki ünvanı və ya həmin vaxt olduğu yer üzrə göndərilməsi, elanların yerləşdirildiyi mediadan çıxarışlar edilməklə ona təqdim edilməsi, habelə bildirişlərin hər hansı səbəbdən çatdırılması mümkün olmadıqda hərracın təxirə salınması istisna edilir.

35. Eyni zamanda, qeyd olunmalıdır ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, bununla bağlı müddətlərin müəyyən edilməsini və bununla da onların, xüsusilə də borclunun (hazırki vəziyyətdə iddiaçının) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, əmlakın onun özü tərəfindən alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd mülkiyyətçinin hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. Əksinə müəyyən edilmiş bu qayda mülkiyyətçiyə (borcluya) həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra əmlakı satın almaq üçün real imkan yaradır. Bu barədə məlumatlandırmanın müxtəlif növlərinin (media və internet saytda məlumatın dərc edilməsi, bildirişin göndərilməsi) təsbit edilməsi də həmin prosedurun onun iştirakçıları, o cümlədən borclu (mülkiyyətçi) üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır.

36. Lakin iddiaçı hərracın keçirilməsi barədə bildirişi almadığını, poçt qəbzində olan imzanın ona məxsus olmadığını iddia etməklə yanaşı, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən ona telefon vasitəsi ilə zəng olunaraq, əmlakın hərracdan satılması barədə məlumat verildiyini, lakin bunun cavabı olaraq əmlakını satmadığını bildirdiyini, nəinki hazırda, ümumiyyətlə əmlakı satmaq niyyətində olmadığını vurğulayır. İddiaçı həmin əmlakı tam şəkildə almaq niyyətini də bildirmir və bu mövqedən çıxış etmir. Başqa sözlə, iddiaçı nəticə etibarı ilə hərracın keçirilməsi barədə məlumatlı olmuş və əmlakı ümumiyyətlə satmadığını bildirir. Qeyd edilənlər öz növbəsində iddianın əsassız olduğunu, dəlillərin isə formal xarakter daşıdığını təsdiq edir. Eyni zamanda, hərracın etibarsız hesab edilməsinin iddiaçıya münasibətdə hər hansı fərqli hüquqi nəticə yaratmayacağı qənaətinə gəlmək üçün əsas yaradır.

37. Məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstituisya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb, hazırki iddianın müddətinin ötürülməsi ilə verilməsi barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir və belə qənaətə gəlir ki, hazırki iddia iddia və ya kəsici müddət tədbiq edilməklə rədd edilə bilməz.

38. Məhkəmə kollegiyası “hərracın nəticələrinin ləğv edilməsi” tələbinin əsas tələb olduğunu, “çıxarışın etibarsız hesab edilməsi” tələbinin isə bu tələbə münasibətdə törəmə tələb olduğunu və bilavasitə “hərracın nəticələrinin ləğv edilməsi” tələbinin təmin edilibedilməməsindən asılı olduğunu, əsas tələbin də təmin edilməməsi qənaətinə gəlindiyini nəzərə alıb, hesab edir ki, törəmə tələb də təmin edilməməlidir. İddia üzrə irəli sürülmüş “protokol əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi” tələbi ilə nəinki əsassız ümumiyyətlə anlaşılmazdır. İddiaçı bu tələbdə göstərilən qərarlar barədə nəinki sübutlar, ümumiyyətlə hər hansı məlumat təqdim edə bilməmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdehlərə aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh3 və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-486/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-yə aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar