Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2361/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun olmasının müəyyən edilməsi və yaşayış sahəsinə köçürülmə X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmasının müəyyən edilməsi və yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-718/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: AZ1053, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12537 ha torpaq sahəsi X12 məxsus olmuş və xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınmışdır. O, xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X11 vərəsələri: oğlu X20, qızı İddiaçı (bundan sonra iddiaçı) və qızı Cavabdeh3 müəyyən edilmiş, onların hər birinə qeyd edilən torpaq sahəsindən 1/5 hissədə pay verilmiş, əmlakın qalan 2/5 hissəsi açıq saxlanılmışdır. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş miras payın bağışlanması barədə müqaviləyə əsasən X20 və İddiaçı atalarından miras qalmış əmlakdan onların hər birinə çatası 1/5 hissədə miras paylarını bacıları Cavabdeh3 bağışlamışlar. Həmin torpaq sahəsinin 3/5 hissəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 2/5 hissəsi X11 adında açıq saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3437/2024 saylı qətnaməsinə əsasən iddiaçılar Kazımova X17 və Cavabdeh2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə, Cavabdeh3, İddiaçı və X16 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia, sonradan Cavabdeh3 da cavabdeh qismində cəlb etməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov 39 (yeni 277) ünvanında yerləşən evə istifadə hüququnun tanınmış hesab edilməsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1960-cı ildə valideynləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən evə köçmüşlər və həmin ünvanda pasport qeydiyyatında olmaqla son vaxtlaradək orada yaşamışdır. Həmin ev atasına məxsus olmuş, uzun müddət əsaslı təmir işləri aparılmadığından məhdud kommunal şəraitli olmuşdur. Onun şəxsi vəsaiti hesabına alınmış və mülkiyyətində olan digər yaşayış sahəsini sataraq mübahisə predmeti olan evi əsaslı şəkildə təmir etməklə yaşayış üçün normal şəraitli otaqlar yaratmışlar. İş üzrə cavabdehlər onun mərhum qardaşının həyat yoldaşı və qızı, Cavabdeh3 isə bacısıdır. Əvvəllər münasibətləri normal olmuş, aralarında mənzillə və yaşayış sahəsi ilə bağlı hər hansı mübahisə baş verməmişdir. Son aylarda səhhətində yaranan problemlərlə əlaqədar bir müddət bacısının yanında qaldıqdan sonra cavabdehlər evin açarını dəyişərək onu daimi qeydiyyatda olmaqla yaşadıqları evə buraxmadılar. Hazırda da bu səbəbdən öz yaşayış yerinə qayıda bilmir. Cavabdehlərin hərəkəti qanunsuz və əsassızdır və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 718/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, İddiaçı Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, giriş 277) torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim X13)
5. Məhkəmə öz hüquqi mövqeyi ilə bağlı qeyd etmişdir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və evin yerləşdiyi torpaq sahəsinin 3/5 hissəsi cavabdeh olan Cavabdeh3 mülkiyyətindədir və onun mübahisəli fərdi yaşayış evinə gözlənti hüququ vardır ki, onun da yaşayış yeri mübahisəli fərdi yaşayış evi olan iddiaçının həmin evə köçürülməsinə hər hansı bir etirazı yoxdur.
6. Məhkəmə cavabdehlər kimi iddiaçının da yaşayış yerinin həmin fərdi yaşayış evi olmasını və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh3 iddiaçının həmin evə köçürülməsinə razılığının olmasını, cavabdehlər kimi iddiaçının da mübahisəli fərdi yaşayış evində yaşamaq hüququnun olmasını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, giriş 277) torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə onu da vurğulamışdır ki, sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddiaçının “həmin evə istifadə hüququnun tanınmış hesab edilməsi” tələbi təmin edilə bilməz.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.1254 ha torpaq sahəsi mərhum X28 (Abdul) oğlunun mülkiyyətində və şəxsi istifadəsinə olmuşdur. Kazımov Davud sağlığı dövründə həmin ərazidə kiçik bir daxma inşa etmişdir. D.Kazımov xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Onun oğlu X2 ərazidə yerləşən daxmanı tamamilə sökmüş və yerində 3 mərtəbəli yaşayış evi (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, ev 39 inşa etmişdir. Lakin bu günə qədər sözügedən mənzili özəlləşdirmək mümkün olmamışdır. X21 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. X14 vəfatından sonra o, qızı və X3 prosesi bilmədikləri üçün vərəsəlik haqqında şəhadətnamə almamışlar. Yaşayış evi X3 və mərhum X14 birgə nikah dövründə onların birgə vəsaiti hesabına inşa edilmişdir. Həmin evin inşası üçün iddiaçı bir manat belə xərc çəkməmişdir. İdddiaçının nə sözügedən evlə, nə də evin yerləşdiyi 0.1254 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı sözügedən ünvanda yaşamır. Uzun müddətdir ki, cavabdehlər həmin ünvanda yaşayır. İndi isə iddiaçının sözügedən mənzilə köçürülməsi cavabdehlərin gündəlik həyatına təsir göstərəcək. İddiaçının özünün yaşayış yeri olduğu halda cavabdehlərə məxsus evə köçürülməsi onların hüquqlarının pozulmasıdır. İddiaçının sözügedən evə köçürlüməsinə dair heç bir əsas yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni o, köçmək istədiyi evdə yaşamış və hazırda mübahisəli evdə yaşamaq istəsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdehlərin ona qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, cavabdehlər isə hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası iddiaçının da ərizəsini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı iş üzrə qətnamə yalnız Cavabdeh2 tərəfindən mübahisələndirilir və onun tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunsa da, qətnamə ona münasibətdə, yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsinə və həmin hissədə də iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.
19. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə özbaşına tikintiyə istifadə hüququnun tanınması ilə bağlı hər hansı norma mövcud deyil. Lakin belə tikintilərin reallıqda mövcud olması və onlardan yaşayış sahəsi kimi istifadə edilməsi orada şəxslərin yaşamasını və zərurət yarandıqda köçürülməsini hüquqi baxımdan mümkün edir. Belə olan halda, özbaşına tikintiyə köçürülmə barədə iddiaların birmənalı şəkildə təmin olunmaması sosial ədalət prinsiplərinə uyğun olmayan bir mövqedir. Bu qəbildən olan iddiaların uğurluluğu həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, köçmək istəyən şəxsin həmin tikintiyə hər hansı hüququnun yaranıb-yaranmamasından, habelə onun tikintinin sahibinə münasibətdə hüquqi statusundan asılıdır.
20. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: AZ1053, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12537 ha olan torpaq sahəsi iddiaçının atası X12 məxsus olmuş, bu şəxs xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. X11 iddiaçı ilə birlikdə 4 övladı: iddiaçı, X20, Cavabdeh3 və X21 olmuşdur. X21 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 miras qalmış torpaq sahəsi üzərində oğlu X15, qızı İddiaçı və qızı Cavabdeh3 hər birinin 1/5 hissədə pay hüququ tanınmış, 2/5 hissə isə açıq saxlanılmışdır. Bundan sonra iddiaçı və X20 həmin torpaq sahəsi üzərindəki payından Cavabdeh3 xeyrinə imtina etmiş və xx.xx.2023-cü il tarixdə sonuncunun həmin torpaq sahəsinin 3/5 hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, həmin torpaq sahəsinin 2/5 hissəsi X11 adında açıq saxlanılmışdır.
21. Lakin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınsa da, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi bügünədək mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikintidir.
22. Hazırda iddiaçı əvvəllər həmin mübahisəli tikilinin yerləşdiyi yerdə olan tikilidə yaşadığını, sonradan şəxsi vəsaiti hesabına tikilini əsaslı təmir etdirdiyini və orada yaşamağa davam etdiyini, həmin ünvan üzrə pasport qeydiyyatında olduğunu, səhhətində yaranan problemlərlə əlaqədar bir müddət orada yaşaya bilmədiyini, lakin sonradan cavabdehlər tərəfindən həmin evə buraxılmadığını iddia edir və köçürülməsini tələb edir. Cavabdeh2 iddianı qəbul etmir, mübahisəli tikilinin onun valideynləri tərəfindən birgə nikah dövründə inşa edilməsinə, iddiaçının özünün başqa fərdi yaşayış evinin olmasına istinad edərək iddianın rədd edilməsini xahiş edir.
23. Məhkəmə kollegiyası bu konteksdə qeyd edir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin 1/5 hissəsi üzərində qanun üzrə vərəsəlik qaydasında iddiaçının pay hüququ tanınmış, iddiaçı da ona məxsus payından bacısı, hazırda iş üzrə Cavabdeh3 xeyrinə imtina etmişdir. Hazırda Cavabdeh3 torpaq sahəsinin 3/5 hissəsinin mülkiyyətçisidir. Cavabdeh3 birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbini qəbul etmiş və İddiaçı mübahisəli ünvana köçürülməsinə etiraz etməmişdir (i.v.92).
24. Hazırki iş üzrə digər cavabdehlər, yəni Cavabdeh1 və Cavabdeh2 iddiaçı və Cavabdeh3 xx.xx.2005-ci il tarixdə ölmüş qardaşı X14 müvafiq olaraq arvadı və qızıdır. Onlar qeyd edilən xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirmişlər. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3437/2024 saylı qətnaməsi ilə onların iddiası təmin edilməmişdir. Həmin icraat çərçivəsində cavabdehlərin iddiaçı olaraq hazırki iş üzrə iddiaçı və Cavabdeh3 qarşı iddialarının dəlilləri ilə, hazırki apellyasiya şikayəti üzrə irəli sürülmüş dəlillər məzmun etibarı ilə eynidir və aparılmış araşdırma zamanı öz təsdiqini tapmamışdır. Başqa sözlə, araşdırma zamanı mübahisəli evin Cavabdeh1 ilə xx.xx.2005-ci il tarixdə vəfat etmiş X21 tərəfindən onların birgə nikahda olduqları dövrdə inşa edilməsi sübuta yetirilməmiş, o cümlədən onların həmin evlə bağlı hər hansı hüquqlarının mövcudluğu müəyyən edilməmişdir.
25. Bununla belə, məhkəmə kollegiyası iddiaçının hazırda mübahisəli ünvanda pasport qeydiyyatında olmasını, əvvəllər orada yaşamasını, onun bu evə köçürülməsinə evin yerləşdiyi torpaq sahəsinin 3/5 hissəsinin mülkiyyətçisi olan, bu baxımdan da evə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan Cavabdeh3 etiraz etməməsini (iddianın qəbul edilməsi barədə ərizə təqdim etmişdir) nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır, iddiaçı haqlı olaraq mübahisəli evə köçürülmüşdür. Mövcud vəziyyətdə Cavabdeh2 iddiaçıya münasibətdə həmin evə dair hər hansı üstün hüquqa malik deyil (iddiaçının ən az apellyator qədər mübahisəli evdə yaşamaq hüququ vardır) və bu baxımdan mülkiyyətçi olan Cavabdeh3 razılığı qarşısında buna etiraz etmək üçün hər hansı hüquqa malik deyil. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-718/2025 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.