Məhkəmə qərarları › İş №2(103)-2362/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2362/2025

26.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2362/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlundan və X3 ibarət tərkibdə, Xəlilov Tural Xəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 26 may 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən 20 saylı mənzil satıcı X2 ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmış və bunun əsasında mənzil xx.xx.2022-ci il tarixindən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların ailə üzvlərinin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, mənzilin cavabdehlər tərəfindən boşaldılmaqla, iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslanmışdır ki, iddiaçı mənzili aldıqdan sonra mənzillə bağlı istifadə hüquqlarını həyata keçirmək istədikdə maneələrlə rastlaşmışdır. Belə ki, iddiaçıya mənzili satan şəxsin qohumları, həmin evdən çıxmaq istəmirlər. Həmin şəxslər mənzildə qeydiyyatsız yaşayırlar. İddiaçı onlardan mənzilin boşaldılmasını tələb etsə də, cavabdehlər bundan imtina edirlər.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-25/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia təmin olunmuşdur.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.2, 152.5, 157.2, 157.4, 228.4, 567, 572.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin iş üzrə AR Ali Məhkəməsi və AR Konstitusiya Məhkəməsi qərar qəbul etsə, AR Ali Məhkəməsini qərarı və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədən düşmüş hesab ediləcəkdir və bunun nəticəsində cari iş üzrə icraatın dayandırılması və yekun Məhkəmə aktının qəbul edilməsinin gözlənilməsi zərurəti yaranmışdır. Hesab edir ki, Binəqədi Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən qəbul ediləcək qərardadı-qərarı gözləməli və iş üzrə cavabdehlərin mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etməməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Lakin Cavabdeh2 xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş və apellyasiya şikayətini müdafiə etmişdir.

12. Digər cavabdehlərdən Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Esmira Salmanova da həmin məhkəmə iclasında iştirak etmiş və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı ona aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, X2 ilə İddiaçı arasında mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və sonuncunun mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1153/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına həmin mənzilə dair verilmiş "Çıxarışın" ləğv edilməsi, X1 80.000 manatın alınaraq İddiaçı verilməsi barədə iddiası rədd edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3170/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

19. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

20. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

21. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.

22. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

23. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə İddiaçı vicdanlı alıcı qismində tanınması ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

25. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, hazırkı işdə preyudisiallığı qəbul edilmiş məhkəmə qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməsinə baxmayaraq birinci instansiya məhkəməsi həmin orqanlar tərəfindən qəbul ediləcək qərarı gözləmədən işə baxmış, icraatı dayandırmamışdır.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili üzrə qeyd edir ki, apellyasiya baxışı zamanı şikayətinin (əlavə kassasiya şikayətinin) Ali Məhkəmənin Plenumunun, yaxud Kontitusiya Məhkəməsi Plenumunun icraatına daxil olması müəyyən edilməmişdir. Əksinə, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3170/2024 saylı qərarından verdiyi əlavə kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.

27. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini tamamilə əsassız sayır və hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 24 yanvar 2025-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar