Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2364/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “kompensasiya məbləğinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4389/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli, 70271200-17 saylı Bank əmanəti müqaviləsinə əsasən "xxxx" ASCdə olan əmanətinin dəyəri həcmində -17081,73 manat məbləğində ona kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" ASC ilə aralarında bağlanmış 19.01.2017-ci il tarixli, 70271200-17 saylı Bank əmanəti müqaviləsinə əsasən "xxxx" ASC-də olan əmanətinin dəyəri 12334 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Əmanətlərin sığortalanması Fondunun üzrəinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə onun arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli, 70271200-17 saylı Bank əmanəti müqaviləsinə əsasən o "xxxx" ASC-yə 16 000 manat məbləğində pul vəsaiti qoymuş, sonradan həmin əmanətin müddəti uzadılmış, onun bankda olan əmanətinin ümumi məbləği 17.081,73 manat olmuşdur. Maliyyə Bazarlarına Nəzarət X1 22 dekabr 2017-ci il tarixli qərarına əsasən, "xxxx" ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilmiş, bundan sonra o, həmin bankda olan əmanətinin qaytarılması üçün cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Cavabdeh onun müraciətindən imtina etmiş, əsas kimi isə onun bankda olan əmanətinin illik faiz dərəcəsinin 15,5% olmasını göstərmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra Fond) tərəfindən qorunan əmanətçiliyə kompensasiya olunan əmanətidir. O, cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, ona məxsus əmanətə görə ona kompensasiya ödənilməsini tələb etsə də, cavabdeh həmin kompensasiyanın ona verilməsindən imtina etmişdir. Halbuki, onun banka qoyduğu əmanət, cəlb edildiyi günə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş faizdən, yəni 15%-dən artıq olmamışdır. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, hazırki iş üzrə iddiaçıya 12 102 AZN kompensasiya ödənilib. Eyni zamanda 17068 AZN tələbi qeydə alınıb. (16.000 AZN 15.5% açılmışdır + 1067 AZN faiz). Ödəniş qrafikinə əsasən iddiaçıya 4 751.75 AZN tranş üzrə ödəniş icra olunub. Hal-hazırda tələbi 12 334 AZN təşkil edir. Əlavə olaraq bildirir ki, bu əmanətin qalıq hissəsinə aid tələb isə “Banklar haqqında” Azərbaycan Respublikasının 76, 77 və 82-ci maddələrinə uyğun olaraq müvafiq qaydada qeydə alınaraq, kreditorların reyestrinə daxil edilmiş və növbəlilik çərçivəsində ödəniləcəkdir. Həmçinin kreditorların reyestri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Cahangir Yusifov tərəfindən təsdiq edilmişdir. Təsdiq edilmiş kreditor tələblərinin qeydiyyatına dair qərardaddan şikayət nəzərdə tutulduğu halda tərəf qərarı mübahisələndirməmişdir. Təsdiq edilmiş kreditor tələblərinin növbədənkənar ödənilməsi tələbinə dair iddia isə AR İPM-nə əsasən birinci instansiya məhkəməsi qismində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tanınır. Fond əmanətçilər üçün kompensasiya olunacaq məbləğlə bağlı ərizələri kompensasiya haqqında bildirişin dərc edildiyi gündən 1 il ərzində qəbul edir. Lakin vətəndaşın bu tələblə bağlı ərizəsi Fonda ünvanlanmamışdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Eyni zamanda hazırkı iş üzrə iddiaçı (məhkəmədənkənar mübahisələrin tənzimlənməsi) qaydasına əməl olunması üçün Fonda müraciət etməmişdir. ƏSF haqqında Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(006)-4389/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Əmanət üzrə kompensasiya olaraq 12.334 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 12364 manat məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəyyən edilmiş həddən yuxarı olmayan illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Həmin qanunun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01 mart 2016-cı il tarixli qərarı ilə milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 % müəyyən edilmişdir. Bildirilir ki, 19.01.2017-ci il tarixli, 70271200-17 saylı bank əmanət müqaviləsi bağlanan anda İddiaçı tərəfindən yerləşdirilən əmanət Əmanətlərin Sığortalanması Fondunun HimayəçilikŞurasının 02.03.2016- cı il tarixli qərarına uyğun olaraq milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini (15%-i) aşmadığından həmin qərarın qüvvədə olduğu vaxt qorunan əmanət statusunda olmuşdur. Lakin daha sonra, müqavilə qüvvədə olduğu dövrdə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla 1 iyul 2019-cu il tarixdən 1 iyun 2020-ci il tarixinədək milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 % müəyyən etmişdir. Beləliklə, həmin andan etibarən İddiaçı tərəfindən yerləşdirilən əmanət qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini aşmış və sığortalı əmanətlər kateqoriyasından çıxmışdır. "xxxx" ASC-də sığorta hadisəsi 22 dekabr 2017-cı ildə baş verdiyindən həmin vaxt qüvvədə olan qanunvericilik tətbiq olunur. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçının tələbi kreditor tələbi kimi qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 19.01.2017-ci il tarixli, 70271200-17 saylı bank əmanəti müqaviləsinə dair əlavə sazişə əsasən əmanətçinin 6 aylıq müddətinə illik 15 faizlə Banka yerləşdiyi əmanət 16000 manat məbləğindədir. 0287 nömrəli kreditor tələblərinin qeydiyyatı barədə 05.02.2018-ci il tarixli qəbzə əsasən İddiaçı 17081,73 AZN məbləğində tələbi qeydə alınmışdır. 07.09.2020-ci il tarixli, 08.07.2016-cı il tarixdə verilmiş BPM**********94 saylı məxaric orderindən görünür ki, 4727,99 manat məbləğində pul İddiaçı hesabına ödənilmişdir. İddiaçı məxsus hesabdan 02 sentyabr 2020-ci il tarixli çıxarışdan görünür ki, 29.12.2019-01.10.2021-ci il tarixə əmanətçiyə ödənilməli olan yekun məbləğ 12334.93 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, məhkəmə "xxxx" ASC-nin 27.12.2017-cı il tarixdən müflis elan edildiyini, yəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsinin baş verdiyini, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 19.01.2017-ci il tarixli, N 70271200-17 saylı (“Göy əmanət”) “Bank əmanəti müqaviləsi”nə əsasən milli valyutada olan əmanət üzrə illik faiz dərəcəsinin 15 % həddində müəyyən olunduğu, yuxarıda göstərilən qərara əsasən qeyd edilən əmanət məbləği tam sığortalandığını nəzərə alaraq hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulan qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 944.1-ci maddəsinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. "Əmanətlərin sığortalanması haqqında” Qanunun 1-ci maddəsinə görə, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Həmin Qanunun 2.1.1-ci maddəsinə əsasən əmanət–hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir. "Əmanətlərin sıgortalanması haqqında” Qanunda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Fonda verilir. Sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi Fondun əsas funksiyası və vəzifəsidir. Fond iştirakçı bankın öhdəlikləri üzrə kompensasiya ödədikdə həmin məbləği reqres qaydasında bankdan tələb edir (Qanunun 4.1.8-ci maddəsi). Həmin Qanunun 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun hazırki iş üzrə sığorta hadisəsi baş verdiyi vaxt qüvvədə olan 3-cü maddəsinin məzmununa görə bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Məhkəmə kollegiyası qeyd edir ki, 70271200-17 nömrəli 19.01.2017-ci il tarixli bank əmanəti müqaviləsinin 6.6-cı bəndinə əsasən, Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə “Əmanətlərin sığortalanması haqqında” qanunda nəzərdə tutulmuş qaydada kompensasiya ödəyir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarına əsasən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən qərara əsasən yeni müəyyən edilmiş faiz dərəcəsi 16 sentyabr 2016-cı il tarixinə qədər iştirakçı banklarda illik maksimum 15 faizlə milli valyutada qəbul edilmiş əmanətlərin də, 16 sentyabr 2016-cı il tarixindən etibarən qorunan əmanət hesab olunması və Fond tərəfindən sığortalanması üçün zəmin yaratmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 növbədənkənar iclasında qəbul olunmuş 16 sentyabr 2016- cı il tarixli qərarda həmin tarixə kimi və bu tarixdən sonra üzv banklar tərəfindən bankın əməliyyat sisteminə qorunan əmanət kimi illik 15 faiz dərəcəsi həddində daxil edilmiş əmanətlərin tam qorunan əmanət hesab olunması, bununla da bu cür əmanət üzrə kompensasiyanın ödənilməsinin mümkünlüyü öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 19.01.2017-ci il tarixli, N 70271200-17 saylı “Bank əmanəti müqaviləsi”ndən (“Göy əmanət”) müəyyən edilir ki, bank fəaliyyət göstəridyi dövrdə əmanətçidən 16.000 manat məbləğində pul vəsaitini (əmanəti) illik 15 faiz dərəcəsi ilə qəbul etmiş, bu əmanət bankın əməliyyat sisteminə qorunan əmanət kimi daxil edilmiş və həmin əmanətə görə Fonda təqvim haqları hesablanaraq ödənilmişdir. Cavabdehin iddia ərizəsinə etirazının əsaslarına görə tərəflər arasında 19.01.2017-ci il tarixindən 19.07.2017-ci il tarixinədək, 6 ay müddətinə, illik 15 faizlə əmanətin qoyulmasına dair “Bank Əmanəti” (“Göy Əmanət”) müqaviləsinin müddəti daha sonra bank tərəfindən birtərəfli qaydada, müqavilə şərtlərinin dəyişdirilməsinə dair əlavə saziş bağlanmadan uzadılmış və əmanətə görə veriləcək illik faiz dərəcəsi artırılaraq 15,5 faizə çatdırılmışdır. Lakin, həmin müqavilənin birtərəfli qaydada uzadılması və faiz dərəcəsinin artırılaraq 15,5 faizə çatdırılması iş materialları ilə müəyyən edilmir. Apellyator da həmin müqaviləni apellyasiya şikayətinə əlavə etməmişdir. Bundan başqa, apellyator şikayətində müqavilə qüvvədə olduğu dövrdə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla 1 iyul 2019-cu il tarixdən 1 iyun 2020-ci il tarixinədək milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 % müəyyən etdiyini, beləliklə də həmin andan etibarən İddiaçı tərəfindən yerləşdirilən əmanət qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini aşmış və sığortalı əmanətlər kateqoriyasından çıxdığını qeyd etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla 1 iyul 2019-cu il tarixdən 1 iyun 2020-ci il tarixinədək milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10 % həddində müəyyən edilməsi iddiaçıya şamil edilə bilməz. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X3 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini ən geci beş bank günü müddətində verməlidir. Həmin Məcəllənin 950-ci maddəsinə görə isə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə görə, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 4.2-ci maddəsinə görə isə, müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Hazırkı iş üzrə iddiaçı ilə "xxxx" ASC (bank) arasında 19.07.2017-ci il tarixdə 70271200-17 saylı “Bank əmanəti” müqaviləsinin (Göy Əmanət) bağlanması, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən banka 6 ay müddətinə 16000 manat əmanət yerləşdirilməsi, bank əmanəti qəbul edərək müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğlərini əmanətçiyə qaytarmağı və illik 15 faiz ödəməyi öhdəsinə götürməsi, Maliyyə Bazarlarına Nəzarət X1 23.12.2017-ci il tarixli qərarı ilə bankın lisenziyası ləğv olunaraq barəsində iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunması işin mübahisə olunmayan halıdır. Həmçinin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə müddətinin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. İddiaçı müqavilənin 15 faiz dərəcəsi ilə bağlandığına və buna görə də qorunan əmanət olduğuna istinad edərək Fond tərəfindən ona kompensasiya ödənilməsini tələb edir. Fond isə müqavilə müddəti bitdikdən sonra onun eyni şərtlərlə, lakin 15.5 faiz dərəcəsi ilə avtoprolonqasiya olunduğunu iddia edir. Kollegiya qeyd edir ki, 19.01.2017-cı il tarixdə 70271200-17 saylı “Bank əmanəti” müqavilələri (Göy Əmanət) bağlanarkən qəbul edilmiş əmanətlər “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa və X3 Qərarına əsasən (Cəlb olunan günə X3 16 sentyabr 2016-cı il tarixli Qərarına əsasən qorunan əmanətlər üçün faiz dərəcəsi milli valyutada 15% olmuşdur) qorunan əmanətlər olduğundan, həmçinin, müqavilələrin 5.2-ci bəndinə əsasən müqavilə müddətinin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilməsi əvvəlcədən razılaşdırıldığından, müqavilə müddəti bitdikdən sonra onların eyni şərtlərlə avtoprolonqasiya olunduğu gün, yəni 19.01.2017-ci il tarixdən sonra da “əmanət qorunan” əmanət statusunu itirməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv üçün əsas ola bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunnun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4389/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2364/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2364/2022
01.03.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver