Məhkəmə qərarları › İş №2(103)-2365/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2365/2022

05.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2365/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi tələbinə dair mülki iddia üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(006)-768/2020 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğvetmə prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59 ünvandakı daşınmaz əmlakın və qanunsuz əlavə tikililərin İddiaçı MMC tərəfindən sökülməsi, Cavabdeh3 mülkiyyətində olan ünvan 3-nın əvəzinə ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 55,2 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh3 hər ay 400 manat kirayə haqqnın ödənilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ünvan 3-dan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayonunda ötən əsrin 20-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.1.-ci bəndində göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması Nəsimi rayon İcra Hakimiyyəti həyata keçirsin. Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 02/05-1753 saylı, 12.10.2017-ci il tarixdə razılaşdırılmış tikinti planlaşdırma eskizi təsdiq edilmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2017-ci il tarixli, 298 nömrəli, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59 ünvanında yerləşən çoxmənzilli yaşayış binası 1925-ci ildə inşa edilmiş, binanın eyvanlarında beton mühafizə qatı tökülmüş, armatur pillələri açıqda qalaraq korroziyaya uğramış, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat üçün təhlükəlidir və həmin binalarda istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdır, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ 13 mart 2017-ci il tarixli, “ünvan 1 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış binasının texniki vəziyyəti haqqında” aktdan görünür ki, yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh İddiaçı MMC arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqlarının verilməsi İddiaçı MMC-ə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Lakin ünvan 2 ünvandakı ümumi sahəsi 46 kvadrat metr olan mənzilin mülkiyyətçisi və istifadəçisi cavabdehlər kirayə haqlarını İddiaçı MMC-dən almaqla müvəqqəti başqa yaşayış yerlərinə köçməmiş, yeni inşa ediləcək yaşayış binadan mövcud mənzil sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. Bunun nəticəsində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış müqavilənin 2.3. və 2.4.-cü bəndləri axırıncı təşkilatdan asılı olmayan səbəblərdən icra edilməmişdir. Bundan əlavə, “Bakı şəhərininin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidirlər. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59 ünvanında yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MMC arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda sözügedən binada yalnız cavabdehlər yaşayırlar. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MMC köçürülmüş sakinlərə kirayə haqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. ünvan 3 ünvanındakı ümumi sahəsi 46,0 kvadrat metr olan mənzilin əvəzinə mülkiyyətçi Cavabdeh3 İddiaçı MMC həmin ünvanda inşa edəcək binada 24 ay müddətində 55,2 kvadrat metr sahəsi olan təmirli yeni mənzil verir, mənzilindən köçən cavabdehə digər yaşayış yeri ilə təmin etmək üçün iddiaçı hər ay 400 manat kirayə haqqı ödəyəcəkdir. Həmin mənzildə mülkiyyətçi ilə birlikdə cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. Cavabdehlər mülkiyyətində olan mənzillərdən müvəqqəti çıxarılmalı, yeni yaşayış binasının inşa edilməsi üçün cavabdehlərin mənzilləri sökülməlidir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3-nın İddiaçı MMC tərəfindən sökülməsi, Cavabdeh3 mülkiyyətində olan ünvan 3-nın əvəzinə ünvan 4 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evinin 4-cü mərtəbəsində (0 dan 4-cü mərtəbə) 93 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh3 hər ay 400 manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ünvan 3-dan çıxarılması, İddiaçı MMC tərəfindən 25000 (iyirmi beş min) manat pulun Ləğv etmə prosesində olan "xxxx" ASC-yə ödənildikdən sonra ünvan 3 üzərində olan ipoteka yüklüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(006)-768/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon ünvan 3 İddiaçı MMC tərəfindən sökülməsi, Cavabdeh3 mülkiyyətində olan ünvan 3 əvəzinə ünvan 4 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evinin 4-cü mərtəbəsində (0-dan 4-cü mərtəbə) 93 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh3 hər ay 400 (dörd yüz) manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ünvan 3-dan çıxarılmaları, İddiaçı MMC tərəfindən 25000 (iyirmi beş min) manat pul Ləğvetmə prosesində olan "xxxx" ASC-yə ödənildikdən sonra ünvan 3 üzərində olan ipoteka yüklülüyün ləğv edilməsi və "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pulun İddiaçındən tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğvetmə prosesində olan "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsini ləğv edərək, onlara köhnə mənzilindən çıxmaq müqabilində yeni inşa ediləcək binada ailə vəziyyətini, aztəminatlı olmağını nəzərə alaraq 154 kv/metr sahəsi olan təmirli mənzil, 25.000 manat banka olan borcunun tam ödənməsi və aylıq kirayə üçün 650 manat pulu şirkət tərəfindən ödənməsi və yaxud mənzili alğı satqı ilə 500.000 manata şirkətə satmaq, həmçinin cavabdehə ona vurmuş olduğu 10.000 manat maddi və 10.000 manat mənəvi zərər barədə haqlı qərar çıxarılmasını kollegiyadan xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)- 1638/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(006)-768/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2021-ci il tarixli, 2(102)-6204/2021 nömrəli qərarı ilə Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)- 1638/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehə Bakı şəhəri Nəsimi rayon ünvan 3 saylı mənzilin əvəzinə ünvan 4 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evinin 4-cü mərtəbəsində (0dan 4-cü mərtəbə) 93 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin verilməsi və kirayə haqqının məbləği hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh3 onlara məxsus ünvan 5 ünvanında 3 otaqlı ümumi sahəsi 90 kv.m olan mənzildə ailə üzvləri, həyat yoldaşı Cavabdeh4, qızı Cavabdeh1 və oğlu Cavabdeh2 ilə həmin ünvanda qeydiyyatda olaraq yaşayırlar. 2016-cı ildən başlayaraq ərazidə keçmiş millət vəkili Əsabil Qasımova məxsus “Grand Plaza" MMC sözdə pilot layihə adı altında insanlara psixoloji basqı edərək mənzillərindən müəyyən hiylələrlə çıxarmağa başladılar. Həmin dövrdə o mənzilini düzgün ölçmədikləri üçün şirkətlə razılaşmamışdır. Belə ki, mənzilin daxilindən ölçməyə başlayan tikinti şirkəti faktiki ona məxsus mənzilin ölçüsünü 20 kv/m-dək mövcud ölçüdən aşağı hesablamışdır. Həmin kv.metri ona yeni tikiləcək binada verəcəkləri mənzilin üzərinə gəlib guya "xxxx" kimi ona 20 faiz əlavə verəcəklərini bildirmişlər. Şirkətin bu maxinasiyasını qəbul etmədikləri üçün illərdir ki, həyat şəraitini konstitusiya ilə ona və ailəsinə verilmiş rahat yaşamaq və mənzil hüquqlarını qəsdən məhdudlaşdırırlar. Belə ki, illərdir qəsdən olaraq dəfələrlə onun mənzilində işıq, qaz və su xətlərini bilərəkdən kəsərək ona böyük məbləğdə ziyan vurmuşlar. Evinin damının üzərinə qəsdən tikdikləri yeni binandan müxtəlif ölçüdə daşlar və ağır tikinti materialları ataraq evin dam hissəsini tamamilə yarasız vəziyyətə salmışlar. Mənzilin dam örtüyü tamamilə yararsız vəziyyətə salınıb yağan yağış sızaraq mənzilə daxil olur və evdə yaşamaqları mümkünsüz edir. Bu barədə FHN-ə və Nəsimi RİHə müraciət etsə də yekunda bütün orqanlar öz maraqlarına görə şirkətin mənafeyini müdafiə etmişlər. İşıq xəttinə qəsdən yüksək gərginlik qoşaraq ona məxsus kondisioner, soyuducu, paltaryuyan maşın və televizoru xarab etmişlər. Bu barədə şirkət nümayəndəsi ilə dəfələrlə mübahisələr yaranmışdır. Ümumilikdə ona məxsus mənzildə olan elektrik məişət əşyalarına şirkət tərəfindən 5000 (beş) min manata yaxın ziyan vurulmuşdur. Həmçinin dam örtüyünün qəsdən şirkət tərəfindən zədələnməsi nəticəsində payız və qış aylarında yağan yağıntı evin zədələnmiş dam örtüyündən mənzilə daxil olmuş, mənzilin təmirini bərbad vəziyyətə salmaqla yanaşı yataq ,mətbəx mebellərinə ciddi ziyan vurmuşdur. Ona yeni bina inşa edilənədək kirayə mənzil tutmağı üçün təklif etdikləri məbləğ 400 manatdır. Həmçinin bildirilir ki, 400 manat məbləğində yaşadığı ərazi ətrafında 3 otaqlı kirayə mənzil yoxdur. Həmin ərazidə orta şəraitli 3 otaqlı mənzilin kirayə haqqı 700-800 manatdır. Bunu ərazidə ev alğı-satqısı və kirayəsi ilə məşğul olan şəxslərdən və müstəqil ekspert ilə də müəyyən etmək olar. Şirkət həmin ərazidə əvvəldən köçürülmüş bir çox sakinlərə tikdiyi binalarda mənzillər vermiş, lakin bir çoxları onlara verilmiş mənzillərin sahəsinin kiçik olması səbəbi ilə şirkətdən narazı qalmışdır. İddiaçı MMC köçürdükləri sakinlərlə müqavilə şərtlərinə görə 2 (iki) il müddətində yeni inşa edəcəkləri binalara köçürmələrini müqavilədə göstərsələrdə artıq tikintinin başlamasından 3 il keçməyinə baxmayaraq hələ də bina tam istismara verilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğvetmə prosesində olan "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işə birtərəfli baxılmış, məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, borc düzgün hesablanmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətini müdafiə etmiş və qətnamənin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “təmirli yeni mənzilin verilməsi və kirayə haqqının məbləği” hissəsində yoxlanılması təşkil edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)-1638/2021 nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğvetmə prosesində olan "xxxx" ASC-nin və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətləri təmin edilməmiş, qətnamədən yalnız cavabdehlər kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2021-ci il tarixli, 2(102)-6204/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)- 1638/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehə “yeni mənzilin verilməsi və kirayə haqqının məbləği hissəsində” ləğv edildiyindən, hazırki apellyasiya baxışını hədləri də bu hissədən ibarətdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi “yeni mənzilin verilməsi və kirayə haqqının məbləği hissəsində” dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, Cavabdeh3 məxsus ünvan 3 ləğv prosesində olan "xxxx" ASC-də girovdadır, yəni kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 15.02.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini ilə "xxxx" MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatlarından müəyyən edilir ki, mübahisəli mənzil artıq sökülmüşdür. Həmçinin, işdə olan 25.08.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən mübahisəli mənzilin girovdan azad edilməsi "xxxx" ASC-yə 25106.46 manat ödənilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, məhkəmələr "xxxx" MMC-nin hesabatına istinad edərək mənzilin sahəsinin 73 kv.m olmasını müəyyən etsələr də, həmin hesabatdan görünür ki, ekspert adı çəkilən ünvanda olmuş, mülkiyyətçilər və maraqlı şəxslərlə telefon əlaqəsi yaratmış, lakin mənzilə baxış keçirilməsinə şərait yaradılmamış və texniki sənədlər təqdim edilməmişdir. Lakin qərardadın cavablandırılması ilə bağlı ekspert tərəfindən ərazi üzrə daşınmaz əmlak bazarını monitorinqi aparılmış və təhlil olunmuşdur. Toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və monitorinq nəticəsində məlum olmuşdur ki, ünvan 3-nın faktiki ölçüsü 73 kv.m təşkil edir. Qeyd edlməlidir ki, mənzilin faktiki ölçülərinin ona baxış keçirilmədən və ölçmə işləri aparılmadan ərazi üzrə daşınmaz əmlak bazarının təhlili və monitorinq nəticəsində müəyyən edilməsi üsulu qeyri-müəyyən olmaqla, mənzilin faktiki ölçüsünün nüəyyən etmək üçün mötəbər sübut hesab edilə bilməz. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququ yoxdur. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək hesab olunar ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olsun, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatı aparılsın və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verilsin. Həmçinin ödəniləcək kirayə haqqının bazar qiymətinə uyğun olub-olmaması məhkəmələr tərəfindən yoxlanılmamış, cavabdehin bu barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verilməmişdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında mübahisələndirilən hissədə yenidən apellyasiya qaydasında yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. İşin təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi məhkəməyə Cavabdeh3la aralarında bağlanmış 136 nömrəli, 26 yanvar 2022-ci il tarixli müqaviləni təqdim etmişdir. Həmin Müqavilənin 1.1.1-ci bəndinə görə “Əmlak mülkiyyətçisi” (Cavabdeh3) bu Müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində 1227 nömrəli reyestr kitabının 111629 nömrəli vərəqində 14.09.2010-cu il tarixdə **********74-**********3 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarış ilə ilə öz mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən faktiki sahəsi 63,2 kv.m-dən ibarət olan yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti sirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 1.1.2, 1.1.3 və 1.1.7-ci bəndlərinə görə “Tikinti şirkəti” İddiaçı MMC ünvan 6 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 123 kv.m olan, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Faktiki sahə 63,2 kv.m 20% artırılır (75,84 kv.m). 123 kv.m olan yaşayış sahəsinin inşa edilmiş yaşayış binasının 2-ci blok 12-ci mərtəbəsindən verilməsi müəyyənləşdirilir. Müqavilənin 1.1.6 və 1.2-ci bəndlərinə görə 13.08.2021-ci il tarixdən fevral 2022-ci il tarixədək 3900 manat məbləğində 6 aylıq kirayə haqqı birdəfəlik şəkildə Cavabdeh3 ödənilmişdir. “Tikinti şirkəti” (İddiaçı) inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və "Əmlak mülkiyyətçisi”-ni mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə "Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 650 (altı yüz əlli) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqaviləyə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsinə görə bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Yerin təkindən və torpaqdan qənaətlə və səmərəli istifadə olunmalıdır. Kənd təsərrüfatı, meşə və yaşayış məqsədləri üçün istifadə edilən ərazilər başqa məqsədlər üçün yalnız əsaslandırılmış zəruri ölçüdə nəzərdə tutulmalı və istifadə edilməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Qeyd olunanlarla məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsinin məzmunu barəsində tərəflər arasında razılaşma əldə olunmuş və razılaşma ilə hər iki tərəfin fərdi maraqlarının ədalətli balansı gözlənilmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə dəyişdirilməli, Cavabdeh3 mülkiyyətində olan ünvan 3 əvəzinə ünvan 7 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci blok 12-ci mərtəbəsindən ümumi sahəsi 123 kv. metr olan təmirli mənzil Cavabdeh3 mülkiyyətinə verilməli, yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh3 əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 650 (altı yüz əlli) manat kirayə haqqı ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(006)-768/2020 nömrəli qətnaməsi “yeni mənzilin verilməsi və kirayə haqqının məbləği” hissəsində dəyişdirilsin. Cavabdeh3 mülkiyyətində olan ünvan 3 əvəzinə ünvan 7 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci blok 12-ci mərtəbəsindən ümumi sahəsi 123 kv. metr olan təmirli mənzil Cavabdeh3 mülkiyyətinə verilsin. Yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh3 əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 650 (altı yüz əlli) manat kirayə haqqı ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar