Məhkəmə qərarları › İş №2(103)-2366/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2366/2024

07.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2366/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6433/2023 saylı, 12 dekabr 2023-cü il tarixli cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-408/2023 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, onun Birliyin Bakı Regional Qazın Satışı Departamentinin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsinin rəis müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6433/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6433/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Apelyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Cavabdeh apellyasiya şikayətində “inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər rüsumdan azaddır” əsasını seçməklə pozuntuya yol vermişdir. Belə ki, hazırki işin materiallarından açıq-aydın görünür ki, mübahisə mülki xarakterlidir. Kollegiya həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1ci maddəsinə əsasən qeyd etməyi zəruri sayır ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə məhz iddiaçılar dövlət rüsumu ödənilməsi vəzifəsindən azad edilirlər. Hazırki iş üzrə apellyasiya şikayəti verən Cavabdeh İB isə iddiaçı deyil, cavabdeh-işəgötürəndir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.1-ci maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya qanunla nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanından istifadə olunması barədə vəsatət şikayətə əlavə edilmədiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6433/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin cavabdehə geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6433/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar