Məhkəmə qərarları › İş №2(103)-2366/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2366/2025

21.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2366/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, əmrin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X3 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndələri X5, X4, Vəkil2 (vəkil) iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2247 saylı əmək müqaviləsi ilə iddiaçı cavabdehin 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsinə (Neft Daşları) əməyin ödənilməsi dərəcəsi-5 (ƏÖD) olmaqla, bənna vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı ilə əmək müqaviləsi müddətli olaraq 1 il müddətinə - xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək bağlanılmış, sonrakı müddətlərdə əmək münasibətləri davam etdirildiyindən müqavilənin müddəti uzadılmış və müddətsiz olmuşdur.

3. Əmək müqaviləsinə görə iddiaçının əsas iş yeri 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsi (Neft Daşları) müəyyən edilmişdir. Əmək müqaviləsinə görə iddiaçının əmək funksiyası daş konstruksiyalı bina, sənaye qurğuları, körpü və hidrotexniki qurğuların daş konstruksiyalarının hörgü və təmirində mürəkkəb işlərin yerinə yetirilməsi, tağlı körpülərin, suüstü tikililərin təbii daşdan hörgüsü, boru, növ və başlıqların təbii daşdan hörgüsü, düzxətli kontur boyunca körpü dayağının xarici hörgü cərgələrinin yonulmuş daşdan hazırlanması, suvaqaltı və divarlarda hörgü aparılan vaxt tikişləri bağlamaqla müərəkkəb divarların hörgüsü, düzbucaq kəsikli sütunların hörgüsü, karnizlərin hörgüsü, kərpicin fiqurlu yonukması, orta mürəkkəbli və mürəkkəb divarların eyni vaxtda üzlənməsi ilə hörgüsü, orta mürəkkəbli və mürəkkəb yüngülləşdirilmiş konstrusiyalı divar hörgüsü, pazlı atmaların hörgüsündən ibarət olmuşdur. Həmçinin, əmək müqaviləsinə görə iddiaçının iş rejimi növbəli (15 gün olmaqla) iş rejimindən ibarət olmuş, iş saatı İ-İİ rüb üzrə 06:30-dan 18:30-dək, İİİ-İV rüb üzrə 06:30-dan 19:00-dək müəyyən edilmişdir.

4. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2024-cü il tarixli 14- 2- 14/3-1K-615/2024 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, iş yerində alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə xitam verilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əmrin verilməsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçı, digər iş yoldaşı Elşən Əliyevlə birlikdə xx.xx.2024-cü il tarixdə iş yeri olan “Neft daşları” NQÇİ-nin ərazisində spirtli içki qəbul etmələri şübhəsi ilə müvafiq komissiya tərəfindən alkotesterdən istifadə etməklə müayinəsi aparılmış və müayinənin nəticəsi olaraq hər iki işçidə alkoqolun konsentrasiyasının 0,8 promilli olması müəyyən edilmişdir.

5. Həmçinin, 2005-ci il tarixdə təsdiq edilmiş “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları”nın 1.19.9-cu bəndində qeyd edilir ki, DNQT-də olarkən dənizdə çimmək, balıq tutmaq, quş ovlamaq və spirtli içkilər qəbul etmək qadağandır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2024-cü il tarixli, 14-2-14/3-1K-615/2024 saylı əmrin ləğv edilməsi, onun işlədiyi vəzifəyə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildən “SOKAR” Neftqaztikinti Trestində bənna, betonçu vəzifəsində işləyir. İşlədiyi müddətdə üzərinə düşən vəzifəni layiqıncə yerinə yetirmiş və bir dəfə də olsa rəhbərlik tərəfindən ona irad tutulmamışdır. xx.xx.2024 il tarixdə iş prosesində soyuq dəyməsi olduğundan, boğazı ağrımış və bunun qarşısını almaq üçün müalicə məqsədilə özündə olan 100 qramlıq tibbi spirtdən təxminən 30-40 qram su ilə qarışdıraraq içmiş və öz otağında istirahət edərkən otağının qapısı döyülmüş və qapını açarkən bir neçə şəxs otağına daxil olaraq komissiyanın üzvü olduqlarını bildirmişlər və ondan spirtli içki içib-içməməyini soruşmuşlar. Buna baxmayaraq onlar onun spirtli içki içməyini dəqiqləşdirmək üçün, heç bir həkimin iştirakı olmadan alkotestdən istifadə edərək spirtli içki qəbul edib-etməməyini yoxlamışlar. Komissiyanın üzvləri bununla işlərini bitirmiş oldular. O, alkotestin göstəricisi barədə ona məlunat vermələrini və bu barədə protokol tərtib olunmağını tələb etsə də, ona bildirdilər ki, bu suallara o, sonra cavab tapacaq. Bu hadisədən sonra onu X2 dəvət edərək baş vermiş hadisə barədə soruşulanda o, hadisənin necə baş verdiyini bildirmişdir. Buna baxmayaraq həmkarlar təşkilatı onun hüquqlarının müdafiə etmək əvəzinə onun işdən azad olunmağına razılığını bildirmiş və müdiriyyət tərəfindən xx.xx.2024 il tarixli onun işdən çıxarılmağı barədə 14-2-14/3-1k-615/2024 saylı əmr verilmişdir. Əmr poçt vasitəsilə ona çatdırılmışdır. O, əmrlə razılaşmamış və xx.xx.2024 il tarixdə cavabdeh təşkilata qanunvericiliyə müvafiq olaraq təkilf göndərmiş və cavab almadığından xx.xx.2024-cü il tarixdə isə 6 saylı Mediasiya təşkilatına müracət etmişdir. xx.xx.2024 tarixdə keçirilmiş mediasiya içlasında cavabdeh təşkilat mübahisənin sülh yolu ilə həllinə razılıq vermədiyindən məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7909/24 saylı iş üzrə 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia təmin edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iş yeri təkcə hərfi mənada müəyyən ərazini deyil, konkret olaraq əmək funksiyasının müəyyən zaman çərçivəsində yerinə yetirildiyi yeri (məkanı) nəzərdə tutur. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı əmək funksiyasının yerinə yetirilməsi məqsədilə 15 gün müddətində ardıcıl olaraq 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsində (Neft Daşları) olur. Onun iş saatı isə əvvəldə də qeyd edildiyi kimi, İ-İİ rüb üzrə 06:30-dan 18:30-dək, İİİ-İV rüb üzrə 06:30-dan 19:00-dəkdir. Yəni, iddia göstərilən saatlarda əmək funksiyasının yerinə yetirilməsi ilə məşğul olur, həmin saatlardan sonra isə Neft Daşlarının ərazisi daxilində yerləşən yataqxanada qalır. İddiaçının spirtli içki qəbul etməsi isə, məhz onun iş saatından sonra yataqxanada olduğu vaxt, yəni xx.xx.2024-cü il, saat 21:10 radərlərində baş vermişdir. Neft Daşlarının ərazisi daxilində yerləşməsinə baxmayaraq yataqxana işçinin iş yeri sayıla bilməz, çünki həmin yer iddiaçının əmək funksiyasını yerinə yetirdiyi yox, müəyyən edilmiş iş saatından sonra növbəti iş vaxtına başlaması üçün istirahətini təmin etmək məqsədilə təşkil olunmuş yerdir. Daha konkret, iddiaçı yataqxanada əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasının icrası üçün deyil, istirahətini təmin etməsi üçün qalmışdır. Bu halda, iddiaçının istirahət etməsi üçün ayrılmış yer onun, əvvəldə şərh edildiyi anlamda iş yeri hesab edilə bilməz.

10. İddiaçının sərxoş olması məsələsinə gəldidkdə isə, məhkəmə qeyd etmişdir ki, sərxoşluq yalnız xüsusi yoxlamanın aparılması nəticəsində müəyyən edilən bir vəziyyətdir. etməmişdir.

11. Əmək Məcəlləsinin 186-cı maddəsində yol verilmiş intizam xətasına görə tətbiq edilməli olan tənbeh növləri ağırlıq dərəcəsinə görə azdan çoxa doğru sıralanmışdır. Lakin cavabdeh iddiaçının spirtli içki qəbul etməsi nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.8, 3.9, 68.1, 70-ci maddəsinin “ç” bəndi, 71.2, 71.3, 72-ci maddəsinin b bəndi, 186.3, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla cavabdeh şirkət kifayət qədər ciddi Dövlət şirkətidir, məhkəmədə də bildirildi ki, həmin testlər xüsusi Komissiya tərəfindən aparılır. Komissiyanın təşkili və fəaliyyəti şübhə altına belə alına bilməz. Əgər məhkəmə iddianın mahiyyətini, iddiaçının özünün əslində etirazımızın əsaslarını etiraf etməsini bir kənara qoyub, alkoqol testini aparan cihaza şübhəsi var idisə, onda ekspertiza təyin edə və bu halı araşdıra bilərdi. Digər tərəfdən, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-kimyəvi müayinələr üzrə Referens laboratoriyasında iddiaçıdan qanda etanolun miqdarını təyin etmək üçün qan nümunəsi götürülmüş və həmin vaxt iddiaçının qanında etanolun miqdarı 0.34 promil müəyyən olunmuşdur. Məlumdur ki, 0.3 promil artıq sərxoşluq vəziyyəti deməkdir. Bununla bağlı məhkəməyə təqdim edilmiş sübutlarda nə üçün iddiaçının qanında etanolun miqdarının 0.8 promildən az olduğu da mütəxəssis tərəfindən əsaslandırılmış, orta hesabla spirtin insan orqanizmindən saatda 0.15 promil sürəti ilə xaric edildiyi, kişilərdə bu prosesin daha tez baş verdiyi göstərilmişdir. Məhkəmə iclasında hətta “nə üçün iddiaçı 2 gün sonra müayinədən keçirilmişdir?” sualına bizim tərəfimizdən ətraflı cavab verilməsi ilə eyni zamanda iddiaçı özü də etiraf etmişdir ki, “Neft daşları”ından vertolyotla aprılması zərurəti olduğundan, bu isə müəyyən vaxt tələb etdiyindən ancaq 2-ci günü iddiaçını müayinəyə çatdırmaq mümkün olmuşdur. Halbuki, 2 gün sonra belə qanında müəyyən olunan spirtin miqdarı 0.34, yəni sərxoşluq dərəcəsində olmuşdur. Məhkəmə öz qətnaməsini əsaslandırarkən bu sübutlara ümumiyyətlə toxunmamış, qiymətləndirməmiş, iki gün sonra belə sərxoş vəziyyətdə olan bir işçinin stratejı əhəmiyyətli, xüsusi qaydalar nəzərə alınmaqla iş fəaliyyəti təşkil olunan, iş yeri hər hansı bir bölünmə qoyulmadan “Neft Daşları” hesab edilən təhlükəli obyektdə (əmək müqaviləsi məhkəməyə təqdim edilmişdir) işləməli olan işçinin hərəkətlərində Əmək Məcəlləsinin 71ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələrin baş verməməsi, işçinin bilavasitə növbəti iş günü fəaliyyətinə hazırlaşmaq üçün istirahət vaxtında Neft daşlarında yerləşən yataqxanada spritli içki qəbul etməsinə əsaslanaraq əsassız və qanunsuz qətnamə çıxarmaqla təkcə cavabdehin qanunla qorunan hüquqlarını pozmamış, eyni zamanda cavabdehin bu qətnamə qüvvədə saxlanacağı və sərxoş vəziyyətdə işdə olmuş bir işçinin yenidən işinə qayıtması ilə bundan sonrakı fəaliyyətini çox ağır vəziyyətə salacaqdır. “Neft Daşları” NQÇİ-nin ərazisi dövlət əhəmiyyətli, strateji, təhlükə potensiallı obyektdir. Buna görə də, həmin iş yerində riayət edilməli olan xüsusi qaydalar müəyyən edilmişdir. Həmin qaydalardan biri də “Neftqazçıxarmasənayesində təhlükəsizlik qaydaları”dır ki, bütün işçilər qeyd edilən qaydalarla tanış edilir və bu barədə müvafiq kitaba imza etməklə, qaydalarla tanış olmalarını təsdiq edirlər. Həmin qaydaların 1.19.9-cu bəndinə əsasən dəniz neft-qazmədən tikililərində olarkən, dənizdə çimmək, balıq tutmaq və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır. İşçilər tərəfindən bu qaydalara əməledilibedilməməsi, həmçinin qadağan edilmiş hərəkətlərin edilməsinin qarşısını almaq məqsədilə mütəmadi yoxlamalar aparılır, zəruri tədbirlər görülür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

17. İddiaçı və nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında iştirak edərkən apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 3.8. İş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Maddə 3.9. Əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72 b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin olunduğundan və qətnaməni apellyasiya qaydasında iş üzrə cavabdeh mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi rədd edilməlidir.

22. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

23. İddiaçı bildirir ki, xx.xx.2024-cü il tarixdə iş prosesində soyuq dəyməsi olduğundan, boğazı ağrımış və bunun qarşısını almaq üçün müalicə məqsədilə özündə olan 100 qramlıq tibbi spirtdən təxminən 30-40 qram su ilə qarışdıraraq öz otağında istirahət edərkən içmişdir. İddiaçının sözlərinə görə hadisə iş vaxtından və iş yerindən kənarda baş vermişdir.

24. Cavabdeh isə Neft Daşları ”NQÇİ-nin ərazisinin dövlət əhəmiyyətli, strateji, təhlükə potensiallı obyekt olduğunu və həmin iş yerində riayət edilməli olan xüsusi qaydalar müəyyən edildiyini, spirtli içki qəbul etmədiyin qadaöan edildiyini, iddiaçının həmin qaydalarla tanış edildiyini, lakin buna əməl etmədiyini bildirir və iddiaya etiraz edir. Cavabdeh eyni zamanda işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin bütün tələblərinə işəgötürən tərəfindən tam şəkildə riayət olunduğunu bildirir.

25. Birinci instansiya məhkəməsi Neft Daşlarının ərazisinin daxilində yerləşməsinə baxmayaraq yataqxananın işçinin iş yeri sayılmadığı, iddiaçının yataqxanada əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasının icrası üçün deyil, istirahətini təmin etməsi üçün qaldığını, Alkotestin hansı avadanlıqla aparılması, həmin avadanlığın dövlət standartlarına uyğun olması və s. kimi əhəmiyyət kəsb edən məsələlərlə bağlı cavabdehin məhkəməyə heç bir sübut təqdim etməməsi, tətbiq edilmiş intizam tənbehinin əməlin ağırlıq dərəcəsinə uyğun olmadığı qənaətinə gəlmişdir.

26. Kollegiya ilk növbədə iddiaçının spritli içki qəbul etməsi faktının iş yerində və ya iş yerində kənarda olmasına münasibətdə aşağıdakıları qeyd edir.

27. İddiaçı spirtli içki qəbul etdiyini və hadisənin baş verdiyi şəraiti mübahisələndirmir. İddiaçı iddia edir ki, iş vaxtından və iş yerindən kənarda spirtli içki qəbul etmişdir.

28. Əmək Məcəlləsinə görə iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir.

29. Tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir ki, iddiaçının iş yeri 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsidir (Neft Daşları). İş vaxtı isə İ-İİ rüb üzrə 06:30-dan 18:30-dək, İİİ-İV rüb üzrə 06:30-dan 19:00-dək müəyyən edilmişdir.

30. Kollegiya nəzərə alır ki, Neft Daşlarının ərazisi dövlət əhəmiyyətli, strateji, təhlükəli infrastrukturdur. Buna görə də, orada işləyən işçilər üçün xüsusi qaydalar müəyyən edilmişdir. “Neftqazçıxarmasənayesində təhlükəsizlik qaydaları”nın 1.19.9-cu bəndinə əsasən dəniz neft-qaz mədən tikililərində olarkən, dənizdə çimmək, balıq tutmaq və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır.

31. İddiaçı həmin qaydalarla tanış olduğunu və imzaladığını mübahisələndirməmişdir.

32. Əmək Məcəlləsinə əsasən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd b).

33. İşçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması isə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə görə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

34. Yoxlama zamanı İddiaçı alko testinin nəticəsi 0.8 promil olaraq aşkarlanmışdır. 0.3 promil artıq sərxoşluğa dəlalət edir. Həmçinin, xx.xx.2024-cü il tarixdə qanın analizi aparılarkən artıq hadisədən 2 gün keçmiş, ona görə də hadisədən iki gün sonra yoxlamanın nəticəsinin 0,32 olması hadisə vaxtı iddiaçıda alkoqolun təsirinin olmaması və ya yüngül olması kimi qiymətlədirilə bilməz. Onu da nəzərə alsaq ki, 0,3 promil artıq şəxsin “sərxoş” olduğunu göstərir, deməli 2 gün öncə (iddiaçının alkoqol qəbul etdiyi gün) sərxoşluq daha yüksək olmuşdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, Neft Daşları bütövlükdə iddiaçının iş yeri sayılır, spirtli içki qəbul edərkən iddiaçının bilavasitə iş başında, yaxud istirahət otağında olmasının heç bir fərqi yoxdur. İddiaçının bu hərəkəti iş yerində əmək intizamının normal ahənginin pozulmasına səbəb olmaqla işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. İddiaçının bu əməlinə görə intizam tənbehinin tətbiq edilməməsi gələcəkdə əmək kollektivində cəzasızlıq mühiti yaratmaqla daha pis sonluqla nəticələnə bilən hadisələrə rəvac vermiş olar. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilməsini onun törətdiyi əmələ mütənasib sayır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.

38. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Məhkəmə, həmin prinsipi və iddianın cavabdeh tərəfindən qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşılmalıdır.

39. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar