Məhkəmə qərarları › İş №2(103)-2368/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2368/2024

22.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2368/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) qarşı “müavinətin tam ödənilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: müavinətin tam ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-317/2024 nömrəli, 19 yanvar 2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İş materiallarında olan SOCAR-ın “Azneft” İB” ilə İddiaçı arasında imzalanmış 2023-cü il tarixli Razılaşmanın 1.1-ci bəndində qeyd edilmişdir ki, işəgötürənlə bağlanmış 16 №-li, xx.xx.2009-cu il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi (işçi yaşa görə əmək pensiyasına çıxdıqda) ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədi ilə müraciət edir. Həmin Razılaşmanın 1.3-cü bəndində qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqqhesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəiləcək işdənçıxma müavinətindən qanunvericiliyi uyğun olaraq vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir.

2. “Azneft” İB tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında verilmiş müavinətdən 274,62 manat gəlir vergisi tutulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2476,53 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azneft” İB-nin Qaz Anbarlarının İstismarı İdarəsinin 10 mart 2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçıya orta aylıq əmək haqqının misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur.

5. Vergi Xidməti tərəfindən daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, X3 Cavabdeh xx.xx.2023-cü il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verilmişdir. İddiaçı ARDNŞ-nin 22 aprel 2009-cu il tarixli Əmr-Qərarına istinad edərək bildirmişdir ki, işçi qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdıqda bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilir. Həmin qərar əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyini və ona ödənilmiş müavinətdən 2.476.53 manat gəlir vergisi tutulduğunu bildirmişdir. İddiaçı tələbini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaitinin işdənçıxma müavinətidir. Hesab edirlər ki, iddiaçının bu əsaslandırması tamamilə yanlış olmaqla qanunvericiliyə ziddir. Beləliklə qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasam əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsaslan göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdən çıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bir sözlə, yuxanda qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70ci maddəsinin “b" bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a" bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinət; olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Göründüyü kimi, iddiaçı X5 ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafıc olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, eyni predmet üzrə daha əvvəl Bakı Äpellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli 2(103)-13645/2019 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-1347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)- 1792/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(103)-578/2023 nömrəli qətnamələr qət edilmiş və həmin qətnamələr qanuni qüvvəyə minmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-317/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qətnaməsinə (hakim İlkin Rüstəmli) əsasən, iddia tələbinin rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” və “e” yarımbəndlərinə, 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə, 175-ci maddəsinin 1-ci, 2-ci (a) və 4-cü hissəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-1, 98.1, 102.1.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürənin diktəsi ilə imzalanmış Razılaşmanın 2.1-cü bəndi isə ödənilən işdənçıxma müavinətin- dən gəlir vergisinin qanunsuz və əsassız tutulmasını nəzərə aldığına görə mənim üçün arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik deyildir. “Azneft” İB-nin “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrində iddiaçıya ödənilən müavinət işdənçıxarma müavinəti adlandırılıb. Əmək müqaviləsinin ləğv edilməsinin əsası həmin müavinətin statusuna (işdənçıxma müavinəti olmasına) təsir etmir. Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Lakin mənə ödənilən müavinətdən gəlir vergisi tutulmuş və qanunun tələbi pozulmuşdur. Məhkəmə mənə ödənilmiş orta aylıq əmək haqqımın 5 (beş) misli miqdarında, 12006.50 manat məbləğində işdənçıxma müavinətindən hansı əsaslarla vergi tutulması hallarını aydınlaşdırmamışdır. Məhkəmə işəgötürənlə olan Razılaşmanın etibarsız əqd olmasını əsaslandırdığım dəlilləri aydınlaşdırmamışdır. Məhkəmə aydınlaşdırmamışdır ki, “öz təşəbbüsümlə” yazdığım ərizə iradəmin sərbəst fikir ifadəsi olmamışdır. İşdən azad olunmağım barədə ərizəm işə əlavə olunmuş və halhazırda qüvvədə olan ARDNŞ-nin və ANQSİHİRK-nin 57/06-19ə nomrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmillləşdirilməsi haqqında” əmr-qərarında qarşıya qoyulmuş məqsəd və məramlardan irəli gələn işəgötürənin səyinə uyğun olmuşdur. Belə ki, mənimlə bağlanmış 02 mart 2009-cu il tarixli 16 №-li Əmək müqaviləsinin 9-cu paraqrafında “Əmək müqaviləsinə xitam verilməsi” bəndinin 9.5.1 d) yarımbəndində “İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 (bir) ay müddətində xitam verilə bilər” yarımbəndi tərəflərin müəyyən etdiyi hal deyil, məhz yuxarıda qeyd olunan əmr qərarda qarşıya qoyulmuş məqsəd və məramlardan irəli gələn işəgötürənin diktəsi olmuşdur. Həmçinin eyni predmet üzrə Bakı Apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(103)-907/2023 №-li Qətnaməsindəki (işə əlavə olunub) məhkəmə kollegiyasının mövqeyinə görə bu müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin təsiri altına düşür. O cümlədən Əmək Məcəlləsinin175-ci maddəsinin 4-cü hissəsinə görə, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, eyni predmet üzrə daha əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli 2(103)-907/2023, xx.xx.2023-cü il tarixli 2(103)-3000/2023, xx.xx.2021-ci il tarixli 2(103)-8995/2021, xx.xx.2022-ci il tarixli 2(103)-3623/2022, xx.xx.2022-ci il tarixli 2(103)-3661/2022 və s. nömrəli Qətnamələr qəbul edilmiş və həmin qətnamələr əsasında iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayaraq apellyasiya şikayətini rədd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

13. 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

14. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarına tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar daxildir.

15. 70-ci maddəsinə görə Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

16. 77-ci maddəsinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.

17. 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin

18. 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (Vergi Məcəlləsinin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

19. 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-317/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşin faktiki hallarından görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmaq (69- cü maddəsinin 3-cü hissəsi) istəyini bildirmiş, bunun nəticəsində tərəflər arasında 15 avqust 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının tərəf olduğu əmək münasibətlərinə işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Sözügedən razılaşmaya görə bunun müqabilində Cavabdeh tərəfindən İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 12006,50 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir. Vergi qanunvericiliyində konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunverciliyin tələblərinə uyğun deyildir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə, vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Göründüyü kimi, cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntuya yol verməmişdir və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər qarşılıqlı razılıq ilə aralarında olan əmək münasibətlərinə xitam vermək qərarına gəlmişlər. İşə baxılan zaman iddiaçının razılaşma imzalanarkən şirkət tərəfindən təzyiqlərə məruz qalması halı və yaxud ödənilən vəsaitdən gəlir vergisinin tutulmasının etibarsız hesab edilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Beləliklə, iddiaçı istinad etdiyi razılaşmaya əsasən ödəniləcək müavinətin vergiyə cəlb olunacağına dair məlumatlı olmuşdur.

30. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2024-cü il tarixli Qərarı ilə müəyyən olunmuşdur ki, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.

31. Kollegiya hesab edir ki, əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Belə təminatlardan biri də əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar işəgötürən tərəfindən işçiyə müavinətlərin, eləcə də işdənçıxarma müavinətlərinin ödənilməsidir. İşdənçıxarma müavinətinin hansı hallarda və miqdarda ödənilməsi isə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.

32. Hazırkı mülki iş materiallarından görünür ki, işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası işçinin təqaüd yaşına çatması ilə əlaqədar olmuşdur. Bu halda işəgötürən tərəfindən verilmiş işdən çıxma müavinəti əmək qanunvericiliyinin imperativ tələbindən irəli gəlməmişdir və könüllü xarakter daşıyır. Yəni, verilmiş müavinət Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə tənzimlənən müavinətlərlə eyniləşdirilə bilməz.

33. Kollegiya işəgötürən tərəfindən könüllü qaydada işçiyə verilmiş işdənçıxma müavinətindən vergi tutulub-tutulmaması ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (Vergi Məcəlləsinin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Əmək münasibətlərindən yaranan hansı ödəmələrin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin normaya görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad edilmişdir.

34. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır.

35. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işəgötürənin ödədiyi və gəlir vergisindən azad edilən müavinətlərə, məhz Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş işdənçıxarma müavinətinin, həmçinin həmin maddənin 7-ci hissəsi ilə müəyyən edilən işçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətin aid edilməsi onların xarakterindən və təyinatından irəli gəlir. Belə ki, əvvəldə də göstərildiyi kimi, bu ödəmə işçinin iradəsi və təqsiri olmadan, habelə onun şəxsiyyəti ilə bağlı olmayan hallardan irəli gələrək işdən çıxarılması, eləcə də ölümü səbəbindən ailəsinin üzləşə biləcəyi maddi və mənəvi zərəri kompensasiya etmək məqsədi ilə qanunvericinin imperativ tələbi üzrə işəgötürən tərəfindən ödənilir. Bu ödəmələrin gəlir vergisindən azad edilən ödənişlər kateqoriyasına aid edilməsi dövlətin vətəndaşların layiqli həyat səviyyəsinin qayğısına qalması və sosial müdafiəsinin təmin edilməsi ilə bağlı vəzifəsinin icrasına yönəlmişdir.

36. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir.

37. Kollegiya bir daha qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə fiziki şəxslərin gəlir vergisindən azad edilmiş gəlirlərinə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə), “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və 74-cü maddəsinin birinci hissəsinin “e” (işçi vəfat etdikdə) bəndləri ilə xitam verilən hallarda işəgötürən tərəfindən işçiyə ödənilən müavinətlər aid edilmişdir.

38. Odur ki, Konstitusiyanın 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. (“Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2024-cü il tarixli Qərarı)

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-317/2024 nömrəli, 19 yanvar 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar