Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2368/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: pulun tutulması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 5440/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında 2 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsinə əsasən tərəflər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/394 saylı sahədə (Yeni qaydalarla: AZ 1151, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 47-ci Buzovna küçəsi, giriş 4) yerləşən ümumi sahəsi 0.065818 ha olan torpaq sahəsinin ümumi dəyərinin 126.000 manat olması, onun 6.000 manat hissəsinin beh kimi ödənilməsi və xx.xx.2024-cü il tarixədək həmin torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlaması ilə bağlı razılığa gəlmişdirlər. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda iddiaçı, aralarında beh müqaviləsi bağlandıqdan sonra növbəti günü müqavilənin predmeti olan torpaq sahəsinə baxmaq üçün ailəsi ilə birlikdə həmin əraziyə gedərkən sahənin qarşısında olan yola yağış sularından əmələ gələn gölməçə səbəbi ilə sahəyə yaxınlaşmağın qeyri-mümkün olduğunu, bu vəziyyətin hər yağışdan sonra yarandığını, həmin problem barədə bütün sakinlərin məlumatlı olduğunu, hətta avtomobillərin hərəkətinin qeyri-mümkün olduğunu, lakin ona bu barədə hər hansı məlumatın verilmədiyini, həqiqətdə bu məqsədlə inşa edilmiş 3 mişar daşı hündürlüyündə səkinin (bardur) təyinatı (suyun qarşısını almaq) barədə ona düzgün məlumatın verilmədiyini cavabdehə bildirmiş və 5 gün ərzində aralarında bağlanmış beh müqaviləsinin qüvvədən salınmasını və verdiyi behin 2 qatının, yəni 12.000 manat pulun ona qaytarılmasını xahiş etmiş, əks halda, behin 2 qatının qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılacağını bildirmişdir.
Birinci instansiya məhkəməsindəki birinci icraat
2. İddiaçı cavabdehlər 2 saylı Bakı "Asan Xidmət" mərkəzində notariat ofisinə və Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iddia və daha sonra 2 saylı Bakı "Asan Xidmət" mərkəzində notariat ofisini cavabdehlər sırasından çıxarılması barədə ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli beh müqaviləsi üzrə ödənilmiş behin 2 misli, yəni 12.000 manat, beh müqaviləsinin bağlanması üçün notariusa ödənilmiş 115 manat xidmət haqqının, hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqının, ödənilmiş 128 manat dövlət rüsumunun əvəzi, cəmi 12.743 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, beh verilmiş torpaq sahəsinin yerləşdiyi əraziyə getdikdə sahənin qabağında yerləşən yolda yağış sularından əmələ gələn gölməçə səbəbindən həmin sahəyə yaxınlaşmağın qeyri-mümkün olmasını müşahidə etmişdir. Ətrafda yaşayan qonşulardan bunun səbəbini soruşduqda ona bildirilmişdir ki, həmin sahədə mövcud olan vəziyyət hər dəfə yağış yağanda əmələ gəlir, qrunt suları yığılır, sakinlərin həmin yoldan istifadə etməsi müşkül olur. Eyni zamanda, ona bildirilmişdir ki, problemli vəziyyəti həmin ərazidən istifadə edən bütün sakinlər bilir, məhz həmin ərazilərdə torpaq sahələrinin tez-tez satışa çıxarılması bu problemlə əlaqədardır. Vəziyyətdən çıxış yolu kimi torpaq sahəsinin girişində cavabdeh tərəfindən təqribi 3 mişar daşı hündürlüyündə səki (bardur) inşa etdirilsə də, heç bir müsbət nəticəsi olmamışdır. Həmin yöndəmsiz səkinin (bardur) təyinatinın nədən ibarət olduğunu o, beh müqaviləsi bağlamazdan əvvəl soruşanda əsl həqiqət cavabdeh tərəfindən gizlədərək ərazinin abadlaşdırılması məqəsdi ilə səkinin inşa edildiyini bildirmişdir. Lakin həmin ərazidə gölməçə yaranan zaman təxminən 50-60 sm hündürlükdə olan səkinin torpaq sahəsinə suyun dolmasının qarşısının alınması məqsədi ilə inşa edildiyi aydın olur. Çünki səki tamamilə yağış suyunun altinda qalmışdır. Onun şahidlərin iştirakı ilə çəkdiyi foto-video çəkilişlərindən də göründüyü kimi, yoldan yağıntı zamanı istifadə mümkünsüzdür, çəkiliş zamanı təkcə sedan tipli yox, universal və suv tipli nəqliyyat vasitələri gölməçədə batib qalmışdır. Videogörüntülər və fotoşəkillər onun tərəfindən həmin an cavabdehin mobil telefon nömrəsinə “Whatsapp” tətbiqi vasitəsi ilə göndərilmiş, lakin cavabdeh tərəfindən behin geri qaytarılması barədə heç bir tədbir görülməmişdir. Halbuki beh müqaviləsi bağlanmadan öncə o, sahəyə baxış keçirərkən şahidlərin yanında üçüncü şəxs Cavabdeh (nümayəndəndəsinə) dəfələrlə bildirmişdir ki, orada öz istifadəsi üçün fərdi yaşayış evi tikmək və ailə üzvləri ilə birgə daimi yaşamaq niyyətindədir. Dəfələrlə o, cavabdehdən və nümayəndəsindən torpağın nə kimi problemlərinin olması ilə bağlı şifahi sorğu etsə də, ona heç bir problemin olmamasını, daimi yaşayış üçün əlverişli olması bildirilmişdir. Hadisə (gölməçə) müşahidə edilən gün aparılmış foto-video çəkilişləri “whatsapp” tətbiqi vasitəsilə göndərəndə, cavabdeh həmin şəraitdən guya məlumatlı olmamasını, həmin sahəni alıb dərhal sonra Türkiyə Respublikasına getdiyini, verilən behin isə qaytarılmasının mümkün olmadığını bildirmişdir. Halbuki, beh müqaviləsinin bağlanmasından 1 gün sonra qeyd edilən problemlər aşkar edilmiş və onlara qarşılıqlı razılaşma ilə behi qaytarmaq təklif edilmişdir. Lakin torpaq sahəsinin qonşuluğunda yaşayan sakinlərdən əldə edilən məlumatlar, gölməçə yarandığı zaman onun tərəfindən cavabdehlə əlaqə yaradılan vaxt cavabdehin verdiyi reaksiya, o cümlədən həmin sahəni alınmasından qısa müddət sonra həmin sahəni satmaq istəyi və digər hallar əminlik yaradır ki, cavabdeh həmin sahəni satişa çıxararkən qeyd olunan problemin olmasından məlumatlı olmuş, onun sahənin alınmasından imtina etməməsi üçün qəsdən həqiqi məlumatları bildirməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5440/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 6.000 manat məbləğində pulun, notariusa ödənilmiş 57,50 manat məbləğində xidmət haqqının, 68 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 57,50 manat məbləğində notariusa ödənilmiş xidmət haqqının və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat məbləğində pul vəsaitinin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim X6).
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından imtina etmiş tərəf iddiaçı olmuşdur. İddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından imtinasını torpaq sahəsinin yerləşdiyi küçədə yağış yağan zaman qrunt sularının yığılması, bunun nəticəsində gölməçələrin yaranması və küçədə hərəkət etməyin, eləcə də hər hansı nəqliyyat vasitəsinin hərəkətinin çətinləşməsi ilə əlaqələndirir. Həmçinin, bununla bağlı cavabdehin onu aldatmasını da bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, gediş-gəliş üçün istifadəyə yararlı yolla təchiz edilmə hər bir yaşayış sahəsinin istifadəsinin təşviqi üçün zəruri vasitələrdən biri kimi qəbul oluna bilər. İş materiallarında olan fotoşəkillərdən görünür ki, torpaq sahəsinin qarşısında olan yol yağış suyunun yığılması nəticəsində istifadəyə yararsız hala gəlmiş, sakinlərin, eləcə də, avtomobillərin hərəkət etməsi kifayət qədər çətinləşmişdir. Həmçinin, torpaq sahəsinin qaşısından keçən avtomobil yolundan bir qədər hündürlükdə səki inşa edilmişdir. İddiaçı torpaq sahəsinə dair alqı-satqı müqaviləsini bağlamaqdan imtina etməsini torpaq sahəsinin qarşısından keçən avtomobil yolunun istifadəyə yararsız olması (hətta, ehtimal edir ki, su gölməçələrindən torpaq sahəsinə də qrunt suyu axa bilər) ilə əlaqələndirsə də, məhkəmə hesab etmişdir ki, avtomobil yolunda yağış yağdıqdan sonra su gölməçələrinin yaranmasına görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Belə ki, intensiv yağışdan sonra yollarda, küçələrdə yağış və qrunt sularının toplanması və yağış suyunun səviyyəsinin artması nəticəsində gölməçələrin yaranmasının qarşısını almaq üçün həmin ərazilərdə drenaj şəbəkəsinin qurulması, yağış sularının kanalizasiya xəttinə axıdılması üçün zəruri tədbirlərin görülməsi bu sahədə səlahiyyətli olan müvafiq dövlət orqanlarının səlahiyyətlərinə daxildir. Cavabdehin bu kimi tədbirlərin görülməsi ilə bağlı üzərinə hər hansı bir öhdəliyin qoyulması ağlabatan olmazdı. Torpaq sahəsinin yerləşdiyi ərazidə yağış yağdıqdan sonra avtomobil yollarının istifadəyə yararsız vəziyyətə gəlməsi barədə cavabdehin məlumatı olub-olmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh Türkiyə Respublikasında yaşayır. O, torpaq sahəsini xx.xx.2024-cü il tarixdə almışdır. “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə cavabdehin sərhədkeçmə məlumatları əsasında müəyyən olunmuşdur ki, həmin tarixdə də Türkiyə Respublikasına getmiş, daha sonra isə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ölkə ərazisinə gəlmişdir. Göründüyü kimi, cavabdeh torpaq sahəsini əldə etdikdən sonra yay aylarında bir neçə günlüyə ölkə ərazisinə daxil olduğundan, yağış suları nəticəsində avtomobil yollarının foto-şəkillərdə əks olunan vəziyyətə düşməsini müşahidə etməyə bilərdi. Lakin, məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin istifadəyə yararlı avtomobil yolu ilə təchiz edilib-edilməməsi məsələsi beh müqaviləsindən sonra alqı-satqı müqaviləsinin bağlanmasına təsir göstərən zəruri şərt kimi qəbul oluna bilər. Ağlabatan mühakimə əsasında müəyyən etmək olar ki, iddiaçı yağış yağdıqdan sonra həm insanların, həm də avtomobillərin hərəkəti üçün müvəqqəti də olsa, çətinlik yaradan vəziyyətdə yerləşən ərazidəki torpaq sahəsini almaq, orada fərdi yaşayış evi inşa edərək yaşamaq istəməzdi, çünki bu onun müqavilə bağlayarakən arzulamadığı bir haldır. İddiaçı özü də bildirmişdir ki, o, torpaq sahəsini sonradan orada fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə yaşamaq üçün almaq niyyətində olmuşdur. Göründüyü kimi, hazırki vəziyyətdə, yəni, mütəmadi yağışlar yağdıqdan sonra istifadəyə yararsız olan, nəqliyyat vasitələrinin hərəkəti çətin olan ərazidə yerləşən torpaq sahəsini əldə etmək, sonradan həmin Torpaq sahəsində Fərdi yaşayış evi inşa etmək iddiaçının maraqlarına uyğun ola bilməzdi. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair gələcəkdə alqı-satqı müqaviləsi bağlanması məqsədilə ödənilmiş 6.000 manat məbləğində beh cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Çünki, iddiaçı torpaq sahəsinə dair müqavilənin bağlanmaması məsuliyyətini daşımamış, əksinə verdiyi beh həddində əmlakından məhrum olmaqla maddi zərər çəkmişdir.
6. Məhkəmə iddia tələbinin behin iki mislinin geri qaytarılması barədə hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, müqavilənin icra edilməməsinə, yəni torpaq sahəsinin alınmasına dair müqavilənin bağlanmamasına görə cavabdeh məsuliyyət daşıya bilməz, bu mübahisəli halın baş verməsi onun iradəsindən kənar baş verən haldır. Digər bir tərəfdən, torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılmasından iddiaçı imtina etmişdir, lakin iddiaçının da imtina etməsi onun təqsirindən deyil, sözügedən mövcud vəziyyətin baş verməsi ilə bağlı olmuşdur.
7. Məhkəmə həmçinin iddianın 115 manat notariusa ödənilmiş xidmət haqqının və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasbətdə hesab etmişdir ki, həmin xərclər iddianın təmin edilmə nisbətində tərəflərə aid edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci, 443.1-ci, 491-492-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76.1-ci, 77.1-ci, 119.1-ci, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflər arasında torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmaması üçün hansı tərəfin məsuliyyət daşıması ilə bağlı halları araşdırmamış, qeyri-obyektiv və birtərəfli qərar qəbul etmişdir. Bundan başqa, iddia ərizəsi veriləndə o, X2 şəhərində olmuşdur və onun Azərbaycan Respublikasına girişinə məhdudiyyət qoyulmuşdur. Yəni heç cürə Azərbaycana qayıda bilmirdi. Bu halı Bakı şəhəri Xətai Rayon Məhkəməsi araşdırmışdır. Onun öz mövgeyini müdafə etməyi mümkün olmamış, məhkəmə yalnız iddiaçının dəlillərini dinləmişdir. Bu isə istənilən halda məhkəmə qərarının obyektiv qəbul edilməsinə imkan vermir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/394 saylı sahədə (Yeni qaydalarla: AZ 1151, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 47-ci Buzovna küçəsi, giriş 4) yerləşən ümumi sahəsi 0.065818 ha olan torpaq sahəsinin satın alınması ilə bağlı tərəflər arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada beh müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə torpağın dəyəri olan 126.000 manat məbləğin 6.000 manat hissəsi ödənilmiş və tərəflər xx.xx.2024-cü il tarixədək torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlaması ilə bağlı üzərlərinə öhdəlik götürmüşdürlər. Lakin növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı barəsində beh müqaviləsi bağladığı və satın almaq niyyətində olduğu torpaq sahəsinin yerləşdiyi ərazidə avtomobil yolunun yağış suyunun qalıqlarından hərəkət üçün əlverişsiz olduğunu, həmin qurunt sularının hətta yaşayış sahələrinə daxil olduğunu müəyyən edərək cavabdeh tərəfindən aldadıldığının fərqinə varmış və hazırda aralarında bağlanmış müqavilə üzrə ödədiyi pulun 2 misli - 12.000 manatın, müqavilənin bağlanması üçün notariusa ödənilmiş 115 manat xidmət haqqının, hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqının, ödənilmiş 128 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçının dəlilləri ilə razılaşmır və iddia əsassız olduğundan təmin edilməməsini xahiş edir.
23. Məhkəmə kollegiyası iddianın tələb etdiyi pul vəsaitinin qaytarılıb-qaytarılmaması məsələsinə qiymət verilməsi üçün ilk öncə, tərəflər arasında bağlanmış müqavilənin etibarlı hesab edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
24. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beh müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir. Eyni zamanda, müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir. Lakin iddiaçı hüquqi nəticə etibarı ilə almaq istədiyi torpaq sahəsinin həqiqi vəziyyəti barədə cavabdeh tərəfindən ona doğru məlumatların verilməməsi və hazırki mübahisə predmetini təşkil edən müqavilənin onun cavabdeh tərəfindən aldadılması nəticəsində bağlanması mövqeyindən çıxış edir.
25. Məhkəmə kollegiyası bu baxımdan qeyd edir ki, aldatma dedikdə, şəxsə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində şəxsdə əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (şəxsə yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (hərəkətsizlik - əqdin realizə olunmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susulması).
26. Məhkəmə kollegiyası iddianın məzmunu və iddiaçının mövqeyi ilə bağlı xüsusilə vurğulayır ki, iddiaçının istinad etdiyi hallar sübutetmə yükü ilə bağlıdır. Belə ki, iş materiallarında yer alan tərəflər arasındakı “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışmadan çıxarışa əsasən iddiaçı hazırki dəlillərini cavabdehin özünə də bildirərək ödədiyi pulun geri qaytarılmasını tələb etmiş, cavabdeh isə iddiaçının istinad etdiyi halın Bakının əksər hissələrində mövcud olduğunu bildirərək dolayısı ilə iddia tələbində göstərilən halların mövcudluğunu qəbul edərək, iddiaçıya torpaq sahəsinin həqiqi vəziyyəti barədə reallığı əks etdirən məlumatların verilmədiyini də boynuna almışdır.
27. İddiaçı xx.xx.2024-cü il tarixdə beh müqaviləsi bağlandıqdan sonra, növbəti günü, yəni xx.xx.2024-cü il tarixdə mübahisəli sahənin yerləşdiyi ünvana getmiş və orada həmin sahənin qarşısında olan avtomobil yolunu su basdığını (su ilə dolu olduğunu) görmüş və dərhal bu halın video qeydiyyatını apararaq və fotoşəkillərini çəkərək, “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə cavabdehə göndərmiş və bununla da hüquqi nəticə etibarı ilə bu halın mövcudluğuna öz etirazını bildirmişdir. Qeyd edilənlər, o cümlədən onun gördüyü mənzərəyə bu qaydada reaksiya verməsi və dərhal cavabdehlə əlaqə yaratmaq istəyi, habelə növbəti hərəkətləri (pretenziya göndərməsi və pulunu tələb etməsi) öz növbəsində iddiaçının bu barədə məlumatlı olmadığını, həmin vəziyyəti real problem kimi qəbul etdiyini və bu barədə məlumatlı olduğu halda, müqavilə bağlamayacağını təsdiq edir. Başqa sözlə, iddiaçı bu barədə məlumatlı olduğu, yəni yolun vəziyyəti ilə bağlı həqiqəti bildiyi təqdirdə həmin müqaviləni bağlamayacaq idi.
28. Belə ki, iddiaçı həmin torpaq sahəsini onun üzərində ev inşa edib ailə üzvləri ilə birlikdə həmin evdə daimi əsaslarla yaşamaq niyyəti ilə almışdır. Avtomobil yolu bu sahənin qarşısında yerləşməklə giriş-çıxış baxımından onun həmin evdən istifadəsini təmin edən ən əsas vasitədir. Hər bir halda, nəinki iddiaçı, ümumiyyətlə hər bir şəxs daimi yaşayış yeri üçün torpaq sahəsi seçərkən ilk növbədə özünün və ailəsinin rahatlığını (komfortunu) düşünür və məsələyə məhz bu qaydada yanaşaraq, ilk növbədə həmin sahədə onun və ailəsinin rahat (komfortlu) yaşamasına maneə ola biləcək halları müəyyən etməyə çalışır və satıcı ilə bu istiqamətdə söhbətlər aparır. Bu baxımdan 126.000 manat məbləğində pulu ödəməklə torpaq sahəsi almaq niyyətinə düşmüş iddiaçı həmin torpaqda hər hansı kənar təsirlərdən əziyyət çəkməyi arzulamamış və bir mənalı şəkildə bu həcmdə pul müqabilində hər dəfə yağan yağışdan sonra yağış suyunun yığılması nəticəsində istifadəyə yararsız hala düşən yolun yaratdığı çətinliklərlə üzləşəcəyini və faktiki olaraq bu yolu üzərək keçməli olmasını bilməmişdir (həmin yol ensiz deyil və iri addımla və ya tulanmaqla onu keçmək mümkün deyil).
29. Məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsinin qarşısında olan yolun yağış yağandan sonra faktiki olaraq su hovuzu formasını (təqdim edilmiş fotoşəkillərdən bu hal bilavasitə müəyyən edilir) alması və nəinki insan fərdinin, hətta avtomobillərin istifadəsi üçün yararsız olması barədə həqiqətən də məlumatlı olmaması qənaəti ilə bağlı onu da qeyd edir ki, iddiaçı bu barədə cavabdehə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazmış, şəkillər və videogörüntü göndərmiş, ona göndərmiş pretenziya məktubunda da əsasən bu məsələni qabartmış, birinci instansiya məhkəməsi də bu məsələ üzərində xüsusilə dayanmış və öz mövqeyini qətnamədə əks etdirmişdir. Bu baxımdan cavabdeh iddiaçının beh müqaviləsi üzrə pulunu geri tələb etməsinin səbəbləri barədə tam məlumatlı olmuşdur. Buna baxmayaraq, apellyasiya şikayətində nəinki iddiaçının bu mövqeyini təkzib edən hər hansı dəlilləri göstərilməmiş, ümumiyyətlə bu məsələyə toxunulmamış, eyni zamanda, torpaq sahəsinin qarşısında olan səkinin həqiqi təyinatı (səkinin 3 mişar daşı hündürlükdə inşa edilməsi cavabdeh tərəfindən abadlıq kimi əsaslandırılmış, lakin iddiaçı sakinlərdən əldə edilmiş məlumatlarla da onun suyun qarşısını almaq üçün bu hündürlükdə olduğunu müəyyən etmişdir) barədə hər hansı məlumatın verilməməsi ilə bağlı iddiaçının dəlillərinin əksini təsdiq edən hər hansı dəlildən çıxış etməmişdir. Nəticə etibarı ilə apellyasiya şikayətində iddiaçının mövqeyini sarsıdacaq hər hansı dəlillər irəli sürülməmişdir. Apellyasiya şikayətindən əvvəl göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubuna cavab olaraq da cavabdeh hər hansı formada həmin halların mövcud olmaması ilə bağlı əks arqumentlə çıxış etməmişdir. Maraqlısı ondan ibarətdir ki, həmin sahəyə dair cavabdehin mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə, yəni beh müqaviləsi bağlanmamışdan 13 gün əvvəl dövlət qeydiyyatına alınmışdır. “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən isə onun mülkiyyətində artıq belə bir əmlak yoxdur.
30. Bu da iddiaçının sərgilədiyi mövqeyin əsaslı olduğunu, beh müqaviləsinin bağlanmasına dair aparılan söhbətlər və müzakirələr zamanı vicdanlılıq vəzifəsinə görə torpaq sahəsinin qarşısında olan avtomobil yolunun yağış sularının (istisna deyil digər suların) təsiri altında istifadə üçün yararsız (nəticədə sahədən giriş-çıxışı əhəmiyyətli dərəcədə çətinləşir, istisna deyil ki, vaxtaşırı qeyri-mümkün olur) vəziyyətə düşməsi barədə cavabdeh tərəfindən iddiaçıya məlumat verilməli olduğu halda, qəsdən məlumat verilməməsini və məhz bu aldatma nəticəsində (belə ki, iddiaçı bunu bilsə idi, müqaviləni bağlamayaca idi) iddiaçıda həqiqətə uyğun olmayan bir qənaətin formalaşdırılmasına nail olmaqla müqavilənin bağlanmasını təsdiq edir. Sadalanan bu hallar da tərəflər arasında bağlanmış beh müqaviləsinin etibarsız hesab olunmasını şərtləndirir.
31. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsi etibarsız hesab edildiyindən Mülki Məcəllənin 337.5ci maddəsinin tələbləri yerinə yetirilməli və həmin müqavilə əsasında iddiaçının cavabdehə ödədiyi 6.000 manat pul vəsaiti də cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır.
32. Birinci instansiya məhkəməsi isə 6.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlsə də, həmin münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, qaytarılmalı pul vəsaitini beh kimi qiymətləndirilməsinə baxmayaraq, qanunun imperativ tələbini pozaraq behin iki mislinin deyil, beh məbləği kimi verilmiş pul vəsaitinin qaytarılması qənaətinə gəlmişdir. Halbuki bununla bağlı qanunvericilikdə tələblər imperativ qaydada müəyyən edilmiş, beh kimi verilmiş pulun qaytarılması qənaətinə gəlindiyi təqdirdə mütləq qaydada beh məbləğinin iki mislinin qaytarılması nəzərdə tutulmuşdur.
33. Məhkəmə kollegiyası 31-32-ci bəndlərdə göstərilənləri də nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə digər 6.000 manat pulun da tutulması üçün hər hansı hüquqi əsas yoxdur və iddia tələbi bu hissədə rədd eidlməlidir.
34. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə beh müqaviləsi bağlanan zaman iddiaçı tərəfindən ödənilmiş 115 manat məbləğində haqqın, habelə iddia qaldırılan zaman ödənilmiş 128 manat məbləğində dövlət rüsumunun yarısı, yəni müvafiq olaraq 57,50 manat və 64 manat məblğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Hüquqi yardım müqaviləsi, habelə bu müqavilə üzrə pulun ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, Cavabdeh 6.000 manat məbləğində pul vəsaiti, notariat ofisinə ödənilmiş haqqın 57,50 manat hissəsinin, habelə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 64 manat hissəsinin əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5440/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 6.000 (altı min) manat məbləğində pul vəsaiti, notariat ofisinə ödənilmiş haqqın 57,50 (əlli yedi manat, əlli qəpik) manat hissəsinin, habelə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 64 (altmış dörd) manat hissəsinin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.