Məhkəmə qərarları › İş №2(103)-2369/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2369/2025

22.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2369/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair, həmçinin Cavabdeh1 İddiaçı qarşı “çıxarışın ləğv edilməsi barədə” iddialara dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma, çıxarışın ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-2810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabehləri və xx.xx.2016-cı il təvəllüdlü X2 ona məxsus mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, oğlu Seyfi Abdullayev xx.xx.2023-cü il tarixdə şəhid olmuşdur. Bundan sonra həmin oğluna məxsus Mənzil vərəsəlik qaydasında ona keçmiş və mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Çıxarışı aldıqdan sonra Mənzilə gəldikdə orada başqa şəxslərin yaşadığını görmüşdür. Həmin şəxs Mənzilin ona məxsus olmasını bildirərək və heç bir məlumat verməyərək onu Mənzilə buraxmadı. O, Mənzildə kimlərin qeydiyyatda olması barədə məlumat almaq üçün “ASAN xidmət” məkzəindən yaşayış yeri barədə arayış aldıqdan sonra məlum oldu ki, Mənzildə Cavabdeh1 və onun azyaşlı övladı Sona Eyvazona yaşayır. Cavabdeh1 qeydiyyatda olmasını əsas gətirərək Mənzilin ona məxsus olmasını bildirir. Sonradan məlum olmuşdur ki, digər Cavabdeh2 da Mənzildə yaşayır.

3. Cavabdeh1 iddiaçının Mənzilə dair xx.xx.2024-cü il tarixli, **********97- 05301- 093164 saylı reyestr nömrəsi və ********** nömrəli çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh1 iddia ərizəsində qeyd etmişdir ki, Seyfi Abdullayevlə faktiki olaraq 3 il faktiki ailə-nikah münasibətlərində olmuş, bir yerdə yaşamış, birgə təsərrüfat aparmış və bir-birlərinə qayğıkeşlikləi olmuşdur. Seyfi Abdullayevlə ailə münasibətlərində olarkən xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum anası X1 miras Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində qalmışlar, bir müddət sonra isə daha yaxın bir yerdə yaşamaq məqsədilə həmin evi 56000 manata sataraq, mübahisəli Mənzili "xxxx" ASC-dən götürdükləri ipoteka hesabına almışlar. Mübahisəli Mənzili almaq üçün tələb olunan 29000 manat ilkin ödənişi o, mərhum anasından qalmış evin satılmasından əldə edilmiş pulun hesabına ödəmişdir, çünki həmin məbləğdə pul Seyfidə yox idi. Aylıq ödənişləri də çox vaxt özü ödəyirdi. Daha sonra, yenə də atası, qızı və o, yeni aldıqları mənzildə birlikdə yaşamağa davam etmişlər. İpoteka müqaviləsi Seyfinin adına olduğu üçün mənzilin çıxarışı da onun adına tərtib olundu. Lakin o, atası və qızı həmin mənzilə qeydiyyata alınmışlar, hələ də həmin evdə yaşayırlar və qeydiyyatdadırlar. Həmin mənzil alınarkən “Qala Sığorta” şirkəti ilə “Həyat sığortası” barədə müqavilə bağlanmışdır. “Həyat sığortası” müqaviləsinə əsasən sığorta olunanın istənilən səbəbdən ölümü halında sığorta şirkəti banka olan borcu ödəyir. Həmin mənzilə dair ipoteka borcu “Qala Sığorta” şirkəti tərəfindən "xxxx" ASCyə tam ödənilmişdir və mənzilin heç bir yüklülüyü yoxdur. Faktiki ailə-nikah münasibətlərində olduğu Seyfi Abdullayev xx.xx.2023-cü il tarixdə Xankəndi yaxınlığında antiterror əməliyyatı nəticəsində həlak olmuşdur. Seyfi ondan başqa heç kiminlə ailə qurmamışdır. Birgə aldıqları mənzili adına keçirmək üçün faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmiş, ancaq məhkəmə prosesi zamanı öyrənmişdir ki, iddiaçı mənzilə dair çıxarış almışdır. Həmin çıxarış ləğv edilməlidir, çünki mənzil tam olaraq onun vəsaiti hesabına alınmışdır.

5. Xətai Rayon Məhkəməsinin 2(011)-2810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Pərviz Zamanlı) ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh1, X6 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 34 saylı evin 180 saylı mənzildən çıxarılması, Cavabdeh1 iddiasının təmin edilməsi Cavabdeh1 30 (otuz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil2 əmək haqqının hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilməsi qərara alınmışdır.

6. Həmin qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti vemiş, digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, onun qızı Cavabdeh1 mərhum Abdullayev Seyfi ilə faktiki alə münsibətlərində olmuşdur. Qızı mərhum Seyfi Abdullayevlə ailə münasibətlərində olarkən mübahisəli mənzili almaq üçün tələb olunan 29000 manat ilkin ödənişi xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X1 miras Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evinin satılması nəticəsində əldə olunan pulun hesabına ödəmişdir, çünki həmin məbləğdə pul Seyfidə yox idi. Aylıq ödənişləri də çox vaxt o, özü və ya qızı ödəyirdi. Odur ki, qətnamənin ləğv edilməsi və İddiaçı mənzildən çıxarılma iddiasının rədd, Cavabdeh1 iddiaçının mənzilə dair xx.xx.2024-cü il tarixli, **********97- 05301-093164 saylı reyestr nömrəsi və ********** nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, Cavabdeh1 bildirdi ki, evə ilkin ödəniş və aylıq ödənişlərlə birgə 65.000 manat xərci çıxıb.

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

10. ünvan 1, 34 saylı evin 180 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 12, M7, m 2) (bundan sonra – Mənzil) dair "xxxx" X4 ilə X5 arasında xx.xx.2021-ci il tarixdə “Kooperativ mənzil tikintisi haqqında” 651159 saylı müqavilə bağlanmış və Ədibə Qənbərovanın Mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

11. 22.02.2022-ci il tarixdə Mənzilə dair Ədibə Qənbərova (satıcı-mülkiyyətçi), "xxxx" ASC (ipoteka saxlayan) və X3 (alıcı-ipoteka qoyan) arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və Seyfi Abdullayev Mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Seyfi Abdullayevlə "xxxx" ASC ilə Seyfi Abdullayev arasında xx.xx.2023-cü il tarixdə “Kredit götürən şəxslər üçün həyat sığortası müqaviləsi bağlanmışdır.

12. Seyfi Abdullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyata keçirilən antiterror əməliyyatı zamanı xx.xx.2023-cü il tarixdə şəhid olmuşdur.

13. İddiaçı Seyfi Abdullayevin atasıdır, onun şəhid olmasından sonra anası Şövqiyyə Abdullayeva notarial qaydada ərizə verərək ona çatası miras paydan iddiaçının xeyrinə itmina etmişdir. Bundan sonra, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə (2V-1070 nömrə ilə reyestrdə qeydə alınmış V-544/2023 nömrəli vərəsəlik işi) iddiaçıya qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Seyfi Abdullayevin vərəsəsinin iddiaçı, miras əmlakın isə Mənzildən ibarət olması qeyd edilmişdir. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

14. Həmçinin, xx.xx.2023-cü il tarixdə (2V-1071 nömrə ilə reyestrdə qeydə alınmış V-544/2023 nömrəli vərəsəlik işi) qanunun üzrə vərəsəlik hüququ haqqında ikinci şəhadətnamə verilmiş, həmin şəhadətnamədə də Seyfi Abdullayevin yeganə vərəsəsinın iddiaçı, miras əmlakın isə ünvan 2 ünvanda yerləşən fərdi yaşayaış evinin və mülkiyyətində olan torqaq sahəsindən ibarət olması qeyd edilmişdir.

15. Bundan başqa, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli müraciəti əsasında Mənzilə dair yüklülük ləğv edilmiş, cavabdehin isə istifadə hüququnun qeydə alınması barədə məlumat aşkar edilməmişdir (AR İN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-13292/2024 saylı məktubu).

16. Cavabdehlər, həmçinin Cavabdeh1 azyaşlı övladı X6 ilə birlikdə iddiaçıya məxsus Mənzildə yaşayırlar və orada pasport qeydiyyatındadırlar.

17. Cavabdeh1 iddiaçıya qarşı “çıxarışın ləğv edilməsi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, sonradan Cavabdeh1 vəsatəti ilə iş həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin icratında olan, hazırkı 2(011)-2810/2024 saylı mülki işə birləşdirilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası

18. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

23. Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

24. Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

25. Maddə 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.

26. Maddə 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

27. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

28. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: a. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); b. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

35. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

36. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

40. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası mənzildən çıxarılma barədə iddia tələbi üzrə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin mənzil İddiaçı mülkiyyətində olduğundan, cavabdehlərin isə həmin mənzilə hər hansı bir hüququ olmadığından MMin 157.2-ci maddəsinə əsasən, rayon məhkəməsi düzgün qənaətə gəlmişdir.

45. Məhkəmə kollegiyası Cavabdeh2 qızının S.Abdullayevlə faktiki ailə münasibətlərində olması barədə dəlili üzrə bildirir ki, rayon məhkəməsinin də qeyd etdiyi kimi Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

46. Hazırkı halda Cavabdeh2la S.Abdullayev arasında müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah mövcud deyildir.

47. Demək ki, rayon məhkəməsinin bildirdiyi kimi iddiaçı Cavabdeh1 mənzilə dair çıxarışın ləğv edilməsi barədə tələb irəli sürmək üçün subyektiv hüququ mövcud deyil.

48. Subyektiv hüquq şəxsin qanun səviyyəsində dəstəklənən davranış ölçüsüdür. Hazırkı halda mərhumla faktiki ailə münasibətlərinin olmasına istinad edən Cavabdeh1 evin mərhum mülkiyyətçisi S.Abdullayevlə qeydiyyata alınmış nikahı olmadığından onun həmin mənzilə dair verilmiş çıxarışın ləğvini tələb etmək üçün subyektiv hüququ da yoxdur.

49. Apellyasiya şikayətinin digər dəlili, həmin mənzilə dair ilkin ödəniş olan 29.000 manatın və aylıq ödənişin cavabdehlər tərəfindən ödənilməsi barədə dəlili üzrə isə qeyd edilir ki, rayon məhkəməsinin də qeyd etdiyi kimi, Cavabdeh1 həmin məbləğin müvafiq sübutlar təqdim edilməklə ümumi qaydada İddiaçı tələb hüququna malikdir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

51. Bununla da, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə:

52. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh2 özünə aid edilməlidir.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-2810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar