Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2371/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 774/2021 saylı işi üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Atabank” ASC-yə 01 noyabr 2018-ci il tarixli, 23-138997-16 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının yerləşdirdiyi əmanətə görə 10000 ABŞ dolları məbləğində əmanət qoyulmuş pul və ona hesablanmalı olan 3% məbləğində, yəni 300 ABŞ dolları kompensasiya məbləğinin (günün məzənnəsinə uyğun olaraq) Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki:-"xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 01.11.2018-ci il tarixli, 23-138997-16 saylı Bank əmanəti müqaviləsi ilə Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 10000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.4-cü maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 3 % ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu günədək əmanət "əmanətçi” tərəfindən tələb olunmazsa, növbəti gündən etibarən müqavilə eyni müddətə uzadılmış hesab olunur, bu şərtlə ki, "Bank” müqavilənin müddətinin uzadılmasına razı olsun. "Bank” müqavilənin müddətinin uzadılmasına razı olmadıqda müqaviləyə xitam verilir və müqavilənin 4.2-ci bəndi ilə müəyyən olunan qaydada əmanət "əmanətçi”yə qaytarılmaqla əmanət hesabı bağlanılır(iş səh.12-13); -“Atabank» ASC ilə əmanətçi İddiaçı arasında 01.11.2018-ci il tarixli əmanət müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 3% ödənilməsi şərti ilə yerləşdirmiş, sonradan "xxxx" ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək cavabdehdən əmanət məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış əmanət müqaviləsi 01.11.2018-ci il tarixdən 01.11.2019-cu il tarixədək bağlanmış və müddətin sonunda uzadılmışdır. İddiaçının xəbəri olmadan əmanət müqaviləsində dəyişiklik edilməklə, müddəti uzadılmış və qorunmayan əmanət hesab edilmişdir. Lakin X3 24.02.2015-ci il tarixli qərarı əsasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz olmuş və bu müqavilədə öz əksini tapmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-774/2021 saylı işi üzrə, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 01 noyabr 2018-ci il tarixli, 23- 138997-16 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının "xxxx" ASC-yə qoyduğu ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 3% məbləğində, yəni 300 ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 10300 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2, 421.1, 994.1, 947.2; «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2, 2.1.2.6, 2.1.3, 2.1.11, 4.1, 8.1.20, 26.1-cı maddələrinə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, bankla əmanətçi arasında illik 3% dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. İddiaçının 2018-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, əmanət müqaviləsinin şərtlərinin iddiaçının xəbəri olmadan dəyişdirilməsi və qorunmayan əmanət hesab edilməsi Mülki Məcəllənin və depozit müqaviləsinin şərtlərinə ziddir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-774/2021 saylı işi üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 254, 261.0.1, 153.2.1, 385.1.2, 390, 385.1.4; “Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 3, 4.1, 8.1 20; "Banklar haqqında” Qanunun 71, 71.3, 71.4, 72, 76.1, 77.1, 77.8-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, "..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır..”; Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; “Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi gündən etibarən faizləri "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. 01 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) iİ müddətində tam sığortalanır və tam kompensassiya olunur. 01.07.2019-cu il tarixindən etibarən üzv banklarda qəbul edilən illik əmanətlər üzrə qorunan əmanətlər illik faiz dərəcəsinin yuxarı həddində dəyişiklik edilmiş milli valyutada 10 %, xarici valyutada isə üzrə 2,5 % müəyyən edilmişdir. "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Lakin, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılıması barədə müraciət daxil olmamışdır. Qeyd olunduğu kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən Banka belə bir müraciət daxil olmamışdır. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd edilmişdir ki, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxan olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.Göründüyü kimi, qanunun müddəası iki hissədən ibarətdir. Yəni, əmanətin qorunan hesab olunması üçün əmanətçinin müvafiq müraciəti olmalı və bu müraciət əsasında Qanunun 3-cü maddəsinin tələbinə müvafiq olaraq dəyişiklik edilməlidir. Hesab edilsə ki, əmanətçi tərəfindən belə müraciət var, lakin müqavilədə müvafiq dəyişiklik edilməyibsə bu halda əmanət qorunmayan əmanət olaraq qalacaqdır. Qanun tələbinə görə yalnız hər iki şərtə əməl olunduqdan sonra əmanət qorunan hesab edilir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5839/2021 saylı, 13.07.2021ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-774/2021 saylı işi üzrə 04.02.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.12.2021-ci il tarixli, 2(102)-6481/2021 saylı Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli 2(103)-5839/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 407.2, 416, 417.1.1, 418.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 944.1; "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2, 2.1.2.6, 2.1.11, 3, 26.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi X.O.Kərimovanın iddia tələbini rədd edərkən iddiaçıya məxsus əmanətin illik istifadə dərəcəsi 3 faiz olmaqla banka yerləşdirilməsini, müqavilənin müddətinin eyni şərtlərlə, yəni istifadə dərəcəsinin 3 faiz olmaqla uzadılmasını, X6 tərəfindən əmanətlərin illik faiz dərəcəsinin xarici valyutada üzrə 2,5% müəyyən edilməsi ilə əlaqədar iddiaçıya məxsus əmanətin qorunan əmanətlərə aid edilməməsini əsas göstərmiş və bu zaman qanuni əsas kimi Mülki Məcəllənin 944.1, "Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6 və 8.1.20-ci maddələrinə, "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə və bank əmanəti müqaviləsinin 4.3-cü maddəsinə istinad etmiş, apellyasiya instansiyası məhkəməsi nəticəsini müqavilə münasibətlərinin tələblərinə uyğun əsaslandırmadan, sübutlara birtərəfli qiymət verməklə və əmanətçinin mənafeyini nəzərə almadan gəldiyindən qətnamə qanuni sayıla bilməz; X3 16 sentyabr 2016-cı il tarixli qərarı ilə qorunan əmanətlərin faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz müəyyən olunmuş və İddiaçı həmin şərtlə 01 noyabr 2018-ci il tarixdə banka 10000 ABŞ dolları məbləğində vəsait yerləşdirmişdir. 12 ay müddətinə bağlanmış əmanət müqaviləsinin vaxtının bitməsinə (01 noyabr 2019-cu il) təxminən 5 ay qalmış, 28 iyun 2019-cu il tarixdə X6 xarici valyuta üzrə qorunan əmanətlərin faiz dərəcəsini 2,5 faizə endirmiş və iddiaçıdan asılı olmayan səbəblərdən ona məxsus pul vəsaiti qorunmayan əmanətlərə aid edilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 947.4-cü maddəsi və tərəflər arasında bağlanmış bank əmanəti müqaviləsinin 4.3-cü maddəsi əmanətçi tərəfindən müqavilənin müddətinin bitdiyi sonuncu günədək əmanəti tələb etmədiyi təqdirdə bankın razılığı ilə müqavilənin müddətinin eyni şərtlərlə uzadılması imkanını nəzərdə tutsa da, həmin müddəa əmanətçinin razılığı olmadan onunla bağlanmış müqavilənin müddətinin uzadılması üçün əsas verməmişdir; Müəyyən olunduğu kimi bank əmanəti müqaviləsi Mülki Məcəllənin 389.1 və 944.1-cü maddələrinin tələblərinə uyğun olaraq tərəflərin razılaşması əsasında bağlanmışdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.Əmanətçiyə məxsus pul vəsaitinin qorunan əmanət kimi banka yerləşdirilməsi müqavilənin əsas şərti kimi iddiaçını qane etdiyindən o, eyni zamanda həmin şərtlə razılaşaraq müqaviləni bağlamışdır; Qorunan əmanətlərin faiz dərəcəsinin aşağı salındığı bir vəziyyətdə müqavilənin müddətinin uzadılması iddiaçını sığorta hadisəsi baş verəcəyi təqdirdə ciddi risk qarşısında qoyduğundan, müqavilənin müddətinin eyni şərtlərlə, yəni 3% dərəcəsi ilə uzadılması müqavilə bağlanarkən tərəflər arasında əldə olunmuş razılığa uyğun olmamışdır. 01 noyabr 2018-ci il tarixli "Bank əmanəti müqaviləsi”nin 4.4-cü bəndinə görə əgər "əmanətçi” müqavilənin 4.3-cü bəndinə əsasən eyni adlı əmanət növü üzrə müqavilənin davam etdirilməsinə təşəbbüs edərsə, əmanət müqaviləsi "Bank”ın həmin günə faiz dərəcəsini və digər şərtləri tənzimləyən mövcud qüvvədə olan qaydasına əsasən yeni əmanət müqaviləsi bağlanmadan uzadılır; Həmin günə eyni adlı əmanət növü "Bank” tərəfindən ləğv edilmiş olarsa, müqavilə uyğun müddətli əmanətin şərtləri ilə uzadılır, göstərilən vəziyyətdə müqavilənin əvvəlki şərtlərlə davam etdirilməsi, 4.4-cü maddəyə görə yalnız əmanətçinin təşəbbüsü əsasında uzadıla bilərdi.Lakin bank müqavilənin həmin şərtinə əməl etmədən müqaviləni davam etdirmişdir. Qətnamə işin yuxarıda göstərilən halları və müqavilənin 4.4-cü maddəsinin tələbləri nəzərə alınmadan, onlara müvafiq hüquqi qiymət verilmədən qəbul edildiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz və əsassız saymış, hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, İddiaçı iştirakını təmin etmək mümkün olmadığından onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, bankın qanunsuz olaraq heç bir hərəkət etmədiyini, müqavilə şərtləri dəyişilmədən müqavilənin uzadıldığını, iddiaçının əmanətinin geri qaytarılması üçün banka müraciət etmədiyini, əmanətin qorunmayan əmanət olduğunu, faiz dərəcələrinin dəyişdirilməsinin birtərəfli qaydada mümkün olmadığını, buna görə faiz dərəcələri dəyişdirilmədən, müqavilədə hər hansı dəyişiklik edilmədən müqavilənin şərtlərinə əsasən, bank tərəfindən müqavilənin birtərəfli qaydada uzadıldığını, müqavilənin tarixinin bitdiyi və müqavilənin uzadıldığı barədə məlumatı iddiaçıya rəsmi qaydada deyil, yalnız şifahi şəkildə bildirdiklərini qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-390, 421.1, 427, 739, 944, 947.2, 948-950; «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2, 2.1.2.6, 2.1.3, 2.1.11, 4.1, 8.1.20, 26.1; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385-390, 420-ci maddələrinə; “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına; 01 noyabr 2018-ci il tarixli "Bank əmanəti müqaviləsi”nə; kassasiya instansiya məhkəməsinin göstərişlərinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə cavabdehin öz risk dairəsinə aid sübuta yetirilməyən dəlillərinə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmanətin sığorta təminatı altında olmaması barədə dəlilinə münasibətdə diqqətə çatdırır ki, kassasiya instansiya məhkəməsinin qərarında ətraflı təfsir edilmiş hallara rəğmən cavabdehin iddiaçının (məbləği mübahisələndirilməyən) əmanətinə olan hüququnu istisna edən və ya ödənişin digər qaydada alınmasına (imkanına) dair hər hansı sübut nə apellyasiya, nə də birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu məbləğinə dair məhkəmə xərci cavabdehin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, əmanət müqaviləsinin 4.4, 9.6, 9.7-ci bəndlərinə əsasən, əgər «Əmanətçi» 4.3 bəndinə əsasən eyni adlı əmanət növü üzrə müqavilənin davam etdirilməsinə təşəbbüs edərsə, əmanət müqaviləsi «Bank»ın həmin günə faiz dərəcəsini və digər şərtləri tənzimləyən mövcud qüvvədə olan qaydasına əsəsən yeni əmanət müqaviləsi bağlanmadan uzadılır.Həmin gunə eyni adlı əmanət növü 'Bank' tərəfindən ləğv edilmiş olarsa, müqavilə uyğun müddətli əmanətin şərtləri ilə uzadılır(4.4); Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: a)bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər; b)cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqəllaşdıniməsı və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; c)cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; d)üzərinə həbs qoyulmuş əmanətlər; e)cəlb edildiyi günə xarici valyutada 3%-dən, milli valyutada 15 %-cən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; f)fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;g)fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri(9.6); 1 mart 2016-cı il tarixindən xarici valyutada illik 3%, milli valyutada isə illik 15% dərəcəsinədək yerləşdirilmiş bütün əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam sığortalanmış hesab olunur.Əgər müddətin uzadılması barədə Azərbaycan Respublikasının qanunvericiliyində hər hansı dəyişikliklər olmazsa, bu müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi Azərbaycan Respublikasının "Əmanətlərin sığortalanması haqqında" Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir(9.7); “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla X6 müəyyən edir. Qanunun 2.1.2.6-ci maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Göründüyü kimi, kompensasiyanın verilməsi səlahiyyəti cavabdehə aiddir və əmanətlərin qorunmasını müəyyən edən dəyişən faiz dərəcəsinə qiymət verilməli əsas meyar onun cəlb edildiyi günə sığorta təsir dairəsində olmasıdır. Cavabdeh qeyd edilən dəlillərə müvafiq mülahizələr və əsaslar müzakirəyə təqdim etməmişdir. Qeyd edilən əsaslar istisna edilmədən, habelə sığorta hadisəsinin baş verdiyi tarixin bu dəlillərə müvafiq müzakirə edilməməsi digər mülahizələrin müzakirəsinə də imkan vermir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-774/2021 saylı işi üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2371/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2371/2022
25.04.2022 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver