Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2371/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “notariusun hərəkətinin qanunsuz hesab edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 dekabr 2022-ci il tarixli qətnamədən Ərizəçi verdiyi apellyasiya şikayətinə əsasən işə, ərizəçinin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) Tələb barədə məlumat
1. Ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş ərizəçi, xx.xx.2017-ci il tarixdə vəfat etmiş qardaşı X2 miras qalmış və Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 May küçəsi, bina № 3-də yerləşən 5 saylı mənzilin 1/3 hissəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsindən Bakı Şəhəri 39 saylı Notariat Ofisinin xüsusi notariusu X3 imtina etməkdən ibarət hərəkətinin qanunsuz hesab edilməsi və miras qalmış mənzilin 1/3 hissəsinə dair ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi vəzifəsinin həmin Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışa” əsasən həmin mənzilin 1/6 hissəsi ərizəçinin, 1/2 hissəsi ərizəçinin bacısı Şirincan Abbasovanın və 1/3 hissə ərizəçinin qardaşı Elsevən Abbasovun mülkiyyətindədir. Şirincan Abbasova xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra miras qalmış hissə ilə bağlı ərizəçi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almış və bununla bağlı olaraq “Daşınmaz əmlakın dövlət reyestrində” müvafiq qeydiyyatın aparılması üçün o, DƏDRX-yə müraciət etmişdir. Elsevən Abbasov xx.xx.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı xəsarətlər almış və xx.xx.2017-ci il tarixdə xəstəxanasında ölmüşdür. Elsevən X1 ilə nikahda olsa və həmin nikahdan onların övladları olsa da, onlar ayrılmış, Zahidə Abbasova uşaqları da götürüb 10 ildən artıq müddətdir ki, yaşadığı evi tərk edib getmişdir. Elsevən Abbasov vəfat etdikdən sonra onun İ növbə vərəsələri, yəni Zahidə Abbasova və övladları barədə məlumat olmadığından yol-nəqliyyat hadisəsi üzrə cinayət işinin ibtidai istintaqı və məhkəmə istintaqı zamanı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə zərərçəkmiş şəxsin hüquqi varisi kimi məhz ərizəçi tanınmış və istintaq hərəkətlərində və məhkəmə iclaslarında iştirak etmişdir. Elsevən Abbasovun dəfni və yas mərasimləri ərizəçinin tərəfindən təşkil edilmiş, qəbirüstü abidəsi onun tərəfindən tikdirilmişdir. Mərhumun arvadı Zahidə Abbasova və övladları mirası qəbul etməmişlər. Mənzilin mərhum qardaşına məxsus 1/3 hissəni faktiki olaraq ərizəçi qəbul etmiş, həmin hissəyə sahiblik etmişdir. Ərizəçi, faktiki olaraq qəbul etdiyi miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün 39 saylı Notariat Ofisinə müraciət etsə də, həmin Ofisi bundan imtina etmiş və ərizəçiyə ünvanlandığı xx.xx.2021-ci il tarixli, 77 nömrəli məktubla izah etmişdir ki, həmin məsələnin həlli üçün o, məhkəməyə müraciət etməlidir. Bundan sonra ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə” ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və ərizəyə baxmış həmin məhkəmə, iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(008)- 3392/2021) ərizənin təmin edilməsini qət etmişdir. Daha sonra mərhumun arvadı Zahidə Abbasova iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Sabunçu Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(008)-7351/2021) ilə Zahidə Abbasovanın iddiasının təmin edilməsini, mirasın qəbulu müddətinin uzadılmasını qət etmişdir. Hazırki iş üzrə ərizəçi həmin qətnamənin onun maraqlarına toxunduğunu bildirərək qətnamədən apellyasiya şikayəti vermiş və şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(008)-7351/2021) ilə apellyasiya şikayətinin təmin edilməsini, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, Zahidə Abbasovanın iddiasının rədd edilməsini qət etmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra, ərizəçi, miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün bir daha 39 saylı Notariat Ofisinə müraciət etmiş, Lakin xüsusi notarius Rövşən Qasımlı ərizəçiyə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, mərhumun birinci növbə vərəsələri (uşaqları) olduğundan “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” ərizəçiyə verilməsi Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən mümkün deyil. Ərizəçi notariusun hərəkətini qanunsuz hesab edir. Çünki, notarius, ərizəçinin mərhum qardaşından miras qalmış pay hissəsini məhkəmə qətnaməsi ilə qəbul etməsi faktını və qardaşımın birinci növbə vərəsələrinin mirası qəbul edilməsi müddətini ötürməklərini, habelə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsini nəzərə almamışdır. b) maraqlı şəxsin mövqeyi barədə məlumat
3. Maraqlı şəxs – 39 saylı Notariat Ofisi ərizəyə qarşı yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli məktubla eyni məzmunlu xx.xx.2022-ci il tarixli, 364 saylı yazılı etiraz vermişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə ərizənin təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin mərhum qardaşının birinci növbə vərəsəsi olan arvadı Zahidə Abbasova miras əmlakı qəbul etməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürsə də, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3392/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə mərhumdan miras qalmış mənzilin 1/3 hissəsinin hazırki iş üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsa da, mərhumun digər birinci növbə vərəsələri olan məhdud fəaliyyət qabiliyyətli olan övladlarının vərəsəlik hüquqları öz mövcudluğunu davam etdirir. Belə olan halda, yəni birinci növbə vərəsələrin mövcudluğu, mirasqoyanın ikinci növbə vərəsəsi olan ərizəçinin vərəsəliyini istisna edir. d) apellyasiya şikayəti barədə məlumat
6. Ərizəçi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.
7. Ərizənin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon məhkəməsi iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Ərizəçinin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin, habelə ərizənin məzmununa uyğun izahat verdi.
9. Maraqlı şəxs – 39 saylı Notariat Ofisi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi təmin edilməməlidir.
11. Belə ki, işdə olan sənədlərdən görünür və işin mübahisəsiz halı kimi qəbul edilir ki, ərizəçinin bacısı Şirincan Abbasova xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Şirincan Abbasovanın ölümündən sonra miras qalmış əmlak ilə bağlı mübahisə mövcud deyil.
12. Ərizəçinin qardaşı Elsevən Abbasov xx.xx.2017-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində xəsarətlər almış və xx.xx.2017-ci il tarixdə xəstəxanasında ölmüşdür.
13. Hazırki mülki işin baxış predmeti mərhum Elsevən Abbasovun ölümündən sonra miras qalmış əmlak – ərizədə göstərilən mənzilin 1/3 hissəsidir.
14. İşin hallarından görünür və işin mübahisəsiz halı kimi qəbul edilir ki, Elsevən Abbasov ilə Zahidə Abbasovanın birgə nikahlarından övladları (xx.xx.2004-cü il təvəllüdlü Məhəmməd və xx.xx.2006-cı il təvəllüdlü Hüseyn) olsa da, onlar ayrılmış, Zahidə Abbasova uşaqları da götürüb 10 ildən artıq müddətdir ki, yaşadığı evi tərk edib getmişdir.
15. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən (İş № 1(008)-07/2018) görünür ki, zərərçəkmiş şəxs olan mərhum Elsevən Abbasovun hüquqi varisi kimi hazırki iş üzrə ərizəçi tanınmış, o istintaq hərəkətlərində və məhkəmə iclaslarında iştirak etmişdir.
16. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən (İş № 2(008)-3392/2021) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə ərizəçinin “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə” ərizəsinin təmin edilməsi yuxarıda qeyd edilən mənzilin mərhum Elsevən Abbasova məxsus 1/3 hissəsinin miras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən olunması qət edilmişdir.
17. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən (İş № 2(008)-7351/2021) görünür ki, həmin qətnamə ilə mərhum Elsevən Abbasovun arvadı Zahidə Abbasovanın “miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması tələbi barədə” iddiasının təmin edilməsi, mirasın qəbulu müddətinin uzadılması qət edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən (İş № 2(103)-2549/2022) görünür ki, hazırki iş üzrə ərizəçinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməsi, Sabunçu Rayon Məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, Zahidə Abbasovanın “miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir.
19. İş materiallarından görünür və işin mübahisəsiz halı kimi qəbul edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Belə olan halda hesab edilməlidir ki, qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır.
20. İşdə olan sənədlərdən həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixli qətnamə qəbul edildikdən bir müddət sonra, hazırki iş üzrə ərizəçi miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün 39 saylı Notariat Ofisinə müraciət etmiş, Lakin xüsusi notarius Rövşən Qasımlı ərizəçiyə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, mərhumun birinci növbə vərəsələri olduğundan “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” ərizəçiyə verilməsi Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən mümkün deyil.
21. Həmin Notariat Ofisi tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış 364 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mərhum Elsevən Abbasovun arvadı Zahidə Abbasova xx.xx.2021-ci il tarixdə Ofisə müraciət edərək, mərhumdan miras qalmış əmlaka dair ona və mərhumun 2 övladına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsini xahiş etmişdir. X9 vərəsəliyin qəbulu müddətini buraxdığından “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməmiş və vərəsəliyin qəbul müddətinin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Elsevən Abbasov vəfat etdiyi zaman onun övladlarının azyaşlı olması ilə əlaqədar mirasın qəbul müddətinin buraxılması onlara şamil edilmir. Mərhumun arvadı Zahidə Abbasova vərəsəliyin qəbulu müddətini buraxsa da, mərhumun övladları Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən birinci növbə vərəsədirlər. Mərhumun birinci növbə vərəsələri olduğundan mərhumun ikinci növbə vərəsəsi olan bacısına – hazırki iş üzrə ərizəçiyə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” təqdim edilməsi mümkün deyildir.
22. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddələr: 1159.1.1 və 1159.2.). Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir (maddə 1160.).
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1268.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti tam olmayan şəxslərin mirasdan imtinası ancaq məhkəmənin qərarı əsasında mümkündür. Mülki Məcəllənin 1244-cü maddəsinə görə isə bu cür şəxslər yalnız qanuni nümayəndələri vasitəsi ilə mirası qəbul edə bilərlər. Belə olan halda qanuni nümayəndə mirasın qəbulu üçün nəzərdə tutulan 3 və ya 6 aylıq müddət ərzində qəbul üçün müraciət etməsə də, məhdud fəaliyyət qabiliyyətli və ya tam fəaliyyət qabiliyyətsiz şəxslərin vərəsəlik hüquqları öz mövcudluğunu davam etdirər. Əks halda sözügedən şəxslərin mirasdan imtinasının ancaq məhkəmə qərarı ilə mümkün ola biləcəyini nəzərdə tutan Mülki Məcəllənin 1268.2ci maddəsinin tələbi açıqca pozulmuş olar. Müraciətdə qaldırılan fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsi ilə əlaqədar məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2-ci maddəsi). Mülki Məcəllənin 33-cü maddəsinə uyğun olaraq, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər isə himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası hallarına da Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı məhdudiyyət şamil olunur.
24. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqenin və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qəbul edilməlidir ki, notariusun hərəkəti qanuni olmuşdur; ərizəçinin “notariusun hərəkətinin qanunsuz hesab edilməsi barədə” ərizəsi əsassızıdır; Rayon Məhkəməsi həmin ərizəni əsassız hesab edərək, rədd etməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, ərizəçinin mərhum qardaşının birinci növbə vərəsəsi olan arvadı Zahidə Abbasova miras əmlakı qəbul etməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürsə də, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3392/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə mərhumdan miras qalmış mənzilin 1/3 hissəsinin hazırki iş üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsa da, mərhumun digər birinci növbə vərəsələri olan uşaqlarının vərəsəlik hüquqları mövcuddur. Birinci növbə vərəsələrin mövcudluğu isə mirasqoyanın ikinci növbə vərəsəsi olan ərizəçinin vərəsəliyini istisna edir.
25. Beləliklə də apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur
26. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 dekabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.