Məhkəmə qərarları › İş №2(103)-2373/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2373/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2373/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi ilə İddiaçı2 və İddiaçı1 Cavabdeh2 Mirmehti oğluna və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh2 Mirmehti oğluna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızları Cavabdeh1 digər cavabdehi öz vəsaitləri hesabına inşa etdikləri evə yerləşdirib onunla qeyri-rəsmi yaşadığını, Cavabdeh2 onları aldadaraq qızı ilə evlənmək istədiyini bildirdiyini və bu yolla onların 10 000 (on min) manat pulunu mənimsədiyini, indi isə onların mənzilini bölüb satmaq niyyətinə düşdüyünü, mənzilləri reyestrdə qeydə alınmasa da, 30 ildən artıqdır orada yaşadıqlarından, mülkiyyətçi hüquqlarına sahib olduqlarını irəli sürmüş, cavabdehlərin ünvan 1 ünvanında yerləşən evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmiş, şikayətlərini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, onların subyektiv hüquq sahibi olmadıqları barədə səhv nəticəyə gəldiyini, bununla həm də maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların vəkilləri X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, 1990-cı ildən ünvan 1 ünvanında yerləşən evdə yaşamış, 2008-ci ildə həmin həyətdə öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evi inşa etmiş və oraya pasport qeydiyyatına alınmışdır. Valideynlərinin yaşadığı fərdi yaşayış evi ilə onun və faktiki ailə qurduğu Cavabdeh2 yaşadığı fərdi yaşayış evinin girişi də ayrıdır, evinin işıq, su və qaz sayğacı da öz adınadır. Fərdi yaşayış evi özbaşına tikilidir və nəinki iddiaçıların yaşadığı fərdi yaşayış evinin, özünün inşa etdiyi fərdi yaşayış evinin də hüquqmüəyyən edici sənədi yoxdur. Cavabdeh2lə ər-arvad olaraq yaşayırlar və iddiaçıların nə onu, nə də onun öz evinə köçürdüyü şəxsi oradan çıxarmaq hüquqları yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, Cavabdeh1 ilə tanış olduqdan sonra onu yaxından tanımaq üçün 2017-ciildə qızın anası olan İddiaçı2 ilə ünvan 1 ünvanında görüşmüş, orada İddiaçı2 iki ev göstərərək evlərdən birinin onlara, digərinin Cavabdeh1 məxsus olduğunu demiş, Aidə ilə o, Aidəyə məxsus evdə yaşamışlar. Qayınanası İddiaçı2onların hər ailə işinə müdaxilə edir, o isə buna razı olmur, buna görə də onlara qarşı belə iddia qaldırılmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə Cavabdeh1 iddiaçıların qızı, digər Cavabdeh2 isə qızlarının qeyri-rəsmi ər-arvad kimi yaşadığı şəxsdir və iddiaçılar, özlərinə məxsus olduğunu irəli sürdükləri ünvan 1 ünvanında yerləşən evdə yaşayan cavabdehlərin oradan çıxarılmasını istəməkdədirlər; bununla yanaşı müəyyən edilmişdir ki, sözügedən yaşayış evi özbaşına tikilidir və iddiaçıların nə ev, nə də torpaq sahəsi üzərində hər hansı hüququ mövcud deyildir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh1 sözügedən tikilidə pasport qeydiyyatındadır və ünvan 1 ünvanında iki biri-birindən təcrid tikili olmaqla onlar (cavabdehlər) işıq, su və qaz sayğacı da Cavabdeh1 adına olan digər tikilidə yaşamaqdadırlar. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçıların, onların yaşadıqları tikilidən fərqli tikilidə qeydiyyatda olmaqla yaşayan və işıq, su, qaz sayğacı öz adına olan Cavabdeh1, eləcə də onun öz yaşadığı evə köçürdüyü şəxsin oradan çıxarılmasını tələb etməyə subyektiv hüquqları mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3876/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçılara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar