Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2378/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ sur Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Yasamal rayonu Lev Tolstoy küçəsində yerləşən 113 saylı evin 8 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin passport qeydiyyatının ləğv edilməsi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, iddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətində göstərir ki, cavabdehin imənzildən qeydiyyatdan çıxarılmasını deyil, onun mənzildən istifadə hüququnun itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, hakimi isə göstərdiklərini nəzərə almamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2021 saylı, 07 fevral 2022ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, ... yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. ... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. ... Konstitusiya Məhkəməsinin Plenumu bir daha Qərarda qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Həmin Qərarın nəticə hissəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi iddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmış mənzildən cavabdehin mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədardır. Bu da cavabdehin artıq həmin mənzil üzərində hər hansı əmlak hüquqlarının mövcud olmamasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana müraciət etməsi izah olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)-4529/2021 saylı, 07 fevral 2022-ci il tarixli şikayəti təmin etmədiyi qərardadında yenə də qeyd etmişdir ki, ...Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarında birmənalı göstərilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsasdır. Əvvəla, məhkəmə işə yaxud iddia ərizəsinin icraata qəbulu məsələsinə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər(MPM.m.151.2). Başqa sözlə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları icraata qəbul etməkdən imtinası isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Belə ki, iddiaçı iddia ərizəsinin nəticə hissəsində “cavabdehin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi”, “cavabdehin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi”, “cavabdehin mənzilə istifadə hüquqlarının yaranmadığının müəyyən edilməsi”, “cavabdehin mənzilə istifadə hüquqlarının olmadığının müəyyən edilməsi” və.s. göstərməsinə baxmayaraq iddia ərizəsini icraata götürmədən onun həqiqi istəyinin cavabdehin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq olduğu qənaətinə gəlmək əsaslı sayıla bilməz. Çünki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərin məzmunundan bəlli olur ki, iddiaçı mənzili 25.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehdən deyil X1 almışdır. Cavabdeh Pərvanə Bağırovnın ailə üzvü yaxud digər qohumu olması da işdən bəlli olmur. Cavabdeh mübahisəli mənzilə hansı əsasla qeydiyyata alınması da iş materiallarından görünmür. Demək, sonuncunun mübahisəli mənzilə qeydiyyatının yalnız əvvəlki mülkiyyətçinin ərizəsi əsasında alınması da dəqiq deyil və bu barədə işdə heç bir sübut yoxdur. Bu hallar ona dəlalət edir ki, Cavabdeh həmin mənzilə qeydiyyatı başqa əsasla məsələn, məhkəmə aktına əsasən mənzilə köçürmə, istifadə hüququnun tanınması yaxud digər əsasla istifadə hüququnun yaranması ilə bağlı və.s baş vermiş ola bilər. Buna görə də cavabdehin mübahisəli mənzilə qeydiyyatının yalnız keçmiş mülkiyyətçinin ərizəsi əsasında baş verdiyi qənaətinə gəlinərək iddianı yolverilməz hesab edib iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə iddiaçını inzibati orqana müraciət etməyə yönləndirmək əsaslı olmamışdır. Tutaq ki, iddiaçı hazırki məsələ ilə bağlı inzibati orqana müraciət edib imtina aldıqdan sonra müvafiq inzibati məhkəməyə müraciət edib. İnzibati məhkəmə icraatı zamanı isə cavabdehin yuxarıda qeyd olunan əsaslarla mübahisəli mənzilə istifadə hüququnun olduğu aşkar olunarsa yaxud inzibati məhkəmənin qərarına uyğun cavabdehin mənzilə qeydiyyatı ləğv edildikdən sonra bu hüququn olması ortaya çıxarsa, iddiaçının iddiası yenə də təmin olunmayacaq yaxud təmin olunmamış vəziyyətə qayıdacaq. Bu cür vəziyyətdə iddiaçı yenidən ümumi məhkəmədə iddia irəli sürmək məcburiyyətində qalacaq ki, bu halda haqlı olaraq iddiaçının hüquqlarının lüzumsuz olaraq pozulması ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsinin israrla istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilənlər iddiaçının hazırki iddia ilə cavabdehə qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsini qətiyyən istisna etmir. Əksinə, həmin qərarda göstərilir ki,... mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Hazırki işdən cavabdehin nə hazırki, nədə keçmiş mülkiyyətçinin ərizəsi əsasında mübahisəli mənzilə qeydiyyata alınması təsdiq olunmur. Düzdür, iddiaçı cavabdehin faktiki olaraq həmin mənzildə yaşamadığını göstərsə də, onun həmin mənzildən istifadə hüququ olmayan şəxs olduğu da müəyyən deyil. Demək, qeyd olunan qərarda göstərilən üç şərtin ən azı ikisi təsdiq olunmur.Bu cür vəziyyətdə həmin şərtlərin mövcudluğunu yoxlamamış iddia ərizəsini icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə necə imtina etmək olar. Əlbətdə ki, bu ritorik sual olsa da birinci instansiya məhkəməsi qərar qəbul etməzdən əvvəl ən azından bunun özünəməxsus cavabını özü üçün müəyyənləşdirib heç olmasa qərardadında nə isə göstərə bilərdi, ancaq göstərməmişdir. Ona görə də məhkəmə hər bir halda cavabdehin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Bunun araşdırılması isə şübhəsiz ki, iddia ərizəsini icraata götürmədən mümkünsüzdür. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır, beləliklə də şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2378/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2378/2022
04.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver