Məhkəmə qərarları › İş №2(103)-238/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-238/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-238/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya (hazırda "xxxx" MTK) qarşı iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin məhkəmə qaydasında xitam verilməsi və pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya (hazırda "xxxx" MTK) qarşı “alqı-satqı müqaviləsinin məhkəmə qaydasında xitam verilməsi və pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2022 saylı 01 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, "xxxx" (MTK) Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllədə yaşayış kompleksində 6-cı bina 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 142 kv.m olan 3 otaqdan ibarət 49 saylı mənzili “Sifarişçiyə” (iddiaçıya) təhvil verməyi, sifarişçi isə müqavilə ilə razılaşdırılmış pul məbləğini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə qiyməti (balkon sahənin qiyməti istisna olmaqla), mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 1250 manat və balkon sahəsinin qiyməti 50% güzəştli hesablanmaqla 190.202 manat müəyyənləşdirilmişdir.

3. 3.2 və 3.3-cü bəndlərə əsasən tərəflər müqavilə qiymətinin 32.423 manat hissəsinin ödənişinin müqavilə imzalandığı tarixdə həyata keçirilməsi, qalıq borc məbləğin hər ayın 10-dək 2.629,65 manat olmaqla 60 ay müddətinə ödənilməsi və son ödəniş tarixinin xx.xx.2019-cu il olmasına dair qarşılıqlı razılığa gəlmişlər.

4. Müqavilənin 2.1.1-ci bəndinə əsasən İcraçı Sifarişçidən ilkin və aylıq ödəniş daxil olmaqla müqavilə öhdəliklərini vaxtında və tam şəkildə həyata keçirilməsini tələb edəcək.

5. 2.1.2-ci bəndə əsasən Sifarişçi tərəfindən müqavilənin şərtləri (2.4.2-2.4.5-ci madddələr daxil olmaqla) pozulduğu halda, Sifarişçidən vurulmuş ziyanı tələb edəcək və (və ya) razılaşdırılmış qaydada cərimə tətbiq edəcəkdir.

6. 2.4.1-ci bəndə əsasən Sifarişçi (iddiaçı) müqavilə qiymətinin ilkin və aylıq hissəvi ödənişlərini, o cümlədən digər pul öhdəliklərini vaxtında tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

7. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri 190.202 manat müəyyən edilmiş, həmin məbləğdən 32.423 manat hissəsi ilkin ödəniş olaraq xx.xx.2014-cü il tarixdə ödənilmiş, borcun qalan hissəsinin aylıq 2629,65 manat olmaqla 60 ay müddətində (xx.xx.2019-cu ilədək) ödənilməsi razılaşdırılmışdır.

8. 3.5-ci bəndə əsasən tərəflər heç bir yan təsirə məruz qalmadan azad şəkildə müəyyən və qəbul edirlər ki, Sifarişçinin müqavilədən imtina etdiyi (mənzilin geri qaytarılması) və ya müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş müqavilənin İcraçı tərəfindən ləğvi hallarında, Sifarişçi 3.1-ci maddədə razılaşdırılmış müqavilə qiymətinin 20 (iyirmi) %-i həcmində İcraçıya cərimə ödənilməsi ilə bağlı razılaşmışlar.

9. 6.1.1-ci bəndə əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ya ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə mülki hüquqi məsuliyyət daşıyırlar.

10. 10.1.1-ci bəndinə əsasən Sifarişçi tərəfindən hər hansı səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa İcraçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin müqaviləyə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Sifarişçi bununla əlaqədar İcraçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz.

11. 10.1.2-ci bəndə əsasən müqavilə İcraçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında, Sifarişçi tərəfindən İcraçıya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və İcraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Sifarişçiyə qaytarılması ilə bağlı tərəflər razılaşmışlar.

12. Cavabdeh MTK ilə İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli üçtərəfli müqaviləyə görə ki, İddiaçı müqavilə şərtlərinə əsasən 60 ay ərzində hər ayın 10 tarixində 2629,65 manat vəsaiti bank hesabına ödəməyi öhdəsinə götürmüşdür.

13. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli 01 saylı Sazişlə İddiaçı mənzilə görə qalıq borcu 101.942 manat müəyyən olunmaqla, həmin borcun İddiaçı tərəfindən "xxxx" ASC-dən götürdüyü 101.942 manat məbləğində kredit vəsaiti hesabına ödənilməsi razılaşdırılmışdır. Sazişə əsasən müqavilənin 3.2 və 3.3-cü bəndləri qüvvədən düşmüş hesab edilmişdir.

14. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 15-xx-xx-2016-SEM-GH saylı, xx.xx.2016cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı mənzilin alınması üçün 101942 manat kreditin verilməsini öhdəsinə götürmüşdür. İddiaçı isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətə, yəni 39 ay müddətinə və ödəniş cədvəlinə uyğun olaraq əsas borc və faizləri hər növbəti ayın 10-dək aylıq 2.977,10 manat ödəmək şərtilə qaytarmağı öhdəsinə götürmüşdür.

15. Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış 15-xx-xx-2016-SEM-GH saylı, xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə görə Cavabdeh MTK İddiaçı götürdüyü 101.942 manat kredit üzrə zaminlik təminatı vermişdir.

16. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 225-xx-xx-2018- SHM-GH nömrəli kredit müqaviləsinə görə İddiaçı 59.600 manat məbləğində kredit ayırılmış, İddiaçı həmin məbləği aylıq 687 manat olmaqla 130 ay müddətində (xx.xx.2029-cu ilədək) qaytarmağı öhdəsinə götürmüşdür.

17. Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 225-xx-xx- 2018-SHM-GH nömrəli zaminlik müqaviləsinə görə Cavabdeh MTK İddiaçı götürdüyü 59.600 manat kredit üzrə zaminlik təminatı vermişdir.

18. X10 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 225-xx-xx-2018-SHM- GH nömrəli zaminlik müqaviləsinə görə X1 Ələmdar Müzəffər oğlunun götürdüyü 59.600 manat kredit üzrə zaminlik təminatı vermişdir.

19. Hər iki zaminlik müqaviləsinin 4.1.5-ci bəndinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

20. Cavabdeh MTK-nın Ümumi Yığıncağının GH-Q02-210211-001/PMİK saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı ödəniş öhdəliyini 587 gün müddətə yerinə yetirmədiyinə görə həmin müqavilənin birtərəfli qaydada ləğv edilməsi və müqavilə predmeti olan mənzilin üçüncü şəxslərə yeni bazar şərtlərinə uyğun şəkildə təqdim edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

21. Cavabdeh MTK -nın İddiaçı ünvanladığı GH-M210211-033 saylı, xx.xx.2021-ci il tarixli məktubda İddiaçı müqavilə öhdəliklərinə yerinə yetirmədiyi üçün onunla bağlanmış B06/143 saylı, xx.xx.2014-cü il tarixli müqavilənin birtərəfli qaydada ləğv olunduğu bildirilmişdir.

22. “Respublika” qəzetindən çıxarışdan müəyyən edilir ki, Cavabdeh MTK iddiaçı ilə alqısatqı müqaviləsi ləğv edilməmişdən əvvəl elan verərək münasibətlərin tənzimlənməsi üçün 7 gün müddətində MTK-ya müraciət etməsini təklif etmişdir.

23. Cavabdeh MTK-nın İddiaçı ünvanladığı GH-M210901-567 saylı, xx.xx.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksindəki 6-cı binadanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv.m olan 49 saylı mənzilə dair aralarında bağlanmış müqavilə Ümumi Yığıncağın xx.xx.2021-ci il tarixli qərarına əsasən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq 587 gün icra edilmədiyi üçün MTK tərəfindən birtərəfli qaydada ləğv olunması barədə təkrarən məlumat verilmişdir. Həmçinin izah edilmişdir ki, onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.5-ci bəndinə əsasən onun müqavilə öhdəliklərini yerinə yetirilməməsi səbəbindən müqavilə ləğv olunmuş, müqavilə qiymətinin 20%-i, yəni 38.040 manat cərimə olaraq MTK-nın xeyrinə tutulmuş, eyni zamanda müqavilə ləğv olunan tarixə əsas və faiz borclar çıxıldıqdan sonra İddiaçı qaytarılmalı olan borc məbləği 90.551 manat təşkil etmişdir.

24. 10 sentyabr 2014-cü il tarixli 0153 nömrəli kassa mədaxil orderindən müəyyən edilir ki, İddiaçı tərəfindən mənzilin alqı-satqısı müqaviləsinə əsasən ilkin ödəniş olaraq 32423 manat pul vəsaiti MTK-ya ödənilmişdir.

25. 19.10.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli qəbzlərdən müəyyən edilir ki, müvafiq olaraq 2630 manat, 2630 manat, 3400 manat, 1350 manat olmaqla, cəmi 10.010 manat İddiaçı tərəfindən MTK-ya ödənilmişdir.

26. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci ildə cəmi 62.301,75 manat qalıq borc banka ödənilmişdir. Həmin çıxarışa əsasən 62.301,75 manat qalıq borcun 57.399,24 manatı əsas borc, 4.515,08 manatı faiz borcu olmuşdur.

27. Təqdim olunmuş təsis sənədlərindən müəyyən olunur ki, Cavabdeh MTK-nın adı dəyişdirilərək, əvvəlcə "xxxx" MTK (xx.xx.2022), sonra isə "xxxx" MTK (xx.xx.2022) olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

28. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10 sentyabr 2014-cü il tarixdə onunla Cavabdeh MTK arasında bağlanmış Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllədə yerləşən yaşayış kompleksində 6-cı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv.m olan 49 saylı mənzilin alqı-satqısına dair müqaviləyə məhkəmə qaydasında xitam verilərək ödəmiş olduğu 141.801 manat pulun tam şəkildə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

29. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 10 sentyabr 2014-cü il tarixdə onunla Cavabdeh MTK arasında bağlanmış B 6/143 saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksində 5-cı binadakı 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv.m olan 49 saylı mənzili almışdır. O, mənzilin alqı-satqısı üçün ilkin ödənişi etmiş və hər ay nəzərdə tutulmuş ödənişlərini də vaxtında icra etmişdir. Bu qayda ilə o, Cavabdeh MTK-ya son ödənişlə birlikdə cəmi 141801 (99551+4210+38040) manat pul ödəmişdir. Lakin məlum COVİD-19 pandemiyası səbəbindən ölkə ərazisində tətbiq edilən məhdudlaşmalarla əlaqədar o, gəlir və qazanclarından məhrum olmuşdur. Ona görə də öhdəliyini vaxtlı-vaxtında yerinə yetirə bilməmişdir. Yaranmış vəziyyətdən çıxış üçün Cavabdeh MTK ona heç bir şərait yaratmamış və güzəşt etməmişdir. Əvəzində isə Cavabdeh MTK müqavilənin 3.5-ci maddəsinə istinad edərək öhdəliklərin onun tərəfindən icra edilməməsini əsas gətirib aralarında bağlanmış bu müqaviləni birtətəfli qaydada ləğv etmiş, müqavilə qiymətinin 20%-i cərimə olaraq MTK-nın xeyrinə tutmuşdur ki, bu da 38040 manat təşkil etmişdir. Bundan əlavə MTK ilə aralarında bağlanmış alqı-satqısı müqaviləsi üzrə mənzilin dəyərinin bank vasitəsi ilə ödənilməsi üçün "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli 225-xx-xx-2018- SHM-GH nömrəli təminatlı kredit müqaviləsinin 7.3-cü bəndi əsas tutularaq aldığı kredit vəsaitinin 130 ay müddətinə bərabər hissələrlə kredit üzrə faizləri isə hər ayın 5-i tarixindən gec olmayaraq ödəməli olmağı qeyd edilərək müqavilənin ləğv edildiyi tarixə əsas və faiz borcları 4210 manat hesablanmış və bunlar onun ödədiyi ümumi məbləğdən çıxılaraq ona cəmi 90551 manat qaytarılması qərara alınmışdır. O, buna etirazını rəsmi şəkildə bildirərək Cavabdeh MTK-ya rəsmi surətdə müraciət etmişdir. Lakin MTK 01 sentyabr 2021-ci il tarixli GH-M210901-567 nömrəli cavab məktubu ilə onun müraciətinə rədd cavabı vermiş, tutulan məbləğin azaldılması üçün heç bir güzəştə getməmişdir.

30. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 mart 2022-ci il tarixli 2(004)-382/2022 saylı qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan 127.900,25 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

31. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, xx.xx.2014-cü il tarixli alqı satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllədə yaşayış kompleksində 6-cı bina 10-cu mərtəbədə yerləşən 3 otaqlı 49 saylı mənzili 190.202 manat almış, həmin məbləğdən 32.423 manat hissəsi ilkin ödəniş olaraq xx.xx.2014-cü il tarixdə ödənilmiş, borcun qalan hissəsinin aylıq 2629,65 manat olmaqla 60 ay müddətində (xx.xx.2019-cu ilədək) ödənilməsi razılaşdırılmışdır. İddiaçı müxtəlif banklarda kredit götürməklə mənzilin dəyərini ödəmiş, lakin həmin kredit müqavilələri üzrə Cavabdeh MTK zamin olduğundan İddiaçı isə borcunu ödəyə bilmədiyi üçün onun əvəzinə 62.301,75 manat pul vəsaitini banka ödəmişdir ki, həmin məbləğin 57.399,24 manatı əsas borc, 4.515,08 manatı faiz borcu olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, mənzilin ümumi dəyəri olan 190.202 manat pul vəsaitindən Cavabdeh MTK-nın ödədiyi 62.301,75 manat pul vəsaiti çıxıldıqdan sonra qalan hissə, yəni 127.900,25 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir.

32. Məhkəmə hesab etmişdir ki, müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən müqavilə qiymətinin 20% cərimə kimi hesablanan 38.040 manat Cavabdeh MTK-ya aid edilməlidir. Belə ki, müqavilə tərəflərin hər ikisinin təqsiri ucbatından ləğv edilmiş, pandemiya şəraiti nəzərə alınmaqla iddiaçı mənzilin dəyərini vaxtlı-vaxtında ödəməmiş, cavabdeh isə mübahisəli mənzili iddiaçıya təhvil verməmiş və mənzil hazırda MTK-nın istifadəsində qalmış, həmçinin həmin mənzilin hal-hazırki bazar qiyməti 2014-cü ilə münasibətdə xeyli miqdarda artmış, gələcəkdə də onun dəyərinin artması istisna edilmir.

33. Məhkəmə iddia tələbinin müqaviləyə xitam verilməsi hissəsində qeyd etmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi Cavabdeh MTKnın Ümumi Yığıncağının GH-Q02-210211- 001/PMİK saylı xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Hal-hazırda qüvvədə olmayan müqaviləyə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından mümkün deyildir.

34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 421.1, 421.2, 421.3 385.1, 425.1, 442, 448.1, “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 8.1ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

35. Qətnamədən cavabdeh apelyasiya şikayəti, apelyasiya baxışı zamanı apelyasiya şikayətinə əlavə verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin 127900,25 manat tutulması hissəsində də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən iddia tələbində irəli sürülən 141801 manat vəsait MTK-ya ödənilməmişdir. İddiaçı tərəfindən MTK-ya ilkin ödəniş olaraq 32423 manat, "xxxx" ASC-yə 28974,45 manat, sonuncu bank ləğvetmə prosedurunda olduğu dövrdə MTK-ya cəmi 10010 manat pul ödənilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçının MTK-ya qalıq borcu 101942 manat olmuşdur ki, bu məbləğlə həmin tarixdə iddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında təminatlı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı 44509 manat əsas borcundan, 29494,54 manat isə faiz borcundan ödəmişdir. 101.942 manat kredit borcundan 44509 manat əsas məbləğ ödədikdən sonra qalıq qalan 57399 manat əsas borc məbləği zamin olaraq Babək Babayev tərəfindən Banka ödənilmişdir. Beləliklə iddiaçının B 06/143 saylı müqavilə üzrə ümumilikdə ödədiyi məbləğ 115916 manat olmuşdur. İddiaçı kredit müqaviləsi üzrə banka ödədiyi faiz məbləğini də əlavə etməklə 145.410 manat puldan yalnız 4210 manat faiz borcunu çıxıb, qalan məbləği tələb edir. İddiaçının kredit öhdəliklərini vaxtında icra etmədiyinə görə onun əvəzindən 62301,75 manat (573999,24 manat əsas borc, 4515,08 manat faiz və cərimə) zamin Babək Babayev tərəfindən ödənilmişdir. İddiaçının ümumi ödədiyi 115916 manatdan müqavilənin 3.5-ci bəndinə görə hesablanmış 20% cərimə və iddiaçının əvəzinə banka ödənilmiş gecikdirilmiş faiz məbləğini çıxdıqda, iddiaçıya MTK tərəfindən qaytarılmalı olan məbləğ 73666 manat təşkil edir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

39. İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. Maddə 470. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

42. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

43. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

44. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

45. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

46. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

52. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

54. Kollegiya hesab edir ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir.

55. Tərəflər arasında podrat müqaviləsi bağlanmşıdır. Podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

56. Bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdeh MTK-dan 142 kv.m ümumi sahəsi olan mənzil almışdır ki, onun da 24,62 kv.m-ni balkon sahəsi təşkil etmişdir. Mənzilin 1 kv.m-nin qiyməti 1250 manat olmaqla (balkon sahəsinin qiyməti 50% güzəştlə hesablanmaqla) 190202 manat müəyyən edilmişdir. İddiaçı 32423 manat ilkin ödəniş etmişdir.

57. Əslində yuxarıda göstərilən qiymətlərə görə mənzilin dəyəri 162.112,5 manat (balkon xaric mənzilin dəyəri 146.725 (142-24,62=117,38x1250) manat, balkonun dəyəri isə 15.387,5 manat) təşkil etmiş, 29089 manat isə maliyyə resurslarının cəlb olunması üzrə kompensasiya məbləği kimi nəzərdə tutulmuşdur.

58. Tərəflər "xxxx" ASC ilə predmetini mənzilin alqı-satqısı ilə bağlı müştəri tərəfindən mənzilin dəyərinin ödənilməsinin Bank vasitəsi ilə həyata keçirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil etdiyi müqavilə bağlamışlar. Müqaviləyə əsasən müştəri (yəni iddiaçı) müqavilə üzrə aylıq ödənişləri həmin bankda açılmış cari bank hesabına ödəməli idi. Həqiqətən də "xxxx" ASC ləğv edildiyi dövrə qədər iddiaçı tərəfindən ödənişlər bank hesabına edilmiş, bundan sonra iddiaçı müvafiq olaraq 3400 manat, 1350 manat, 2630 manat, 2530 manat olmaqla, cəmi 10.010 manat ödənişi bilavasitə MTK-ya ödəmişdir. Yəni, "xxxx" ASC tərəfindən iddiaçıya hər hansı məbləğdə kredit vəsaiti verilməmişdir.

59. Daha sonra tərəflər arasında xx.xx.2014-cü il tarixli B 6/143 saylı Alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli Saziş bağlanmış (Sazişin surəti təqdim olunsa da, tərəflərin hər ikisi də onun mötəbərliyini təsdiq etmişdir), həmin Sazişdə göstərilmişdir ki, xx.xx.2016-cı il tarixə Sifarişçinin qalıq borc məbləği 101942 manat təşkil edir. Bu Sazişə əsasən müqavilənin 3.2 və 3.3-cü bəndləri qüvvədən düşmüş hesab edilmişdir.

60. Göründüyü kimi xx.xx.2016-cı il tarixli Sazişə əsasən mənzilə görə qalıq borc məbləği 101942 manat müəyyən edilmiş və həmin məbləğin "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi əsasında verilən kredit vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur.

61. xx.xx.2016-cı il tarixdə iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 15-xx-xx-2016- SEM-GH saylı təminatlı kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya mənzilin alınması üçün 101942 manat kredit verilmiş, Cavabdeh MTK isə zaminlik təminatı vermişdir.

62. Həmin kredit məbləği ilə mənzilin dəyərinin tam olaraq ödənilməsi mübahisəsizdir.

63. Kredit müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və 15-xx-xx-2016-SEM-GH nömrəli 10 iyun 2016-cı il tarixli Zaminlik müqavilələrindən irəli gələn zaminlikdir.

64. 4.3-cü bəndində göstərilmişdir ki, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2014-cü il tarixli müqavilənin predmeti olan mənzil üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir.

65. Müqavilənin 12.7-ci bəndində göstərilmişdir ki, borc alan tərəfindən müqavilənin 7.3cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borcalan müqavilənin predmeti olan mənzili boşaltmalıdır.

66. Eyni zamanda 13.7-ci bəndində göstərilmişdir ki, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır.

67. Kollegiya əvvəla qeyd edir ki, müqavilənin bu sadalanan bəndləri etibarsız şərtlər olmuşdur, belə ki, etibarlı ipoteka müqaviləsi bağlanmamış və sözügedən mənzil ipoteka ilə yüklü edilməmişdir. Mənzilin ipoteka ilə yüklü edilməsi çıxarış alındıqdan sonra üçün nəzərdə tutulmuşdur ki, bu da baş verməmişdir.

68. İddiaçı tərəfindən sözügedən kredit müqaviləsi üzrə müvafiq ödənişlər gecikmələrlə edilmişdir.

69. Daha sonra xx.xx.2018-ci il tarixdə "xxxx" ASC ilə iddiaçı arasında yeni kredit müqaviləsi tərtib edilmiş, həmin müqaviləyə əsasən borc verən borcalana mənzilin alınması üçün 59600 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür.

70. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə həm Cavabdeh MTK, həm də əlavə olaraq X10 ilə ayrı-ayrılıqda eyni tarixli zaminlik müqavilələri bağlanmışdır.

71. İş materiallarında olan hesabdan çıxarışdan da müəyyən edilir ki, xx.xx.2018-ci il tarixə qədər iddiaçı tərəfindən əsas borc məbləğindən 42342 manat ödəniş edilmiş (101942-42342=59600) qalan məbləğ isə 59600 manat olmuşdur.

72. Tərəflər arasında müstəqil müqavilə bağlansa da, mübahisəsiz şəkildə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 59600 manat məbləğində kredit vəsaiti borcalana verilməmişdir, həmin kredit müqaviləsi əvvəlki - xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin restrukturizasıya edilməsi məqsədi ilə bağlanmışdır.

73. Həmin kredit müqaviləsi üzrə hesabdan çıxarışdan müəyyən edilir ki, iddiaçı tərəfindən sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə edilmiş, bundan sonra borcalan tərəfindən ödəniş edilməmişdir.

74. İş materiallarından görünür ki, bank tərəfindən borcalana və zaminlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilmişdir.

75. Hesabdan çıxarışda göstərilmişdir ki, 31 mart 2021-ci il tarixdə X10 tərəfindən 62301,75 manat borc məbləği ödənilmişdir, yəni kredit borcu tam olaraq bağlanmışdır.

76. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, ödənişin təyinatı və əsası - gecikdirilmiş kredit borcunun Cavabdeh MTK tərəfindən bağlanması olmuşdur. X10 isə ödəyici olmuşdur.

77. Təqdim edilmiş Cavabdeh MTK-nın təsis sənədlərindən görünür ki, X5 qızı, arvadı, bacısı (X11, X9 və X6) MTK-nın təsisçilərindən olmuşlar.

78. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli B 06/143 nömrəli müqavilə üzrə mənzilin əldə edilməsi üçün iddiaçı X4 tərəfindən ümumilikdə 145.411,04 manat məbləğində pul vəsaiti ödənilmişdir. O cümlədən, Cavabdeh MTK-ya ilkin ödəniş olaraq 32423 manat; Cavabdeh MTK-nın "xxxx" ASC-dəki hesabına – 28974,50 manat; MTK-ya aylıq ödənişlər şəklində (4 dəfə) – cəmi 10010 manat (2630+3400+1350+2630); İddiaçı tərəfindən alınmış kreditin müqabilində Azərbaycan Beynəlxalq Bankı ASC-yə cəmi 740003,54 manat (44509 manat əsas borc, 29494,54 manat faiz borcu).

79. Həmçinin göstərilmişdir ki, xx.xx.2018-ci il tarixdə 225-xx-xx-2018-SHM-GH saylı kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. X2 tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-yə 57399,24 manat əsas borcundan (101942 ümumi kredit məbləği – 44509 manat iddiaçı ödədiyi əsas borc məbləği – 5743 manat qalıq əsas borc), 4515,08 manat faiz borcundan, 387,43 manat cərimə borcundan ödənilməklə ümumilikdə 62301,75 manat pul vəsaiti ödənilmişdir.

80. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli B 06/143 nömrəli müqaviləyə xitam verilməsi nəticəsində cavabdeh MTK tərəfindən İddiaçı 1-ci və 2-ci suallar üzrə tədqiqatın nəticələri nəzərə alınmaqla, aşağıdakı hesablama qaydasında pul vəsaiti qaytarıla bilər: 115916,50 – 4515,08-387,43=111013,99 manat (iddiaçının ASC-yə ödədiyi 29494,54 manat faiz borcunun Bankın xeyrinə həyata keçirildiyi nəzərə alınarsa).

81. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli B 06/143 saylı müqavilənin 3.5-ci bəndinə əsasən tərəflər heç bir yan təsirə məruz qalmadan azad şəkildə müəyyən və qəbul edirlər ki, Sifarişçinin müqavilədən imtina etdiyi (mənzilin geri qaytarılması) və ya müqavilənin 10.1-ci maddəsində nəzərdə tutulmuş müqavilənin icraçı tərəfindən ləğvi hallarında, Sifarişçi müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış müqavilə qiymətinin 20%-i həcmində İcraçıya cərimə ödəyəcək. 190202 (müqavilə qiyməti) x 20%=38040,40 manat.

82. Həmçinin qeyd edilmişdir ki, məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulmuş 3-cü sualı üzrə ekspertiza tədqiqatı zamanı hesablama aparılarkən, rəydə 4-cü sualda nəticəyə gəlinmiş cərimə məbləğini təşkil edən 38040,40 manat nəzərə alınmamış və həmin məbləğ iddiaçıya qaytarılmalı olan ümumi pul vəsaitindən çıxılmamışdır. Cərimə məbləğinin cavabdeh MTK tərəfindən iddiaçıya qaytarılmalı olan ümumi pul məbləğindən çıxılması məhkəmə tərəfindən həll edilməlidir.

83. Beləliklə Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ilə icra qaydası müəyyən edilmiş uzunmüddətli öhdəlik yaranmışdır. MTK mənzilin tikilib təhvil verilməsini, iddiaçı isə müəyyən edilmiş ilkin ödəniş edildikdən sonra qalan məbləği 60 ay müddətində hər ay 2629,65 manat ödəməklə xx.xx.2019cu il tarixədək ödənilməsini öhdələrinə götürmüşlər.

84. xx.xx.2016-cı il tarixdə tərəflər arasında xx.xx.2014-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə saziş bağlanmış, bu sazişlə mənzil üzrə qalıq borc məbləği 101942 manat müəyyən edilmiş, müqavilənin 3.2 və 3.3-cü bəndləri isə qüvvədən salınmışdır.

85. Qalıq qalmış 101942 manat məbləğində pul vəsaiti bankdan kredit götürülməklə iddiaçı tərəfindən ödənilmişdir. İşin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, həmin pul məbləği mənzilin qalan borcuna ödənilmiş və bununla da mənzilin dəyəri tam ödənilmişdir.

86. Belə olan halda, qanunvericiliyin tələbinə görə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilmiş olur.

87. Yəni mənzilin dəyərinin ödənilməsi barədə müqavilə üzrə öhdəliyi iddiaçı tam yerinə yetirmişdir. Bununla da, qanunun imperativ göstərişinə uyğun olaraq, iddiaçının müqavilə üzrə öhdəliyinə icra nəticəsində xitam verilmişdir.

88. Mənzilin dəyəri tam ödənildiyi zaman tərəflər arasında mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə qanunvericiliyin tələbinə əsasən xitam verilmiş hesab edilir.

89. Buna görə iddiaçının hazırki alqı-satqı müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi barədə tələbi əsassızdır.

90. Eyni zamanda Cavabdeh MTK-nın Ümumi Yığıncağının xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli müqavilə birtərəfli qaydada ləğv edildiyi zaman həmin müqavilə qüvvədə olmamışdır, ona görə də Ümumi Yığıncağın həmin mənzilə dair qəbul etdiyi qərarın hər hansı hüquqi qüvvəsi yoxdur və hər hansı hüquqi nəticə doğurmur.

91. Mənzilin dəyəri xx.xx.2016-ci il tarixdə tam ödənilərək müqaviləyə xitam verildikdən sonra tərəflər arasında artıq yeni – bank-kredit münasibətləri (kredit verən - "xxxx" ASC, kredit alan - iddiaçı və zaminlər) yaranmışdır.

92. Kredit müqaviləsi üzrə ödənişlər borclu tərəfindən edilsə də, gecikmələr olduğu üçün tərəflərin razılığı ilə 2018-ci il tarixdə restrukturizasiya edilmiş, bu isə yeni kredit müqaviləsi şəkildə rəsmiləşdirilmişdir (yeni kredit müqaviləsi ilə göstərilən kredit məbləğinin borc alana verilmədiyi mübahisəsizdir).

93. Hesabdan çıxarışdan və ödəniş tapşırığdan da müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə zamin MTK tərəfindən digər zamin Babək Babayev vasitəsi ilə borc məbləği (62301,75 manat) ödənilmişdir.

94. Belə olan halda Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə öhdəliyi icra etmiş zaminin reqress qaydada ödədiyi məbləği tələb etmək hüququ yaranmışdır. Odur ki, bununla bağlı zamin Cavabdeh MTK ödədiyi məbləğin borcalandan tələb edilməsi barədə müstəqil iddia qaldırmaq hüququna malikdir.

95. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2022 saylı iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-ya (hazırda "xxxx" MTK) qarşı “alqı-satqı müqaviləsinin məhkəmə qaydasında xitam verilməsi və pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar