Məhkəmə qərarları › İş №2(103)-2380/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2380/2022

05.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2380/2022 05.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(004)-1159/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Yengenyeviç oğluna qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli, 2(004)- 1159/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh Yengenyeviçə qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə Cavabdeh ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdeh ona məxsus mənzildə onun mülkiyyət hüququ tanınmadan öncə yaşamış, mənzildən istifadə etmişdir. Lakin o, qanunveriicliklə müəyyən edilmiş qaydada satıcı ilə alqı-satqı müqaviləsi bağladıqdan sonra həmin mübahisəli mənzilə dair mülkiyyət hüquqları əldə etmiş, bununla da ona məxsus mənzildən şəxsin istifadə hüququnun itirilmiş hesab edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə heç bir əsaslandırma olmadan tərəfindən verilmiş iddia ərizəsini geri qaytararaq mübahisənin inzibati orqana müraciət olunduqdan sonra inzibati məhkəmədə qaldırılması qənaətinə gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2022ci il tarixli, 2(004)-1159/2022 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbi məhz iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalmış mənzilin köhnə sakini olan cavabdehi həmin mənzilə dair qeydiyyatdan çıxartmaqla əlaqədar olaraq mənzilə dair istifadə hüququna xitam verilməsi tələbi ilə bağlıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdeh faktiki olaraq həmin mənzildə yaşamır. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri məhz formal olaraq qeydiyyatda qalmış, faktiki həmin mənzildə yaşamayan və həmin mənzilə dair əmlak hüquqları olmayan şəxsin mənzilə dair istifadə hüququna xitam verilməsi ilə bağlı olan hüquq münasibətləridir. Bu halda, məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edilən müvafiq Qərarın tələbinə əsasən həmin hüquq münasibətlərinə məhz mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Kollegiya hesab edir ki, hazırki halda cavabdehin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması çəkişmə prinsipinə əməl olunmaqla araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(004)-1159/2022 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(004)- 1159/2022 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar