Məhkəmə qərarları › İş №2(103)-2380/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2380/2023

12.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2380/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, üçüncü şəxsin və cavabdehlərin nümayəndəsi Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3172/22 saylı iş üzrə 27 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı X3 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 Səxavət oğlu anadan olmuşdur. İddiaçı evləndikdən sonra Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşamağa başlamışdır. Qeyd olunan mənzil Cavabdeh1 Nərimanov Rayon İcra Hakimiyyətinin 014533 nörməli, xx.xx.1991-ci il tarixli orderi əsasında verilmiş və onun adına xx.xx.2010-cu ildə qeydiyyata alınmışdır. 84 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 414 saylı arayışı ilə İddiaçı mübahisəli mənzilə xx.xx.2010-cu il tarixdə, yəni mənzil özəlləşdirildikdən sonra qeydiyyata düşdüyü müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs: X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü övladı Cavabdeh1 Səxavət oğlu ilə birlikdə ünvan 2 ünvanında yerləşən 136 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən mənzilin mülkiyyətçisi Cavabdeh1 onun qayınatası, Cavabdeh2 onun qaynanası və digər Cavabdeh3 isə qaynıdır. Gəlin köçdükdən təxminən 2 il sonra ünvan 3 ünvanına qeydiyyata düşmüşdür. Həmin mənzilə qeydiyyata düşdüyü vaxt mənzilin orderi olmuş və sonradan ev qaynatasının adına özəlləşdirilmişdir. Həyat yoldaşı ilə münasibətlərinin soyumasından istifadə edən cavabdehlər ona mənzili boşaltmaqla bağlı təzyiqlər etmiş və sonunda azyaşlı övladı ilə birlikdə onu məcburi şəkildə avqust ayının 27-də sözügedən mənzildən çıxarmışlar. O, halhazırda övladı ilə valideyninin yanına sığınmaq məcburiyyətində qalmışdır. Övladı məktəblidir, Nizami rayon 251 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. Özü də həmin rayonda yerləşən Körpələr evində rus dili müəlliməsi vəzifəsində çalışır. Valideyninin evinin dar olmağı, uşağın təhsil aldigi məktəbin və iş yerinin uzaq olması bir sıra çətinliklər yaradır.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-3172/22 saylı iş üzrə 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 ona orderlə verilən ünvan 2 ünvanında yerləşən 136 saylı mənzilə gəlini İddiaçı razılıq əsasında köçürmüş və iddiaçı mübahisəli mənzildə istifadə hüququ əldə etməklə 2007-ci ildən yoldaşı və cavabdehlərlə birgə yaşamışdır. Daha sonra Cavabdeh1 həmin mənzilin xx.xx.2010-cu ildə mülkiyyətçisi olduqdan sonra xx.xx.2010-cu il tarixdə iddiaçını oraya qeydiyyata salmışdır. Hazırda İddiaçı və X3 arasında nikah pozulmamış, onların bir-birinə münasibətdə qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Şəxsin kirayə haqqı ödənilməklə müəyyən yerdə yaşaması imkanının olması onun əvəllər istifadə hüququ yaranmaqla yaşadığı mənzilə olan ehtiyacını aradan qaldırmır. İddiaçının altı ay və daha uzun müddətə başqa yerə getməsi isə onu yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin 53, 54, 60, 82, 87, 123-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdehlər və üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 ilə birlikdə arvadı İddiaçı və birgə nikahdan olan övladları (yəni Cavabdeh1 nəvəsi) tikdirdikləri mənzil tikilib başa çatana qədər mülkiyyətində olan mənzildə müvəqqəti yaşamaqlarına qayınata icazə vermişdir. Tikdirdikləri mənzilin kredit pulunu "xxxx"MMC-yə iddiaçının əri X3 öz maaş kartı vasitəsilə ödəyirdi. xx.xx.2020-ci il tarixdən Səxavətin maaş kartını İddiaçı alıb krediti özü ödəyəcəyini bildirib. Lakin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək oğlu Səxavətin maaş kartından pulları çıxarıb, ancaq "xxxx"MMC-yə ödəməyib. Onu əri X3 biləndən sonra arvadında olan maaş kartını bağlatdıraraq yeni maaş kartı alıb. Bundan sonra krediti özü ödəməyə qərar verib. Bütün bu hadisədən sonra İddiaçı dava-dalaş salaraq ailəsində narazılıq yaratmağa başlayıb. Sonra heç kimə demədən mənzilin açarının surətini çıxarıb, onlar evdə olmayanda ona lazım olan nə varsa anasının evinə aparıb. Bunu əri X3 biləndə arvadı İddiaçı irad bildirib. Sonda İddiaçı oğlu Süleymanı da götürərək gizlincə evdən çıxıb gedib. Hal-hazırda İddiaçı əri X3 ayrıca mənzildə yaşayır. Yuxarıda qeyd olunanlardan sonra İddiaçı əri Səxavət Mirzəyev belə qərara gəlib ki, arvadını da götürüb Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.167 ünvanında olan mənzillərinə qeydiyyata düşüb yaşasınlar. Bu isə onu göstərir ki, iddiaçının ailəsinin təzə tikilən mənzilləri var.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Üçüncü şəxs Cavabdeh1 və onun, eləcə də digər cavabdehlərin nümayəndəsi (vəkili) Cavabdeh3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

11. İddiaçının nümayəndəsi (vəkili) Vəkil isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsi:

12. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

13. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

14. Maddə 82. Dövlət və ya ictimai mənzil fondunun yaşayış evi əsaslı təmir edilərkən, icarədarı çıxarmadan təmir mümkün olmadıqda, kirayədar təmir edilən sahəni icarə müqaviləsini pozmadan əsaslı təmir müddətində icarədara və onun ailə üzvlərinə başqa yaşayış sahəsi verməlidir. İcarədar həmin sahəyə köçməkdən imtina etdikdə kirayədar onun məhkəmə qaydasında köçürülməsini tələb edə bilər.

15. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

16. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

17. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53- cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarı:

18. Bənd 2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Səxavət Mirzəyev tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı həmin apellyasiya şikayətinə münasibətdə tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməlidir.

22. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

23. İş materiallarından görünür ki, İddiaçı üçüncü şəxs Səxavət Mirzəyevlə xx.xx.2007-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin vaxtdan mübahisəli mənzildə yaşamışdır. Mübahisəli mənzil iddiaçının qaynatası Cavabdeh1 xx.xx.1991-ci il tarixli order əsasında verilmiş, sonuncunun mənzil üzərində xüsusi mülkiyyət hüququ isə xx.xx.2010-cu ildə qeydə alınmışdır. İddiaçı isə mübahisəli mənzilə xx.xx.2010-cu il tarixdə, yəni mənzil Süleyman Mizəyevin adına özəlləşdirildikdən sonra qeydiyyata düşmüşdür. Mənzil özəlləşdirilərkən mülkiyyətçinin ailə üzvlərinin razılığı alınmış, iddiaçının razılığı tələb olunmamışdır.

24. Göründüyü kimi, iddiaçı 2007-ci ildə mənzilə köçərkən mənzil mülkiyyətdə olmamış, yalnız 2010-cu ildə mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişməsinə səbəb olmuşdur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Cavabdeh2 şikayəti üzrə 11 iyul 2014-cü il qərarında ifadə edilmiş hüquqi mövqeyə görə yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

26. Mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alındığı zaman qüvvəyə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

27. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

28. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvü olmayan şəxsin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş imzalanmalı və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.

29. Sadalanan qanunvericilik normalarına əsasən iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 ailə üzvü sayılmır və belə olan halda onun həmin mənzildən istifadə hüququ yalnız Mülki Məcəllənin 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş əsasında yarana bilər. İşdən göründüyü kimi, tərəflər arasında belə bir sazişin bağlandığı müəyyən edilmir.

30. Bu baxımdan Kollegiya istifadə hüququ olmayan şəxsin mənzilə köçürülmə tələbini əsaslı hesab etmir.

31. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya şikayəti təmin edilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 27 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar