Məhkəmə qərarları › İş №2(103)-2380/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2380/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2380/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-ci il tarixli, 2(004)-3688/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən yazılmış kağızda olan qeydlərdən görünür ki, o hissə-hissə olmaqla İddiaçı cəmi 44800 manat məbləğində borc pul götürmüşdür. Həmçinin onun tərəfindən yazılmış dəftərdəki qeydlərdən görünür ki, həmin borcdan 2018-ci il üzrə 4250 manat, 2019-cu il üzrə 2100 manat, 2020-ci il üzrə 1800 manat, 2021-ci il üzrə 1500 manat və 2022-ci il üzrə 450 manat məbləğində ödəniş etmişdir.

2. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB tərəfindən İddiaçı Əlimövsum qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterlidir və şikayəti ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiqdir.

3. Cavabdeh tərəfindən X3 hesabına ödənilmiş 10.12.22-ci il tarixli 27772 nömrəli, 10.01.23-cü il tarixli 27578 nömrəli, 14.02.23-cü il tarixli 31935 nömrəli, 09.03.23-cü il tarixli 11985 nömrəli, 10.04.23-cü il tarixli 184122 nömrəli, 10.05.23-cü il tarixli 220464 nömrəli qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı əri X3 hesabına hər dəfə 150 manat olmaqla, cəmi 900 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ona borclu olduğu 32000 məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş 186 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, qohumu olan cavabdehə 44000 manat məbləğində borc pul vermişdir. O, həmin borc pulu hazırda qeydiyyatda olduğu mənzilin söküləcəyi və ona verilən kompensasiya ilə qaytaracağı vədini versə də vədinə sadiq çıxmamışdır. Nəticədə borclu olan pulu ona birdəfəlik qaydada qaytarmamışdır. Bu günədək borcundan hissə-hissə yəni aylıq ödənişlər etsə də artıq geri qalan məbləği yəni 32000 manatı ödəməkdən yayınmaqdadır. Onun əməllərinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Yasamal rayonu 26-cı polis Bölməsinə şikayət vermişdir. Şikayətin əsasında cavabdeh dəvət edilib və izahatı alınmışdır. Verdiyi izahatada da borcunun olmasını etiraf etmişdir. Həmçinin, cavabdeh tərəfindən əlyazmalar onda mövcuddur. Həm borcu alması, nə qədər ödəməsi və nə qədər qalmasını özü təsdiq edir. Axırıncı dəfə 2023-cü ilin may ayında ödəniş etmişdir.

6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh hissə-hissə borc verməsi cavabdehin özü tərəfindən yazılmış qəbzdə sübut olunur. Həmçinin cavabdeh tərəfindən təqdim olunmuş dəftərdə borcların qaytarılmasına dair qeydlərlə razıdır, dəftərdə qeyd olunan məbləğlərdə pul cavabdeh tərəfindən qaytarılmışdır. 2022-ci ildə cəmi 3 dəfə, hər dəfə 150 manat olmaqla cavabdehin qonşusu Şahid pul götürmüşdür. Hazırda cavavdeh götürdüyü borcdan 32000 manat geri qaytarmamışdır. Həmin məbləğdə borcun qaytarılmasını tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçıdan hissə-hissə borc pul götürmüş və həmin pulları da hər ay faizi ilə birlikdə geri qaytarmışdır. Borc pul götürməsinə dair məhkəməyə təqdim olunmuş qəbzdəki əl yazısı ona məxsusdur. Borcu qaytarmasını hər ay dəftərdə özü qeyd edirdi, 2022-ci ildə təxminən 7-8 ay pulu qonşusu Şahid vasitəsilə qaytarmışdır. 2023-cü il ərzində isə borcu iddiaçının əri Böyükağa Əliyevin kart hesabına köçürmüşdü. Buna dair qəbzləri məhkəyə təqdim etmişdir. Hazırda iddiaçıya olan borcunu tam şəkildə bağlamışdır, iddiaçının ondan tələb etdiyi faizdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirmişdir ki, 2022-ci ilin mart ayından sentyabr ayına kimi qonşusu Cavabdeh ona pul vermişdir ki, İddiaçı həmin pulu ondan götürsün. İki dəfə 150 manat, qalan vaxtlarda isə 200 manat pul vermişdi.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-ci il tarixli, 2(004)- 3688/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 21000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 153 manat hissəsinin tutularaq İddiaçı Əliövsüm qızına ödənilməsi qət edilmişdir.

10. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda olmaqla, cəmi 44000 manat məbləğində borc pul götürməklə, götürdüyü pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən öhdəliyi lazımi qaydada icra etməyərək, borcdan cəmi 11.000 manat qaytarmış, qalan məbləği isə geri qaytarmamışdır. Şahid qismində ifadə verən Şahid 2022-ci ilin mart ayından sentyabr ayına kimi Cavabdeh ona iki dəfə 150 manat, qalan vaxtlarda isə 200 manat olmaqla pul vəsatini İddiaçı çatdırması üçün verdiyini qeyd etsə də, İddiaçı Şahid hər dəfə 150 manat olmaqla, 3 dəfə cəmi 450 manat məbləğində pul götürdüyünü təsdiq etmişdir. Cavabdeh isə 2022-ci ilin mart ayından sentyabr ayınadək hər ay qonşusu vasitəsilə pulu qaytarması bildirsə də, dəftərində bunun qeydiyyatını niyə aparmamasını əsaslandıra bilməmişdir. Qeyd olunan dəftərdən görünür ki, 2022-ci il üzrə 3 dəfə 150 manat olmaqla, cəmi 450 manat məbləğində pul qaytarılması qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən tərtib olunmuş dəftərdən və ödəniş qəbzlərindən təsdiq olunur ki, cavabdeh tərəfindən iddiaçıya tələb olunan 32000 manat pul vəsaitinin 11000 manat hissəsi ödənilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 739.1 və 740.1, 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qismən ləğv edilib, iddianın təmin edilən hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, notariusdan keçməmiş, naməlum şəraitdə yalnız bir nəfər tərəfindən tərtib olunmuş və ikinci tərəf tərəfindən təsdiq olunmamış kağız parçaları məhkəmələr tərəfindən sübut kimi qəbul olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2.-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa ... borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qətnamədən görünür ki, o, həqiqəti əks etdirmir, yalnız iddiaçının sözləri əsasında qəbul edilib, onun sübutları, şahid ifadələri isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, o, iddiaçıdan 15000 manat (İddiaçı faizləri də istədiyi kimi birtərəfli qaydada çoxaldıb) borc alaraq, ona 18000 manat qaytarmışdır. İddiaçı isə özbaşına həmin məbləği başqa cür göstərərək məhkəməyə müraciət etmişdir. Hətta rəsmi sənədlərdə olan sözlərin əksinə olaraq, başqa şeylər demişdir. Qətnamə məbləğlə bağlı olsa da, 21000 manatın haradan götürüb hesablanması sual doğurur. Hətta kredit təşkilatları rəsmi müqavilə əsasında borc verəndə onun cədvəllərini, rəsmi ödənişləri məhkəmələrə təqdim edirlər ki, sonuncular hesablama apara bilsinlər. Şahid ifadəsi məhkəmə qətnaməsində təhrif olunmuşdur. Belə ki, o, 2022ci ilin 11 ayı ərzində ondan götürdüyü pulu iddiaçıya verdiyini bildirsə də, (özü də 2 dəfə 150 manat, qalan vaxtı isə hər dəfə 200 manat olmaqla), yenə də məhkəmə başqa cür, iddiaçıya sərf edən formada göstərmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında əlyazmada olan qedylərin onun tərəfindən yazıldığını bildirmişdir.

16. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc verən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamə qismən – iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın rədd olunduğu hissəsi ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamənin bu hissədə onun tərəfindən mübahisələndirilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Cavabdehin şikayət dəlilində istinad etdiyi hallardan birincisi odur ki, aralarında naməlum şəraitdə yalnız bir nəfər tərəfindən tərtib olunmuş və ikinci tərəf tərəfindən təsdiq olunmamış kağız parçaları məhkəmələr tərəfindən sübut kimi qəbul olunmuşdur. Halbuki, Mülki Məcəlləsinin 740.2.-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır.

23. Bu şikayət dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehə qeyd olunan pul məbləğinin verilməsi həm onun özünün mübahisələndirdiyi kağızdakı qeydlərlə, həm də birinci instansiya məhkəməsində verdiyi izahatlarla öz təsdiqini tapır.

24. Belə olan halda, tərəflər arasında yazılı müqavilə formasında müqavilənin imzalanmaması pul məbləğinin cavabdehə verildiyi faktını təkzib edə bilməz.

25. Odur ki, cavabdehin iddiaçının aldığı pul məbləğini geri qaytarmaq öhdəliyi hər bir halda yaranmışdır və o da bu öhdəliyi qismən icra etmişdir.

26. Cavabdehin bununla bağlı növbəti şikayət dəlili isə ondan ibarətdir ki, o pul məbləğini tam şəkildə qaytarmışdır.

27. İşin hallarına əsasən müəyyən olunur ki, borcdan cəmi 11000 manat qaytarılmışdır. Bu cavabdeh tərəfindən tərtib olunmuş dəftərdən və ödəniş qəbzlərindən təsdiq olunur.

28. Şahid qismində ifadə verən Şahid 2022-ci ilin mart ayından sentyabr ayına kimi Cavabdeh ona iki dəfə 150 manat, qalan vaxtlarda isə 200 manat olmaqla pul vəsatini İddiaçı çatdırması üçün verdiyini qeyd etsə də, iddiaçı Şahid hər dəfə 150 manat olmaqla, 3 dəfə cəmi 450 manat məbləğində pul götürdüyünü təsdiq etmişdir. Cavabdeh isə 2022-ci ilin mart ayından sentyabr ayınadək hər ay qonşusu vasitəsilə pulu qaytarması bildirsə də, dəftərində bunun qeydiyyatını niyə aparmamasını əsaslandıra bilməmişdir. Qeyd olunan dəftərdən görünür ki, 2022-ci il üzrə 3 dəfə 150 manat olmaqla, cəmi 450 manat məbləğində pul qaytarılması qeyd olunmuşdur.

29. Cavabdehin şahidin ifadəsinin də məhkəmə qətnaməsində təhrif olunduğunu bildirsə də, müəyyən olunur ki, məhkəmə qətnaməsində əksini tapan şahid ifadəsi məhkəmə iclas protokolunda ifadə ilə eynilik təşkil edir.

30. Sadəcə olaraq birinci instansiya məhkəməsi haqlı olaraq şahidin verdiyi ifadəyə tənqidi yanaşmaqla cavabdeh tərəfindən təqdim olunan dəftrədə qeyd olunduğu kimi 2022-ci il üzrə 3 dəfə 150 manat olmaqla, cəmi 450 manat məbləğində pulun qaytarılmasını mötəbər hesab etmişdir.

31. Bu ona görə daha indandırıcıdır ki, cavabdehin özü tərəfindən tərtib edilmiş və əvvəldən bütün ödənişlər onun özü tərəfindən dəftərdə əks olunmuşdur. Belə olan halda, digər ödənişlərin niyə qeyd olunmadığını cavabdeh özü də əsaslandıra bilməmişdir. Pulların alınması ilə bağlı aparılmış qeydlərin cavabdehə məxsus olması mübahisələndirilmir, cavabdehin etirazının əsasını borc məbləğinin onun tərəfindən qaytarılması təşkil etdiyindən bu hissədə sübutetmə yükü cavabdehin üzərindədir, lakin cavabdeh tərəfindən qətnamədə qeyd olunan məbləğdən artıq pul vəsaitinin qaytarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-ci il tarixli, 2(004)- 3688/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-ci il tarixli, 2(004)- 3688/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar