Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2385/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər: "xxxx" MTK və Bakı şəhəri Yasamal rayon icra şöbəsi) qarşı iş üzrə (Açar sözlər: cavabdehlərin mənzildən çıxarılması və mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)- 2773/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 172 nömrəli mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 (102)- 4880/2021 saylı qərarı ilə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş, lakin icra məmuru xx.xx.2022-ci il tarixdə akt tərtib edərək icra sənədinin icrasının mümkün olmadığını bildirmişdir. Aktda bunun səbəbi kimi mənzillərin nömrələrinin dəyişdirilməsi və həmin mənzillərdə başqa şəxslərin (cavabdehlərin) yaşaması qeyd olunmuşdur.
2. Hazırda iddiaçı həmin aktı əsas götürərək qətnamənin icrası ilə əlaqədar Cavabdeh1 ona məxsus ünvan 1də inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 125 kv.m olan, izolə olunmuş 3 otaqlı 158 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi, Cavabdeh2 ona məxsus ünvan 1də inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,0 kv.m olan, izolə olunmuş 2 otaqlı 171 saylı mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsini tələb edir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər "xxxx" MTK və Bakı şəhəri Yasamal rayon icra şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus ünvan 1də inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 125 kv.m olan, izolə olunmuş 3 otaqlı, 158 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi, Cavabdeh2 ona məxsus ünvan 1də inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,0 kv.m olan, izolə olunmuş 2 otaqlı, 171 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2773/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası həyata keçirilərkən müəyyən edilmişdir ki, ünvan 1də olan binanın 3-cü blok, 14- cü mərtəbə, ümumi sahəsi 125 kv.m, 159 saylı mənzilin nömrəsi dəyişdirilərək 158 saylı mənzil olub. Həmin mənzillə bağlı onun Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair müqavilə təqdim olunmuş, mənzildə X2 yaşadığı müəyyən olunmuşdur. Həmin blokda 17-ci mərtəbədə 171 saylı, 125 kv.m, 3 otaqlı mənzilin 170 saylı olduğu və onun X3 adına rəsmiləşdirildiyi və onun həmin mənzildə yaşadığı müəyyən olunmuşdur. Həmin blokda olan 17-ci mərtəbədə 172 saylı mənzilin 171 saylı olduğu, onun Cavabdeh2 adına rəsmiləşdirildiyi və onun həmin mənzildə yaşadığı məlum olmuşdur. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Cavabdehlərin ona məxsus olan mənzillərdə yaşamaları həmin əmlakların qanuni sahibi (bir mülkiyyətçi) kimi onun həmin mənzillər üzərində dövlət tərəfindən tanınan və qorunun hüquqlarını kobud şəkildə pozur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-286/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə) iddia təmin edilməmişdir.
6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 213, 215-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş hallar hazırkı işə baxılarkən və qətnamə çıxarılarkən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, icra məmuru mənzilin nömrəsinin dəyişdirildiyini müəyyən edə bilməzdi. İcra məmuru xx.xx.2023-cü il tarixli akt tərtib etmiş, akt müvafiq qaydada təsdiq olunmamışdır. Belə olan halda onun icra məmuru S.Allahverdiyev tərəfindən hazırlandığı şübhə doğurur. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi və kompüter ekranından çəkilmiş şəkil belə bir aktın yazıldığını düşünməyə əsas verir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdeh1 nümayəndəsi və vəkili şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
15. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
16. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
17. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər:
18. Maddə 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti;
19. Maddə 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
24. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
25. Hazırkı iş üzrə iddiaçının tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Cavabdeh1 ona məxsus 158 saylı mənzildən, Cavabdeh2 isə 171 saylı mənzildən çıxarılmaları və onun həmin mənzilə köçürülməsi barədədir.
26. İddiaçı tələbin əsası kimi məhkəmə qətnaməsi ilə ona təhvil verilmiş mənzillərin 159 və 172 saylı olduğunu, qətnamə qəbul edildikdən sonra mənzillərin nömrələrinin dəyişdirildiyini, hazırda ona təhvil verilməli olan mənzillərin 158 və 171 nömrələrilə cavabdehlərin mülkiyyətinə verilməsi ilə əsaslandırmış və sübut qismində işə baxan məhkəməyə icra məmurları tərəfindən tərtib edilmiş aktı təqdim etmişdir.
27. Cavabdehlər isə icra məmuru tərəfindən tərtib olunmuş aktın düzgün tərtib olunmadığını, icra məmurunun mənzillərin nömrələrini müəyyən etmək səlahiyyətində olmadığını bildirərək iddiaya etiraz etmişlər.
28. Birinci instansiya məhkəməsi mübahisəli ünvana yerli baxış keçirmiş, müəyyən etmişdir ki, ünvan 1də inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok 14 və 17-ci mərtəbələrində 4 mənzilin yerləşdiyi, mənzillərin üzərlərində nömrələnmənin aparılmadığı, lakin Cavabdeh1 yaşadığı bildirilən mənzilin üzərində 158 nömrəsinin qeyd olunduğu müəyyən edilmişdir.
29. Məhkəmə icra məmurları tərəfindən tərtib edilmiş aktı mötəbər sübut kimi qiymətləndirməmiş, haqlı olaraq qeyd etmişdir ki, həmin mənzillərin nömrələnməsi ilə bağlı dövlət orqanının və ya MTK-nın hər hansı rəsmi sənədi məhkəməyə təqdim olunmamışdır, icra məmurunun isə belə bir nömrələnmə aparması, həmin mənzillərin nömrələrinin dəyişdirilməsini müəyyən etməsi, 159 nömrəli mənzilin məhz 158 nömrəli mənzil, 172 nömrəli mənzilin isə məhz 171 nömrəli mənzil olmasının müəyyən edilməsi əsası aktda göstərilməmişdir. Bundan əlavə hazırki cavabdehlərin yaşadıqları mənzillərin müqavilələr üzrə sahələri ilə iddiaçının "xxxx" MTK-dan almış olduğu və məhkəmə qətnaməsi ilə iddiaçıya təhvil verilməsi nəzərdə tutulan mənzillərin sahələri ilə də eynilik təşkil etmir.
30. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər iddiaçının mübahisələndirdiyi 158 və 171 saylı mənzillərdə müvafiq hüquqmüəyyənedici sənədlər (müqavilə, order və s.) əsasında yaşayırlar. Onlar həmin mənzilləri özbaşına zəbt etməyiblər. Ona görə də onların həmin mənzillərdə yaşamaları üçün hüquq verən sənədlər qüvvədə ola-ola hazırkı iş üzrə tələb təmin oluna bilməz. İddiaçı isə işdən göründüyü kimi, həmin sənədləri məhkəmə qaydasında münahisələndirməmişdir.
32. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
33. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
34. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
35. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.