Məhkəmə qərarları › İş №2(103)-2387/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2387/2025

02.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2387/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş (Açar sözlər: «torpaq sahəsinin boşaldılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-221/2025 saylı, 08 yanvar 2025ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ayrılması nəzərdə tutulmuş Sabunçu rayon Bakıxanov qəsəbəsi Bünyadzadə küçəsində olan torpaq sahəsinin eskiz-sxemi təsdiq olunub və xx.xx.2006-cı il tarixli, 18/03-8/1339 nömrəli Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanladığı məktubda qaldırılan məsələnin qanun çərçivəsində həll edilməsinə etiraz etmədiyi göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən, faktiki istifadəsində olmuş 800 kv. metr torpaq sahəsinin (əlavə edilmiş eskiz sxemə əsasən) boşaldılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiada göstərilib ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən 800 kv.metr torpaq sahəsindən uzun müddət həyatyanı sahə kimi istifadə etmiş, torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün Bakı şəhəri Bakıxanov Bələdiyyəsinə xx.xx.2006-cı il tarixində müraciəti əsasında, sahəyə yerində baxış keçirilmiş, ərazinin təsdiq edilmiş planlaşdırma həlli mövcud omadığı üçün torpaq sahəsinin ayrılmasına rəy verilməsi və çəkdirdiyi evinin layhəsinin razılaşdırmaq üçün bələdiyyə tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Eskiz-sxemə əsasən həmin torpaq sahəsinin yerləşmə planı, eləcə də Bakı şəhəri, Bakıxanov qəsəbəsi Bünyadzadə küçəsinə çıxış yolu müəyyənləşdirilmişdir. Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Bakı şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə məktubla müraciət edərək, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən rəy verilməsi və fərdi yaşayış evinin layihəsinə razılıq verilməsi üçün məktubla müraciət edilmişdir. Sonradan maddi çətiniklə əlaqədar olaraq torpaq sahəsinin alqı-satqı qaydasında ona ayrılması üçün zəruri olan yerqurluşu sənədlərinə torpaq sahəsinin normativ qiyməti barədə rəyi əldə edə bilməmişdir. Qonşusuna məxsus 48 nömrəli fərdi yaşayış evi həmin torpaq sahəsinə bitişik olmuşdur. Bir müddət əvvəl isə qonşu tərəfindən həmin torpaq sahəsinə gedən yol zəbt edimiş, nəticədə ona məxsus torpaq sahəsinə gedən yeganə yol bağlanılmışdır. Hal-hazırda torpaq sahəsinə daxil olub çöl-ölçmə işləri aparmaq və torpaq sahəsindən istifadə etməsi mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsinin özbaşına zəbt edilməsi qanunla qadağan olunur. Həmin torpaq sahəsinə digər qonşu tərəfindən yol verilmiş və cavabdeh hüquqi şəxsin əməkdaşları tərəfindən daxil olunaraq torpaq sahəsi zəbt edildiyindən qanunvericiliyin tələblərinə əsasən zəbt edilmiş torpaq sahəsi, zəbt edənin vəsaiti hesabına boşaldımalıdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-221/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, məhkəmə araşdırması zamanı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli, 18/03-8/1339 nömrəli məktubuna əsasən Sabunçu rayon Bakıxanov qəsəbəsi Bünyadzadə küçəsində olan torpaq sahəsinin eskiz-sxemi tərtib olunsa da, iddiaçının adına torpaq sahəsi ilə bağlı sahiblik və ya istifadəsində olmasını təstiq edən sərəncam, mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində, şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 800.0 kv.m təşkil etdiyi, torpaq sahəsinin üzərində tikili olmadığı, sözügedən sahənin faktiki olaraq “Bakı Çayçəkici" ASC-nin istifadəsində olduğu, vahid elektron kadastr baza məlumatlarına əsasən kənardan (vizual olaraq) göstərilən sahə "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan 3.3699 ha torpaq sahəsinin qərbində dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan həmin sahənin zəbt olunması və ya boşaldılaraq geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etməyən İddiaçı subyektiv hüququ yoxdur. Çünki mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinin məhz ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından, irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş edib göstərir ki, normadan göründüyü kimi torpaq sahəsi seçilərkən (qərar qəbul edilənə qədər) onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. İddiaçı üçün seçilmiş torpaq sahəsi normanın tələblərinə uyğun müəyyən edilmişdir. Memarlıq baxımından müvafiq icra hakimiyyəti orqanı tərəfindən müsbət rəy verilmişdir. Ancaq torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməsi və yerdə yoxlanılması, sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsinə cavabdeh tərəfindən manelər yaradıldığından iddiaçının hüquqlarının realizə edilməsi aşkar pozulmuşdur. Ancaq məhkəmə normanı tətbiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Məhkəmə iclasında apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi X2 da apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13, İ və İİ hissələri. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 29, İV bəndi. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

13. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən "hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1.. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın yenidən başqa əsasla rədd edilməsi üçün əsasdır.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, olmasa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, uzlaşmasa da, birinci instansiya məhkəməsi yalnız iddiaya cavab verməli olmayan şəxsə verildiyi ilə kifayətlənib iddianı rədd etmək əvəzinə, əsl olmayan cavabdehə qarşı verilən iddianın əsassız olduğu qənaətinə gəlib rədd etməklə ziddiyyətli nəticəyə gəlmişdir.

21. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddia iddiaya cavab verməli olmayan şəxsə verildiyindən məhkəmə əsl olmayan cavabdehə qarşı verilən iddianın əsassız olduğu qənaətinə gəlib rədd etməklə haqlı olmamışdır.

22. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından iddianı rədd etsə də, iddia əsl olmayan cavabdehə qarşı verildiyindən düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır.

23. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 800.0 kv.m təşkil edir(vətəndaş sahənin dəqiq yerini bilmir). Torpaq sahəsinin üzərində tikili olmadığı, iddia olunan 800.0 kv.m torpaq sahəsinə baxış iddiaçının nümayəndəsi və "xxxx" ASC-nin əməkdaşı ilə keçirilmişdir. Sözügedən sahə faktiki olaraq “Bakı Çayçəkici" ASC-nin istifadəsindədir. Təqdim edilmiş eskiz sxeminə əsasən torpaq sahəsinin yerləşməsi uyğun gəlir, eskiz sxemdə qeyd olunan yol faktiki olaraq digər qonşu sahə tərəfindən hasarlanaraq bağlanılmışdır. Qonşu sahəyə dair sənəd təqdim edilməyib. Mübahisəli torpaq sahəsinin cənub sərhədi boyunca yüksək gərginlikli (6 kVt-lıq) elektrik xətti keçir. Faktiki olaraq torpaq sahəsi ümumi hasardaxili sahənin bir hissəsi olmaqla giriş-çıxış yolu “Bakı Çayçəkici" ASC-nin ərazisindəndir. Vahid elektron kadastr baza məlumatlarına əsasən kənardan (vizual olaraq) göstərilən sahə "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan 3.3699 ha torpaq sahəsinin qərbində dövlət mülkiyyəti torpağıdır. Təqdim edilmiş cizgidə dəqiq istinad yoxdur, ölçülər, məsafələr qeyd olunmayıb. Bundan əlavə sahə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bununla bağlı aidiyyəti təşkilatın rəyinin alınması məqsədəmüvafiq olması qeyd olunmuşdur.

24. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin faktiki “Bakı Çayçəkici" ASC-nin istifadəsində olması dövlət orqanının verdiyi rəyi ilə təsdiq olunub. MPM-in 54.1-ci maddəsinin tələbinə əsasən iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxa bilərdi. Ancaq məhkəmənin iddiaçıya belə bir təkliflə müraciət etməsi də işdən görünmür. Hətta iddiaçıya bu cür təklif etmiş olsa idi belə, iddiaçı bununla razılaşmadıqda iddianın mahiyyətinə toxunmadan, yəni əsaslı yaxud əsassız olduğunu müəyyən etmədən yalnız bu əsasla rədd etməli idi. Çünki apellyasiya baxışı zamanı da həm cavabdehin nümayəndəsi və vəkilinin, həm də 3-cü şəxsin izahatlarının məzmunundan bəlli oldu ki, Cavabdeh MMC hazırkı iddiaya cavab verməli olan şəxs deyildir. Başqa sözlə, onun iddia edilən torpaq sahəsini həqiqətən zəbt etməsinə və istifadəsində olmasına dair heç bir sübut mövcud deyildir.

25. Demək ki, iddianın predmetini təşkil edən mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində olmadığı təsdiq olunduğundan iddianın rədd edilməsi yalnız bu əsasla olmalı idi. Ancaq qeyd olunduğu kimi birinci instansiya məhkəməsi cavabdehin iddiaya cavab verməli olan şəxs olmadığını müəyyən etməyib, iddianı isə başqa əsasla rədd etməklə maddi və prosessual hüquq nomalarını pozmuşdur. Bu hal isə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi və iddianın yuxarıda qeyd olunan hüquq dəyərləndirmələr əsasında əsl cavabdehə yönəlmədiyinə görə yenidən rədd edilməsi üçün əsas hesab edilir. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, hazırkı iddia əsl olmayan cavabdehə yönəldiyindən bu iş üzrə iddianın əsaslı yaxud əsassız olduğu məsələsi yoxlanılmır. Çünki iddia əsl cavabdehə qarşı yönəldiyi halda həmin məsələlər üzrə hüquqi dəyərləndirmələr aparıla bilər.

26. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-221/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərə əsasən təmin edilməməlidir.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-221/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərə əsasən təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar