Məhkəmə qərarları › İş №2(103)-2389/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2389/2022

12.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2389/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 Sərkar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(004)-4425/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına köçürülməsi və həmin mənzildən maneəsiz istifadə etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda olan mənzilin 14.4 kv.m-dən ibarət olan bir otaq və mətbəxin vərəsəsidir. Həmçinin, həmin ünvanda pasport qeydiyyatındadır. O, həmin ünvanda anadan olmuşdur. Ondan başqa bu ünvanda atası X16, anası X9 və 2 qardaşı Cavabdeh və X10 yaşamışlar və qeydiyyatda olmuşlar. 1976-cı ildə X17 ilə ailə həyatı qurmuşdur. Evləri olmadığına görə atası onu qeydiyyatdan çıxmağa qoymamışdır. Atası, yoldaşı X11 və 3 uşağını da həmin evə qeydiyyata salmışdır. Qardaşı Cavabdeh mübahisəli mənzildə yaşayır. Ailə qurduqları vaxtdan bu ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Onlardan başqa orada 3 ailə yaşayırdı (2 qardaşı və onlar). 1988-ci ildə atası X6 razılığı ilə ailəsi ilə birlikdə həmin evin 14.4 kv.m ərazisində evin genişləndirilməsi məqsədilə ev növbəsinə dayanmışdır. Oğlu Rahim çox körpə vaxtlarından həmin evdə nənəsi ilə birlikdə yaşayıb, o evdə böyüyüb, o evdən əsgər gedib və orada ailə qurub. Daha sonra 1989-cu ildə qardaşı Cavabdeh ailə qurmuş, 2 otaqlı mənzilin 1 otağı onlara, digər otağı isə Əfqana verilmiş və əlavə olaraq onun üçün 3 otaq da tikilmişdir. Həmçinin, həyətin ona məxsus olan girişi ayrılmışdır. Bundan sonra anası ilə qalmağa başlamışdır. Anası, oğlu Rahim, Rahimin ailəsi və o, 1 otaq 1 mətbəxdən ibarət mənzildə yaşayırdılar. Anası həmişə vəsiyyət edərdi ki: “3 otaq Rövşən sənə, 3 otaq Əfqan sənə, 1 otaq və 1 mətbəx də Solmaza bizim payımızdır. Ata payıdır, gələcəkdə evlər plana düşəndə 1 otağı da Solmaza verilməlidir.” Bunu bütün ailə üzvləri bilirdi. 2010-cu ildə anası dünyasını dəyişdi. Bütün bu hadisələr də bundan sonra cərəyan etməyə başladı. Belə ki, anasının rəhmətə getdiyi gün qardaşı Əfqan evdəki yer azlığını və adamın çoxluğunu bəhanə edərək, otaqları ortadan ayıran qapını onların xəbəri olmadan açmışdır. Anasının yas mərasiminə görə bu məsələni açmamışlar. Amma evləri ayıran o qapını bağlamadılar. Anasının il mərasimi zamanı tərəflər arasında konflikt, söz-söhbət olmuşdur (evlə bağlı deyildi). Həmin ərəfələrdə münasibətlər normal idi. 2011-ci ildə anasının ilindən bir ay sonra 33 yaşlı oğlu uzun sürən xəstəlikdən rəhmətə getdi. Oğlunun dəfn mərasiminə baş qarışıq olduğundan evlə maraqlana bilməmişdir. Daha sonra öz səhhətində böyük problemlər yaşamışdır. Üst-üstə yaşadığı öncə ana, daha sonra oğul itkisi səhhətinə təsirsiz ötüşmədi, şəkər xəstəliyinə tutuldu. Bütün bunlardan istifadə edərək qardaşı Cavabdeh atasının ona pay verdiyi evi də zəbt etdi. Belə ki, öz oğlunu evləndirərək ona və ailəsinə məxsus olan evə gəlin gətirdilər. İlk başlarda adını müvəqqəti qoydu, sonra isə bu müvəqqəti daimi oldu. Lakin, evin ona məxsus olmasına heç vaxt evlər plana düşənə kimi etirazını bildirmirdi. O, Mənzil Kommunal İsitsmar sahəsinə başqa bir məsələ ilə bağlı arayış üçün getmiş, orada evlərin plana düşdüyünü eşitmişdir. Evə gələrək qardaşı ilə bu barədə danışarkən o, yenə də etiraz etmədən evin “ona aid olan hissəsi sənindi” dedi və yoldaşı da onun bu fikrini təsdiqləyərək, hər şeyin yaxşı olacağını dedi. Həmin ərəfədə artıq şirkət tərəfindən vətəndaşlara sahib olacaqları yeni evləri ilə maraqlanmaları üçün məktublar gəlmişdi. Digər qardaşı Əbilov Rövşənin qızı şirkətin nümayəndəsindən ona məxsus olan məktubu istəyərkən belə bir məktubun mövcud olmadığı bildirilir. Daha sonra Asan xidmətə gedərək “Forma-2”-ni almış, şəxsiyyət vəsiqəsini götürərək, tikintini aparan "xxxx"yə getmişdir. MTK-nın direktoru siyahıya baxaraq onun adının olmadığını bildirmiş və demişdir ki, 95 kv.m ərazi qardaşı Əfqanın adınadır. Bundan sonra qardaşı Cavabdeh ona pay verməyəcəyini, 2 oğlunun gələcəyini düşünərək onların orada yaşayacağını bildirdi. Yoldaşı ilə bir neçə müddətdir ki, ünvan 2 ünvanında yerləşən, 40 kv.m.lik evdə qızı X4 evində yaşayır. O və yoldaşından başqa, qızı öz ailə üzvləri yoldaşı və 3 qızı ilə burada yaşayır. Belə şəraitdə yaşamaq çox çətindi. O, öz haqqı olanı, yəni daimi yaşadığı mənzilə, atanın və ananın ona ayırdığı hissəyə köçürülməsini istəyir. Cavabdeh isə ona maneələr yaradır. Məhz bu baxımdan artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(004)- 4425/2021 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunmalı olması və s. kimi əsaslandırmışlar. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, X17 iddiaçının həyat yoldaşı olmuş, Vüsalə Əlimədətova isə qızıdır. ünvan 3 ünvanı 1998-ci ildə X17 tərəfindən əldə olunmuş, sonradan isə qızına bağışlanmışdır. Cavabdehlə münasibətləri pozulduqdan sonra həmin mənzildə yaşamışdır. Hesab edir ki, qonşular cavabdehin xeyrinə ifadə verir, həqiqəti demirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, əgər iddiaçı həqiqətən son vaxtlara kimi mübahisə predmeti olan yaşayış sahəsində yaşamışdırsa, o zaman onu qonşular tanıyardı. Halbuki, istər araşdırma zamanı dindirilmiş şahidlər, istərsə də apellyasiya icraatı zamanı yerində müayinə zamanı qonşular iddiaçını tanımadıqlarını, onun orada yaşamaması birmənalı olaraq qeyd etmişlər. İddiaçı yerində baxış zamanı bir nəfər qonşu təqdim edə bilməmişdir ki, onun orada yaşamasını təsdiq etsin. İddiaçının məqsədi ora köçmək deyil, söküntü ilə əlaqədar pul almaqdır. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, mübahisə predmet olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, bir iqtisadi dəyər kimi uzun müddətdir ki, mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. İşdə olan arayışlara əsasən tərəflərin validenləri və onların ailə üzvləri hələ 1955-ci ildən etibarən orada yaşayış yeri üzrə qeydiyyat alınmışlar (məsələn, X16 1955-ci ildə, onun həyat yoldaşı 1959-cu ildə və s.). Eyni zamanda tərəflər bacı və qardaş olmaqla, həmin yaşayış sahəsi üzrə qeydiyyata alınmışlar. Cavabdeh ailə üzvləri ilə hazırda da həmin yaşayış sahəsində yaşayır. İddiaçı isə 1976-cı ildə X17 ilə ailə həyatı qurmuşdur. İddiaçının bildirməsinə (iddiasına) görə o, həmin yaşayış sahəsində yaşamış, 1976cı ildə ailə həyatı qurmuş, bundan sonra həyat yoldaşı ilə orada yaşamaqda davam etmiş, 2010-cu ildə anasının vəfatından sonra mübahisələr başlamış, sonradan onun yaşadığı 14,4 m2 hissə zəbt olunmuş, bu səbəbdən də orada yaşaya bilməmiş, lakin qardaşı ona vəd vermişdir ki, gələcəkdə ev sökülən zamanı onun da payı veriləcəkdir, buna baxmayaraq söküləcək evlərin sakinləri siyahıya alınan zamanı onun adı qeyd edilməmiş, hüquqları pozulmuşdur. Cavabdeh tərəf isə, iddiaya etiraz edərək, iddiaçının 1976-cı ildə ailə qurduqdan sonra başqa yaşayış sahəsinə köçməsini, orada yaşamamasını, arada yalnız qonaq kimi gəlib-getməsini, hazırda yaşayış hüququnun olmamasını və s. bildirir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı uzun müddət əvvəl başqa yaşayış yerinə köçməklə, mübahisə predmeti olan evdə yaşamamqla ora olan istifadə hüququnu itirmişdir. Bu səbəbdən də yaşayış sahəsinə köçürülmə barədə iddia təmin oluna bilməz. Həmçinin iddiaçının mübahisə predmeti olan yaşayış sahəsində qeydiyyatda olması da vəziyyəti dəyişdirmir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd dir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Eyni zamanda, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, cavabdehi tanıyır, üzbəüz qonşusudur. Bakı şəhəri, Seyfəddin Dağlı küçəsində yaşayır. Belə ki, 42 il bundan qabaq, yəni 1979-cu ildə ora gəlin gəlmişdir. Bəzən qonşularla həyətdə oturanda Solmaz xanım anasıgilə gələndə demişdir ki, “bu xanım kimdi”, qonşular isə “Şölənin qızıdır” cavabını vermişlər. Solmazı və ya ərini şəxsən tanımır. Əfqan və İradə ilə yaxşı münasibəti var, qonşudur, gediş-gəlişləri vardır. Solmazı mübahisəli yaşayış sahəsində yaşayan görməmişdir. Eyni zamanda işdə olan Bakı şəhəri, Seyfəddin Dağlı küçəsində yaşayan (qeydiyyatda) olan sakinlər X5, X12 və X2 birinci instansiya məhkəməsinə ünvanladıqları 22 iyul 2021-ci il tarixli ərizələrində - iddiaçının 1976-cı ildən etibarən ünvan 4 ünvanda yaşamamasını göstərmişlər. İşdə olan "xxxx" MMC-nin iddiaçıya ünvanladığı 05 may 2021-ci il tarixli məktubdan görünür ki, mübahisəli yaşayış sahəsinin yerləşdiyi ərazidə yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Bu məqsədlə orada yaşayan sakinlərin müvafiq müqavilələr bağlanmış, iddiaçı isə sözügedən ünvanda yaşamadığından onunla müqavilə bağlanması nəzərdə tutulmamışdır. Apellyasiya icraatı zamanı yerində müayinə (baxış) zamanı müəyyən olunmuşdur ki, mübahisəli yaşayış sahəsində iddiaçının əvvəllər yaşamasını iddia etdiyi sahədə faktiki olaraq cavabdehin oğlu X15 ailəsi ilə yaşayır. İddiaçının həmin sahədə hər hansı əşyası müəyyən olunmadı. Yerində müayinə zamanı X15 şahid qismində ifadə verərək göstərmişdir ki, iddiaçı onun bibisi, cavabdeh isə atasıdır. Kiçik yaşlarından etibarən iddiaçını orada yaşayan görməmişdir. İddiaçı ailə həyatı quraraq oradan köçmüşdür. Keçən müddət ərzində iddiaçı arada qonaq kimi gəlib-getmişdir. İddiaçı özünün ailəsi ilə ünvan 3-də yaşayır. O, hələ uşaq olanda iddiaçının yaşadığı həmin ünvana qonaq kimi gedib-gəlmiş, bibisi uşaqları ilə vaxt keçirmişdir. İddiaçının uşaqları, yəni onun bibisi uşaqları da həmin ərazidə (Nərimanov rayonunda) məktəbə gediblər. İddiaçının bildirdikləri həqiqətə uyğun deyildir. Bununla yanaşı, yerində müayinə zamanı şahid hismində ifadə vermiş qonşular (X7, X3) bildirmişlər ki, cavabdehi və onun ailə üzvlərini tanıyırlar, yaxın qonşudurlar. Lakin, iddiaçını tanımırlar, onun mübahisə predmeti olan ünvanda yaşadığını görməmişlər. Bildiklərinə görə iddiaçı cavabdehin bacısıdır, uzun müddət əvvəl ailə quraraq başqa yerə köçmüşdür. Həmçinin qeyd edilməlidir ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsi, ev 11, 45 saylı mənzil 21 avqust 1998-ci il tarixdə X8 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı “ASAN" xidmət mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1892 reyestr nömrəli 07 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzil X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı bildirmişdir ki, X17 onun həyat yoldaşı olmuş, Vüsalə Əlimədətova isə qızıdır. O, hazırda da ünvan 3 ünvanında yaşayır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Beləliklə, işin müəyyən olunmuş hallarına və tədqiq olunmuş sübutlara əsasən iddiaçı ailə həyatı quranadək mübahisəli yaşayış sahəsində yaşamış, sonradan başqa yaşayış sahəsinə köçmüşdür. Qeyd edilməlidir ki, yaşayış sahəsindən istifadə etmək hüququ mütləq deyildir, müvafiq əsaslar aradan qalxdığı andan keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin hallarından göründüyü kimi, iddiaçının uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamaması və başqa yaşayış məntəqəsinə köçməsi onun əvvəllər mövcud olmuş istifadə hüququnun xitamı ilə nəticələnmişdir. Məhkəmə kollegiyası, xüsusilə müddətin həddindən artıq olmasını və işin qeyd edilən digər faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmış, o, yaşayış sahəsinə istifadə hüququnu itirmişdir. Bu baxımdan iddiaçının yaşayış sahəsində qeydiyyatda olması barədə dəlilləri də vəziyyəti dəyişdirmir. İddiaçının bildirdiyi hallar, yəni son bir-neçə ilədək mübahisəli yaşayış sahəsində yaşaması, sonradan yaşadığı sahəsinin cavabdeh tərəfindən zəbt olunması və s. məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İddiaçının özü də bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, tələbini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının mübahisəli evdə qeydiyyatda olması faktı da özü-özlüyündə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etməz. Çünki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin hallarından (istər iddia ərizəsindən, istərsə də iddiaçının bildirdiklərindən və s.) açıq-aşkar görünür ki, iddiaçının hazırki iddianı qaldırmaqda məqsədi mübahisəli yaşayış sahəsinin gələcəkdə sökülməsi nəticəsində müəyyən mənfəət əldə etməkdir. Yəni, iddiaçının hazırki vəziyyətdə mübahisəli yaşayış sahəsinə köçməsi və orada yaşaması zərurətinin mövcudluğu müəyyən olunmur. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın yoxlanılan hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(004)-4425/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(004)-4425/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar