Məhkəmə qərarları › İş №2(103)-239/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-239/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-239/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X9, X10, X4, X2, X3, X8 və X5 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 484.000 manat (100%) pay dəyəri tam ödənilmiş Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Yasamal rayonu B.Səfəroğlu küçəsi 539-cu məhəllədə inşa edilən 16-18 mərtəbəli yaşayış binasının ərazisində yerləşən ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin tikilərək ona təhvil verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə çıxrılmasını xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-1103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Vahid Hacıyev) ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən 484.000 (dörd yüz səksən dörd min) manat (100%) pay dəyəri tam ödənilməklə Cavabdeh Mənzil Tikinti Kooperativindən alınmış Bakı şəhəri Yasamal rayonu B.Səfəroğlu küçəsi 539-cu məhəllədə inşa edilən 16-18 mərtəbəli yaşayış binasının ərazisində yerləşən ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin tikilərək İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) üzərinə qoyulmuşdur.

3. Həmin qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Hazırkı mülki işə apellyasiya qaydasında baxılarkən X6, X9, X10, X4, X2, X3, X8 və X11 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişlər.

5. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert qarşısında İddiaçı ilə Cavabdeh MTK-nın sədri Elşad Nəcəfov arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədə göstərilən -Cavabdeh MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu B.Səfəroğlu küçəsi 539-cu məhəllədə inşa edilən 16-18 mərtəbəli yaşayış binasının ərazisində yerləşən ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin həmin binanın ilkin tikinti-layihə sənədlərində nəzərdə tutulub-tutulmamasının müəyyən edilməsi sualı qoyulmuşdur.

6. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2005-ci il tarixli, 18/04-608 №-li razılaşdırılmış Bakı şəhəri Yasamal rayonu, B.Səfəroğlu küçəsi 539-cu məhəllədə yerləşən hündürmərtəbəli yaşayış binasının eskiz layihəsinin baş planında ərazinin hüdudları daxilində müxtəlif tikililər göstərilsə də, layihədə iki səviyyəli yeraltı qaraj (78 maşınlıq və 74 maşınlıq) və dörd bloklu yaşayış binasının texniki parametrləri barəsində məlumatlar qeyd olunmuşdur. Həmin layihədə ümumi sahəsi 220 kv.m olan ayrıca qeyri-yaşayış sahəsi barəsində hər hansı məlumat göstərilmədiyindən, İddiaçı ilə Cavabdeh MTK-nın sədri Elşad Nəcəfov arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədə göstərilən Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi 539-cu məhəllədə inşa edilən 16-18 mərətəbəli yaşayış binasının ərazisində yerləşən ümumi sahəsi 220 kv.m. olan qeyri-yaşayış sahəsinin həmin binanın ilkin tikinti layihə sənədlərində nəzərdə tutulub-tutulmaması barədə tədqiqat aparılmadı.

7. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, bildirmişdir ki, 2(103)-239/2025 saylı mülki iş üzrə Cavabdeh Mənzil Tikinti Kooperativindən qətnamədə nəzərdə tutulan 220 kv.m olan qeyri-yaşayış sahəsi əvəzinə həmin binanın 2 zirzəmisində yerləşən qeyri-yaşayış sahələrini (qarajları) almışdır, odur ki, Cavabdeh MTK-ya qarşı hər hansı tələbi yoxdur. Bu səbəbdən cavabdehə qarşı olan iddiasından imtina edir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iclasında Maraqlı şəxs, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Y.İbrahimov, A.Həbibov, A.Rzayev, X.Amaşov, B.Dadaşzadə, F.Məmmədov, S.Əliyev və F.Quliyevin nümayəndə və vəkili Nümayəndə iddiadan imtinaya dair ərizənin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

11. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Məhkəmə kollegiyası iddiadan imtinaya dair ərizəni müzakirə edərək hesab edir ki, iddiaçının iddiasından imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

13. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

14. Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər.

15. Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

16. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.

17. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

18. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Nəticə:

19. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair ərizəsindən imtinası məhkəmə tərəfindən qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır.

20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

21. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402.2.4-cü maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin öz qulluq mövqeyinə əsasən gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə, yəni icraatı başlamış tərəflərin vəsatətinin (xahişinin) təmin olunmasının rəsmiləşdirilməsi ilə bağlıdır. Məlum məsələdir ki, vəsatəti (xahişi) təmin olunan tərəfin, xahişinin təmininə dair məhkəmə aktını (qərardadını) mübahisələndirməsi öz-özlüyündə məntiqsiz və anlaşılmaz olardı. Bu baxımdan da, müəyyən olunur ki, iddiaçının iddiasından imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

22. MPM-in 122.1-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir.

23. Bu baxımdan, ekspertiza xərci iddiaçıdan tutulmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələblərindən imtinası qəbul edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah olunsun. Ekspertiza xərcinin əvəzi cəmi 50 (əlli) manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar