Məhkəmə qərarları › İş №2(103)-2391/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2391/2024

24.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2391/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: məzuniyyət haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “məzuniyyət haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-996/2023 saylı 27 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ******* nömrəli, xx.xx.2014-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh MMC-də satış üzrə menecer vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixində sifariş üzrə agent vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə isə ƏM-in 68-ci maddəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmişdir.

2. Cavabdeh MMC-nin 57/k-2017 saylı, xx.xx.2017-ci il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin satış meneceri İddiaçı xx.xx.2017-ci il tarixdən AR Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olaraq sifariş üzrə agent vəzifəsinə keçirilməsi, xx.xx.2014-xx.xx.2017-ci il dövrü üzrə istifadə edilməmiş məzuniyyətə görə 87,5 təqvim günü müddətinə pul əvəzinin ödənilməsi əmr edilmişdir;

3. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “sifariş üzrə agent” vəzifəsinə aylıq əmək haqqı 200 manat olmaqla işə qəbul edilmişdir. Əsas məzuniyyətin müddəti 21 təqvim günüdür.

4. İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2017-xx.xx.2018-ci iş ilinə aid növbəti məzuniyyətin verilməsini xahiş etmişdir.

5. Cavabdeh MMC-nin 37/m/fm-2018 saylı, xx.xx.2017-ci il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin sifariş üzrə agenti İddiaçı xx.xx.2017- xx.xx.2018-ci iş ili üçün xx.xx.2018-ci il tarixdən 21 təqvim günü müddətində növbəti məzuniyyətin verilməsi qərara alınmışdır. O, xx.xx.2018-ci il tarixdən işə başlamalıdır.

6. İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2018-xx.xx.2019-cu iş ilinə aid növbəti məzuniyyətin verilməsini xahiş etmişdir.

7. Cavabdeh MMC-nin 31m/fm-2019 saylı, xx.xx.2019-cu il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin sifariş üzrə agenti İddiaçı xx.xx.2018- xx.xx.2019-cu iş ili üçün xx.xx.2019-cu il tarixdən 21 təqvim günü müddətində növbəti məzuniyyətin verilməsi qərara alınmışdır. O, xx.xx.2019-cu il tarixdən işə başlamalıdır.

8. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2019-xx.xx.2020-ci iş ilinə aid növbəti məzuniyyətin verilməsini xahiş etmişdir.

9. Cavabdeh MMC-nin 69m-5/fm-2020fm saylı, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin sifariş üzrə agenti İddiaçı xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün xx.xx.2020-ci il tarixdən 27 təqvim günü müddətində növbəti məzuniyyətin verilməsi qərara alınmışdır. O, xx.xx.2020-ci il tarixdən işə başlamalıdır. 10.İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2020-xx.xx.2021-ci iş ilinə aid növbəti məzuniyyətin verilməsini xahiş etmişdir.

11. Cavabdeh MMC-nin 26m-3/fm-2021 saylı, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin sifariş üzrə agenti İddiaçı xx.xx.2020- xx.xx.2021-ci iş ili üçün xx.xx.2021-ci il tarixdən 21 təqvim günü müddətində növbəti məzuniyyətin verilməsi qərara alınmışdır. O, xx.xx.2021-ci il tarixdən işə başlamalıdır. 12.İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdən öz xahişinə əsasən işdən azad edilməsini xahiş etmişdir. 13.Cavabdeh MMC-nin 60/2022f saylı, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin sifariş üzrə agenti İddiaçı xx.xx.2022-ci il tarixdən öz xahişinə əsasən, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndinin tələblərinə uyğun olaraq işdən azad edilməsi və ona xx.xx.2021-xx.xx.2022-ci il dövrü üzrə istifadə edilməmiş 19.25 təqvim günü müddətində məzuniyyətə görə pul əvəzinin ödənilməsi qərara alınmışdır.

14. İnzibati xəta haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, İddiaçı əmək və məzuniyyət haqlarının ödənilməsində əmək qanunvericiliyinin tələbləri pozularaq İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 15.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-996/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı məzuniyyət haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, mülki iş müvafiq ekspert rəyinin alınması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə iki dəfə göndərilmiş, lakin hər ikisində ekspertizanın aparılmasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4.656 manat məbləğində ödənilməmiş məzuniyyət pulunun və 67 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğinin, cəmi 4.723 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixli əmrlə Cavabdeh MMC-yə satış üzrə menecer vəzifəsinə işə qəbul olunmuş və bununla bağlı tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə üzrə üzərinə düşən vəzifələr tərəfindən layiqincə icra edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən onu işdən azad etmişdir. Bununla belə, bir təşkilatda işlədiyi 8 il ərzində ona məzuniyyət pulu ödənilməmişdir. Son haqq-hesab ödənildikə isə məlum olub ki, Şirkət ona həmin məzuniyyət pulunu verməyib. Bununla bağlı tərəfindən müraciətləri nəticə vermədiyindən aidiyyəti üzrə Əmək Müfəttişliyinə şikayət etməli olub. Şikayəti əsaslı olduğuna görə isə (İXM-nin 192.4-cü maddəsinin tələbləri pozulmuşdur). Cavabdeh MMC barəsində MN № ******* olan inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmə qərarı verilmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq Cavabdeh MMC bu gün də ona ödənilməmiş məzuniyyət pulunu verməkdən imtina edir. Qanunvericiliyin tələbinə görə tərəfindən aidiyyəti üzrə Mediasiya Təşkilatına müraciət olunaraq mübahisənin həll edilməsini xahiş etmişdi. Lakin, Cavabdeh MMC imtina etdiyinə görə mediasiya təşkilatı ona arayış təqdim etmək məcburiyyətində qalıb. Cavabdeh MMC tərəfindən ona işlədiyi dövr üzrə məzuniyyət pulunun ödənilməməsi tam qanunsuz olmaqla onun konstitusion hüquqlarını pozur. Onun əmək haqqı aylıq 650 manat olmaqla, (çıxılmalar nəzərə alınaraq) hesaba köçürülən 582 manat təşkil etmişdir. Və ən azından 21 təqvim günü məzuniyyəti nəzərə almaqla 8 il ərzində bu 168 gün təşkil edir.

18. Cavabdeh MMC iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Cavabdeh MMC-nin hazırkı rəhbərliyi hüquqi şəxsin 2017-ci ildə təsis payını almışdır. "xxxx" ASC-nin İddiaçı aid bank hesabından çıxarışdan da göründüyü kimi Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixdə 683,76 manat məzuniyyət pulu ödəniş edilmişdir. Hesabdan çıxarışdan da göründüyü kimi həmin dövr ərzində İddiaçı əmək haqqı 187,70 manat təşkil etmişdir. Cavabdeh MMC-nin hazırkı rəhbərliyi tərəfindən hüquqi şəxsin 2017-ci ildə təsis payı əldə ediləndən sonra 57/K-2017 fm saylı xx.xx.2017-ci il tarixli əmr ilə İddiaçı xx.xx.2014-cü il - xx.xx.2017-ci il ərzində 87.5 təqvim günü hesablanmış 683,76 manat məzuniyyət pulu ödənilmişdir. Cavabdeh MMCnin 37m-3/fm-2018 saylı xx.xx.2018-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə iyun ayı üzrə 167,32 manat məzuniyyət pulu ödənilmişdir. Cavabdeh MMC-nin 31m/fm2019 saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə iyun ayı üzrə 415,86 manat məzuniyyət pulu ödənilmişdir. Cavabdeh MMC-nin 69m-5/- 2020fm saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə noyabr ayı üzrə 562,04 manat məzuniyyət pulu ödənilmişdir. Cavabdeh MMC-nin 26m-3/fm-2021 saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə iyun ayı üzrə 567,25 manat məzuniyyət pulu ödənilmişdir. Cavabdeh MMC-nin 60/2022f saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı 406,47 manat məzuniyyət pulu ödənilmişdir. Yuxarıda göstərilən əmrlərdən göründüyü kimi İddiaçı tərəfindən məzuniyyətə çıxarılması ilə bağlı ərizə ilə Cavabdeh MMC-yə müraciət edilmiş və müraciətləri ilə bağlı müvafiq əmrlər tərtib edilərək ona məzuniyyət pulları ödənilmişdir. Bundan başqa iddiaçının Cavabdeh MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tərtib edilmiş MN № ******* nömrəli xx.xx.2022-ci il tarixli protokola istinad etməsi isə əsassızdır. Belə ki, həmin protokolda pozuntunun hansı dövrü əhatə etməsi ilə bağlı heç bir bənd qeyd edilməmişdir. Göründüyü kimi həmin maddənin tərkib hissəsi olaraq çox sayda pozuntular sadalanır. Həmin protokolda isə məhz məzuniyyət haqlarının verilməsinə dair xüsusi qeyd yoxdur. İddiaçının öz mövqeyini sübut edə biləcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tələb etdiyi müddət ərzində məzuniyyət hüququndan istifadə etmədiyini bildirmiş olsa da, bu işdə olan sübutlarla təkzib olunur. İddiaçının məzuniyyət haqqında ərizəsinin və müvafiq əmrin olması iddianın əsassızlığını sübut edir. Bundan başqa məzuniyyət hüququndan istifadə etməmişdirsə, qeyd edilən müddət ərzində də hüquqlarının pozulması ilə bağlı müraciət edə bilərdi. Lakin şikayət məhz işdən azad olunduqdan sonra verilmişdir. İddiaçının mövqeyi əsassızdır.

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-996/2023 saylı, 027 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehin, xx.xx.2014xx.xx.2022-ci illər üzrə iş vaxtının tabel uçotu, hesablanmalı olan əmək haqqı, məzuniyyət haqlarının ödənilməsi ilə bağlı digər sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Bu hüquqi mövqedən çıxış edən məhkəmə müvafiq sənədlərin təqdim edilməsi məqsədi ilə tərəfə dəfələrlə məhkəmə sorğusu göndərsə də, sübutlar tam şəkildə təqdim edilməmiş, bu səbəbdən ekspertiza keçirilməsi, məzuniyyət haqlarının və ya onun pul əvəzinin tam şəkildə ödənilib-ödənilməməsi, ödənilməmişdirsə, hansı məbləğdə borcun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır.

21. Həmçinin məhkəmə qeyd etmişdir ki, əvvəlki illərdə hansı məbləğdə məzuniyyət pulunun ödənilməsi və s. barədə məlumatların (müvafiq əmrlər, işçilərin iş vaxtının aylıq uçot cədvəl və s.) işəgötürəndə olması nəzərə alınmalı, həmin sübutlar cavabdeh tərəfindən tam şəkildə təmin edilmədiyindən, iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında tələb edilən məbləğ müəyyən olunmuş hesab edilməlidir. Cavabdeh əvvəlki dövrlər üzrə zəruri sübutların onlarda olmaması səbəbindən təqdim edilməsinin mümkünsüzlüyünü bildirsə də, bu hal yaranmış hüquq münasibətlərində daha zəif tərəf olan işçinin ziyanına şərh edilməməlidir. Belə ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halları sübut etmək yükünün işçinin üzərinə qoyulması hüquq bərabərliyinin, mənafelərin haqq-ədalətlə təmin olunması prinsipləri ilə ziddiyyət təşkil edir.

22. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı halda iddia tələbinin əksini sübut etmək vəzifəsinin cavabdehdə olmasını, cavabdehin həmin halı mötəbər sübutlarla təkzib edə bilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyindən 2014-2022-ci illər üçün ödənilməmiş əmək məzuniyyəti haqqının (və ya pul əvəzinin) tutulması barədə iddia tələbi təmin edilməlidir. Tutulacaq məbləğlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində məzuniyyət müddətini hər il 21 gün olmaqla, 8 il üçün ümumilikdə (halbuki müəyyən dövr üzrə əmrlərdə 27 gün qeyd olunmuşdur) 4656 manat pul tələb edir. 8 il üzrə ödənilməyən məzuniyyət haqqının məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və bu məbləğin məhkəmə tərəfindən hesablanması mümkün olmadığından, Mülki Prosessual Məcəllənin 97.5 və 106.2-ci maddələrinin tələbinə uyğun olaraq həmin məbləğ müəyyən edilmiş hesab edilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin İİ hissəsinə, Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2, 87.5, 140.5, 135.2, 143.2, 144.2, 154.2 və 172.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-996/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd edilmişdir ki, mülki iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də hər ikisində zəruri sübutlar təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Halbuki, iş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən hesabdan çıxarışlar, təfsilatlı əmək haqqı cədvəlləri, əmək günlərinin cədvəlləri, ödəniş tapşırıqları, əmrlər, işçinin ərizələri, son haqq-hesab ödənişləri məhkəməyə təqdim edilmişdir. Tərəfindən 2014-2017ci illər ərzində DSMF hesabatlarında işçilərin əmək haqlarını və hesablanan DSMF məbləğlərinin təqdim edilməsi üçün vergi orqanına müvafiq sorğu verilmişdir. Hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi zəruridir. Cavabdeh tərəfin əlində olan bütün sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə hesab etmişdir ki, xx.xx.2014-xx.xx.2022-ci illər üzrə iş vaxtının tabel uçotu, hesablanmalı olan əmək haqqı, məzuniyyət haqlarının ödənilməsi ilə bağlı digər sübutlar tam şəkildə təqdim edilməmiş, bu səbəbdən ekspertiza keçirilməsi, məzuniyyət haqlarının və ya onun pul əvəzinin tam şəkildə ödənilib-ödənilməməsi, ödənilməmişdirsə, hansı məbləğdə borcun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən tapa bilmədiyi sənədlərlə bağlı məhkəmə qarşısında vəsatət qaldırılaraq xx.xx.2014-xx.xx.2017-ci illər üzrə sənədlərin müvafiq qurumlardan tələb edilməsi xahiş edilsə də, buna heç bir münasibət bildirilməmişdir. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, hakim qətnaməsində məzuniyyət haqlarının ödənilib-ödənilməməsi və hər hansı borcun mövcud olub-olmamasının müəyyən edilməsinin mümkün olmadığını qeyd etməsinə baxmayaraq formal mülahizələr və hesablamalar əsasında iddiaçı tərəfin bildirdiyi məlumatlarla tələb edilən məbləği müəyyən olunmuş hesab etmişdir. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi 11 avqust 2017-ci ildə işçi ilə yeni əmək müqaviləsi bağlanılarkən ona son haqq-hesab olaraq 2014-2017-ci illər üçün avqust ayı üzrə əmək haqqı daxil olmaqla cəm 683,76 manat (əmək haqqı 181,3 və illik kompensasiya 502,02 manat) ödənilmişdir. Əgər işçinin dediyi kimi məzuniyyət haqqı ödənilməmişdisə o bunu 2017-ci ildə bilmiş, təbii olaraq buna etiraz etməli və müvafiq qaydada şikayətini bildirməli olduğu halda etməmişdir. Lakin işçinin keçən dövr ərzində şikayət etməməsinin səbəbi həqiqətən də ona 2014-2017-ci illər üçün istifadə edilməmiş 87,5 təqvim günü məzuniyyət görə kompensasiyanın ödənilməsi olmuşdur. İstənilən halda iddiaçı qanunla müəyyən edilmiş 1 illik müraciət müddətini ötürmüşdür. Normaların məzmununda müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etməyən işçiyə həmin iş ili (illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulur. Hakim tərəfindən əsassız olaraq işçinin 8 il ərzində ümumiyyətlə məzuniyyət pulu almadığı qənaətinə gəlinmiş və iddiaçının tələbi tam təmin edilmişdir. Halbuki, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı 27 sentyabr 2017-ci il tarixdə xx.xx.2014-xx.xx.2017-ci il dövrü üzrə 87,5 təqvim günü istifadə edilməmiş məzuniyyət müddətinə görə pul əvəzi olaraq 683,76 manat, xx.xx.2021-xx.xx.2022-ci il dövrü üzrə 19.25 təqvim günü istifadə edilməmiş məzuniyyət müddətinə görə 406,47 manat (kompensasiya) ödənilmişdir. Qeyd edilən norma işçi işdən çıxarkən ona düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün verilməsini nəzərdə tutur. Nəzərdən qaçırılmışdır ki, İddiaçı 01 iyul 2022-ci il tarixdə öz xahişi ilə işdən çıxdığına görə Cavabdeh MMC-nin 60/2022f saylı 01 iyul 2022-ci il tarixli əmrinə əsasən xx.xx.2021xx.xx.2022-ci il dövrü üzrə 19.25 təqvim günü istifadə edilməmiş məzuniyyət müddətinə görə 406,47 manat kompensasiya ödənilmişdir. Ödəniş sənədlərinə əsasən müəyyən edilir ki, işlədiyi dövrdə işçi əmək haqlarını aylar üzrə kart hesabına ödənməklə tam şəkildə almışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi-vəkili X4 apellyasiya şikayəti müdafiə edərək bildirmişdir ki, İddiaçı 1 sentyabr 2014-cü ildə Cavabdeh MMC-də satış üzrə menecer vəzifəsinə işə qəbul olunub və 11 avqust 2017-ci ildə sifariş üzrə agent vəzifəsinə keçirilib. Həmin dövrdə qarşı tərəfə 87,5 təqvim günü məzuniyyət müddəti hesablanıb və bununla bağlı iş materiallarında əmr vardır. Nəticədə 683 manat 76 qəpik son haqq-hesab ödənilib. Bundan sonrakı dövrdə, yəni 2018-ci ildən işdən çıxdığı 2022-ci ilə kimi (mən tərəfdən hazırlanan qeyri-rəsmi siyahıda) İddiaçı kartına pul köçürülməklə əmək haqqını alıb. Belə ki, siyahıya görə 11 avqust 2017-ci ildən 2022-ci ilin 1 iyul tarixinə kimi İddiaçı kartına pul köçürülməklə əmək haqqını alıb. Sadəcə olaraq birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmayıb, qarşı tərəfin gətirdiyi dediklərinə əsasən yekun məhkəmə aktını – qətnaməni çıxarıb və 8 ilin məzuniyyət pulunun ödənilməməsi qənaətinə gəlib. 26 iyul 2022-ci il tarixdə 406 manat son haqqhesab ödənilib, lakin birinci instansiya məhkəməsi bunu nəzərə almayıb. Bundan başqa 2019-cu ildə cədvəl üzrə baxsaq, İddiaçı 13 ayın əmək haqqısı ödənilib və bunlardan biri məzuniyyət puludur. Əldə olan sübutların hamısını birinci instansiya məhkəməsinə çatdırılıb. İddiaçı əmək haqqısı aylar üzrə kartına köçürülməklə ödənilib. Bundan əlavə 26 iyul 2022-ci ildə qarşı tərəfə son haqq-hesab ödənilib. Son haqq-hesab istifadə edilməmiş məzuniyyət haqqı və ya həmin dövr üçün ödənilməyən əmək haqqının bir hissəsi ola bilər. Bundan başqa birinci instansiya məhkəməsində vəkil tərəfindən vəsatət verilib, həmin sənədlərin dövlət orqanlarından əldə olunması ilə bağlı vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Vəsatətdə qeyd edilən sənədlər məhkəməyə təqdim olunmuşdur. Ödəniş sənədləri deyəndə uçot sənədləri, mühasibat sənədləri nəzərdə tutulur, hansı ki, burada mühasib aylar üzrə hamısını nəzərdə tutur. Burada iki dəfə haqqhesab olubdur, birincisi 2017-ci ilin 1 avqust tarixində, ikincisi isə 2022-ci ilin iyul ayında olmuşdur. İşdən çıxma ilə bağlı əmrlər vardır. 2014-2017-ci illər ərzində sosial ayırmalarla bağlı məlumat iş materiallarında yoxdur. İnzibati xəta haqqında protokol tərəfindən mübahisələndirilməmişdir X3 tərəfindən Cavabdeh MMC-nin cərimələnməsinin səbəbi əmək qanunvericiliyinin normalarının pozulması ilə əlaqədardır. Orada sadəcə son-haqq hesabın gecikdirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh MMC 20 gün ərzində iddiaçının son-haqq hesabını gecikdirmişdir. Protokolun tərtib edilmə əsası odur. Tabel kitabının olub-olmamasından məlumatı yoxdur. Əgər tabel kitabı olsa idi onu təqdim edərdi. İddiaçının məzuniyyətə çıxması ilə bağlı ərizələridə vardır. Bundan başqa “Məhkəmə İşlərinin Elektron İdarəetmə Sistemi” vasitəsilə iddia müddətinin tətbiqinə dair ərizə yerləşdirilmişdir.

28. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, o, satış sektorunda işləyirdi. Məzuniyyət günündə İnsan resurslarının əməkdaşı onlara yaxınlaşaraq ərizəyə imza çəkdirirdi. O, il ərzində cəmi qeyrirəsmi olaraq 1 həftə məzuniyyətə çıxmışdır. O, 2019-cu ilə kimi 09:00 giriş saatında və 18:00-da çıxış saatında tabelə imza atmışdır. 2019-cu ilin sonundan 2022-ci ilin iyun ayının 30 iyuna kimi barmaq izi ilə giriş-çıxışı olmuşdur. 21 təqvim günü məzuniyyətə çıxmaq istəyənə icazə verilmirdi və bildirilirdi ki, satış işçiləri həmin müddətə məzuniyyətə çıxa bilməz. 1 həftə qeyri-rəsmi olaraq əl yazma ilə ərizə yazaraq 5 günlük məzuniyyətə çıxırdı. Yerdə qalan bütün günlərin hamısında işdə olmuş, həm tabelə qol çəkmiş, həm də barmaq izlərindən istifadə etmişdir. Məzuniyyət pulu ilə bağlı dəfələrlə müraciət etmiş, lakin verilməyibdir. 560 manat ödəniş olunurdu, daha sonra ay sonunda yerdə qalan məbləğ 20- 30 manat maaşın üzərinə əlavə kimi verilirdi. O, 2011-ci ildən orada işləyir, 2014-cü il tarixində rəsmiləşmə olmuşdur. 683 manat ödənişlə bağlı bildirmişdir ki, may ayının sonunda cavabdeh şirkət bağlandı və onlar Nurgün şirkətinin tərkibinə daxil oldu. İlin sonunda onlara kompensasiya verilmirdi, onlar maksimum bir həftə məzuniyyətə çıxırdı, ərizədə 21 gün qeyd olunurdu. Onlara məzuniyyət pulu verilməyibdir. Onlar ərizədə qeyd edirdi ki, növbəti il məzuniyyətindən 5 təqvim günü icazə verilsin. 2017-2017-ci illərə aid əmək müqaviləsi onda vardır. Mühasibatlıqdan onları çağıraraq məzuniyyət ərizələrinə imza çəkdiriblər, lakin məzuniyyətə buraxmırdılar. İl ərzində bir həftəlik məzuniyyətə buraxırdılar. 2017-ci ilə kimi qapıda tabel olurdu, tabelə imza çəkirdilər. 2017-2018-ci illərdə isə barmaq izi olurdu. İşlədiyi dövr üçün onlar əmək haqlarını alırdı. Hazırda isə kompensasiyanı tələb edir.

29. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məzuniyyət pulu verilməmişdir, ödənilən məbləğ əmək haqqı olmuşdur. Əmrlə məzuniyyətin müddətinin 21 təqvim günü rəsmiləşdirilməsinə baxmayaraq o, işə cəlb edibdir. Birinci instansiya məhkəməsində iş materialları kifayət qədər araşdırılan zaman cavabdeh tərəfindən giriş-çıxış qeydiyyat kitabı və yaxud barmaq izi ilə bağlı giriş-çıxışa dair sübutlar təqdim olunmamışdır. Hesab edir ki, bu hərəkətlər cavabdeh tərəfindən məqsədyönlü olaraq edilmişdir.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi 34.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 35.9-cu maddəsinin “x” bəndinin tələblərinə görə işçinin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək kimi əmək hüququ vardır. 36.83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 37.113.1-ci və 113.3-cü maddələrinə əsasən, əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. 38.135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

39. 143.2-ci maddəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 40.144.2-ci maddələrinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 41.172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 42.195-ci maddəsinin d bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 43.296.4 və 296.6-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 45.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 46.Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (97.5). 47.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Bu zaman kompensasiya işçinin istifadə etmədiyi bütün məzuniyyətlər üçün ödənilir. İşçilərin həm əsas, həm də əlavə məzuniyyət günləri kompensasiya edilir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi işçiyə son haqq-hesab olaraq sonuncu iş günü ödənilir.

50. Hazırda iddiaçı istinad olunan dövrlərdə məzuniyyətə çıxmasının rəsmiləşdirilməsinə baxmayaraq işdə olduğunu, ona həmin aylar üzrə ödənilmiş pulun əmək haqqı olaraq verildiyini, əslində qanunvericiliklə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmədiyini, lakin cavabdeh onun müvafiq iş illərində əmək məzuniyyətlərindən istifadə etmədiyini nəzərə almadan həmin iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə əmək münasibətlərinə xitam verilərkən müəyyən məbləğdə kompensasiya ödəməmişdir.

51. Birinci instansiya məhkəməsi sübutetmə vəzifələrinin bölüşdürülməsinə və sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olmasının araşdırılması üçün zəruri sübutların (davamiyyət cədvəllərinin və s.) cavabdeh tərəfindən təqdim edilmədiyini, istinad olunan halların isə tərəflər arasında yaranmış hüquq münasibətlərində daha zəif tərəf olan işçinin ziyanına şərh edilməli olmadığını qeyd etmişdir. Məhkəmə vurğulamışdır ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halları sübut etmək yükünün işçinin üzərinə qoyulması hüquq bərabərliyinin, mənafelərin haqqədalətlə təmin olunması prinsipləri ilə ziddiyyət təşkil edir. 52.Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının iddianın əsası kimi istinad etdiyi dəlillərin cavabdeh tərəfindən təkzib edilə bilmədiyini qeyd edərək, ödənilmiş pul məbləğlərinin məzuniyyət haqqı olub-olmamasının, müvafiq iş illəri üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzinin tam şəkildə ödənilib-ödənilməməsi, ödənilməmişdirsə, hansı məbləğdə borcun mövcudluğunun, habelə iş üzrə xüsusi bilik tələb edən digər məsələlərin aydınlaşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. 53.Buna baxmayaraq ekspert tərəfindən vəsatətlərdə qeyd edilən sənədlərin təqdim edilməməsi əsası ilə tədqiqatın aparılmasından imtina edilmiş, ekspertizanın keçirilməsində marağı olan şəxsin cavabdeh tərəf olduğunu nəzərə alan birinci instansiya məhkəməsi də MPM-nin 97.5-ci maddəsinə istinad etməklə, 8 il üzrə ödənilməyən məzuniyyət haqqının məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və bu məbləğin məhkəmə tərəfindən hesablanması mümkün olmadığından iddia ərizəsində göstərilən məbləğin tutulmalı olduğu qənaətinə gəmişdir. 54.Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması və apellyasiya şikayətinin dəlillərinin yoxlanılaraq düzgün qiymətləndirilməsinin təmin edilməsi məqsədilə müvafiq ekspertizanın təyin edilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatətləri təmin edərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, lakin müvafiq tədqiqatın aparılması üçün tələb olunan sənədlərin təqdim edilməsi təmin edilmədiyindən ekspertin məhkəmənin qoyduğu suallar üzrə tədqiqat aparması mümkün olmamışdır. 55.Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin MPM-nin 97.5-ci maddəsinə əsaslanaraq ödənilməmiş kompensasiyanın iddiaçı tərəfindən göstərilmiş məbləğdə müəyyən edilməsi barədə gəldiyi qənaəti qanuni və əsaslı sayır. 56.Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi maddənin tələbinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 57.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 58.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 59.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-996/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar