Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2392/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, maraqlı şəxs – Maraqlı şəxs nümayəndəsi və vəkili X1 iştirakı ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti (Departament) ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyini, xx.xx.2018-ci il tarixinə həmin qurumun dövlət büdcəsinə 1 136 143,23 manat məbləğində vergi borcunun yarandığını, borcunu 5 gün ərzində ödəməsi barədə xx.xx.2018-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq öhdəliyini icra etmədiyini irəli sürmüş, buna görə də adı çəkilən Birliyin rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edən ərizəçinin nümayəndəsi şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi vergi ödəyicisinin vergi borcunun yaranmasında onun rəhbəri olan maraqlı şəxsin günahının olmadığı qənaəti ilə ərizəni təmin etməməklə qanunvericiliyin tələblərini pozmuş, hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının hüquqi şəxsin vergidən yayınmasında onun təqsirli olub-olmaması ilə şərtləndirilmədiyini nəzərə almamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə ərizəçinin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı ilə bağlı təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış ərizəçinin nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirərək onun təmin olunmamasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi hazırkı işi yeni apellyasiya baxışına göndərərkən öz mövqeyinin hüquqi əsası kimi qeyd etmişdir ki, “...hazırki iş xüsusi icraat qaydasında baxılmaqla borclu hüquqi şəxsin icraorqanın rəhbərinin vergi borcuna görə ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması iləəlaqədardır.İş üzrə maraqlı şəxs olan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin dövlətbüdcəsinə ödənilməmiş vergi borcunun olması və Maraqlı şəxs həmin hüquqi şəxsinicra orqanının rəhbəri olması işin mübahisə edilməyən halıdır.Nə Mülki Prosessual Məcəllədə, nə də Vergi Məcəlləsində huquqi şəxsin rəhbərinin ölkədən getmək hüququna məhdudiyyətin qoyulması, həmin hüquqi şəxsin vergidən yayınmasında təqsirinin müəyyən olunması halı ilə şərtləndirilməmişdir.Vergi borcunun hansı səbəbdən yaranması, maraqlı hüquqi şəxsin rəhbəri Maraqlı şəxs vergi borcunun yaranmasında təqsirinin olub-olmaması hazırki xüsusi icraat qaydasında baxılan mübahisənin predmeti deyildir.Vergi ödəyicisi olan hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getməkhüququnun müvəqqəti məhdudlaşdırılması hüquqi şəxsin vergi borcunun yaranmasında onun təqsirli olmasının təsdiqi və vergi borcunun yaranmasına görə tətbiq edilən cəza tədbiri deyil,artıq mövcud olan vergi borclarının dövlət büdcəsinə ödənilməsinin təmin etmək üçün görülən tədbirdir. Həmin tədbir də vergi öhdəliyini Vergi Məcəlləsində göstərilən əsaslar olduqda,həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə tətbiq olunur. Şərh olunan hallar AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1, Vergi Məcəlləsinin 23.1.15-3-cümaddələrinin məzmunundan irəli gəlir”. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin izahatını bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizəçinin (Departament) Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahişinə adı çəkilən şəxsin rəhbəri olduğu Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsinə 1 136 143,23 manatvergi borcunu ödəmədiyi iddiası əsas təşkil etmiş,məhkəmə isə vergi borcunun həmin Birliyin rəhbəri olan adı çəkilən şəxsin təqsiri ucbatından yaranmadığını, Birliyin dövlət tərəfindən verilən dotasiyalar hesabına əhalidən yığımda olan zərərin ödənilməsinə çalışdığını, yığım yetərəli olmadığına görə zərərlərin ilbəil artdığını, tariflərin günün tələblərinə cavab verməməsi və olduqca aşağı olması ilə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyyəti və Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yuxarı dövlət orqanlarına dəfələrlə müraciət olunsa da heç bir müsbət nəticə əldə edilmədiyini, hesablanmış vergi borcunun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirilməsini əsas gətirməklə ərizəni təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir; çünkü işin hallarından aydın olur ki, qismən büdcədən maliyyələşən təsərrüfat hesablı müəssisə olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Azərbycan Respublikasının dövlət orqanlarının müəyyən etdiyi tariflər əsasında əhaliyə kommunal xidmətlər göstərməklə onun vergi borcları təsərrüfat hesabından yaranmış, müəssisənin gəlirləri xərclərini tam ödəmədiyi üçün maliyyə təssərüfat fəaliyyətini zərərlə başa vurmuş, Dövlət tərəfindən verilən dotasiyalar hesabına əhalidən yığımda olan zərərin ödənilməsinə çalışsa da, yetərli olmadığına görə zərərlər ilbəil artmış, tariflərin günün tələblərinə cavab verməməsi və olduqca aşağı olması ilə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyyəti və Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən bir sıra dövlət orqanlarına dəfələrlə müraciət olunmuş, yaranmış maliyyə çətinlikləri səbəbindən dövlət büdcəsinə və sosial müdafiə orqanlarına xeyli miqdarda borc yarandığından işçilərə əmək haqqlarının ödənilməsində çətinliklər yarandığı vurğulanmış, maliyyə problemlərinin olmasına baxmayaraq son 3 il ərzində hesablanmış vergilər MKTB tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilmiş, ödənilmiş vəsaitlər vergi orqanı tərəfindən əvvəlki illərin vergi borclarına və faizlərinə silinmiş, nəticədə müəssisənin şəxsi hesab vərəqəsində vergi borcu azalmamış qalmışdır. İş materiallarından həmçini görünür ki, Suraxanı rayon MKTB tərəfindən müvafiq vergi borcunun əsassız hesablandığı iddiası ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır və hazırda həmin iddia ilə əlaqadar məhkəmə araşdırması gedir. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə görə isə, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Kollegiyanın qənaətinə görə, mülki-prosessual qanunvericiliyə yeni daxil edilən bu müddəalar, vergi ödəyicisini dövlət büdcəsinə yaranmış vergi borclarını ödəməyə məcbur etmək məqsədi daşıyır və əgər hesablanmış vergi borcu qeyri-müəyyən, bilavasitə Dövlət orqanları tərəfindən mübahisələndirilən borcdursa, belə borca görə şəxsin barəsində məhdudlaşdırma tətbiq olunması qanunun məqsədinə uyğun olmamaqla vergi ödəyicisinin konstitusion hüquqlarının pozulmasına imkan yarada bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü hissəsinə görə, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə görə də, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsdiq edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1882/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2392/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2392/2020
20.02.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver