Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2399/2020 17.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, X30 və X35 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, X1 nümayəndəsi X7, Cavabdeh, onun nümayəndəsi və vəkili X13 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi 4 saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il tarixli 105193 saylı orderə əsasən Bakı şəhəri, Buzovna qəs, A.Mirzəyev küçəsi, ev 4, mənzil 22 əri-X14 4 nəfər ailə üzvü ilə birlikdə iş yeri üzrə verilmişdir. X2 vəfat etməsi ilə əlaqədar olaraq sözügedən mənzilin icarə müqaviləsi onun adına rəsmiləşdirilməsinə dair H.Z.Tağıyev adına NQÇİnin 01487 xx.xx.2000-ci il tarixli rəyi verilmişdir. X8 ilə cavabdeh-X6 arasına nikah xx.xx.2002-ci ildə Bakı şəhəri, Əzizbəyov rayon VVADQ şöbəsində 506-cı sayla qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2003-cü ildə X16 və xx.xx.2005-ci il tarixində X17 adlı övladları anadan olmuşdur. xx.xx.2008-ci il tarixində X31 ilə cavabdeh- X6 arasına nikah pozulmuşdur. 2009-cu ildə cavabdeh- X6 ona qarşı ünvan 1 22 saylı mənzilə isifadə hüququ tanımaqla, istifadə qaydaları müəyyən edilməklə köçürülmə, mənzilin bölünməsi, şəxsi hesabın ayrılması və icarə müqaviləsinin bağlanmasına dair iddia ərizəsi ilə Əzizbəyov Rayon Məhkəməsinə müraciət etmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 2(003)-204/2009 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, X6 uşaqları ilə birlikdə Bakı səhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 saylı mənzilə köçürülməsi qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. Lakin cavabdeh həmin vaxtdan da bir gün belə olsun orada yaşamamışdır. Bu haqda hazırki iddia ərizəsinə əlavə edilmiş qonşuların notariat qaydasında təsdiq edilmiş ərizəsində də əks olunmuşdur. Artıq onunda mülkiyyət hüquqları pozulur mülkiyyətindən sərbəst surətdə istifadə edə bilmir. Cavabdeh yalnızca həmin ünvanda formal və əsassız olaraq qeydiyyatda qalması faktiki olaraq onun(iddiaçının) mülkiyyət hüququnun pozulmasına və öz mülkiyyətindən sərbəst istifadə etməsinə ciddi maneə yaradır. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi 4 saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi 4 saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 8382/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş və şikayətdə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-8382/2019 saylı qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7120/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-8382/2019 saylı qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili X32 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən X1 nümayəndəsi X18 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx.xx.1973-cü il tarixdə verilmiş 105193 saylı orderin surətindən görünür ki, həmin order Bakı şəhəri, Buzovna qəsəbəsi, Ağa Neymətulla küçəsi, 4 saylı evin 22 saylı mənzili X15 onun 4 nəfərdən ibarət (İddiaçı, X19, X33, X34) ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsini tutmaq hüququna malik olduğuna dair verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbə İ/N-yi tərəfindən xx.xx.2012-ci il tarixdə təkrar verilmiş AZ-İ seriyalı 521346 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X27 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan H.Z.Tağıyev adına NQÇİ tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş rəydən görünür ki, Bakı şəhəri Buzovan qəsəbəsi A.Neymətulla küçəsi 4 saylı evin 22 saylı mənzili X10 xx.xx.2000-ci il tarixdə ölməsi ilə əlaqədar olaraq həyat yoldaşı İddiaçı adına keçirilmişdir. İş materiallarında olan Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(003)-204/2009 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı, X20, X11 və qeyrilərinə qarşı mənzilə istifadə hüququ tanınmaqla, istifadə qaydaları müəyyən edilməklə köçürülmə, mənzili bölünməsi, şəxsi hesabın ayrılması və icarə müqaviləsinin bağlanmasına dair iddia tələbləri qismən təmin edilərək, X3 uşaqları ilə birlikdə Əzizəyov rayonu Buzovna qəsəbəsi Mirzəyev küçəsi, 4, 22 saylı mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı, X21, X28 və X29 tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, onlar Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(003)-204/2009 saylı qətnaməsinə əsasən iddiaçı X6 uşaqları ilə birlikdə Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4/22 saylı mənzilə köçürülməsinə dair qət edilməsinə baxmayaraq, Mehdiyeva (hal-hazırda Məhərrəmova) Nərgiz Məhərrəm qızı bu günə qədər sözügedən ünvanda bir gün olsa da yaşamadığını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan ASAN 5 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, cavabdeh ünvan 1 mənzil 22 ünvanda qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2018-ci il tarixə notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X21, X28, X29 və Mehtiyeva X12 Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli 2(003)-204/2009 saylı qətnaməsinə əsasən iddiaçı X4 uşaqları ilə birlikdə Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4/22 saylı mənzilə köçürülməsinə dair qət edilməsinə baxmayaraq, Mehdiyeva (hal-hazırda Məhərrəmova) Nərgiz Məhərrəm qızının bu günə qədər sözü gedən ünvanda bir gün olsa da yaşamadığı bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli 2925/3İH saylı məktubdan görünür ki, sözü gedən icra sənədi xx.xx.2010-cu il tarixdə icra olunaraq, icra işi arxivə təhvil verilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-204 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsi xx.xx.2010-cu il tarixdə icra edilərək Mehdiyeva (Məhərrəmova) Nərgiz Məhərrəm qızı uşaqları ilə birlikdə ünvan 1 mənzil 22 ünvana köçürülərək, mənzilin giriş qapısının açarları ona təqdim edilmişdir. Həmin vaxtdan hal-hazıra kimi tələbkar Mehdiyeva (Məhərrəmova) Nərgiz Məhərrəm qızı həmin evdə borcluların ona yaşamasına maneçilik törədilməsi ilə və digər tələbləri ilə bağlı Xəzər rayon icra və probasiya şöbəsinə müraciət etməmişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-8382/2019 saylı qətnaməsini ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7120/2019 saylı Qərarında göstərmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququ 2005-ci ildə Mülki Məcəlləyə əlavə edilmiş 228.5-ci maddəyə əsasən deyil, məhkəmənin qanuni qüvvəyə minmiş xx xxxx 2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunduğu kimi 2002-ci ildə iddiaçının gəlini kimi onların razılığı ilə köçdüyü vaxtdan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmışdır. Belə vəziyyətdə cavabdehin mənzildən istifadə hüququnun qalıb-qalmaması məsələsi Mənzil Məcəlləsinin (1982-ci ildə qəbul edilmiş) 87ci maddəsinin müddəaları baxımından həll edilə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qanunun həmin normasının tələbinə müvafiq olaraq məhkəmə kollegiyası işin hallarının araşdırılmasına və sübutların qiymətləndirilməsinə həmin göstərişə əməl edilməsi mövqeyindən yanaşmışdır. İşin araşdırılmış hallarından da göründüyü kimi, mübahisələndirilən mənzil xx.xx.1973-cü il tarixdə orderlə X10 istifadəsinə verilmiş, sonradan X27 öldükdən sonra 2000-ci ildə mənzil kirayə müqaviləsi onun arvadı İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının oğlu X33 ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi 4 saylı evin 22 saylı mənzilinə gəlin köçmüş, bu mənzildə uşaqları xx.xx.2003-cü il təvəllüdlü X22 və xx.xx.2005-ci il təvəllüdlü X23 doğulmuş, Cavabdeh ilə Zaur Mehtiyev arasında bağlanmış nikah xx.xx.2008-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və qətnamə qanuni qüvvəyə minmişdır. Həmin vaxtdan, hətta məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə köçürüldükdən sonra da cavabdeh mənzildə yaşamamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzildə iddiaçının oğlu ilə nikahları pozulduqdan, həmçinin 2009-cu il tarixli mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi icra edildikdən sonra yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi, yəni yaşayış sahəsinə olan zərurətinin olmaması ilə izah oluna bilər. Belə ki, işin bu halı Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin xx.xx.2019cu il tarixli 2925/3İH saylı məktubdunda da öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının vəsatəti əsasında məhkəmənin sorğuna cavab olaraq Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsi məktubunda qeyd etmişdir ki, sözü gedən icra sənədi xx.xx.2010-cu il tarixdə icra olunaraq, icra işi arxivə təhvil verilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-204 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsi xx.xx.2010-cu il tarixdə icra edilməklə Mehdiyeva (Məhərrəmova) Nərgiz Məhərrəm qızı ünvan 1 mənzil 22 ünvana köçürülərək, mənzilin giriş qapısının açarları ona təqdim edilmişdir. Həmin vaxtdan hal-hazıra kimi tələbkar Mehdiyeva (Məhərrəmova) Nərgiz Məhərrəm qızı həmin evdə borcluların ona yaşamasına maneçilik törədilməsi ilə və digər tələbləri ilə bağlı Xəzər rayon icra və probasiya şöbəsinə müraciət etməmişdir. Göründüyü kimi, mənzilinin kirayə müqaviləsi iddiaçının ərinin ölməsi ilə əlaqədar hazırki iş üzrə iddiaçının adına (xx.xx.2000-ci il) rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının oğlu Zaur Mehtiyevlə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçmüş üçün tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmışdır ki, iddia tələbinə xx.xx.2009-cu il tarixdən qüvvədə olan MənzilMəcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə iddiaçının oğlu ilə nikahları pozulduqdan, həmçinin 2009-cu il tarixli mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi icra edildikdən sonra yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi, yəni yaşayış sahəsinə olan zərurətinin olmaması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ itirilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il və xx xxxx 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Beləliklə,məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək, Ali Məhkəmənin Qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev
Məhkəmə qərarları › İş №2(103)-2399/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2399/2020
17.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver