Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2399/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “X3 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(010)-254/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X3 Kompani S.A” Şirkəti Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 415999.00 m B 4477876.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(010)- 254/2021 saylı qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın edilməsi rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh şikayəti müdafiə edərək orada göstərilənlərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, o, fərdi sahibkar kimi 2004cü ildən qeydiyyata alınmış, mübahisəli tikili, yəni Ramana ticarət mərkəzi də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi yerdir. Həmin tikiliyə icazə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 11 iyun 2004-cü il tarixli, 434 saylı Sərəncamı ilə verilmişdir. Hesab edir ki, işə baxılarkən aidiyyət qaydaları pozulmuşdur. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq təmin olunmamasını xahiş etmiş, eyni zamanda mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etirazının olmamasını bildirmişdir. Beləliklə, apellyasiya icraatı zamanı mübahisənin məhkəmə aidiyyəti ilə bağlı məsələ müzakirəyə çıxarılmış və tərəflər buna etiraz etməyərək, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirmişlər. Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, mülki iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» 6 oktyabr 2012-ci il, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair» 4 aprel 2012-ci il, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair» 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hər bir iddia ərizəsini icraata qəbul edib, ona mahiyyəti üzrə baxarkən ilk növbədə həmin mübahisənin onun səlahiyyətinə aid olub-olmaması məsələsini yoxlamalıdır. İşdə olan VÖEN-dən görünür ki, cavabdeh 12 noyabr 2004-cü il tarixdə ********** saylı VÖEN əsasında fərdi sahibkar kimi dövlət qeydiyyatına alınaraq, fəaliyyət göstərir (cavabdehin özü də bu halı təsdiq edir). Bununla yanaşı, işdə olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 11 iyun 2004-cü il tarixli, 434 saylı Sərəncamından görünür ki, cavabdehə ticarət obyektinin inşası üçün torpaq sahəsi ayrılmışdır. İşdə olan digər sənədlərdən və fotoşəkildən görünür ki, mübahisədli tikili qeyriyaşayış sahəsi, yəni Ramana ticarət mərkəzi kimi istifadə olunur. Bununla yanaşı, elektron məhkəmə informasiya sistemindən də görünür ki, cavabdeh fərdi sahibkar kimi qeydiyyatda olmaqla, həmçinin Ramana Ticarət Mərkəzi onun fəaliyyət obyekti kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aiddir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25-ci və 26-cı maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12 və 13-cü bəndlərində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Yuxarıda da qeyd edildiyi kimi Cavabdeh fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir (VÖEN: **********), eyni zamanda iddiaçı da hüquqi şəxs statusundadır. Birinci instansiya məhkəməsi isə, bu halları nəzərə almayaraq, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aid olması məsələsini həll etmədən işi icraata götürmüş və mahiyyəti üzrə baxmışdır. Halbuki, MPM-in 31-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. İş materiallarından görünür ki, cavabdehin yaşayış yeri Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, işə kommersiya xarakterli mübahisə kimi məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd edilən qərarın 8-ci bəndinə əsasən - işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPMin 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə aidiyyəti (prosessual hüquq) qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26.1, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X3 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(010)-254/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(010)-254/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Rafael Eyvazov Hakimlər Fuad Babayev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2399/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2399/2022
26.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver