Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2400/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı; iddiaçılar Cavabdeh1, Cavabdeh2 cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi; mənzilə köçürülmə və pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “mənzilə köçürülmə və pul” tələbinə dair qarşılıqlı iddialar üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1176/2024 saylı 24 may 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.4 kv.m olan 3 otaqlı, 35 saylı mənzilin pay dəyəri 19330 (on doqquz min üç yüz otuz) manat İddiaçı tərəfindən tam ödənilmişdir.
2. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, A.Orucəliyev küçəsi, 9/12 nömrəli evin, 13-cü mərtəbəsində yerləşən 66.4 kv.m yaşayış sahəsi olan 3 otaqlı 35 nömrəli mənzilində İddiaçı. X8, Cavabdeh1 və X9 qeydiyyatdadırlar.
3. X10, Cavabdeh1 və X9 tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli ərizələrdən görünür ki, onlar A.Orucəliyev küçəsi ev 9/12, mənzil 35 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, ******* seriyalı Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət üzrə İddiaçı məxsusdur.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışa görə xx.xx.1942-ci il təvəllüdlü İddiaçı, eləcə də xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.1981-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.1942-ci il təvəllüdlü İddiaçı, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1985-ci il təvəllüdlü X2 və xx.xx.1947-ci il təvəllüdlü X16 ünvan 2 ünvanında qeydiyyatdadırlar.
6. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı verilmiş 005164 nömrəli, xx.xx.2004-cü il tarixli orderdən görünür ki, A.Orucəliyev küçəsi ev 9/12, mənzil 35 ünvanında onun özü, Cavabdeh1 və X3 yaşamaq hüquqları mövcuddur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.0 kv.m olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir
8. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.0 kv.m olan mənzil Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2010cu il tarixli, ********** nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun qızı və oğlu Cavabdeh2 isə onun nəvəsidir. Qızı Cavabdeh1 1998-ci il tarixində rəsmi nikaha daxil olaraq daimi yaşamaq üçün Bakı şəhəri, Yasamal rayonu ərazisinə köçmüşdür. 2012-ci il tarixində qızının ərinin problemləri olduğu üçün qısa müddət ərzində onunla birlikdə yaşamasını xahiş etmiş, o da buna razılıq vermişdir. İşləri qaydasına düşdükdən sonra isə yenidən digər ünvana köçüb getmişlər. Artıq uzun müddətidir ki, ona məxsus sözügedən mənzildə yaşamırlar. Onların mülkiyyətində olan mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Dəfələrlə pasport qeydiyyatından çıxmağına dair xəbərdarlığına baxmayaraq bundan müxtəlif bəhanələr gətirərək yayınmışdırlar. Cavabdeh1 və Cavabdeh2 ona məxsus evdən pasport qeydiyyatından çıxarılmalarına dair ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, xx/xx-33117/11 nömrəli məktubu ilə bildirilmişdir ki: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmaları üçün yeni yaşayış yerinə, qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur.” Son olaraq qeyd edir ki, ünvan 2 ünvanında yerləşən mənzilin üzərində onun qanuni əsaslarla mülkiyyət hüququ mövcuddur. Məhz cavabdehlərin onun mənzilində pasport qeydiyyatında qalmaları Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur və iddiaçı həmin hüququnu həyata keçirə bilmir.
9. Daha sonra iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürülmələrini və cavabdeh İddiaçı mənzilə aid kompensasiyadan əlavə xərcədiyi 10.000 dolları qarşılıqlı iddia üzrə iddiaçılardan Cavabdeh1 ödənilmsini xahiş etmişlər.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanı alınandan qeydiyyatda olaraq yaşayırlar. Həmin mənzil Cavabdeh1 ata evidir. Cavabdeh2 isə Cavabdeh1 oğludur. İddiaçı isə Cavabdeh1 anasıdır. İddiaçı öyrədərək bu şeylərin edilməsinə məcbur edən X1dur. X9 da başqa ünvanda yoldaşının adına mənzil olmasına baxmayaraq mübahisəli mənzildə yaşayırlar. X9 mübahisəli mənzilin qapı açarını dəyişərək Cavabdeh1 və Cavabdeh2 mənzilə buraxmırlar. Həmin mübahisəli mənzildən başqa Cavabdeh1 və Cavabdeh2 yaşamağa yeri yoxdur. Hal-hazırda mübahisəli mənzilə Cavabdeh1 və Cavabdeh2 buraxmadıqlarına görə, Cavabdeh1 və Cavabdeh2 həmin ərazidə yaxın tanışın evində ayı 750 manata kirayə qalırlar. Qarşılıqlı idda üzrə iddiaçı Cavabdeh1 atası sağlığında, iddiaçı Cavabdeh1 ev almaq üçün banka 10.000,00 dollar pul qoymuşdur ki, bu mübahisəli mənzildən, iddiaçı Cavabdeh1 aid istifadə hüququnun itrilməsinə görə veriləcək kompensasiyanı da düzəldərək iddiaçı Cavabdeh1 ev alınsın. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin 10.000.00 dolları bankdan çıxararaq X1na torpaq almışlar. X1 məhkəmə hazırlıq iclasında nümayəndə qismində iştirak edərək izahat verərkən, məhkəmə iclasında bu halı təsdiqlədi.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1176/2024 nömrəli, 24 may 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürülməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı və cavabdeh İlhamə Əzizova 2004-cü ildə müvafiq order əsasında mübahisəli mənzilə mülkiyyət hüququ əldə etmişlər. Sonradan həmin mənzil İddiaçı adına özəlləşdirilmiş, İlhamə Əzizova isə buna etiraz etməmişdir. Bununla belə, Cavabdeh1 həmin mənzilə istifadə hüququ yaranmış, bu gün də mövcuddur. Bu hüququn isə ədalətli kompensasiya verilmədən itirilməsi mümkünsüzdür. Bu əsasla, Cavabdeh1 həmin mənzilə köçürülməlidir.
13. Məhkəmə Cavabdeh2 münasibətdə isə qeyd etmişdir ki, onun mənzilə istifadə hüququ İlhamə Əzizovanın yetkinlik yaşına çatmayan övladı olduğu üçün əvvəllər mövcud olmuşdur. Hazırda isə o yetkinlik yaşına çatdığı üçün bu hüququnu itirmişdir. Bu səbəbdən ilk iddia ərizəsi Cavabdeh2 münasibətdə təmin edilməlidir. Məhkəmənin qarşılıqlı iddia tələbinin cavabdeh İddiaçı kompensasiyadan əlavə xərclədiyi 10.000 ABŞ dolları pulun Cavabdeh1 ödənilməsi hissəsində də iddianı əsassız sayması ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, dəymiş zərərin nədə ifadə olunduğu, vurulmuş zərərin necə formalaşması barədə heç bir mötəbər sübut məhkəmə təqdim olunmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 27.2, 228, 255, 262, 1096, 1097-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1176/2024 nömrəli, 24 may 2024-cü il tarixli qətnaməsindən narazı qalan ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürüməsinə aid hissədə ləğv edilməsi, Cavabdeh1 15 000 manat kompensasiya ödənilməsi müqabilində onun İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzildən istifadə hüququna xitam verilməsi və qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mənzildən istifadə hüququna xitam verilməsi müqabilində Cavabdeh1 15.000 manat məbləğində kompensasiya təklif edilmişdir. Digər Cavabdeh2 isə Mülki Məcəllənin 228.5ci maddəsi nöqteyi nəzərindən kompensasiya almaq hüququ olan ailə üzvü hesab edilmədiyi üçün ona münasibətdə hər hansı kompensasiya təklif edilməmişdir. Məhkəmə öz qətnaməsində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun mövcudluğunu, bu hüququn ədalətli kompensasiya verilmədən itirilməsi mümkünsüzlüyünü qeyd etsə də, iddiaçı tərəfindən bütün məhkəmə iclasları boyunca, o cümlədən iddia tələbinə əlavə kimi verilən izahatlarda 15.000 manat kompensasiya təklif edilməsinə hüquqi qiymət verməmişdir. İddiaçı iddia ərizəsində qeyd etməsə belə, məhkəmə iclaslarında cavabdehlərin vəkilinə 15.000 manat kompensasiya təklif etmiş, cavabdehlərin vəkili isə 2 cavabdeh üçün 15.000 manat məbləğin az olmasını və qəbul etmədiklərini bildirmişdir. Məhkəmə isə kompensasiya məbləğinin ədalətli olub-olmamasının araşdırılması üçün hər hansı qiymətləndirmə aparmamış, bu barədə ekspertiza və ya qiymətləndirmə hərəkəti aparmamışdır. Digər tərəfdən ilkin iddia məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla icraata qəbul edilmişdir. Bundan sonra xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 4 hazırlıq iclası keçirilmişdir. Cavabdehlər isə qarşılıqlı iddia ərizəsini sonuncu yəni xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında məhkəməyə təqdim etmişdirlər. Buna qədər cavabdehlər yalnız kompensasiya tələb edirdilərsə, həmin qarşılıqlı iddiada mənzilə köçürülmə və pul tələbi irəli sürmüşdürlər. Halbuki, MPM in 155.1 və 154.1-ci maddələrinin tələbinə əsasən qarşılıqlı iddia iş icraata qəbul olunduğu tarixdən yəni, xx.xx.2024-cü il tarixdən 20 gün ərzində verilməli idi. Hazırlıq iclasında qarşılıqlı iddianın qanunvericiliyə uyğun təqdim edilməməsi ilə bağlı etirazla çıxış edilsə də, məhkəmə qeyd olunan prosessual hüquq normalarının tələbini pozaraq qarşılıqlı iddia ərizəsini 3 ay sonra icraata qəbul etmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsi təqdim edilən xx.xx.2024-cü il tarixli hazırlıq iclasında məhkəmə çəkişmə prinsipinin pozaraq birbaşa baxış iclası təyin etmişdir. Bu səbəbdən Cavabdeh1 yeni tələblərinə qarşı iddiaçı tərəf olaraq kifayət qədər hüquqi müdafiə qura bilməmiş, qarşılıqlı iddiaya münasibət bildirmək imkanından məhrum olmuşlar. Halbuki, həmin qarşılıqlı iddia prosessual qanunvericiliyə əsasən 20 gün ərzində təqdim edilsə idi, iddiaçı tərəf olaraq iddia tələblərini dəqiqləşdirər, müdafiəni yeni tələblərə uyğun təşkil edə bilərdi. Eyni zamanda məhkəmə cavabdehlərin mənzildən istifadə hüquqlarının mövcudluğunu təsdiq etsə də, cavabdehlərin könüllü şəkildə mənzildən köçüb-köçmədiyini araşdırmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli digər qərarında ifadə etdiyi mövqeyinə əsasən Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Qarşılıqlı iddia verildikdən sonra, cavabdeh artıq məcburi şəkildə evdən köçürüldüklərini iddia etsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdirlər. Yəni, qarşılıqlı iddia verildikdən sonra bunu sübut etmə hüquqi iddiaçının üzərinə düşsə də, bu faktı təsdiq edən hər hansı sübut məhkəməyə verilməmişdir. Məhkəmə isə qeyd olunan plenum qərarında ifadə edilən mövqeni nəzərə almamışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edildiyi kimi MPM-in 9.3, 155.1, 154.1-ci maddələrin tələbləri pozulmaqla işə baxdığı üçün, qarşılıqlı iddiaya münasibət bildirmək və iddiamızı dəqiqləşdirmək hüququndan məhrum olmuşuq. Bu səbəbdən apelyasiya şikayətində 15.000 manat kompensasiya ödənilməklə Cavabdeh1 mübahisə predmeti olan mənzildən istifadə hüququna xitam verilməsini yeni tələb kimi nəzərə alınmasını xahiş edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Apelyasiya instansiyası məhkəməsindəki ilkin icraat
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4670/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı kompensasiya verilməklə Cavabdeh1 onun mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qət edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ yaranmışdır və bu gün də mövcuddur. Cavabdehlərin mənzildən məcburi çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, işin faktiki halları ilə Cavabdeh1 mübahisəli mənzili könüllü olaraq tərk etməsi müəyyən edilməmişdir. Eləcə də iddiaçı tərəf Cavabdeh1 mübahisəli mənzilə ehtiyacının qalmaması barədə mötəbər sübutlar təqdim etməmişdir. Qarşılıqlı iddianın icraata qəbul edilməsi ilə bağlı dəlil ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin icraata qəbulu zamanı prosessual hüquq normalarının tələbləri pozulmamışdır.
20. Həmçinin kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətində, eləcə də apellyasiya baxışında iddiaçı tərəf, yəni iddiaçının nümayəndəsi və vəkili cavabdehə 15.000 manat məbləğində kompensasiya ödənilməsi müqabilində mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişlər. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsində kompensasiya verilməklə Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsinə dair iddia verilmədiyindən, rayon məhkəməsi tərəfindən belə bir iddia tələbinə baxılmadığından, MPM-in 149.1, 218.3-cü maddəsinin tələbləri baxımından onun bu təklifinə hazırkı mərhələdə baxılması prosesssual qanunvericiliyə ziddir. Belə ki, mülkiyyətçi İddiaçı kompensasiya verilməklə Cavabdeh1 onun mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
21. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-432/2025 nömrəli 5 fevral 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4670/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, Cavabdeh1 2012-ci ildə iddiaçının razılığı ilə mübahisəli mənzilə köçərək onunla birgə yaşaması və bu əsasla onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə müvafiq olaraq həmin mənzilə istifadə hüququnun yarandığı işin mübahisəsiz halıdır.
24. Həmin maddəyə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bununla belə, apellyasiya məhkəməsi yaşayış sahəsindən istifadə etmək hüququ yarandıqdan sonra həmin hüququn qanuni əsaslarla aradan qalxmasının istisna edilmədiyini nəzərə almamışdır. Belə ki, apellyasiya məhkəməsi Cavabdeh1 iddiaçıya məxsus mübahisəli mənzilə daha əvvəl yaranmış istifadə hüququnun aradan qalxıb-qalxmamasına düzgün qiymət verməmiş, mübahisənin həlli üçün əhəmiyyətli olan halları araşdırmamışdır.
25. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 2012-ci ildən sonrakı dövrdə bir müddət iddiaçı olan anası ilə birgə mübahisəli mənzildə yaşasa da, artıq bir neçə ildir ki, başqa yerdə yaşayır.
26. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli baxımından əhəmiyyətli olan - Cavabdeh1 nə vaxtdan həmin mənzildə yaşamadığı, mənzildən könüllü çıxıb-çıxmaması, məcburi çıxarılmışdısa iddiaçının qeyd etdiyi kimi niyə 3 ildən sonra məhkəməyə müraciət etməsi, eyni zamanda harada yaşaması, daimi yaşayış yerinin olub-olmaması kimi xüsusatları araşdırmamış, işin bu hallarına əsaslandırılmış hüquqi qiymət verməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinə şikayət verilən zaman işin uzanmaması üçün kompensasiya məbləği olaraq 15 min manat təklif etdilər. Apellyasiya instansiya məhkəməsi bildirdi ki, bu iddianın həcmindən kənara çıxma olacaqdır. Məhkəmə iddiadan kənara çıxma olduğu üçün onların mövqeyi ilə razılaşmadı, eyni zamanda istifadə hüququnun yarandığını və hal-hazırda mövcud olduğunu tanıdı. Halbuki Konstitusiya Məhkəməsinin bununla bağlı mövqeyi vardır ki, hansı hallarda istifadə hüququ itirilmiş hesab oluna bilər. Həmin hallar baş vermişdir, cavabdeh ailə həyatı qurmaqla əlaqədar mənzildən ayrılmış, daha sonra qayıtmış və yenidən ayrılmışdır. Cavabdeh tərəf elə hesab edir ki, o istənilən vaxt həmin hüquqdan istifadə edə bilər, lakin bu mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Qarşı tərəf mənzildən məcburi çıxarıldığını qeyd edir, lakin bunu sübut edən hallar yoxdur. İddia məhkəməyə təqdim olunan zaman cavabdeh artıq 3 il idi ki, orada yaşamırdı. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu ”Nərimanov-5” MMMC-nin arayışını məhkəməyə təqdim etmişdir. Cavabdeh yoldaşının məhkum olması ilə əlaqədar olaraq həmin evə qayıtmışdır. İddiaçı bildirir ki, cavabdeh 1998-ci ildə ailə həyatı quraraq həmin mənzili tərk etmişdir, daha sonra 2008-ci ildə ailə həyatında problemlə olduğuna görə yenidən mübahisəli mənzilə qayıtmışdır. 2021-ci ilə qədər orada yaşamış, daha sonra isə oranı tərk etmişdir. Qeyri-rəsmi olaraq iddiaçı bildirir ki, evin satışından müəyyən məbləğdə kompensasiya veriləcəkdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 2008-ci ildə əri - Əsədov Arazı həbs etdilər, o da iki uşaqla ata evinə qayıtdı. 2021-ci ilə qədər həmin evdə yaşadı. Daha sonra 2021-ci ildə qardaşı - Sleymanov Süleyman öz ailəsi evə gəldi, artıq ona yatmağa yer olmadı. Anası ona dedi ki, ona bu evdə yer yoxdur. Ona dəhlizdə yatmağa yer saldılar. O da özünə sığışdırmadı. O, həmin evə qayıda bilməzdi, orada qardaşının qayınanası yaşayır. O, evdən çıxandan sonra anasıgil də evdən çıxdı və bacısının bağında yaşamağa başladı. Onun evi yoxdur, iki uşağı ilə kirayədə qalıb. Hər bir halda ona kompensasiya verilməsini istəyir. O, yaşlı anasını məhkəməyə heç bir zaman verməzdi.
29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-432/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilmiş və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş hissədə yoxlanılması təşkil edir.
34. Nəzərə alınmalıdır ki, şin apellyasiya baxışı dövründə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə əlavə təqdim edərək işə birinci instansiya məhkəməsinə təqdim etdikləri iddia ərizəsi həddində baxılmasını, apelyasiya şikayətində yeni tələb kimi irəli sürdükləri 15.000 manat pul müqabilində mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə təkliflərini geri çəkərək Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblərinin nəzərə alınmamasını; ilkin iddia üzrə iddialarının tam təmin edilməsini, qarşılılıq iddia üzrə iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
35. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
36. «İnsan hüquqlarının və X14 haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
37. 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
38. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
40. 157.4-cü maddəsinə əsasən sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
41. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)
42. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
43. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
44. 60.1-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
45. 60.6-ci maddəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
46. 87.2-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, ... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.
48. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
49. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
50. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, ilkin iddia həmin hissədə təmin, qarşılıqlı iddia isə rədd edilməlidir.
52. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (bundan sonra - iddiaçı) bildirir ki, o, 2005-ci ildə qızı - Cavabdeh1 və nəvəsinin mübahisəli mənzilə qeydiyyata düşməsinə, 2008-ci ildə isə ailə problemlərinə görə lakin mövcud problemlər aradan qalxanadək özünə məxsus ünvana köçmələrinə razılıq vermişdir. Cavabdehlər 2008-ci ildən 2021-ci ilədək mübahisəli mənzildə yaşamışlar. Onların mübahisəli mənzildə qeydiyyatda olmaları, mübahisəli mənzilin satılmasına mane olur. Bu səbəbdən onların mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.
53. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 (bundan sonra - cavabdeh) isə onun mənzildən mövcud olan istifadə hüququna xitam verilməsinin yalnız kompensasiya verilməklə mümkün olacağını bildirməklə ilkin iddiaya etiraz etmiş, mübahisəli mənzili könüllü olaraq tərk etmədiyini, həmin mənzili tərk etməsinə şərait yaradıldığını qeyd etmişdir.
54. İşə baxan birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ yaranmışdır və bu gün də mövcuddur. Bu hüquqa isə yalnız kompensasiya verilməklə xitam verilə bilər.
55. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçıya və onun ailə üzvlərinə (Cavabdeh1 və S.Ə.Süleymanov) Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 005164 nömrəli orderinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.0 kv.m olan mənzil verilmiş, həmin mənzil cavabdehin razılığı ilə xx.xx.2010-cu il tarixində tam mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər 2008-ci ildə iddiaçının razılığı ilə özəlləşdirilməmiş mənzilə köçmüş və 2021-ci ilədək mübahisəli mənzildən istifadə etmişlər. Bununla da ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 istifadə hüququ qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq yaranmışdır.
56. Qeyd olunmalıdır ki, hazırki halda əsas dəyərləndirilməli olan məqam şəxsin mübahisəli mənzildən könüllü çıxıb-çıxmadığı, tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olubolmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir.
57. İş materiallarından da göründüyü kimi cavabdeh 2021-ci ildən etibarən mübahisəli mənzili könüllü olaraq tərk etmiş, 3 ildən artıq olan uzun müddət ərzində bu yaşayış sahəsinə daimi yaşamaq üçün qayıtmamış, qayıtmaq üçün hər hansı cəhdlər etməmiş, yalnız iddiaçının məhkəməyə müraciətindən sonra hüquqlarının tanınmasını istəmişdir. Belə ki, cavabdeh tərəf köçürülməsini xahiş etdiyi mənzildən qovulduğunu, hazırda isə ora köçüb yaşamaq niyyətində olduğunu qeyd etsə də bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. O, həmçinin mənzillə davamlı əlaqələrinin nə şəkildə olması ilə bağlı aydın şəkildə izahat verə bilməmişdir.
58. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Məhkəmə tərkibi qeyd edir ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmış, həmçinin mənzilin özəlləşdirməyə razılıq vermiş bu mənzildə yaşayan ailə üzvlərinin istifadə hüququnun qanuni əsaslarla aradan qalxması da mümkündür. Belə ki, həmin Məcəllənin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir. Şəxsi servitut sayılan mənzildən istifadə hüququ yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
60. Hazırki iş üzrə cavabdehin başqa yaşayış sahəsinə könüllü olaraq köçməsi və onun məhz həmin yaşayış sahəsindən istifadə etməsi, bununla da onun iddiaçının mülkiyyətində olan mənzildən ehtiyacı aradan qalxması iş üzrə müəyyən olunan hal olduğundan, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia mübahisələndirilən hissədə əsaslı sayıla bilməz. Belə ki, yaşayış sahəsindən istifadə hüququ mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir.
61. Cavabdehin daimi yaşamaq üçün köçüb bаşqа yerə getməsi habelə yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğu məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir. Bu hal onu göstərir ki, iddiaçı uzun müddət və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti olan mənzildə yaşamaqla bağlı qanuni mənafeyi aradan qalxmış, o, bu mənzillə bütün əlaqələri kəsməklə və mənzilə sahibliyin həyata keçirilməsinə dair hərəkətlər etməməklə həmin mənzildə yaşayış sahəsindən istifadə hüququnu itirmişdir.
62. Göstərlənlərdən aydın olur ki, cavabdehin başqa yaşayış sahəsinə köçməsinin məcburi olub-olmaması, mübahisəli mənzilə geri qayıtmaq niyyətində olubolmaması, mübahisənin predmeti olan mənzilə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin mənzillə bağlılığının qalıb-qalmaması, digər yaşayış sahəsinə könüllü surətdə və daimi yaşamaq üçün köçüb-köçməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış, Mülki Prosessual Məcəllənin 14.1-ci və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
63. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
64. Bu qaydalara riayət edilməməsi həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, həm də İnsan Hüquqlarının və X14 X4 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
66. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
67. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, qeyd edilənlərə uyğun olaraq də apellyasiya baxışının predmeti olan hissədə ilkin iddia ərizəsi - “Cavabdeh1 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.0 kv.m olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində təmin edilməli; qarşılıqlı iddia ərizəsi isə “Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürülməsi” hissəsində rədd edilməlidir.
68. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1176/2024 nömrəli, 24 may 2024-cü il tarixli qətnaməsi qismən – “ilkin iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən” hissələrində ləğv edilsin. İş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İlkin iddia təmin edilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.0 kv.m olan mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qarşılıqlı iddia “Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürülməsi” hissəsində rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Ziya Şirinov