Məhkəmə qərarları › İş №2(103)-2406/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2406/2024

04.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2406/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 50 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: miras əmlak, vəsiyyətnamə, mirasın qəbul olunması, vərəsəlik şəhadətnaməsi, mirasda məcburi pay, məcburi pay üzrə tələb hüququnun vərəsəlik üzrə keçməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X5 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Bakı şəhəri 50 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında verilmiş çıxarışın ləğv olunması və məcburi pay hüququnun müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X14 ilə X2 nikahından xx.xx.1958-ci il tarixdə X15, xx.xx.1961-ci il tarixdə Cavabdeh2, xx.xx.1971-ci il tarixdə X17 dünyaya gəlmişlər.

2. X17 ilə X18 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına “Xankişiyeva” soyadı verilmiş, nikahlarından xx.xx.1992-ci il tarixdə İddiaçı1 doğulmuşdur.

3. X11 xx.xx.2010-cu il tarixdə ölmüş, bu barədə Nizami rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə qeydiyyat aparılmışdır.

4. ünvan 1 ünvanında yerləşən mənzil X6 mülkiyyətində olmuşdur.

5. X14 09 aprel 2014-cü il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda vəsiyyətnamə yazmış, vəsiyyətnaməyə əsasən, özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu Cavabdeh2 vəsiyyət etmişdir.

6. X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

7. Bakı şəhəri 50 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə”də göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh2dur və o, miras əmlakdan 7/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X7 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 8 saylı evin 15 saylı mənzilidir. Miras əmlakın 1/8 hissəsinə Cavabdeh3 Zilfəli qızına məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir”.

8. Bakı şəhəri 50 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, xx.xx.2021-ci ildə vəfat etmiş X6 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh2dur və o, miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X7 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 8 saylı evin 15 saylı mənzilidir. Miras əmlakın 7/8 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir”.

9. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 8 saylı evin 15 saylı mənzili Cavabdeh2 tam payda xüsusi mülkiyyətindədir.

10. Nizami MKTB-nin 28 saylı MKİS-in xx.xx.2023-cü il tarixli 454 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 8 saylı evin 15 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. İddiaçı2 və onun oğlu İddiaçı1 qonşuların aktına əsasən 2011-ci ilin mart ayından həmin mənzildən köçüb getmişlər və həmin mənzildə yaşamırlar.

11. Yüzbaşov Aslan Əbdül-hüseyn oğlu, X28, X24 və X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, İddiaçı2 və onun oğlu İddiaçı1 2011ci ilin mart ayından Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 8 saylı evin 15 saylı mənzilindən köçüb getmişlər və həmin vaxtdan mənzildə yaşamırlar.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı1 və İddiaçı2 (iddiaçılar) Bakı şəhəri 50 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 8 saylı evin 15 saylı mənzili ilə bağlı notariat ofisi tərəfindən Cavabdeh3 verilmiş məcburi paya vərəsəlik hüququ haqqında 02 noyabr 2021-ci il tarixli, Cavabdeh2 verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 03 noyabr 2021-ci il tarixli şəhadətnamələrin etibarsız sayılması, onların əsasında verilmiş 26 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras əmlaka məcburi paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

13. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, ünvan 1 X6 mülkiyyətində olmuş, X14 16 mart 2021-ci il tarixdə vəfat etmişdir. Sonradan onlara məlum olmuşdur ki, o, 9 aprel 2014-cü il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda vəsiyyət yazmış, vəsiyyətə əsasən ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu Cavabdeh2 vəsiyyət etmiş, 26 may 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən Cavabdeh2 qeyd olunan mənzil üçün ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Miras qoyanın Cavabdeh2 başqa, qanun üzrə Cavabdeh3, X19, X17 adlı vərəsələri də olmuşdur. Qanun üzrə vərəsələrdən olan X17 ilə İddiaçı2 arasında 05 iyul 1979-cu il tarixində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında 464880 №-si ilə nikah qeydiyyata alınmış, nikah X9 ölümünə qədər qüvvədə olmuş, onlar birgə ailə təsərrüfatı aparmış və birgə nikahlarından xx.xx.1992-ci ildə İddiaçı1 doğulmuşdur. Qanun üzrə vərəsələrdən olan Telman Xankişiyev 27 fevral 2010-cu il tarixində vəfat etdiyindən, onun məcburi pay hüququ həyat yoldaşı İddiaçı2 və birgə nikahdan doğulmuş övladı İddiaçı1 keçmişdir. Hesab edirlər ki, vərəsəlik hüququnun müəyyən edilməsi zamanı cavabdehlər tərəfindən vərəsəlik hüquqları pozulmuşdur. İddiaçı2 X17 ilə ailə qurduğu 05 iyul 1979-cu il tarixdən ünvan 2 ünvanına gəlin köçmüş və oraya qeydiyyata düşmüş, Telmanın vəfatına qədər həmin mənzildə yaşayaraq birgə təsərrüfatla məşğul olmuşdur. Telman 27 fevral 2010-cu ildə vəfat etdikdən sonra evdə ona və övladına (digər iddiaçı) qarşı münasibət dəyişmiş, 1979-cu ildən gəlin köçərək yaşadığı evdə müxtəlif təzyiqlərə məruz qalmış, mənzildə yaşamaq hüquqları olmasına baxmayaraq, edilən təzyiqlərə, göstərilən münasibətə dözməyərək oğlu ilə birlikdə həmin evdən çıxmaq məcburiyyətində qalmışlar. Başqa sözlə ifadə edəsi olsalar evdən qovulmuşlar. Bu vəziyyət onları çox sarsıtmışdır. Vərəsəlik məsələsi ilə bağlı baş verənlərdən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ev 8 ünvanında yerləşən 15 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə çağırıldıqları zaman xəbərləri olmuşdur. Belə ki, vəsiyyətnamə olmasından, mənzildə məcburi pay hüquqları olmasından iddia ərizəsi onlara gəldikdən sonra vəkilə müraciət etdikləri vaxt xəbər tutmuşlar. Evdən qovulduqdan sonra heç kimlə əlaqə saxlaya bilmədiklərindən ailədə olanlardan məlumatsız qalmışlar. Vərəsəlik açılması ilə əlaqədar onlara məlumat verən olmamışdır. Vəkil onlara izah etmişdir ki, "həmin mənzildə yaşasaydınız vərəsəliyi faktiki olaraq qəbul etmiş sayılırdız”. İndi başa düşürlər ki, nə üçün həyat yoldaşı vəfat etdikdən sonra onları mənzildən qovub, ailədən təcrid etmişlər. Məqsəd onlara aid olan məcburi payı ələ keçirmək imiş. Ümumiyyətlə, Azərbaycanda çoxları kimi onların da şəxs öldüyü zaman miras əmlakın qəbulu ilə bağlı notariusa müraciət edilməli olmasından məlumatı olmayıb. Belə bir hüquqları olmasını sonradan bilmişlər. Görünən odur ki, həyat yoldaşının qardaş və bacısı məqsədli şəkildə onları mənzildən çıxararaq Telmanın vərəsələri olaraq onların haqqını yeyiblər, necə deyərlər “yetimin payına göz dikiblər”. O da onlara məlum olmuşdur ki, vərəsəliyin açılması üçün müraciət edilməli olmasını bilməsələr də vərəsəliyin açılması üçün müraciət edən şəxs və notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Onlara isə bu barədə heç kim məlumat verməmişdir. Belə ki, Bakı şəhəri 50 saylı notariat kontoruna xx.xx.2023-cü il tarixdə verilmiş sorğuya cavaba əlavə edilmiş sənədlərdən görünür ki, 9 aprel 2014-cü ildə X14 həmin kontorda vəsiyyət yazmışdır. Vəsiyyətə əsasən, ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Həmçinin o da görünür ki, xx.xx.2021-ci ildə X20 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması, xx.xx.2021-ci ildə Cavabdeh2 vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması haqqında ərizə ilə Bakı şəhəri 50 saylı notariat kontoruna müraciət etmişlər. Onlar ərizələrində vərəsə olaraq özlərindən başqa, X12, mərhum qardaşları oğlu X9 məcburi paya malik olması barədə qeyd etsələr də, notariat ofisi vərəsələrin dairəsini müəyyən etmək üçün heç bir cəhd göstərməmiş, digər vərəsələrə məlumat verməmişdir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə şəhadətnamə verərkən məcburi pay hüququ olan vərəsələrə xəbər vermək, onları çağırmaq, axtarışı üzrə tədbir görmək, onların olub-olmamasını aydınlaşdırmaq öhdəliyi qanunla notariat orqanının üzərinə öhdəlik olaraq qoyulmuşdur. X6, ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etməsi, digər oğlu mərhum X9 vərəsələrinin həmin əmlakdan məcburi pay almaq hüquqlarını istisna etmir. Qeyd edilən mənzildə vərəsələrin hər birinin payı müəyyənləşdirilərkən vəsiyyətnamədən kənarda qalan qanun üzrə vərəsə mərhum X3 vərəsələrinin də qanun üzrə vərəsə kimi payları nəzərə alınmalı idi. Qeyd olunanlardan göründüyü kimi Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən miras qoyan şəxslər barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, bilinən vərəsələrə, o cümlədən onlara məlumat verilməmiş, yalnız cavabdeh vərəsələrin ərizəsi ilə kifayətlənərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da notarius tərəfindən Mülki Məcəllənin 1300, 1318-ci maddələrinin tələbləri, həmçinin “Notariat haqqında” Qanunun və “Notariat hərəkətlərinin aparılması haqında” Təlimatın tələbləri pozulmuş, nəticədə digər vərəsələr, o cümlədən onlar miras əmlakdan məhrum olmuşlar. Notariat ofisinin digər iki cavabdehlər barəsində vəsiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qüvvədə olması, bunun əsasında 26 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın verilməsi mirasın qəbulu üçün müraciətin müsbət nəticələnməsinə mane olacaq. Çünki, notariusun öz şəhadətnaməsini ləğv etmək kimi səlahiyyəti yoxdur.

14. Cavabdeh2 iddia ərizəsinə qarşı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “...Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzili əvvəllər atası X7 məxsus olmuş, atası Mirzə Xankişiyev xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, müraciətinə əsasən mərhum atasının mirası üzrə 50 saylı notariat kontorunda vərəsəlik işi açılmış və atası Mirzə Xankişiyev tərəfindən 09 aprel 2014-cü il tarixdə 50 saylı notariat kontorunda adına rəsmiləşdirilmiş vəsiyyətnamə və bacısı X20 ilə bağlanılmış "Miras qalmış əmlakdan çatası payın əvəzinə kompensasiyanın verilməsi barədə” Müqavilə əsasında 50 saylı notariat kontorundan ona xx.xx.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir ki, həmin şəhadətnamə əsasında da onun mənzil üzərində mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. İddiaçıların hazırki iddia tələbinin tam əsassız və qanunsuz olduğunu hesab edərək qeyd etmək istəyir ki, iddia ərizələrində də qeyd etdikləri kimi, iddiaçılar əvvəllər onlarla eyni mənzildə yaşasalar da, qardaşı (İddiaçı2 həyat yoldaşı, İddiaçı1 atası) X17 27 fevral 2010-cu il tarixdə vəfat etdikdən sonra iddiaçılar özlərinə aid bütün əşyaları da aparmaqla, hazırda mülkiyyətində olan mənzildən köçüb, daimi yaşamaq üçün Biləcəri qəsəbəsi ərazisində yerləşən, özlərinə məxsus olan fərdi yaşayış evinə köçüb getmişlər ki, onlar hal-hazırda da həmin ünvanda yaşamaqla, bir daha onların mənzilinə qayıtmamış və həmin vaxtdan bir gün olsun belə mənzildə onlarla birlikdə yaşamamışlar. Həm iddiaçıların iddia ərizəsində qeyd edilənlərdən, həm də, tərəflərindən məhkəməyə təqdim edilmiş (Qonşuların Aktı və Arayış) sənədlərdən də göründüyü kimi, onlar 2010-cu ilin fevral ayında, Telman Xankişiyev vəfat etdikdən sonra mənzildən köçüb getmişlər və bir daha qayıdıb mənzildə yaşamadıqlarından xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 qalan mirası da qəbul etməmişlər”.

15. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər.

16. İddiaçıların məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) iddia tələbini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçılar qeyd olunan mənzildən köçdüklərini inkar etmirlər, səbəbi isə Mədinə xanımın ərinin vəfat etməsi və qaynatası və dayısının onları mənzildən çıxarmaları olmuşdur. Bundan başqa, Mədinə xanım evdən özü könüllü çıxası olsaydı, əvvəlcədən çıxardı, yoldaşının vəfat etməsi və övladının təhsil aldığı dönəmdə çıxmazdı. Buna görə də ədalətli araşdırma aparılmasını xahiş edirlər.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etirazında göstərdikləri ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir.

18. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddiaya etirazda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, mənzil cavabdeh Fazilin atasına məxsus olmuş, vəsiyyətnamə nəzərə alınmaqla və Xalidəyə 11 500 manat kompensasiya ödənilməklə mənzil Fazilin adına keçirilmişdir. Mirasın qəbulunun iki forması var, tərəf heç bir vasitədən istifadə etməmişdir. İddiaçı Mədinə xanım isə 2010-cu ildə özü Biləcəri qəsəbəsinə köçmüşdür.

19. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, qeyd olunan mənzil qardaşı Fazilin adınadır. Atası vəsiyyət edəndə onun adı vəsiyyətnamədə qeyd edilməmiş, sadəcə Fazilə vəsiyyət edilmişdir. Fazil indiki zamanda da, mənzilə getmək istədikdə dava-dalaş salır və onun Fazillə münasibəti yaxşı deyil.

20. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, Fazilin qonşusudur. Mədinə və Natiq, Fazilin yaşadığı ünvanda 2010-cu ilədək yaşayıblar. İndi isə orada yaşamırlar. Mədinə, onun mərhum yoldaşı Telman, qayınanası və qayınatası birlikdə yaşamışlar. Təxminən 2010-cu, ya da 2011-ci ildə Mədinənin yoldaşı rəhmətə getdikdən sonra, sonuncu oradan köçmüşdür. Həmin vaxt, o, qonşusundan hər hansı dava-dalaş səsi eşitməmişdir.

21. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, Fazilin qonşusudur. Mədinəgil qeyd olunan ünvanda yoldaşı rəhmətə gedənədək yaşamışlar.

22. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, 1995-ci ildən bəri Fazilgilin qonşusudur. Fazilgil çox hörmətli qonşu olublar. Telman rəhmətə gedəndən sonra eşitmişdir ki, Mədinəgil Biləcəri qəsəbəsində ev tikdirirlər, Mirzəni isə taxta-tuxta yığıb oradan aparanda görmüşdür.

23. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş Yüzbaşev Aslan Əbdül-Hüseyn oğlu ifadəsində bildirmişdir ki, 1963-cü ildən Mirzə ilə qonşudurlar. O, hamını tanıyır. Mədinəgil Telman rəhmətə gedəndən sonra evdən çıxıblar. Mirzə vəfat edəndən sonra Mədinəgili görməmişdir. Lakin Telman özü rəhmətə gedəndən sonra Natiqi 2-3 dəfə məhəllədə görmüşdür.

24. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Fazillə qonşu binada yaşayır. Telmanla dost olmuşdur. Telman vəfat edəndən sonra Mədinəgili məhəllədə görməmişdir, cəmi bir dəfə Natiqi görmüşdür. O, Biləcəriyə Mədinəgil ev tikdirən zaman taxta aparmışdır, həmin evi də bildiyinə görə, Mirzə tikdirmişdir. Oraya taxta aparmalarını rəhmətlik Mirzə ona demişdir.

25. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, 1992-ci ildən Fazilgilin binasının 2-ci mərtəbəsində yaşayır. Mədinəgil təxminən 10 il bundan əvvəl Telman rəhmətə getdikdən sonra köçüblər və Biləcəridə evləri olduğunu deyirdilər.

26. Məhkəmə iclasının yeri (vaxtı) barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 50 saylı notariat ofisi səlahiyyətli nümayəndəsinin məhkəməyə göndərməmişdir.

27. Birinci instansiya məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

28. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin mənasına görə birinci növbəli vərəsələrin mirasdan məcburi pay tələb etmək hüququ onun miras açıldığı an sağ olması ilə şərtləndirilir. Hazırkı işin faktiki halları ilə isə müəyyən edilir ki, İddiaçı2 əri X17 (xx.xx.2021-ci ildə vəfat etmiş miras qoyan X6 övladı) xx.xx.2010-cu ildə, yəni mirasın açıldığı andan 11 il əvvəl vəfat etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçıların "vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında verilmiş çıxarışın ləğv edilməsi və məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar yoxdur.

29. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1133.1-ci, 1133.2-ci, 1134.2-ci, 1166-cı, 1170-ci, 1193-cü, 1194-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014- cü il tarixli qərarına istinad etmişdir.

30. Qətnamədən iddiaçıların nümayəndəsi (vəkilləri) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqelərə zidd qərar çıxardığını, həmin qərarla vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin mütənasiblik konstitusiya prinsipinə uyğun olmayan sayıldığını nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

32. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəməyə gəlməmiş, onların nümayəndəsi (vəkilləri) ərizə ünvanlayaraq valideyninin sağlamlıq vəziyyəti ilə əlaqədar Gəncə şəhərinə getməli olduğunu bildirməklə prosesin təxirə salınmasını xahiş etmişdir.

33. Kollegiya işin hallarını və şikayətin dəlillərinə işdə olan sübutlar əsasında qiymət verilməsinin mümkünlüyünü nəzərə almaqla, işə iddiaçıların iştirakı olmadan baxılmasına qərar vermişdir.

34. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, digər cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbayca Respublikasının Konstitusiyası

35. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

37. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

40. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

41. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

42. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

43. Maddə 1177. Vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar.

44. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

45. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

46. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

47. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

48. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.

49. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

50. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

51. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

52. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

53. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

54. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

55. Maddə 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.

56. Maddə 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.

57. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir.

58. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

59. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

60. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

61. Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

62. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

63. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014-cü il tarixli qərarı

64. Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldıgı andan yaranır. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194-cü maddəsinə müvafiq olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı

65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

67. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

68. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

69. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

73. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

76. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

77. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

79. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi). İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

80. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

81. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

82. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

83. İddiaçıların irəli sürdükləri faktiki hal ondan ibarətdir ki, mərhum X4 miras qalmış və miras qoyan tərəfindən Cavabdeh2 vəsiyyət olunmuş əmlaka münasibətdə məcburi pay hüquqları vardır və əmlakın tamamına dair cavabdehə şəhadətnamə verilməklə bu hüquqları pozulmuşdur.

84. Qeyd olunmalıdır ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin) qanunla məhdudlaşdırılmasıdır.

85. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.

86. Bununla yanaşı nəzərə alınmalıdır ki, məcburi pay vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki vəsiyyət edilən əmlak üzərində miras açıldığı andan qanun üzrə vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur.

87. İşin hallarından görünür ki, X6 mirasından məcburi pay hüququna sahib ola biləcək vərəsə kimi nəzərdən keçirilməsi mümkün olan X1 Xankişiyevdən əvvəl vəfat etmişdir, iddiaçılar isə onun (Telman Xankişiyevin) vərəsələridirlər.

88. Kollegiyanın qənaətinə görə, nə qədər ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir (§ 45) və nə qədər ki, bu cür tələb hüququnun vərəsəlik üzrə keçməsi məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olması, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölməsi halı ilə şərtləndirilir (§ 64), bu halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas yoxdur.

89. Kollegiya onu da qeyd edir ki, hazırkı mübahisəyə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqe tətbiq oluna bilməz - belə ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarı mirasın qəbulu və mirasdan imtina ilə bağlı məsələlərin şərhi kontekstində verilməklə, qanuna əsaslanan tələb hüququ kimi nəzərdən keçirilən məcburi pay mübahisəsinə şamil oluna bilməz.

90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3059/2023 saylı iş üzrə 27 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən iddiaçılar tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar