Məhkəmə qərarları › İş №2(103)-2406/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2406/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2406/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ( “müqavilənin ləğvi və maddi ziyanın ödənilməsi” ) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ müqavilənin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2453/2024 saylı işi üzrə 24 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə onun arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, 1001 3422 saylı Xidmət Müqaviləsinin cavabdehin üzərinə düşən öhdəliyi icra etməməsi səbəbindən müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən xidmət göstərilməsi üçün ödədiyi 544 manat və 740 manat olmaqla, cəmi 1284 manat pulun, eyni zamanda bu müddət ərzində ona dəyən 500 manat məbləğində maddi ziyanlığın, ümumilikdə, 1784 manat pulun, dövlət rüsumu üçün ödədiyi 35 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırlmışdır ki, 01 avqust 2023-cü il tarixində Xidmət göstərən şəxs kimi Cavabdeh MMC ilə onun arasında 1001 3422 saylı Xidmət Müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış müqaviləyə əsasən Şirkət, yəni, Cavabdeh MMC sazişin şərtlərinə uyğun olaraq müqavilədə göstərilən 6 ay müddət ərzində Müştəriyə yəni, ona Polşa Respublikasında iş axtarışı və münasib işlə təmin edilməsini əhatə edən xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Bu Müqavilənin şərtlərinə görə (bənd 1.1- 1.5) Xidmət göstərən şəxs kimi cavabdeh Şirkət onu Polşa Respublikasında 6 ay ərzində müvafiq bir işlə təmin edəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda Xidmət göstərən şəxs olan cavabdeh Xidmət Müqaviləsinin müvafiq bəndlərinə əsasən İşçini işə başlaması üçün lazımi sənədlər və işə rəsmi dəvət məktubu ilə təmin etmək, iş vizasının alınması üçün Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində görüş vaxtını təyin etməyi, iş üçün seçilmiş Polşa şirkəti ilə Müştəri arasında qüvvədə olan Polşa qanunlarına uyğun olaraq iş və əmək haqqının şərtlərini müəyyənləşdirmək üçün işçi ilə müqavilə imzalanmasını təmin etməyi, seçilmiş Polşadakı şirkətə işçilərə iş üçün aylıq maaşlarının verilməsi üçün müvafiq təlimatlar verməyi, seçilmiş Polşadakı şirkətə işçilərin qalmaq üçün yerini müəyyən və təşkil etmək məqsədi ilə müvafiq təlimatlar vermək, seçilmiş Polşadakı şirkətə işçinin Polşada qeydiyyata alınmasını təmin etmək (ZUS, PESEL) üçün müvafiq təlimatlar vermək barədə xidmətləri yüksək səviyyədə təşkil edilməsini öz üzərinə götürmüşdür. Bundan başqa Müqavilənin 5.1.2-ci bəndində isə qeyd edilir ki, “əgər xidmətlərdə vaxt və ya keyfiyyət dəyişiklikləri və ya çatışmamazlıqlar baş verərsə və müəyyən edilmiş vaxtda aradan qaldırılmazsa və ya mühüm dərəcədə olarsa və ya aradan qaldırıla bilməzsə, Müştərinin xidmətlərdən imtina etməsi hüququ vardır. Müqavilənin 6.1-ci bəndində isə qeyd edilir ki, bu Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi halda və ya müvafiq şəkildə yerinə yetirilmədiyi halda, tərəflər qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Bildirir ki, xidmət göstərən şəxs kimi Cavabdeh MMC onun Polşa Respublikasında işləməyi üçün lazım olan prosedurların həyata keçirilməsi, sənədləşmə işlərinin tamamlanması üçün lazım olan hərəkətlərin yerinə yetrilməsi öhdəliyini öz üzərinizə götürmüş, aralarında olan razılaşmaya əsasən 6 ay ərzində bu müqavilədə göstərilən xidmətlərin tam yerinə yetiriləcəyi öhdəliyi yaranmışdır. Ona qeyd edilən xidmətlərin göstərilməsi üçün o, şirkətin hesabına 01 avqust 2023-cü il tarixində 544 manat və xx.xx.2023-cü il tarixində isə 740 manat pul köçürmüşdür. Ümumilikdə 1284 manat şirkətin hesabına görüləcək xidmətlər üçün pul köçürmüşdür. Xidmət müqaviləsi üzrə o, üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh şirkət müqavilədə qeyd edilən şərtlərin yerinə yetirilməsi öhdəliyini icra etməmişdir. Dəfələrlə telefon əlaqəsi saxlasa da, şirkətin yerləşdiyi yerə gedib müraciət etsə də xidməti müqavilənin şərtləri yerinə yetirilməmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirilir, tez bir zamanda bu işin həll ediləcəyinə onu inandırırdılar. O da arxayın olaraq başqa bir işlə məşğul olmur, bu işi səbirsizliklə gözləmişdir. Lakin, o, Şirkət tərəfindən Polşa Respublikasında işləmək üçün lazım olan heç bir hüquqi hərəkətlərin yerinə yetirilməsini görməmişdir. Ona görə də həm bu Müqavilənin şərtlərinə (5-ci və 6-cı bəndlər), həm də qanunvericiliyə əsasən onun ixtiyarı var ki, bu Müqavilədən imtina edərək ödədiyi pulları və ona dəyən maddi ziyanı cavabdehdən tələb etsin. Buna tam olaraq ixtiyarı çatır. Müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəlik icra edilməmiş qalmışdır. Artıq 1 il 3 ay keçməsinə baxmayaraq, şirkət müqavilənin şərtlərini yerinə yetirmir. Bununla da ona maddi və mənəvi ziyan dəymişdir. Şirkət üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən onun şirkətin hesabına köçürdüyü pulları ona qaytarmalı və eyni zamanda bu neçə müddətdə çəkdiyi maddi ziyanlıq da ona ödənməlidir. Çünki, onun yaşadığı rayondan Bakı şəhərinə 500 km-dir. O, hər dəfə bu işin necə olduğunu bilmək üçün, işin nəticəsini öyrənmək üçün dəfələrlə Bakı şəhərinə getmiş, orada bir neçə gün qalıb bu işlə işin nəticəsini öyrənməyə çalışmışdır. Bütün bunlar da hamısı maddi vəsait hesabına (yol xərci, yemək və qalmaq pulu və s.) başa gəlmişdir ki, bu artıq xərclərin yaranmasının da günahkarı cavabdehdir. Ona görə də cavabdeh ona dəyən maddi ziyanlığı da ödəməlidir.

3. Cavabdeh iddia tələbinə yazılı etirazını təqdim edərək qeyd etmişdir ki, İddiaçı İTAC MMC ilə müqavilə bağlayaraq Polşa Respublikasına bir illik işləmək üçün işçi vizasının alınması üçün İTAC MMC-nin vasitəçi olaraq ona kömək etməsini istəmişdir. Müqavilə üzrə Polşa Respublikasında bir illik işçi vizasının alınması üzrə bütün dövlət və sığorta rüsumlarının özü tərəfindən qarşılanmasını öhdəsinə götürmüş və İTAC MMC vasitəçi olaraq bir illik iş vizasının alınması üçün bütün zəruri sənədləri toplayaraq Polşa Respublikasının Azərbayandakı Səfirliyinin Konsulluq şöbəsinə online qaydada müraciət etmişdir. Konsulluq şöbəsi müraciəti müsbət qəbul etmiş və İddiaçı adını səfirlikdə görüş gününün təyini üçün sistemə daxil etmişdir. Polşa Respublikasının digər ölkələrdə olduğu kimi Azərbaycan Resbublikasından olan namizədlərin konsulluqda görüş gününün təyini püşkatma prinsipi ilə aparılır. Hazırda İddiaçı adı həmin püşkatma sistemində iştirak edir və şəxs hər həftənin bazar ertəsi püşkatmanın nəticələri haqqında Polşa Respublikasının Səfirliyinin Konsulluq şöbəsindən şəxsi email adresinə rəsmi məktub alır. İddiaçı şikayəti püşkatmada onun adının çıxması və görüş gününün təyin olunmasının uzanması ilə bağlıdır. Polşa Respublikasının istər Azərbaycan istər digər dövlətlərdə işçi vizasının verilməsi ilə bağlı prosedurları eynidir və İTAC MMC və ya bir başqa şirkətin bu seçimə müdaxilə etməsi mümkün deyildir. Eyni zamanda püşkatmada namizədin adının çıxmasının gecikə bilməsi barədə İddiaçı öncədən məlumat verilmiş və bunu anladığı ilə bağlı müqavilə və sənədə imza atmışdır. Hazırda İddiaçı bir illik işçi vizasının alınması üçün Azərbaycanda və digər ölkələrdə bütün namizədlərin etdiyi kimi, sadəcə Polşa Respublikasının konsulluq şöbəsində görüş gününün təyin olunması gözləməlidir. İddiaçı iddiaları tamamilə əsassızdır. İddianın təmin edilməməsi xahiş edilmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2453/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, , iddiaçının iddiasını əsaslandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, o, cavabdeh şirkətin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi səbəbindən müqavilənin ləğv edilməsini iddia etsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 38218/2023 saylı əcnəbinin Polşa Respublikasının ərazisində işləməsi üçün təsdiqlə müəyyən edilir ki, İddiaçı Polşa Respublikası ərazisində iş icazəsi verilmişdir. İş icazəsi xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinədək etibarlıdır. Göründüyü kimi cavabdeh öhdəliyini icra edərək iddiaçının adına iş icazəsi alınmış və xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinədək etibarlıdır. Şirkət tərəfindən Səfirliyə iş vizasının verilməsi ilə bağlı görüş təyin edilməsi üçün müraciət edilib. Sadəcə olaraq iş üçün viza alınması gözlənilməlidir ki, bu hal da cavabdeh şirkətin nə səlahiyyətinə aid olan bir məsələ deyil, nə də ki, müqavilə üzrə viza təminatı verilməmişdir. Bundan başqa, İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə adlandırılan yazılı qeyddən də görünür ki, o, öz razılığı əsasında Polşa Respublikasında işləmək üçün Cavabdeh MMC şirkəti ilə bağladığı müqaviləyə əsasən Polşa Respublikasından iş icazəsi gəldikdən sonra ikinci mərhələyə tələb olunan sənədlərin toplanmasını Cavabdeh MMC əməkdaşklarına etibar edir və fərqindədir ki, müraciət etdiyi bir illik iş vizasına imtina ala bilər. İmtina alacağı təqdirdə onun sənədləşmə işlərinin aparılması üçün ödədiyi xidmət haqqı və sığorta rüsumu 740 AZN geri qaytrılmayacaq. Bütün sənədlər Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyin Konsulluq şöbəsinə təqdim olunduqdan sonra səfirliyin ona görüş vaxtının təyin olunmasının 7 gündən iş icazəsinin bitmə tarixinə qədər uzana biləcəyinin fərqindədir. Bütün sənədlər qanuni şəkildə hazırlanaraq ona təqdim olunub, Cavabdeh MMC-dən hər hansı bir narazılıq və şikayəti yoxdur. Yuxarıda qeyd etdiyi məlumatları və sənədləri xx.xx.2023-cü il tarixində təhvil aldığını imzasıyla təsdiqləyir. 5.Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1001 3422 saylı xidmət müqaviləsindən görünür ki, şirkət bu sazişin şərtlərinə uyğun olaraq müqavilədə göstərilən müddət ərzində müştəriyə iş axtarışı və münasib işlə təmin edilməsini əhatə edən xidmətləri göstərməyi öhdəsinə götürür ; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 544 manat ödənilmişdir ; - xx.xx.2023-cü il tarixli, 38218/2023 saylı əcnəbinin Polşa Respublikasının ərazisində işləməsi üçün təsdiqdən görünür ki, İddiaçı Polşa Respublikası ərazisində iş icazəsi verilmişdir. İş icazəsi xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinədək etibarlıdır ; - İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, o, öz razılığı əsasında Polşa Respublikasında işləmək üçün Cavabdeh MMC şirkəti ilə bağladığı müqaviləyə əsasən Polşa Respublikasından iş icazəsi gəldikdən sonra ikinci mərhələyə tələb olunan sənədlərin toplanmasını Cavabdeh MMC əməkdaşklarına etibar edir və fərqindədir ki, müraciət etdiyi bir illik iş vizasına imtina ala bilər. İmtina alacağı təqdirdə onun sənədləşmə işlərinin aparılması üçün ödədiyi xidmət haqqı və sığorta rüsumu 740 (yeddi yüz qırx) AZN geri qaytrılmayacaq. Bütün sənədlər Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyin Konsulluq şöbəsinə təqdim olunduqdan sonra səfirliyin ona görüş vaxtının təyin olunmasının 7 (yeddi) gündən iş icazəsinin bitmə tarixinə qədər uzana biləcəyinin fərqindədir. Bütün sənədlər qanuni şəkildə hazırlanaraq ona təqdim olunub, Cavabdeh MMC-dən hər hansı bir narazılıq və şikayəti yoxdur. Yuxarıda qeyd etdiyi məlumatları və sənədləri xx.xx.2023-cü il tarixində təhvil aldığını imzasıyla təsdiqləyir ; xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 740 manat ödənilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 6.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, e-2(009)-2453/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə mənim müqavilənin ləğv etmək hüququmun olmamasını əsas gətirib iddianı təmin etmir. Amma, faktiki olaraq müqavilədə bu müqavilənin ləğv edilməsi üçün əsaslar qeyd edilmişdir və faktiki olaraq da həmin əsaslar vardır. Yəni, bağlanmış müqavilədə bu şərtlər mövcuddur. Müqavilənin 5.1.2-ci bəndində qeyd edilir ki, “əgər xidmətlərdə vaxt və ya keyfiyyət dəyişiklikləri və ya çatışmamazlıqlar baş verərsə və müəyyən edilmiş vaxtda aradan qaldırılmazsa və ya mühüm dərəcədə olarsa və ya aradan qaldırıla bilməzsə, Müştərinin xidmətlərdən imtina etməsi hüququ vardır. Müqavilənin 6.1-ci bəndində iseə qeyd edilir ki, bu Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi halda və ya müvafiq şəkildə yerinə yetirilmədiyi halda, tərəflər qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Bütün bunlar hamısı onu göstərir ki, göstərilən xidmətdə vaxt dəyişikliyi, və ya çatışmazlıqlar baş verərsə, eyni zamanda bu Müqavilə üzrə öhdəliklər müvafiq şəkildə yerinə yetirilmədiyi halda, tərəflər məsuliyyət daşıyır. Bu tələbə əsasən cavabdeh öhdəliyi müvafiq şəkildə yerinə yetirməyə borcludur. Amma, öhdəlik yetirilməmiş qalmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, mənə Polşa Respublikasında iş icazəsi verilmişdir və iş icazəsi xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilə qədər etibarlıdır. Məhkəmənin qənaətinə görə bu müddət bitməyənə qədər o heçnə tələb edə bilməz. Lakin, əgər o bilsəydi ki, yaxud, iş üçün bu şirkətə müraciət edənlərə desələr ki, ola bilər ki, 3 il çəksin icazənin alınmasıkimsə bu şirkətlə müqavilə bağlayardı? Təbii ki, yox. Müraciət ediləndə bildirirlər ki, maksimum 3-6 ay ərzində bu məsələ həll ediləcəkdir. Hər kəs də bununla razılaşır. Ona 2023-cü ilin avqust ayında desəydilər ki, icazə 2025-ci ilin dekabr ayına qədər alına bilərtəbii ki, mən bununla razılaşmayacaqdım. Cavabdeh şirkət onu 6 aya Polşada işlə təmin edəcəyinə söz verib deyə o bu müqaviləni bağlamışdır. Hesab edir ki, məhkəmənin mövqeyi ədalətsizdir. Həm də qərəzlidir. Ona görə ki, o 23 dekabr 2024-cü il tarixində gecə saatlarında elektron məhkəmə sisteminə baxarkən cavabdehin gecə saat 23 radələrinə etiraz təqdim etdiyini, bundan sonra daha gec vaxtlarda tələsik qarşılıqlı iddia ərizəsini təqdim etdiyinin şahidi oldu. Lakin, səhəri gün məhkəmə zamanı cavabdeh işdə iştirak edir və qarşılıqlı iddia ərizəsini geri götürür. Nə səbəbə? İşin nəticəsini bildiyi üçün? Onsuz məhkəmə qayda və qanuna uyğun yazılmayan qarşılıqlı iddianı qəbul etməyəcəkdi ki, prosessual qanunvericiliyə uyğun tərtib edilməyib. Ona heç kim bunu irad tutmadığı halda necə geri götürür? əgər belədirsə onda məhkəmə ən yaxşı halda hər iki tərəfin iştirakı ilə keçiriləcək növbəti iclas təyin etməli idi və tərəflərdən hər ikisinin iştirakı ilə, çəkişmə prinsipinə uyğun olaraq iclas təyin etməli, təqdim olunmuş sübutları hər iki tərəfin iştirakı ilə tədqiq edib qiymətləndirdikdən sonra öz mövqeyini bildirməli idi. Məhkəmə isə buna təşəbüs belə göstərməmişdir. Bu faktlar da onda məhkəmənin qərarına şübhə ilə yanaşmağına səbəb olmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 7.İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, ərizənin məzmunu nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

8. Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır . Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

11. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 216-220, 227, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən və iddianın əsasına aid olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı onun tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyini iddia etsə də bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Bunun əksinə iş materialları ilə müəyyən edilir ki, cavabdeh öhdəliyini icra edərək iddiaçının adına iş icazəsi almışdır və icazə xx.xx.2025-ci il tarixinədək etibarlıdır və səfirliyə də iş vizasının alınması üçün müraciət edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə adlandırılan yazılı qeyddən də görünür ki, o, öz razılığı əsasında Polşa Respublikasında işləmək üçün Cavabdeh MMC şirkəti ilə bağladığı müqaviləyə əsasən Polşa Respublikasından iş icazəsi gəldikdən sonra ikinci mərhələyə tələb olunan sənədlərin toplanmasını Cavabdeh MMC əməkdaşlarına etibar edir və fərqindədir ki, müraciət etdiyi bir illik iş vizasına imtina ala bilər. İmtina alacağı təqdirdə onun sənədləşmə işlərinin aparılması üçün ödədiyi xidmət haqqı və sığorta rüsumu 740 AZN geri qaytrılmayacaq. 13.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2453/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar