Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2407/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Əlimərdan Sadıxlının, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» 2(011)- 7694/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 55000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun yaxın qohumu, digər cavabdeh isə Cavabdeh1 həyat yoldaşıdır. Əslən Gürcüstan Respublikasından olsalar da, hazırda o, Rusiya Federasiyasının vətəndaşı, cavabdehlər Azərbaycan Respublikasının vətəndaşlarıdır. 2020-ci ilin fevral ayında ünvan 2ində ümumi sahəri 403,30 m2 olan fərdi yaşayış evi və sahəsi 0,301040 ha olan torpaq sahəsini öz mülkiyyətinə əldə etmişdir. Adıçəkilən daşınmaz əmlakların mülkiyyətində olmasına dair Azərbyacan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən 28.02.2020-ci il tarixli, reyestr nömrəsi **********363-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Qüvvədə olan Azərbaycan Respublikası qanunvericliliyinə əsasən xarici ölkə vətəndaşı olduğundan mülkiyyətində olan torpaq sahəsini bir il müddətində özgəninkiləşdirməli idi. Qeyd olunan qaydanı, habelə pula ehtiyacı olduğundan adıçəkilən daşınmaz əmlakını satmaq qərarına gəlmişdir. Fərdi yaşayış evini və torpaq sahəsini satmaq barədə məlumatı eşidən Cavabdeh1 həmin vaxt onu inandırmışdır ki, ev alğı-satqısında səriştəsi var, qısa müddətə müştəri tapıb evi və torpaq sahəsini satacaq, əldə olunan pulu da ona çatdıracaq. Cavabdeh1 səriştəsinə, vədlərinə və verdiyi məsləhətə inanaraq evini və torpaq sahəsini satmaq məqsədilə 2020-ci ilin dekabr ayının 31-də onun həyat yoldaşı - Cavabdeh2, 2021-ci ilin yanvar ayının 29-da isə onun özünə etibarnamə vermişdir. Etibarnamə verilən vaxt Gürcüstan Respublikasında olduğundan cavabdehlərə verilmiş etibarnamələr orada rəsmiləşmişdir. Həmin etibarnamələrlə özünə məxsus daşınmaz əmlaka dair digər hüquqlarla yanaşı əmlakına sərəncam verməyi də cavabdehlərə həvalə etmişdir. Verdiyi tapşırığa əsasən Cavabdeh1 18.06.2021-ci il tarixdə ünvan 2ində yerləşən və xüsusi mükliyyətində olan fərdi yaşayış evini və torpaq sahəsini alıcı D.S.Qəniyevə satmışdır. Razılığa əsasən cavabdeh fərdi yaşayış evinin və tropaq sahəsinin satışından əldə olunan pulu tam şəkildə ona verməli idi. Satış barədə məlumat verən Cavabdeh1 fərdi yaşayış evinin və torpaq sahəsinin hansı qiymətə satılmasını ondan gizlətmişdir. Bir müddət sonra cavabdeh daşınmaz əmlakın satışından əldə olunan vəsait kimi ona 150000 manat məbləğində pul göndərmişdir. Əmlakının hansı qiymətə satılması barədə cavabdehdən məlumat almaq istədikdə, bildirmişdir ki, 150000 manata satılıb. Alğı-satqı müqaviləsinin surətini təqdim etməsinə dair tələbini Cavabdeh1 yerinə yetirməmiş və xüsusi mülkiyyəti olan fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki hansı qiymətə satılması barədə məlumat verməmişdir. Məcbur olub alğı-satqı müqaviləsinin rəsmiləşdirildiyi 20 saylı notariat kontorundan müqavilənin surətini və digər sənədləri əldə etmişdir. Alğı-satqı müqaviləsinin surətindən məlum olmuşdur ki, Cavabdeh1 əmlakını 205000 manata satmış, lakin ona 150000 manat pul vermişdir. Alğı-satqı müqaviləsinin surətindən, habelə əldə etdiyi digər sənədlərdən məlum olur ki, verdiyi etibarnamələrdən sui-sitifadə olunaraq, mülkiyyətində olan 0,301040 ha torpaq sahəsi 03.03.2021-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə keçmiş, 18.06.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanan zaman isə həmin torpaq sahəsini sonuncu öz əmlakı kimi satmışdır. Cavabdeh1 ona vermədiyi 55000 manatı tələb etsə də, cavabdeh onun tələbini yerinə yetirməmiş, əvvəlcə müxtəlif bəhanələr gətirmiş, vədlər vermiş, sonra isə ona əlavə pul verməyəcəyini qəti şəkildə bəyan etmiş, daha sonra bütün əlaqələrini kəsmişdir. Yaranmış vəziyyət ona məxsus əmlakın satşından əldə olunun pulun məhkəmə qaydasında cavabdehlərdən tələb olunmasını zəruri etmişdir. Hesab edir ki, cavabdehlər verdiyi tapşırıq üzrə mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydaları pozmaqla tapşırığı vicdanla icra etməmiş, həmin tapşırığın icrası nəticəsində əldə olunanların hamısını ona verməmiş, 55000 manat məbləğində pul vəsaitini özlərinə götürməkə əsassız varlanmışlar. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 46.447 manat və ödənilmiş dövlət rüsumunun 25,50 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırmalar və sübutların qiymətləndirilməsi qeyri-obyektiv, natamam, qərəzli və səthi olmuşdur. Belə ki, aralarındakı razılaşmaya görə daşınmaz əmlakın satışından əldə olunan vəsait olan 205000 manat pul aralarında tam yarı bölünməli, hərəsinə 100724 manat qalmalı idi. Lakin iddiaçı aralarında olan razılaşmaya nəinki riayət etməmiş, əksinə pulun hamısının ödənilməsini ondan tələb etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının vəkili şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh2 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın qismən təmin edilməsinə dair qətnamə Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Şamaxı rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2ində yerləşən 1 mərtəbəli, 4 yaşayış otaqlı, yaşayış sahəsi 86,0 m2, ümumi sahəsi 135,3 m2 olan və 2 mərtəbəli, 6 yaşayış otaqlı, yaşayış sahəsi 130,5 m2, ümumi sahəsi 256,0 m2 olan fərdi yaşayış evləri Şamaxı rayonu Kirovka kənd XDS İK-nın 99 saylı, 26.09.1991-ci il tarixli sərəncamı əsasında 13.10.2000-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış məlumatlarına əsasən, ünvan 2ində ümumi sahəri 403,30 m2 olan fərdi yaşayış evi və sahəsi 0,301040 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. 19.02.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X5 rayonu Nağaraxana kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,30104 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni hədiyyə alan Cavabdeh1 mülkiyyətinə vermişdir: - 0.30104 ha; - ümumi sahəsi 403,30 m2 olan fərdi yaşayış evi hədiyyə verənin mülkiyyətində qalır. Müqavilə 4 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu S.Həbibbəyli tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-196 nömrə ilə qeydə alınmışdır. X1 əvəzindən (GR Bolnisi şəhəri X16 tərəfindən 31.12.2020-ci il tarixdə verilmiş N201065258 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış məlumatlarına əsasən, ünvan 2ində ümumi sahəri 403,30 m2 olan fərdi yaşayış evi İddiaçı, sahəsi 0,30104 ha olan torpaq sahəsi Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət 03.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır. 18.06.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 403,3 m2 olan fərdi yaşayış evini, satıcı Cavabdeh1 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,30104 ha olan torpaq sahəsini alıcı X3. Müqavilənin 4-cü bəndində alıcı X4 X2 tam hissəni (403,3 m2) ondan 205.000 manat qiymətinə aldığı qeyd edilmişdir. Hər iki daşınmaz əmlaka görə 3552,35 manat vergi ödənilmişdir. Bakı şəhəri Binəqədi RPİ 6-cı PB-nin baş təhqiqatçısı X8 cinayət işi başlanmasının rədd edilməsi haqqında 25.10.2021-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma zamanı izahatı alınmış Cavabdeh1 baxılan mülki iş üzrə iddia ərizəsinə etirazın və məhkəmə çıxışının məzmununa uyğun izahat vermişdir. Araşdırma zamanı izahatı alınmış X13 bildirmişdir ki, Nağaraxana kəndində satılan evin elanını görmüş, həmin evi satan şəxslə əlaqə saxlayıb evə baxıb ilkin qiyməti ilə maraqlanmış, Cavabdeh1 ilkin olaraq torpağın qiymətinin 225000 manat olduğunu, Rusiyada yaşayan böyük qardaşı ilə danışdıqdan sonra 205000 manata razılaşdıqlarını bildirmişdir. 18.06.2021-ci il tarixdə Bakı şəhəri 20 saylı notariat kontorunda həmin torpaq sahəsinin 205000 manata aldığını bildirmişdir. Alğı-satqıdan dərhal sonra Pərviz Rusiyada yaşayan qardaşına zəng etmiş, torpağı 205000 manata satdığını bildirmişdir. Bir müddət sonra həmin şəxs Bakıda olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Görüş səbəbini həmin şəxsdən soruşduqda sonuncu bildirmişdir ki, qardaşı Pərvizlə torpaq satıldıqdan sonra aralarında pul problemi yaranmışdır. O, həmin şəxsə Bakıdan kənarda olduğunu bildirmiş və aralarında olan mübahisələrin iki qardaş arasında həll edilməsini məsləhət görmüşdür. Aparılmış araşdırma nəticəsində Cavabdeh1 və Cavabdeh2 əməllərində cinayət tərkibinin əlamətləri olmadığı müəyən edilmiş və cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Mülki Məcəllənin 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Mülki Məcəllənin 782.2-ci maddəsinə əsasən vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsin 48.3-cü maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Torpaq Məcəlləsinin 49.4-cü maddəsində qeyd edilmişdir ki, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Göründüyü kimi, birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş və haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıya məxsus olmuş ünvan 1ində ümumi sahəri 403,30 m2 olan fərdi yaşayış evini və sahəsi 0,301040 ha olan torpaq sahəsini iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında 205000 manata satsa da həmin puldan iddiaçıya 155000 manat vermişdir. Ona görə də iddia tələbi qismən təmin edilərək, qaytarılmamış 50000 manatdan daşınmaz əmlakın alqı-satqısının rəsmiləşdirilməsi üçün ödənilmiş 3553 manat vergi ödənişi çıxıldıqdan sonra qalan 46447 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən iddia ərizəsinə etirazda və məhkəmə çıxışı zamanı istinad etdiyi dəlillərə tənqidi yanaşaraq haqlı olaraq hesab etmişdir ki, həmin mülahizələr məhkəmə araşdırılması nəticəsində təkzib olunmaqla, özünü müdafiə xarakteri daşımışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi iddia tələbini digər Cavabdeh2 münasibətdə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən Cavabdeh2 qarşı pul tələbi əsaslandırılmamış və bunu təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh qeyd edilən daşınmaz əmlakın satışından əldə olunan 205000 manat pul vəsaitinin iddiaçı ilə aralarında yarı bölünməli olmasına dair razılıqlarının olmasını əsaslandıra və bunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli, 2(011)-7694/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2407/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2407/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver