Məhkəmə qərarları › İş №2(103)-2408/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2408/2020

16.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2408/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1231/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh və onunla birlikdə yaşayan digər şəxslərin istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi İddiaçı təhvil verilməsi, Cavabdeh xx xxxx 2018-ci il tarixdən qətnamə icra edilənə qədər hər aya görə 1300 manat kirayə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 19 saylı notariat kontoru) qarşı qarşılıqlı iddia qaldıraraq, onunla İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(009)-1231/2019 qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi İddiaçı təhvil verilməsi və ilk iddianın qalan hissədə, eləcə də qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı və cavabdeh Cavabdeh həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-10070/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-7911/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflər arasında münasibətlərin əslində yalan əqd olması düzgün nəticəyə gəlsə də, məhkəmənin tərəflərin əqd bağlayarkən nəzərdə tutduqları əqdin qaydalarını tətbiq etməməsi maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında mübahisəli evə dair bağlanmış əqd əhəmiyyətsiz əqd olduğundan və tərəflər arasında yaranmış münasibətə Mülki Məcəllənin 340.2-ci maddəsinin tələblərinə əsasən tərəflərin nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edildiyindən Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi istisna olunur. Lakin məhkəmə bu normaya istinad etməsinə baxmayaraq tərəflərin əslində nəzərdə tutduqları əqdin qaydalarını tətbiq etməyərək tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəsi natamam olmuş, düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir... Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə mübahisənin predmeti olan yaşayış evinin alqı-satqısına dair tərəflər arasında xx.xx.2018-ci il tarixli AN-1 ******* № li müqavilə üzrə alıcı İddiaçı tərəfindən ödənilməli olan 211500 manat məbləğ satıcı Cavabdeh verilməsi üçün notariusun “xxxx” ASC-nin “İnest” filialındakı depozit hesabına mədaxil edilmiş, satıcı Cavabdeh 8483,3 manat vergi tutulmuşdur. Lakin həmin pulun bankdan kim tərəfindən alınması barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. İşin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən həmin hal məhkəmələr tərəfindən müəyyən edilməmiş, cavabdeh tərəfə suallar verilməklə və banka sorğu verməklə həmin məsələ aydınlaşdırılmamışdır. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Üçüncü şəxs Bakı şəhəri 19 saylı notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuşdur. 19 saylı notariat kontorunda təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh həmin fərdi yaşayış evini 211500 manata (125000 ABŞ dollarına) İddiaçı satmışdır. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli qəbzinə əsasən İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli məktuba əsasən 19 saylı notariat kontorunun xüsusi notariusunun bank hesabına 211500 manat məbləğində pul köçürülmüşdür. Hazırda ev iddiaçının mülkiyyətindədir və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Həmçinin İddiaçı ilə X5 arasında notariat qaydada təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli 02/2018 saylı borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən İddiaçı borc alan X4 xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 155000 ABŞ dolları məbləğində borc pul vermiş, borc alan isə həmin pul məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(009)-1485/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı borcun qaytarılması tələbinə dair iddia qismən təmin edilərək, cavabdeh X2 150000 ABŞ dolları məbləğində borc və 300 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 150300 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-1283/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1485/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, yəni faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi və dəbbə puluna aid hissədə dəyişdirilməsi, faiz borcuna aid hissədə iddianın təmin edilməsi, cavabdeh X2 4375 ABŞ dolları məbləğində faiz pulu və 5000 ABŞ dolları məbləğində dəbbə pulu (rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, İddiaçı ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı bildirir ki, fərdi yaşayış evində yaşayan Cavabdeh və onunla birlikdə yaşayan digər şəxslər evi ona satdıqdan sonra 3 ay müddətində evdən çıxacaqlarını öhdələrinə götürsələr də, əsassız olaraq evdən bu günə kimi çıxmamışlar. Hazırda cavabdeh həmin fərdi yaşayış evində yaşayır və onun mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırır. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki,tərəflər arasında bağlanmış fərdi yaşayış evinin alqı-satqı müqaviləsi əslində yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Belə ki, alqı-satqı müqaviləsi İddiaçı ilə onun əri X6 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsinin təminatı kimi bağlanmış və fərdi yaşayış evi girov qoyulmuşdur. Faktiki alqı-satqı isə olmamışdır. Alqı-satqı müqaviləsinin tarixi də borc müqaviləsinin bağlandığı tarixə mütənasib gəlir. İddiaçı cavabdehin dəlillərinə və qarşılıqlı iddiasına etiraz edir və bildirir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsinin hazırki iddia tələbinə heç bir aidiyyəti yoxdur. Mübahisəli fərdi yaşayış evi borc müqaviləsi üzrə borcun təminatı olmamış, həmin əmlak onun tərəfindən əvəzi ödənilməklə əldə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia qismən əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh mübahisəli evi iddiaçının faktiki sahiblik və istifadəsinə verməyi və evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 228.4-cü maddəsinin tələblərinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 203.1-ci maddəsində isə təsbit olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri və mübahisəli evin onun mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrindəki qeydinin ləğv edildiyini və bununla da, onun mübahisəli evə olan əmlak hüquqlarının, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun itirildiyini nəzərə alaraq kollegiya hesab edir ki, ilk iddiada irəli sürülmüş Cavabdeh mübahisəli evə olan istifadə hüququna xitam verilməsi barədə tələblər əsaslıdır. Ona görə də, həmin tələbin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə ilk iddia təmin edilməlidir. Həmçinin kollegiya hesab edir ki, cavabdehin evdən çıxarılması barədə tələblər də əsaslıdır. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız həmin üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, hazırkı işdə də həmin şərtlər mövcuddur. Belə ki, mübahisəli evin iddiaçının mülkiyyətində olması daşınmaz əmlakın dövlət reyestrində olan qeydlə təsdiq olunur. Lakin həmin ev Cavabdeh sahibliyindədir. Həmin sahiblik isə qanunsuzdur. Çünki mübahisəli evə dair cavabdehin hər hansı əmlak hüquqları mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilk iddiada irəli sürülmüş Cavabdeh evdən çıxarılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə tələblər də əsaslıdır və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı, kollegiya hesab edir ki, ilk iddia Cavabdeh ilə birlikdə yaşayan digər şəxslərin istifadə hüquqlarına xitam verilməklə çıxarılması hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçı mübahisəli evdə yaşayan digər şəxslər barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda həmin şəxsləri cavabdeh qismində qoymamışdır. Belə olan halda isə həmin tələb qeyri-müəyyən olmaqla konkret hər hansı şəxsə qarşı yönəlməmişdir. Halbuki mülki prosesdə iddia icraatı qaydasında irəli sürülən tələblər xarakter etibarı ilə konkret və dəqiq olur. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri rədd edilməlidir. Həmçinin əldən çıxmış faydanın ödənilməsi barədə ilk iddia tələbləri də rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxslə kirayə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə ilk iddia tələbləri təmin edilə bilməz və bu hissədə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Qarşılıqlı iddiaya dair kollegiya hesab edir ki, həmin iddia əsassızdır. Belə ki, cavabdehin istinad etdiyi halları nəzərə alaraq kollegiya qeyd edir ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki cavabdeh qeyd olunan halları təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-7911/2019 saylı qərarındakı göstərişlər və Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbləri nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixdə “xxxx” ASC-nin İNVEST filialında AZ82MUGA**********0041AZM28 №-li depozit hesabına ödənilən və Cavabdeh verilməli olan 211500 manat məbləğində pul vəsaitinin məxaric olunması ilə bağlı bütün sənədlərin (kassa məxaric orderi, etibarnamə və s.) məhkəməyə təqdim edilməsi “xxxx” ASC-nin İNVEST filialına həvalə edilmiş və sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli 349252 saylı çekin əsli və xx.xx.2018-ci il tarixli 20 saylı reyestrin əslinə əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 211500 manat məbləğində pul vəsaiti şəxsən Cavabdeh verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili də bu faktı təsdiq etmişdir. Göründüyü kimi alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh fərdi yaşayış evinin dəyərini tam olaraq qəbul etmiş, yəni həmin fərdi yaşayış evi İddiaçı tərəfindən əvəzi tam ödənilməklə əldə olunmuşdur. Əks halda, yəni əgər alqı-satqı müqaviləsi yalan əqd olmuş olsaydı müqavilənin dəyəri olan 211500 manat Cavabdeh tərəfindən götürülməzdi. Eyni zamanda həmin pulun məhz nə üçün Cavabdeh tərəfindən götürülməsi ilə bağlı kollegiyanın suallarına cavabdehin nümayəndəsi və vəkili ilkin olaraq ümumiyyətlə cavab verə bilməmiş, daha sonra isə bildirmişdir ki, həmin məbləğ məhz borc kimi verilmiş pul vəsaitidir. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlili əsassızdır. Belə ki, əvvəla, borc verilmiş pul məbləği 155000 ABŞ dolları, yəni həmin tarixə olan məzənnə ilə hesabladıqda 263500 manat təşkil etdiyi təqdirdə, alqı-satqı müqaviləsi üzrə 211500 manat ödənilmişdir. Göründüyü kimi həmin məbləğlər arasında 52000 manat fərq vardır. Həmin fərqə dair cavabdehin nümayəndəsi və vəkili isə bildirdi ki, bunun 8483,3 manat hissəsi alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh tutulmuş vergi məbləği təşkil edir. Əvvəla kollegiya hesab edir ki, bu izah ümumiyyətlə ağlabatan deyildir. Çünki müqavilə xərclərinin müqavilənin qiymətinə hər hansı aidiyyəti yoxdur. İkincisi, hətta 8483,3 manatın vergiyə çıxıldığı nəzərə alınsa belə, cavabdehin nümayəndəsi və vəkili yerdə qalan 43516,7 manatın müqəddəratı ilə bağlı əvvəlcə heç bir izahat verə bilməmiş, daha sonra isə bildirmişdir ki, qalan məbləğ borca hesablanmış faiz məbləğidir. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlili də əsassızdır. Çünki, nə hazırki işdə Cavabdeh, nə də İddiaçı ilə X5 arasında baş tutmuş borcun qaytarılması tələbinə dair mülki işdə X5 borcun məhz faizlə verilməsini ümumiyyətlə bildirməmiş və bu hala istinad etməmişlər. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında tamamilə müstəqil surətdə alqı-satqı müqaviləsi bağlanmış, onun bağlanması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlərə əməl edilmiş və satıcı Cavabdeh da evin dəyərini tam olaraq qəbul etmişdir. Borc müqaviləsi ilə alqı-satqı müqaviləsinin 2 gün aralıqla bağlanması isə həmin müqavilələrdən birinin digərinin təminatı olaraq bağlanmasını ümumiyyətlə təsdiq edə bilməz və həmin dəlil özü-özlüyündə əsassızdır. Çünki mülki qanunvericilikdə müqavilələrin bağlanması tarixi və ya ardıcıllığı ilə bağlı hər hansı məhdudiyyət mövcud deyildir və müqavilə azadlığı prinsipinə görə mülki hüquq subyektləri azad surətdə mülki qanunvericiliyə zidd olmayan istənilən müqaviləni bağlamaqda sərbəstdirlər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflə arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir və birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia tələblərinin rədd edilməsi nəticəsinə gəlmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, qarşılıqlı iddia əsasız olduğuna görə cavabdeh tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddətin ötürülübötürülməməsinə qiymət verilməsinə lüzum yoxdur. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-7911/2019 saylı qərarında əks olunan mövqe ilə bağlı kollegiya qeyd edir ki, kollegiyanın hazırda gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, məhz həmin qərardakı göstərişlərə əməl olunaraq mübahisələndirilən alqısatqı müqaviləsi üzrə ödənilən məbləğin kim tərəfindən götürülməsi ilə bağlı sübut əldə olunmuş və həmin yeni sübut əsasında hazırkı nəticəyə gəlinmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarını və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan kollegiya qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş cavabdehin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1231/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar