Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2408/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “medasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə təyin edilmiş təhsil haqqı və aylıq xərc məbləğinin azaldılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, e- 2(010)-281/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: Cavabdeh və İddiaçı xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından iki uşaq – xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində aralarında xx.xx.2023cü il tarixli barışıq sazişi bağlanmışdır. Hazırda həmin barışıq sazişinin bəndlərini iddiaçı mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazışinin 2 və 4-cü bəndlərinin qanunvericliyin yuxarıdakı tələblərinə zidd olduğunu nəzərə alaraq bu bəndlərin etibarsız hesab edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 (min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat təhsil haqqının ödənilməsindən, habelə İddiaçı övladlarına ödədiyi aylıq 500 (beş yüz) manat aylıq xərcin hər ayın 1-dən 5-dək X3 bank hesabına ödənilməsi öhdəliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə əlavə verərək xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 (min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat təhsil haqqının ödənilməsindən, övladlarına əlavə 500 manat xərcin X3 bank hesabına ödənilməsi öhdəliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə əlavə verərək xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 (min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat təhsil haqqının ödənilməsinin azaldılaraq hər uşağa görə 500 manat və əlavə xərcin isə 300 manatadək müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında qarşılıqlı razılığa əsasən mediasiya prosesi gedişində barışıq sazişi imzalanmış və həmin barışıq sazisinin 2-ci bəndinə görə İddiaçı uşaqların təhsili bitənə kimi təhsil haqqı olaraq hər ay hər uşağa görə 1000 manat olmaqla, umumilikdə 2000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı hər ay 500 manat aylıq xərcin də uşaqlara görə ödənilməsinə razılaşmışdır. Bu razılaşmadan sonra digər tərəf Rzayeva Aysel ünvan 1 ünvanda olan mənzildə övladına bağışladığı 1/2 hissə pay huququndan istifadə edərək mənzilin qalan hissəsinə pay hüququndan istifadə etmək uçun onu evə buraxmamışdır. İddiaçı bu mənzili kirayə verərək oradan əldə edilən pulu təhsil haqqına yonəltmək istəsə də, qarşı tərəf buna imkan verməyərək mənzili zəbt etdiyindən təhsil haqqını ödəməyə imkanı olmamışdır. xx.xx.2023-cü il tarixli barışıq sazişi şərtindən görünür ki, bu sazişin (müqavilənin) 2-ci bəndində qeyd edilən təhsil haqqı barədə razılaşma aşağıda qeyd edilənlərə əsasən qanunun tələblərinə ziddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb edilməsi əsaasızdır Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, e-2(010)- 281/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixli, MŞB/16-00332 saylı barışıq sazisi üzrə ödənilməsi nəzərdə tutulmuş 2000 (iki min) manat təhsil haqqı və 500 (beş yüz) manat aylıq xərc məbləğinin azaldılması, xx.xx.2023-cü il tarixli, MŞB/16-00332 saylı barışıq sazisinin 2-ci bəndində: “Birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 manat olmaqla, ümumilikdə 2000 (iki min) manat təhsil haqqı ödəyəcək” kimi qeyd olunan məbləğ azaldılaraq hər ay hər uşağa görə 500 (beş yüz) manat, cəmi 1000 (min) manat müəyyən edilərək Cavabdeh xeyrinə ödənilməsi, xx.xx.2023-cü il tarixli, MŞB/16-00332 saylı barışıq sazisinin 4-cü bəndində: “İddiaçı övladlarına aylıq 500 manat aylıq xərci hər ayın 1-dən 5-dək X6 bank hesabına ödənilsin” kimi qeyd olunan aylıq xərc azaldılaraq, cəmi 300 (üç yüz) manat müəyyən edilərək Cavabdeh xeyrinə ödənilməsi, təhsil haqqı xərcinin və aylıq xərcin azaldılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, valideynlər uşaqların təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. hüquqlara malikdirlər. O cümlədən valideynlər uşaqların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək, həmçinin təhsilin ödənişli olub-olmamasını müəyyən etmək kimi hüquqlara malikdirlər. Tərəflər arasında barışıq sazişi bağlansa da, hazırda iddiaçı barışıq sazişi üzrə nəzərdə tutulmuş məbləği mübahisələndirir və tam olaraq ödəmək qabiliyyətində olmadığını bildirir və həmin məbləği kirayə veriləcək mənzil əsasında əldə edəcəyini zənn edərək barışıq sazişini imzaladığını qeyd edir. Məhkəmə uşaqların saxlanılması ilə bağlı məsələlərdə yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyətinin nəzərə alınmalı olduğunu və hər ay 270 manat əmək haqqı alan iddiaçının hər ay 2500 manat pul vəsaiti ödəməsini ağlabatan hesab etməmişdir. İddiaçı özünün işlədiyini, lakin gəlirinin az olduğunu və cavabdehin isə rəsmi olaraq işlədiyini və onun maddi vəziyyətinin qənaətbəxş olmasını bildirir. Bundan başqa iddiaçı barışıq sazişi üzrə müəyyən edilmiş məbləğdən tamamilə imtina etmir və həmin məbləğin ağlabatan miqdarda azaldılmasını xahiş edir. Bundan əlavə iddiaçının özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı da nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 19, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3, 27, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iş üzrə Mülki Prosessual Məcəllənin 261.0.1 və 261.0.2-ci maddələrinə əsasən xitam verilməsi, işə baxan hakim barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiqlənmiş mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq sazişinin” 2-ci bəndində göstərilən – “birgə nikahdan doğulmuş övladları xx.xx.2007-ci il təvəllüdlü Rafaelin və xx.xx.2009-cu il təvəllüdlü Mikayılın məktəbi bitirənə kimi ataları İddiaçı tərəfindən hər ay 1.000 manat olmaqla, ümumilikdə 2.000 manat təhsil haqqının ödənilməsi, sazişinin 4-cü bədində göstərilən İddiaçı övladlarına aylıq 500 manat xərcin hər ayın 1-dən 5-dək X6 bank hesabına ödənilməsi barədə” razılşamış, bundan sonra maraqlı şəxs hazırkı iş üzrə iddiaçı həmin bəndlərin icrasından yayınmış və həmin müddəalarının məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6652/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, barışıq sazişinin göstərilən bəndləri yəni 2-ci və 4-cü bəndləri məhkəmə tərəfindən təqsdiq edilmişdir. Göstərilən qətnamədən maraqlı şəxsin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4037/2023 saylı qətnaməsi ilə maraqlı şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanunu qüvvəsini almış və icraya yönəlmişdir. Hətta işin baxılması prosesində maraqlı şəxsi qeyd edilən hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və işə məhkəmə tərəfindən iddianın yolverilməzliyi əsası ilə geri qaytarmaq əvəzinə hakim hazırkı işi icraata götürüb, baxmaqla tam qanunsuz qərar qəbul etmişdir. Bu azmış kimi hakim tərəfindən iddia təmin edilərkən də heç bir əsaslandırma və maddi hüquq normasına istinad etməmişdir. Məhkəmə hazırkı işə baxmamalı olduğu halda baxmış, həmçinin iddianı təmin etməməli olduğu halda iddianı təmin etmiş, iddianı təmin edərkən isə heç bir faktiki əsaslandırmaya istinad etməmişdir. Bundan başqa qanunvercilikdə mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin icrasının məcburiliyini qeyd etməklə, onun mülki məsuliyyət yaratmaqla, məcburi icrası üçün məhkəməyə müraciət etmək imkanı müəyyən etmişdir. Başqa sözlə həmin barışıq sazişinin ayırca mübahisələndirmək imkanı nəzərdə tutulmamış və barışıq sazişinin təsdiq edilməsindən imtinası müəyyən edilmişdir. Göründüyü kimi qanunla xüsusi qaydada müəyyən edilmiş və təsdiq edilmiş mediasiya barışıq sazişinin mübahisələndirmə imkanı müəyyən edilmədiyi halda hakim tərəfindən sözügedən sazişin şərtlərinin dəyişdirilməsi barədə tələbə baxması qeyd edilən maddi hüquq normasının tələbləri baxımdan yolverilməzdir. Çünki, hazırkı saziş artıq qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 4037/2023 saylı qətnaməsi ilə təsdiq edilmiş və icraya yönəlmişdir. Bu sazişin məhkəmə qaydasında ayrıca icraatda baxılması aşağıda qeyd edilən prosessual normaların tələblər baxımından yolverilməzdir. Məhkəmə tərəfindən sözgedən maddi hüquq normaları tamamilə pozulmaqla kobud qanun pozuntusuna yol verilmişdir. Qanunverciliyin tələbindən göründüyü kimi, hazırkı işə məhkəmə qaydasında baxılması imkanı nəzərdə tutulmadığından və ya tərəflər arasında artiq eyni əsas, eyni prdemet və eyni tərəflər arasında qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan göstərilən əsaslarla iş üzrə icraat xitam verilməlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi mediasia haqqında qanununda barışıq sazişinin ayrıca mübahisələndirmə imkanı nəzərdə tutulmamış, əksinə məcburi icrası müəyyən edilmiş və sazişinin qanuniliyinin məhz həmin proses çərçivəsində baxılması imkanını müəyyən etmiş, başqa sözlə həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsindən imtina imkanı verilmişdir. Hazırkı iş üzrə də məhkəmələr tərəfindən sazişə baxılaraq təsdiq edilmiş və artıq sözügedən mübahisə həll edilmişdir. Belə olan halda hakimin hansı əsasla işə baxması və barışıq sazişinin dəyişdirilməsi barədə qəbul etdiyi qətnamə tamamilə qanunsuzdur və həmin prosessual maddənin tələblərinin tamamilə pozulmasıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının son iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi kifayət qədər araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 1568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması qət edilmişdir. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində aralarında xx.xx.2023 cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişə əsasən tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş iki uşağın ananın yanında qalması, atanın uşaqlarla ünsiyyəti, uşaqlar orta məktəbi bitirənədək atanın hər ay hər uşağa görə 1000 manat təhsil xərci, əlavə olaraq 500 manat aylıq xərc üçün pul ödəməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək Rzayeva (Rəhmanova) Aysel Frunze qızı və İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilmişdir: 1. Birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü Rəhmanov Rafael və xx.xx.2009-cu il təvəllüdlü X7 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 manat olmaqla ümumilikdə 2000 manat təhsil haqqı ödəyəcək. 2. İddiaçı övladlarına aylıq 500 manat aylıq xərci hər ayın 1 dən 5-dək X6 bank hesabına ödəyəcək”. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6652/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnaməyə dair 27 dekabr 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi-vəkili tərəfindən təqdim olunmuş məktəb arayışlarından görünür ki, X7 həqiqətən 2016-cı ildən Xəzər Universiteti Dünya Məktəbində təhsil alır, məktəbin 5-9-cu siniflərinin 2023-2024-cü il tədris ili üçün təhsil haqqı 12000 AZN-dir. Həmçinin, X8 həqiqətən 2014-cü ildən Xəzər Universiteti Dünya Məktəbində təhsil alır, məktəbin 10-11-ci siniflərinin 2023-2024-cü il tədris ili üçün təhsil haqqı 13000 AZN-dir. Əmək müqaviləsi məlumatından müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-də baş direktor işləyir və aylıq 270 manat əmək haqqı alır. Əmək müqaviləsi məlumatından müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-də müəllim vəzifəsində çalışır və aylıq 1020 manatdan əmək haqqı alır. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişə əsasən tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş iki uşağın ananın yanında qalması, atanın uşaqlarla ünsiyyəti, uşaqlar orta məktəbi bitirənədək atanın hər ay hər uşağa görə 1000 manat təhsil xərci, əlavə olaraq 500 manat aylıq xərc üçün pul ödəməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, işə məhkəmə tərəfindən iddianın yolverilməzliyi əsası ilə geri qaytarmaq əvəzinə hakimin hazırkı işi icraata götürüb, baxmaqla tam qanunsuz qərar qəbul etməsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıbsayılmamasına hüquqi qiymət verilməlidir. Mülki hüquq nəzəriyyəsində məhkəmə qərarı ilə təsdiqlənən barışıq sazişi müstəqil əqd kimi qəbul edilməklə, onun etibarsızlığının ümumi qaydada mübahisələndirilməsi mümkün sayılır. Qərardadda daha sonra göstərilmişdir ki, məhkəmə tərkibi bu qənaətə gəlir ki, iddiaçının barışıq sazişinin etibarsızlığına dair tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan MPM-in 261.0.1-ci maddəsi ilə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə işə daha əvvəl baxılmadığından MPM-in 261.0.2-ci maddəsi ilə işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı tərəflər arasında razılaşdırılmış barışıq sazişinin etibarsızlığını deyil, onun qismən dəyişdirilməklə 2 və 4cü bəndləri üzrə razılaşdırılmış öhdəliklərdən azad edilmə, yəni konkret olaraq, cəmi təhsil haqqının 1000 min manat, əlavə xərcin isə 300 manat civarında olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı barışıq sazişində dəyişiklik edilməsini tələb etmişdir ki, bu yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kollegiyalarının qərardadının məzmununa zidd olmadığı üçün iddianın yolverilməzliyi əsası ilə geri qaytarıla bilməzdi. Məhkəmə qərarı ilə təsdiqlənən barışıq sazişi müstəqil əqd olaraq iddiaçı tərəfindən onun etibarsızlığının ümumi qaydada mübahisələndirməsə də, faktiki olaraq dəyişdirilməsi ilə bağlı iddia qaldırmışdır ki, bu da mülki qanunvericiliyin tələbləri baxımından yolveriləndir. Lakin məhkəmə kollegiyası apellyatorun birinci instansiya məhkəməsi iş üzrə tətbiq edilməli olan maddi normanın tətbiqində səhvə yol verməsinə dair dəlilləri ilə razılaşır. Belə ki, iddiaçı hazırda tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə nəzərdə tutulmuş məbləği mübahisələndirərək tam olaraq ödəmək qabiliyyətində olmadığına əsaslanmış, birinci instansiya məhkəməsi də barışıq sazişinin bəndlərində etdiyi dəyişikliyin əsası kimi sazişin bağlanmasına baxmayaraq, iddiaçının barışıq sazişi üzrə nəzərdə tutulmuş məbləği tam olaraq ödəmək üçün kirayə veriləcək mənzil əsasında əldə edəcəyini zənn edərək barışıq sazişini imzaladığını qeyd etməsinə, eləcə də uşaqların saxlanılması ilə bağlı məsələlərdə yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyətinin nəzərə alınmalı olduğunu və hər ay 270 manat əmək haqqı alan iddiaçının hər ay 2500 manat pul vəsaiti ödəməsini ağlabatan hesab olunmamasına istinad etişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən tələbin əsasını Mülki Məcəllənin “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” müddəasını özündə əks etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci maddəsi təşkil edir. Halbuki, Mülki Məcəllənin 422.1-ci maddəsinin tələbindən göründüyü kimi iddiaçı tərəf hazırki tələblə məhkəməyə müraciət edən zaman ilk öncə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin nədə ifadə edilməsini bildirməli, həmin halların təsdiq edilməsi üçün mötəbər sübutlar təqdim etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia ərizəsində onun ünvan 1 ünvanda olan mənzili kirayə verərək oradan əldə edilən pulu təhsil haqqına yonəltmək istədiyini lakin cavabdeh mənzildə övladına bağışladığı 1/2 hissə pay huququndan istifadə edərək mənzilin qalan hissəsinə pay hüququndan istifadə edərək mənzili zəbt etməsini və onu mənzilə buraxmamasını göstərsə də, bu halın da mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin də, birinci instansiya məhkəməsi nəticəsini iddiaçının həmin mənzili kirayə verib qazanc əldə edə bilməsi kimi ehtimallar üzərində də qurmuşdur ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən də mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Digər tərəfdən qeyd edilməlidir ki, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində aralarında bağlanmış barışıq sazişində - xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 orta məktəbi bitirənə kimi iddiaçı tərəfindən ödənilməli olan təhsil haqqının və əlavə xərclərin hər hansı bir haldan asılı edilməmiş, tərəflər bu barədə müstəqil şəkildə razılığa gələrək saziş bağlamışlar. Göründüyü kimi iddiaçı müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi barədə mötəbər sübutlar təqdim etməmiş, işin faktiki hallarından isə belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçı göstərilənlərin şifahi qaydada aralarında razılaşdırılmasını göstərməsini qarşı tərəf təsdiq etdiyi halda iş üzrə əhəmiyyət kəsb edə bilərdi. Bundan əlavə, kollegiyanın qənaətinə görə iddiaçı sazişdə digər razılaşdırılmış məsələrlə yanaşı tələbində və iddiasında göstərdiyi halları da əlavə etməsinə heç nə maneə olmamışdır. Hazırda müqavilədə əksini tapmayan və razılaşdırılması sübut olunmayan hallar üzrə isə verilən iddia əsaslı sayıla bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Kollegiya iddiaçının nəzərinə çatdırır ki, iddiaçı bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. İddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, e-2(010)- 281/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “medasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazisi üzrə təyin edilmiş təhsil haqqı və aylıq xərc məbləğinin azaldılması” barədə iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Abdıyev