Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2411/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 2(011)-5997/2021 nömrəli qərardadından İddiaçı1 verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Əliyeva (Kəsəmənli) Fənarə Məhəmməd qızına və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların övladları ilə bərabər ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 2(011)-5997/2021 saylı qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı1 şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 2(011)-5997/2021 saylı qərardadının ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda iddianın əsası dəyişmişdir, əvvəlki iddianın adı mənzilə köçürmə olsa da, iddianın əsası evdə yaşayışla bağlı mübahisələrin olması, əşyalardan istifadə edilməməsi və yaşayış üçün evə ehtiyacının olması idi. Lakin 25.10.2021-ci il tarixli qərardadın çıxarıldığı işə baxılarkən iddia ərizəsinin əsası vəziyyətin dəyişməsi ilə bağlı tamamilə fərqli, yəni iddiaçıların evdən çıxarılmaları ilə bağlı yaşayış sahəsindən məhrum edilmələri, öz evlərinə köçə bilməmələri ilə bağlı olmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, 2(011)-5997/2021 saylı qərardadı ilə şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, şikayət geri qaytarılmışdır. İddiaçı1 vəkili ərizə ilə müraciət edərək şikayətin verilməsi üçün buraxılmış prosesual müddətin ötürülməsinin üzürlü hesab edilərək, müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli, 2(011)-5997/2021 saylı qərardadı ilə İddiaçı1 vəkilinin ərizəsi təmin edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(011)-5997/2021 saylı qərardadından iddiaçının şikayət verməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilmiş, İddiaçı1 şikayətinə mahiyyəti üzrə baxılması qərara almışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli, 2(011)-5997/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(011)-5997/2021 saylı qərardadından verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Əliyeva (Kəsəmənli) Fənarə Məhəmməd qızına və Cavabdeh2 qarşı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə istifadə hüququnun tanınması və mənzilə köçürülmələri tələbinə dair ilkin, Əliyeva (Kəsəmənli) Fənarə Məhəmməd qızının və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(011)-3509/2020 nömrəli qətnaməsi ilə həmin mülki iş üzrə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki mübahisə üzrə iddianın əsası ilə qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə iddianın əsası eynilik təşkil etmir. Çünki, hazırki mülki mübahisə üzrə iddiaçılar evdən çıxarılmaları ilə bağlı yaşayış sahəsindən məhrum edildiklərini, öz evlərinə köçə bilmədiklərini iddia edirlər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki: “iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur”. Odur ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 2(011)-5997/2021 nömrəli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2411/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2411/2022
03.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver