Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2416/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ümumi yığıncağın protokolundan çıxarışın verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 oktyabr 2021-ci il tarixli qətnamədən cavabdeh MTK-nın verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh MTK-dan əldə etdiyi və Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 35 saylı mənzillə bağlı onun kooperativə payçı kimi qəbul edilməsi və mənzilin ana ayrılması barədə MTK-nın ümumi yığıncağına dair protokolun ona aid hissəsindən çıxarışın ona təqdim edilməsi öhdəliyin MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla MTK arasında 18.02.2020ci il tarixdə bağlanmış müqaviləyə əsasən iddia ərizəsində qeyd edilən mənzili almışdır. Bununla bağlı olaraq iddiaçının kooperativə payçı kimi qəbul edilməsi və mənzilin ana ayrılması barədə MTK-nın üzvləri ümumi yığıncaq keçirmiş və iddiaçının xeyrinə müsbət qərar qəbul etmişlər. Bundan sonra iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, mənzilin dəyəri olan 150.000 manatı MTK-ya ödəmişdir. MTK-da da iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş həmin mənzili iddiaçının istifadə və sahibliyə təhvil vermişdir. İddiaçı mənzili təmir etdirərək mənzilə köçmüş və hazırda da mənzildə yaşayır. İddiaçı həmin mənzili mülkiyyətində olan daşınmaz əmlak kimi "xxxx" öz adına qeydiyyata aldırmaq üçün MTK-ya müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində təqdim edilməsi üçün MTK-nın ümumi yığıncağına dair protokolun ana aid hissəsindən çıxarışın ona təqdim edilməsini xahiş etmişdir. MTK, 14.01.2021-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, bu, cari ilin iyulavqust aylarında mümkün olacaq. Lakin qeyd edilən zamanda və həmin zamandan xeyli vaxt keçməsinə baxmayaraq “Çıxarış” iddiaçıya təqdim edilməmişdir. Sonuncu dəfə, iddiaçı, 01.06.2021-ci il tarixində yazılı surətdə MTK-ya müraciət edərək "xxxx" ona təqdim edilməsini xahiş etmiş, lakin MTK, iddiaçıya cavab verməmiş və məsələnin həllində köməklik göstərməmişdir. Göründüyü kimi, MTK “Çıxarışın” verilməsindən yayınır, iddiaçının faktiki mülkiyyətində olan mənzilin mülkiyyətdə olan daşınmaz əmlak kimi "xxxx" iddiaçının öz adına qeydiyyata alınmasına maneələr yaradır. Bu səbəbdən də iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.10.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ünvanda MTK tərəfindən inşa edilmiş binalar üzrə onların təhvil verilməsi və müvafiq dövlət qurumları tərəfindən qeydiyyata alınması proseduru gecikir. Binaların təhvil verilməsi üzrə göstərilən gecikməyə görə MTK məsuliyyət daşımır. Bundan başqa, MTK-nın üzvlərindən (təsisçilərindən) biri dünyasını dəyişib, onun varisliyi bu günədək müəyyən edilməyib, digər iki üzv isə Azərbaycan Respublikası hüdudlarından kənardadır. Bu səbəbdən də MTK-nın ümumi yığıncağına dair protokolundan çıxarışın verilməsi mümkün deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı ilə MTK arasında bağlanmış 18.02.2020-ci il tarixli müqavilənin notariat qaydada təsdiq edilməyib. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş MTK apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 18.02.2020-ci il tarixli müqavilədən görünür ki, “Payçı-Sifarişçi” olan iddiaçı, kooperativdən pay olaraq ona düşən (iddia ərizəsində göstərilən) mənzilin hər kv.m üçün 969 manat, cəmi isə 150.000 manat məbləğində pulu podratçıya ödəməyi, "xxxx" olan MTK isə mənzili "xxxx" təhvil verməyi öhdəsinə götürmüşdür. MTK tərəfindən iddiaçıya ünvanlanmış 14.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, yuxarıda qeyd edilən mənzil MTK ilə iddiaçı arasında bağlanmış 18.02.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsusdur. Şirkətdə yaranmış müəyyən maliyyə çətinlikləri ilə əlaqədar işlərin və binanın son təhvili, o cümlədən çıxarışın verilməsi cari ilin iyul-avqust ayında bitiriləcəkdir. MTK tərəfindən iddiaçıya verilmiş 18.02.2021-ci il tarixli "xxxx" görünür ki, mənzilin dəyəri iddiaçı tərəfindən MTK-ya tam həcmdə ödənilmişdir. İddiaçının həmin müqavilə üzrə MTK-ya borcu yoxdur. İddiaçı tərəfindən cavabdeh MTK-ya ünvanlanmış 01.06.2021-ci il tarixli yazılı müraciətdən görünür ki, iddiaçı, "xxxx" ona təqdim edilməsini MTK-dan xahiş etmişdir. İddiaçı bildirir ki, onun həmin müraciəti MTK tərəfindən ümumiyyətlə cavablandırılmamışdır. İş materiallarından və apellyasiya şikayətinin məzmundan görünür ki, MTK, iddiaçının 01.06.2021-ci il tarixli müraciətini cavablandırmamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə görə, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Mülki Məcəllənin 109.2-ci maddəsinə görə, kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Məcəllənin 109-4.1 və 109-4.1.3-ci maddələrinə görə, kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativin üzvünün hüququdur. Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139-1.1 və 139-1.1.6-cı maddələrinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mülki Məcəllənin iş üzrə tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, apellyasiya şikayətində qeyd edilən halların: 1) MTK tərəfindən inşa edilmiş binalar üzrə onların təhvil verilməsi və müvafiq dövlət qurumları tərəfindən qeydiyyata alınması proseduru gecikməsi; 2) MTK-nın təsisçilərindən biri dünyasını dəyişməsi, digər iki təsisçisinin isə Azərbaycan Respublikası hüdudlarından kənarda olması; 3) iddiaçı ilə MTK arasında bağlanmış 18.02.2020-ci il tarixli müqavilənin notariat qaydada təsdiq edilməməsi hazırki işin başlanmasına əsas olmuş iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki hər hansı bir şəxsin kooperativin üzvlüyünə qəbul edilməsi kooperativin ümumi yığıncağının qərarı ilə həyata keçirilir; həmin yığıncaq protokol tərtib edilməklə aparılır; protokol kooperativdə saxlanılır; bundan sonra kooperativin təsisçilərin hər hansı birinin və ya hamısının hər hansı bir qaydada sıradan çıxması həmin protokolun mövcud olmaması demək deyil; kooperativ ilə kooperativ üzvlüyünə qəbul edilmiş şəxs ilə həmin şəxsə aid payın ayrılması barədə müqavilənin mütləq notarial qaydada bağlanması qanunda nəzərdə tutulmamışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslı deyil. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 oktyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MTK-nın özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2416/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2416/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver