Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2416/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər:müqavilə öhdəliyinin icra olunması, müqavilənin təfsiri, əldən çıxmış fayda) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “qarajların təhvil verilməsi, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2017-ci il tarixdə 06 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi ilə L.Məmmədbəyova küçələrinin kəsişməsində yerləşən, ümumi sahəsi 525 kv.metr olan qeyri-yaşayış sahəsini MTK-ya təhvil verməyi, MTK isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə. Ağayev 131 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağını (qarajı) İddiaçı təhvil verməyi öhdələrinə götürmüşlər.
2. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, Cavabdeh MTK isə çoxmənzilli yaşayış binasını inşa edərək binanın zirzəmi qatının sonunda 150 kv.metr sahəni İddiaçı təhvil vermişdir.
3. İddiaçı verilən həmin 150 kv.metr sahəyə 4 avtomobil üçün nəzərdə tutulan qaraj və qarajların arasında olan sahələr daxildir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. İddiaçı (iddiaçı) Cavabdeh MTK-ya (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2017-ci il tarixli 06 №-li müqavilə üzrə icra etməli olduğu öhdəliyin - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev 131 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağının (qarajın) onun mülkiyyətinə verilməsi, həmçinin həmin qaraja dair çıxarışın alınması üçün zəruri sənədlərin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, son altı il üçün hər ay 200 manat olmaqla ümumilikdə 7200 manat əldən çıxmış faydanın, hüquqi yardım üçün ödədiyi 75 manatın və 100 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə cavabdehlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev 131 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağının (qarajı) ona təhvil verilməsi, onun isə özünə məxsus olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi ilə L.Məmmədbəyova küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 525 kv.m qeyri-yaşayış sahəsini tam şəkildə boşaldaraq cavabdehə təhvil verməsi öhdəliyini götürməsinə dair 06 №-li müqavilə bağlanmış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməmişdir. Belə ki, qeyd edilən ərazidə çoxmərtəbəli yaşayış binasının istismara təhvil verilməsindən 3 ildən çox vaxt keçsə də, cavabdeh yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağını (qaraj) ona qismən təhvil vermişdir. Cavabdehin bu hərəkətləri müqavilənin 2.3 bəndinə ziddir. 150 kv.m ümumilikdə 8-9 maşınlıq qaraj olur, son 3 ildir ki, qeyri-rəsmi olaraq 4 maşınlıq qarajda istifadə etməyinə şərait yaradılıb. 1 qarajdan 50 manat vəsait aldığı üçün qalan 4 maşınlıq qarajdan hər ay 200 manat vəsait itirir. Məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün tərəfindən müəyyən xərclər çəkilmişdir - hüquqi məsləhət üçün xx.xx.2022-ci ildə 10 manat, cavabdehə xx.xx.2022-ci il tarixində teleqram göndərilməsi üçün 4 manat, iddia ərizəsinin tərtibi, həmçinin cavabdehin reyestr məlumatlarının alınması üçün xx.xx.2023cü ildə 65 manat, məhkəmə üçün dövlət rüsumu kimi 100 manat xərcləmişdir.
6. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (oğlu) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
7. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, MTK ilə iddiaçının arasında 150 kv.metr sahənin məhz həmin ərazidə verilməsinə dair şifahi razılaşma əldə edilmiş, həmin sahənin üst mərtəbəsində iddiaçıya məxsus market olduğundan iddiaçı sahəni anbar kimi istifadə etmək niyyətinə olmuş, onun xahişi əsasında MTK tərəfindən arxa hissəyə marketə çıxışı təmin etmək məqsədilə qapı açılmışdır. Buna görə də iddia tələbi təmin olunmamalıdır.
8. Məhkəmə tərəfindən zirzəmiyə yerində baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, binanın zirzəmi qatının sonunda iddiaçıya qeyri-rəsmi olaraq 150 kv.metr sahə təklif olunmuşdur, həmin 150 kv.metr sahənin içində 4 avtomobil üçün nəzərdə tutulan qaraj və həmin qarajların arasında olan sahə mövcuddur. Həmin sahənin üst mərtəbəsində iddiaçıya məxsus market mövcuddur, sahənin arxa hissəsindən marketə pilləkən vasitəsilə çıxmaq üçün qapı açılmış, dörd qaraj iddiaçı tərəfindən icarəyə verilmişdir.
9. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Tağıyev 131 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində iddiaçıya təklif edilən sahənin ölçüsü 150,0 kv.metr (16,3 x 9,2) təşkil edir, iş materiallarında olan layihəyə əsasən, faktiki olaraq iddiaçının istifadəsində olan sahə ümumilikdə zirzəmi kimi nəzərdə tutulmuşdur. Layihəyə əsasən iddiaçının istifadəsinə verilmiş sahə 1, 2, 3 rəqəm oxları və A, B, C, D hərf oxları arasında nəzərdə tutulduğundan, həmçinin binanın zirzəmisində yerləşdiyindən həmin sahəyə sərbəst giriş-çıxış mümkün olduğundan iddiaçıya təklif olunan 150,0 kv.metr sahə sərbəst qarajlar kimi istifadə edilməsi texniki cəhətdən mümkündür, 150,0 kv.metr sahədə neçə qarajın yerləşməsi həmin sahədə saxlanılan nəqliyyat vasitələrinin qabaritlərindən (ölçülərindən), eləcə də qarajların sahəsindən asılı olaraq müəyyən oluna bilər”.
10. Birinci instansiya məhkəməsinin 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin arasında müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmış, mübahisəli sahə iddiaçıya təxminən həmin ildə təhvil verilmiş, iddiaçı orada qapı açdırmış, qarajları icarəyə vermiş, bununla da o, müqavilə üzrə cavabdehin hərəkətlərini bəyəndiyini nümayiş etmişdir. İddiaçı hesab edir ki, dörd qarajın arasındakı sahə ümumi istifadədə olan yoldur, cavabdeh hesab edir ki, 150 kv.metr bütövlükdə qarajdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir və bu əsasdan iddia rədd edilməli, iddia rədd edildiyindən bütün məhkəmə xərcləri iddiaçıya aid olunmalıdır.
12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 390.1-ci, 404.1-ci, 404.2-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci və 217.3-cü maddələrinə istinad etmişdir.
13. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, müqavilə şərtlərini yanlış təfsir etdiyini, natamam ekspert rəyinə istinadla qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
15. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndələri (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
16. Apellyasiya baxışı zamanı mübahisəsi gedən sahənin videogörüntüsünün təqdim olunması tələb edilmiş, həmin görüntülər tərəflərin (nümayəndələrin) iştirakı ilə tədqiq olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
20. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
23. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
24. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
38. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
39. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
40. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
41. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə, iddiaçıya təhvil verilmiş 150 kv.metr sahənin müqavilədə nəzərdə tutulmuş təyinata uyğun olub-olmadığı ilə əlaqədar yaranmışdır; belə ki, iddiaçı, ona təhvil verilmiş dörd qarajın arasındakı sahənin ümumi istifadədə olan yol olduğunu hesab edir, cavabdeh isə sözügedən dörd qarajın arasındakı sahələrlə birlikdə cəmi 150 kv.metr sahənin iddiaçıya təhvil verildiyini və beləliklə də müqavilə öhdəliyini yerinə yetirdiyini irəli sürür.
42. İş üzrə alınmış ekspert rəyi işin halları ilə müqayisəli şəkildə təhlil edildiyində o qənaətə gəlmək mümkündür ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş hesab olunmalıdır.
43. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
44. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-191/2024 saylı iş üzrə 08 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov