Məhkəmə qərarları › İş №2(103)-2418/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2418/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2418/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Musayev Şahəli Caval oğlunun katibliyi, Cavabdeh2 və maraqlı şəxs “Maraqlı şəxs BOKT” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Cavabdeh2 İddiaçı və «Maraqlı şəxs BOKT» ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3625/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs «Maraqlı şəxs BOKT» ASC-yə qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş 17.980 ABŞ dolları və həmin vaxtdan hal-hazıradək 17.980 ABŞ dollarından istifadə edə bilmədiyi nəticəsində əldən çıxmış fayda kimi 10.000 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 İddiaçı və «Maraqlı şəxs BOKT» ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və «Maraqlı şəxs BOKT» ASC-dən müştərək qaydada ona dəyən mənəvi ziyana görə 300.000 manat, maddi ziyana görə (vəkil qurumlarına və rüsuma görə) 540 manat, cəmi 300.540 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-8958/2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh1 130.000 ABŞ dolları məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 18 mənzil 69 icra mərhələsində Hərrac Təşkilatının 285 nömrəli hərracın yekunları barədə protokola əsasən 123.200 manata tələbkar, yəni ona satılmışdır. Qeyd edilən hərracdan sonra müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 18 mənzil 69 ipoteka müqaviləsi ilə «Maraqlı şəxs BOKT» ASC-də girovdadır və həmin dövrə borclu Cavabdeh1 banka 17.980 ABŞ dolları məbləğində borcu vardır. Qeyd edilən borc məbləği onun tərəfindən xx xxxxxx 2018-ci il tarixdə tam olaraq Cavabdeh1 əvəzinə ödənilmişdir. Xəzinə mədaxil orderini ərizəyə əlavə etmişdir. Daha sonra borclu Cavabdeh1 atası Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər «X3» MMC, Nəsimi rayon İcra və Probasiya Şöbəsi, maraqlı şəxs İddiaçı və «Maraqlı şəxs BOKT» ASC-yə qarşı hərracın, onun nəticəsi haqqında tərtib edilmiş protokolun, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsini Nəsimi rayon Məhkəməsində xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş və yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 iddiası qismən təmin edilmiş, hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən məsələləri nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsassız olaraq varlanmış, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş 17.980 ABŞ dolları və həmin vaxtdan hal-hazıradək 17.980 ABŞ dollarından istifadə edə bilməməsi nəticəsində əldən çıxmış fayda kimi 10.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 18 saylı evin 69 saylı mənzili Bərşadın xüsusi mülkiyyətində olmuş, Hərrac Təşkilatının 285 saylı protokoluna əsasən 123.200 manata ona satılmış, hərracdan sonra bəlli olmuşdur ki, mənzil ipoteka ilə yüklü olduğundan Bərşadın «Maraqlı şəxs BOKT» ASC-yə 17.980 ABŞ dolları borcu vardır. Borcu xx xxxxxx 2018-ci il tarixdə Bərşad əvəzindən tam ödəmişdir. Daha sonra Bərşadın atası Sabir məhkəmədə iddia qaldıraraq hərrac və onun nəticələrinin, protokol və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsini tələb etmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi iddianı rədd etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianı qismən təmin edib, hərracın nəticələrini etibarsız hesab etmişdir. Hesab edir ki, cavabdehlər əsassız olaraq varlanmış, pul ödədiyi vaxtdan sonra bu puldan istifadə edə bilmədiyindən əldən çıxmış fayda kimi ona 10.000 manat verilməlidir. Hesab edir ki, iddiaçının iddia ərizəsi məntiqsiz və əsassızdır. Bu səbəbdən rədd edilməlidir. Əksinə cavabdehlər qanunsuz yollarla onun 300.000 manat dəyərində olan əmlakını ələ keçirməklə ona maddi və mənəvi ziyan vurmuşlar. Müştərək qaydada ona vurduqları ziyanı ödəməlidirlər. Belə ki, Şükürov X5 prospekti 18 saylı evin 69 saylı mənzilinin Bərşadın yox, onun olmasını, Bərşadın Almaniyada təhsil alması ilə bağlı kommersiya fəaliyyəti üçün ona yaxınlaşdığı vaxtdan bilir. Bərşad magistratura təhsili ilə bağlı Almaniyada yaşamış, bununla əlaqədar Bakıdan 3-4 nəfər həmyaşıdı, o cümlədən Vüqar ona müraciət edərək, kommersiya fəaliyyəti ilə məşğul olmuş, bu səbəbdən, onların bir-birinə kommersiya borcu olmuş, Vüqar adlı otaqları «o biri yoldaşlardan sən alarsan» adı ilə mənzilini ələ keçirmək üçün Bərşadla guya bir həftəliyə 130.000 ABŞ dolları nağd pul borcu almasına müqavilə yazdıraraq imzalatmış, Vüqar bundan istifadə edib mənzilini adına keçirmək üçün dərhal da məhkəməyə müraciət etmişdir. Bərşadla digər 2 nəfəri Xətai rayon Məhkəməsinə verib onlardan 180.000 ABŞ dolları tələb etmiş, hər 3 iddia təmin edilmişdir. Bərşad isə hələ məhkəmədən əvvəl xaricə getmiş, bu gündə ölkə xaricindədir. Mənzili o, 1997-ci ildə baş etibarnamə ilə alanda oğlu Bərşadın 13 yaşı olub. Elə həmin vaxtdan mənzilə qeydiyyata düşüb ailəvi orada yaşayırlar. Etibarnamə onun adına olduğuna təbii ki, öz adına sənədləşdirə bilməzdi və bu səbəbdən, başqa bir şəxslə müqavilə yazılmalı olması gündəliyə gəldiyindən müqavilə yazılana kimi heç yerdə işləməmiş, 1 qəpik də olsun qazancı olmayan, xx xxxxxx 1985-ci il təvəllüdlü başqa sözlə yetkinlik yaşına çatmamış oğlu Bərşadın adına 2002-ci ildə rəsmiləşdirmişdir. Göründüyü kimi, mənzili ələ keçirmək üçün Vüqar yalançı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 338, 339, 340-cı maddələrinə əsasən bağlandığı andan etibarsız olan borc alma müqaviləsi əldə etmiş, dərhal məhkəməyə müraciət etməklə iddianın təmin tədbiri kimi yekun məhkəmə qərarı çıxarılana kimi qərardadla mənzilin üzərinə həbs qoyulmasına nail olmuşdur. Onun bu hərəkətləri və qətnamə icra edilərkən törətdiyi cinayət xarakterli aşağıda sadalayacağı hərəkətləri niyyətinin əmlakın ələ keçirilməsinə yönəldiyini bir daha təsdiq edir. Bərşad ölkə xaricində olduğundan borcla bağlı qətnamədən apellyasiya şikayəti verilməmişdir. Odur ki, qətnamə icraya yönəldilmişdir. İddiaçı dərhal icra məmuru Ramiz Quliyevlə «iş birliyinə» girib mənzilin hərracda satılmasına məhkəmə qərarı, qətnaməsi almadan və icra məmurunun özünün qərarı olmadan mənzil qiymətləndirilməyə təqdim edilmişdir. Mülki qanunvericiliyin tələbləri baxımından qiymətləndirmə ilə bağlı xərcləri əmlak sahibi ödəməlidir. Lakin niyyətinə çatmaq üçün bütün üsullardan istifadə edən İddiaçı ondan və oğlundan xəbərsiz Bərşadın adından xx xxxxx 2018-ci il tarixdə 520 manat qiymətləndirmə üçün pul keçirib qiymətləndirməyə və mənzili dəyərindən 2 dəfə ucuz qiymətləndirilməsinə nail olmuşdur. «xxxx» MMC tərəfindən tərtib olunan xx xxxxx 2018-ci il tarixli QR-1041 saylı qiymətləndirmə rəyində mənzilin dəyərinin 176.000 manat olması göstərilsə də, sonradan «xxxx» MMC mənzili qiymətləndirmiş, tərtib etdikləri xx xxxxxx 2018-ci il tarixli 138 saylı rəyi də mənzilin bazar qiymətinin 300.000 manat olması aydın göstərilmişdir. Göründüyü kimi, iddiaçının məqsədli və məkrli hərəkətləri təkzib olunmaz sənədlərlə təsdiq olunur. Belə əməl törətmiş şəxs arqumentsiz və məntiqsiz olan iddia tələbində bu faktın üstündən sükutla keçmiş, günahını bildiyindən 520 manatı tələb belə etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş «fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı»nın 1-ci bəndinə əsasən borclu və onun ailəsinin birgə yaşadığı mənzilə tələbin yönəldilməsinə yol verilmədiyi halda icra məmuru ilə «iş birliyində» olan iddiaçı gizlin şəkildə mənzili dəyərindən 2 dəfə ucuz qiymətlənməsinə nail olduqdan sonra hərraca belə çıxartmışlar. Halbuki, bundan əlavə mənzil «Maraqlı şəxs BOKT» ASC-də ipoteka ilə yüklü olduğunda hərraca çıxarıla bilməzdi. Mənzili ələ keçirmək hərisliyi o qədər güclü olub ki, belə faktları da özlərinə maneə hesab etməmişlər. Hərracın keçirilmə qaydaları da kobud surətdə pozulmuşdur. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51-53-cü maddələrinin tələbləri nümayişkaranə pozulmuş, internetdə və dövlət qəzetində evin Maraqlı şəxsmetrləri, təmiri barədə məlumat verilməmiş, 4 yalançı hərrac keçirilib süni surətdə mənzilin ucuzlaşdırılmışdır. İcra məmurunun göndərdiyi sənədə görə yalnız bir dəfə hərrac keçirilə bilər. Həm də əvvəlcə qiymət barədə razılıq əldə olunmamasına tələbkarla borclunun imzaladığı sənəd olandan sonra mənzil hərraca çıxarıla bilərdi. Satılmasa və tələbkar götürməsə idi sənədlər geri qaytarılmalı idi. İcra qanununda mənzilin ucuzlaşdırılması nəzərdə tutulmamışdır. Hətta tutulsa idi və ipoteka şərtləri tətbiq edilsə idi belə 4 dəfə yalançı hərrac keçirilməsi yolverilməz idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına və «İpoteka haqqında» Qanunun 42-ci maddəsinə əsasən 2 dəfədən artıq hərrac keçirilə bilməzdi. Hərrac 4 dəfə formal keçirilib və 300.000 manatlıq ev 123.000 manata endirilmiş və bu yolla tələbkar ucuz qiymətə maraqlı şəxslərdən xəlvət əldə etmişdir. İddiaçı bütün bu hərəkətlərin təşəbbüsçüsü və fəal iştirakçısı olmuşdur. Həm də əməllərinin cinayət xarakterli olmasını bilmiş, məqsədli şəkildə hərəkət etmişlər. Nəsimi rayon İcra və Probasiya Xidməti xx xxxxxx 2018-ci il tarixli müraciətlə «xxxx» MMC-yə sənədləri göndərmişdir. Mərkəz tərəfindən mənzil 176.000 manata qiymətləndirilib xx xxxxx 2018-ci il tarixli rəy tərtib olunmuş, apardıqları sənədləşməyə görə xx xxxx 2018-ci il tarixdə tərəflərə hərrac keçirilməsinə 03/83 saylı bildiriş göndərilmiş, xx xxxx 2018-ci il tarixdə Kaspi qəzetində ilk elan verilmişdir. Əməllərinin qanunsuz olduğunu bildiklərindən iddiaçı Vüqar Tbilisi şəhərinə gedib orada Bərşadı tapmış, onu qorxudaraq xx xxxxxx 2018-ci il tarixə Tbilisi şəhəri A.Kazbeki prospekti 14 saylı evin 16 saylı ünvanda yerləşən mənzili olduğundan yalançı razılıq ərizəsi alıb gətirərək icraçıya təqdim etmiş, bununla da cinayət xarakterli əməllərini ört-basdır etməyə uğursuz cəhd etmişlər. Onlar Tbilisidən böyük çətinliklə sənəd əldə etmişlər ki, A.Kazbeki prospekti 14 saylı evin 16 saylı mənzili son 20 ildə Avtandil Qiqiberiyanındır. Bu gündə onundur. Mülk son 20 ildə özgəninkiləşdirilməmişdir. Göründüyü kimi, icra məmuru ilə «iş birliyində» olan iddiaçının mənzilini ələ keçirmək üçün qanunsuz əməlləri sərhəd tanımamışdır. İddiaçının qanunsuz hərəkətləri bütün yuxarıda sadalanan faktlarla məhdudlaşmır. Belə ki, o, uzun yazışma, get-gəldən və çəkişmədən sonra icra məmurundan sənədlərin surətini almış və ədalətsizliyə son verilməsi üçün «X3» MMC-nin keçirdiyi hərracın, onun nəticələri haqqında tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli 285 saylı protokolun və onun nəticələrinin, xx xxxxx 2018-ci il tarixli QR-1041 saylı qiymətləndirmə rəyinin və eləcə də, həmin mənzilə İddiaçı adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış qeydiyyat və verilmiş çıxarışın etibarsız hesab edilməsi və tələbin yönəldilməsinə yol verilmədiyindən həmin mənzilin siyahıdan çıxarılmasına dair qətnamə qəbul edilməsinə dair iddia qaldırmışdır. İddia ərizəsi və əlavə edilmiş sənədlər xx xxxxxx 2018-ci il tarixdə dəftərxanaya təhvil verilmişdir. Bundan xəbər tutan iddiaçı bu dəfə mənzili ələ keçirmək üçün davamlı hərəkətlərini təkrarlayaraq xx xxxxxx 2018-ci il tarixdə «Maraqlı şəxs BOKT» ASC-nin yardımından yaralanmaq üçün müraciət edərək, bu qurumla da icra məmuru kimi «iş birliyində» olmuş, bu tarixə Bərşadın «Maraqlı şəxs BOKT» ASCyə 17.980 ABŞ dollarından əlavə 34.001 ABŞ dolları 93 sent dəbbə pulu, 741 ABŞ dolları 74 sent faiz borcu olduğu halda, onlardan xəbərsiz yalnız 17.980 ABŞ dolları ödəyib, borcun qalmamasına, yüklülüyün götürülməsinə dair Ərazi İdarəsinə məktub verilməsinə nail olmuş, nəticə etibarı ilə xx xxxxxx 2018-ci il tarixdə ********** nömrə ilə qeyd edilmiş çıxarış almışdır. «Maraqlı şəxs BOKT» ASC Bərşad və onunla bağladığı müqavilə şərtlərini pozmuş, qanunsuz sənədlə mülkünün ələ keçirilməsinə yaşıl işıq yandırmışdır. Bankın deməsinə görə icra məmuru Ramiz Quliyev və Vüqar onları aldatmış, həmin iddia məhkəməyə təqdim ediləndən 15 gün sonra yəni 13 dekabr tarixdə ön tarixə yazılmış məktubla banka gəlib rəhbərliyi aldadaraq inandırmışdır ki, narazılıq və qanun pozğunluğu yoxdur. Halbuki, işdəki sənədlərlə təsdiq olunur ki, «Maraqlı şəxs BOKT» ASC-dən Bərşadın götürdüyü 30.000 ABŞ dolları kreditin faizlərindən əlavə əsas borcunun 12.020 ABŞ dollarını mənzilin əldən çıxmaması naminə müqaviləyə əsasən onun özü ödəmişdir. Bundan sonra iddiaçı onun və ailə üzvlərinin mənzildən çıxarılmalarına, mənzili boşaltmalarına dair yeni iddia qaldırmış, bu iddia o, qaldırdığı iddiaya nəticə verilənə kimi dayandırılmışdır. Göründüyü kimi hazırkı iddia üzrə cavabdehlərin qanunsuz hərəkətləri 300.000 manat dəyərində əmlakının Vüqarın mülkiyyətinə keçməsi ilə nəticələnmişdir. Bütün bu hərəkətlərindən sonra iddiaçının onu əsassız varlanmaqda ittiham etməsi gülünc görünür. Göründüyü kimi, cavabdehlər qanunsuz əməlləri ilə 300.000 dəyərində əmlakı əlindən alıb, bu yaşında onu bomj kimi küçədə yaşamağa təhrik edilməsi üçün hər vasitədən istifadə edib. Cavabdehlərin sənədlərinin qanunun tələbləri səviyyəsində tərtib edilməməsi, mənzilini ələ keçirmək üçün qanunsuz üsullardan istifadə etmələri, onu əsassız məhkəmə çəkişmələrinə cəlb etmələri, müxtəlif təşkilatların qapısını döyməyə məcbur edilməsi, bütün bunların əsəblərini tarıma çəkməsi, get-gələ salınması, 2 il götürqoy edib bu işin nə ilə nəticələnəcəyi düşünməsi, halal pulunu verib menzil aldığı halda məhkəmə çəkişmələrinə cəlb edilməsi, pulunun dəyərdən düşməsi, mənzilsiz qalmasının, 300.000 ziyana düşəcəyinin gündəmə gəlməsi mənəvi sarsıntı keçirməsi ilə nəticələnmiş, ona mənəvi ziyan dəymişdir. Hesab edir ki, cavabdehlər mənəvi ziyana görə ona elə ziyan vurmağa cəhd etdikləri 300.000 manat ödəməlidirlər. Qanun maddi zərərlə yanaşı mənəvi zərərin də mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, onlara dəymiş maddi və mənəvi ziyanlara görə hüquqa zidd hərəkətə yol vermiş cavabdehlər məsuliyyət daşıyır. O, cavabdehlərin qanunsuz hərəkətlərindən müdafiə olunmaq üçün məcbur olub 12 saylı vəkil bürosu ilə xx xxxxxx 2018-ci il tarixdə 1268 saylı müqavilə bağlayıb 200 manat, xx xxxx 2019-cu il tarixdə ******* saylı müqavilə bağlayıb, daha 200 manat, 3 saylı vəkil bürosu ilə 2019-cu ilin iyul ayında müqavilə bağlayıb 295166 saylı qəbzlə 110 manat hüquqi xidmətə pul ödəmişdir. 30 manat da hazırkı iddiaya görə rüsum ödəmişdir. Beləliklə, bu 540 manat da cavabdehlərdən müştərək qaydada tələb edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3625/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ceyhun Tağıyev). Qətnamədən İddiaçı və Cavabdeh2 ayrı ayrılıqda apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3625/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri və dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-8958/2017 saylı qətnaməsi ilə iddiaçının iddia ərizəsi təmin edilmiş, Cavabdeh1 130.000 ABŞ dolları məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sözügedən qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh1 mülkiyyətində olan ünvan 1, mənzil 69 icra mərhləsində Hərrac Təşkilatının 285 nömrəli hərracın yekunları barədə protokola əsasən 123.200 manata tələbkara, yəni iddiaçıya satılmışdır. Qeyd edilən hərracdan sonra müəyyən edilmişdir ki, ünvan 1 mənzil 69 ipoteka müqaviləsi ilə “Maraqlı şəxs Bokt” ASC-də girovdadır və həmin dövrə borclu Cavabdeh1 banka 17.980 ABŞ dollan məbləğində borcu vardır. Qeyd edilən borc məbləğini xx xxxxxx 2018-ci il tarixdə tam olaraq, yəni 17.980 ABŞ dolları məbləğində Cavabdeh1 əvəzinə etibarnamə əsasında iddiaçı tərəfindən ödənilib (xx.xx.2018-ci il tarixli xəzinə mədaxil orderi iş materiallarında yer alır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələgəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdikloıini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Bu baxımdan, baxmayaraq ki, birinci instansiya məhkəməsi qətnaməsində iddianın əsaslığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır deyə qeyd etsə də, iş materiallarında da yer alan göstərilən bu sübutlar birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş və ya sükutla üzərindən keçmişdir. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 18, mənzil 69 mərhələsində llərrac Təşkilatının 285 saylı hərracın yekunları barədə protokoluna əsasən 123.200 manata tələbkara, yəni iddiaçıya satılmış, hərracdan sonra bəlli olmuşdur ki, mənzil ipoteka müqaviləsi ilə “Maraqlı şəxs Bokt” ASC-də girovdadır və Cavabdeh1 «Maraqlı şəxs BOKT» ASC-yə 17.980 ABŞ dolları borcu vardır. Həmin borc xx xxxxxx 2018-ci il tarixdə Bərşad əvəzindən tam həcmdə iddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş 17.980 ABŞ dolları və həmin vaxtdan hal-hazıradək həmin məbləğdən istifadə edə bilmədiyi üçün əldən çıxmış fayda kimi 10.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ancaq birinci instansiya məhkəməsində xx.xx.2020-ci il tarixli ərizəyə heç bir münasibət bildirilməmiş və üzərindən sükutla keçilmişdir. Həmçinin, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göstərdiyi əsasları birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3625 saylı qətnaməsində təsdiq olunduğu kimi qarşılıqlı iddia üzrə iddiaçı ona mənəvi (real) zərər vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o ərizə və izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsidə məntiqsiz və əsassızdır. Bu səbəbdən rədd edilməlidir. Əksinə cavabdehlər qanunsuz, hüquqa zidd yollarla cavabdehin 300 min manat dəyərində olan əmlakını ələ keçirməklə onların qanuna zidd əməllərinin nəticəsini məcbur olub aradan qaldırdığı dövrdə cavabdehə maddi və mənəvi ziyan vurmuşlar. Müştərək qaydada Cavabdeh2 vurduqları ziyanı ödəməlidirlər. Belə ki, iddiaçı Şükürov X5 prospekti 18 saylı binanın 69 saylı mənzilin Bərşadın yox Cavabdeh2 olmasını, Bərşadın Almaniyada təhsil alması ilə bağlı kommersiya fəaliyyəti üçün ona yaxınlaşdığı vaxtdan bilir. Bərşad magistratura təhsili ilə bağlı Almaniyada yaşamış, bununla əlaqədar Bakıdan 3-4 nəfər həmyaşıdı o cümlədən, Vüqar ona müraciət edərək kommersiya fəaliyyəti ilə məşğul olmuş, bu səbəbdən onların bir-birinə kommersiya borcu olmuş,Vüqar adlı ortaqları “o biri yoldaşlardan sən alarsan” adı ilə mənzilimi ələ keçirtmək üçün Bərşadla guya bir həftəliyə 130 min ABŞ dolları nəğd pul borcu almasına müqavilə yazdıraraq imzalatmış, Vüqar bundan istifadə edib mənzili adına keçirmək üçün dərhalda məhkəməyə müraciət etmişdir. Bərşadda digər 2 nəfəri Xətai rayon məhkəməsinə verib onlardan 180 min ABŞ dolları tələb etmiş, hər 3 iddia təmin edilmişdir. Bərşad isə hələ məhkəmədən əvvəl xaricə getmiş, bu gündə ölkə xaricindədir. Mənzili Cavabdeh2 1997-ci ildə baş etibarnamə ilə alanda oğlu Bərşadın 13 yaşı olub. Elə həmin vaxtdan da mənzilə qeydiyyata düşüb ailəvi orada yaşayır. Etibarnamə Cavabdeh2 adına olduğuna görə öz adına sənədləşdirə bilməzdi və bu səbəbdən başqa bir şəxslə müqavilə yazılmalı olması gündəliyə gəldiyindən müqavilə yazılana kimi heç yerdə işləməmiş, 1 qəpik də olsun qazancı olmayan x xxxxxx 1985-ci il təvəllüdlü başqa sözlə yetkinlik yaşma çatmamış oğlu Bərşadın adına 2002-ci ildə rəsmiləşdirmişdir. Göründüyü kimi mənzili ələ keçirtmək üçün Vüqar yalançı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1,338,339,340-cı maddələrinə əsasən bağlandığı andan etibarsız olan borc alma müqaviləsi əldə etmiş, dərhal məhkəməyə müraciət etməklə iddianın təmin tədbiri kimi yekun məhkəmə qərarı çıxarılana kimi qərardadla mənzilin üzərinə həbs qoyulmasına nail olmuşdur. Onun bu hərəkətləri və qətnamə icra edilərkən törətdiyi cinayət xarakterli aşağıda sadalanan hərəkətləri niyyətinin əmlakın ələ keçirilməsinə yönəldiyini bir daha təsdiq edir. Bərşad ölkə xaricində olduğundan borcla bağlı qətnamədən Apellyasiya şikayəti verilməmişdir. Odur ki,qətnamə icraaya yönəldilmişdir. İddiaçı dərhal icra məmuru Ramiz Quliyevlə “iş birliyinə” girib mənzilin hərracda satılmasına məhkəmə qərarı, qətnaməsi almadan və icra məmurunun özünün qərarı olmadan mənzil qiymətləndirilməyə təqdim edilmişdir. Mülki qanunvericiliyin tələbləri baxımından qiymətləndirmə ilə bağlı xərcləri əmlak sahibi ödəməlidir. Lakin niyyətinə çatmaq üçün bütün üsullardan istifadə edən İddiaçı Cavabdeh2 və oğlundan xəbərsiz Bərşadın adından xx xxxxx 2018-ci il tarixdə 520 manat qiymətləndirmə üçün pul keçirib qiymətləndirməyə və mənzili dəyərindən 2 dəfə ucuz qiymətləndirilməsinə nail olmuşdur. ’’xxxx” MMC-tərəfindən tərtib olunan xx xxxxx 2018-ci il tarixli, QR- 1041 saylı qiymətləndirmə rəyində mənzilin dəyərinin 176 min manat olması göstərilsə də sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mənzili qiymətləndirmiş,tərtib etdikləri xx xxxxxx 2018-ci il tarixli, 138 saylı rəyidə mənzilin bazar qiymətinin 300 000 manat olması aydın göstərilmişdir. Göründüyü kimi iddiaçının məqsədli və məkrli hərəkətləri təkzib olunmaz sənədlərlədə təsdiq olunur. Belə əməl törətmiş şəxs arqumensiz və məntiqsiz olan iddia tələbində bu faktın üstündən sükutla keçmiş, günahını bildiyindən 520 manatı tələb belə etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kobinetinin x xxxx 2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1-ci bəndinə əsasən borclu və onun ailəsinin birgə yaşadığı mənzilə tələbin yönəldilməsinə yol verilmədiyi halda icra məmuru ilə “iş birliyində” olan iddiaçı gizli şəkildə mənzili dəyərindən 2 dəfə ucuz qiymətlənməsinə nail olduqdan sonra hərraca belə çıxartmışlar. Halbuki, bundan əlavə mənzil “Maraqlı şəxs Bokt”-Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü olduğundanda hərraca çıxarıla bilməzdi. Mənzili ələ keçirmək hərisliyi o qədər güclü olub ki, belə faktları da özlərinə maneə hesab etməmişlər. Hərracın keçirilmə qaydalarıda kobud surətdə pozulmuşdur. Belə ki, İcra haqqında qanunun 51-53-cü maddələrinin tələbləri nümayişkaranə pozulmuş, İnternetdə və dövlət qəzetində evin Maraqlı şəxsmetrləri, təmiri barədə məlumat verilməmiş, 4 yalançı hərrac keçirilib süni surətdə mənzilin ucuzlaşdırılmışdır. İcra məmurunun göndərdiyi sənədə görə yalnız bir dəfə hərrac keçirilə bilər. Həmdə əvvəlcə qiymət barədə razılıq əldə olunmamasına tələbkarla- borclunun imzaladığı sənəd olandan sonra mənzil hərraca çıxarıla bilərdi. Satılmasa və tələbkar götürməsə idi sənədlər geri qaytarılmalı idi. İcra qanununda mənzilin ucuzlaşdırılması nəzərdə tutulmamışdır. Hətta tutulsa idi və ipoteka şərtləri tətbiq edilsə idi belə 4 dəfə yalançı hərrac keçirilməsi yolverilməz idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına və “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə əsasən 2 dəfədən artıq hərrac keçirilə bilməzdi. Hərrac 4 dəfə formal keçirilib 300 min manatlıq ev 123 minə endirilmiş və bu yolla tələbkar ucuz qiymətə maraqlı şəxslərdən xəlvət əldə etmişdir. İddiaçı bütün bu hərəkətlərin təşəbbüsçüsü və fəal iştirakçısı olmuşdur. Həm də əməllərinin cinayət xarakterli olmasını bilmiş, məqsədli şəkildə hərəkət etmişlər. Nəsimi rayon icra və probasiya Xidməti xx xxxxxx 2018-ci il tarixli müraciətlə ’’xxxx” MMC-yə sənədləri göndərmişdir. Mərkəz tərəfindən mənzil 176 min manata qiymətlindirilib xx xxxxx 2018-ci il tarixli rəy tərtib olunmuş, apardıqları sənədləşməyə görə xx xxxx 2018-ci il tarixdə tərəflərə hərrac keçirilməsinə 03\83 saylı bildiriş göndərilmiş, xx xxxx 2018-ci il tarixdə Kaspi qazetində ilk elan verilmişdir. Əməllərinin qanunsuz olduğunu bildiklərindən iddiaçı Vüqar Tbilisi şəhərinə gedib orada Bərşadı tapmış, onu qorxudaraq xx xxxxxx 2018-ci il tarixə Tbilisi şəhər A.Kazbeki pr. 14 saylı binanın 16-cı ünvanda yerləşən mənzili olduğundan yalançı razılıq ərizəsi alıb gətirərək icraaçıya təqdim etmiş, bununla da cinayət xarakterli əməllərini ört-bastır etməyə uğursuz cəhd etmişlər. İcra məmuru ilə “iş birliyində” olan iddiaçının mənzili ələ keçirmək üçün qanunsuz əməlləri sərhəd tanımamışdır. İddiaçının qanunsuz hərəkətləri bütün yuxarıda sadalanan faktlarla məhdudlaşmır. Belə ki, Cavabdeh2 uzun yazışma, get-gəldən və çəkişmədən sonra İcra məmurundan sənədlərin surətini almış və ədalətsizliyə son verilməsi üçün “X3” MMC-nin keçirdiyi hərracın, onun nəticələri haqqında tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli 285 saylı protokolun və onun nəticələrinin, xx xxxxx 2018-ci il tarixli, QR-1041 saylı qiymətləndirmə rəyinin və eləcədə həmin mənzilə İddiaçı adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış qeydiyyat və verilmiş çıxarışın etibarsız hesab edilməsi və tələbin yönəldilməsinə yol verilmədiyindən həmin mənzilin siyahıdan çıxarılmasına dair qətnamə qəbul edilməsinə dair iddia qaldırmışdır. İddia ərizəsi və əlavə edilmiş sənədlər xx xxxxxx 2018-ci il tarixdə dəftərxanaya təhvıl verilmişdir.Bundan xəbər tutan iddiaçı bu dəfə mənzili ələ keçirtmək üçün davamlı hərəkətlərini təkrarlayaraq xx xxxxxx 2018-ci il tarixdə “Maraqlı şəxs Bokt”-Açıq Səhmdar Cəmiyyətinin yardımından yararlanmaq üçün müraciət edərək, bu qurumlada icra məmuru kimi “iş birliyində” olmuş, bu tarixə Bərşadın “Maraqlı şəxs Bokt”-a 17980 dollardan əlavə 34 001.93 dollar dəbbə pulu, 741.74 dollar faiz borcu olduğu halda bizdən xəbərsiz yalnız 17980 dolları ödəyib borcun qalmamasına, yüklülüyün götürülməsinə Ərazi İdarəsinə məktub verilməsinə nail olmuş, nəticə etibarı ilə xx xxxxxx 2018-ci il tarixdə, ********** nömrə ilə qeyd edilmiş çıxarış almışdır. “Maraqlı şəxs Bokt”-Açıq Səhmdar Cəmiyyəti Bərşad və Cavabdeh2lə bağladığı müqavilə şərtlərini pozmuş, qanunsuz sənədlə mülkümün ələ keçirilməsinə yaşıl işıq yandırmışdır. Bankın deməsinə görə icra məmuru Ramiz Quliyev və Vüqar onları aldatmış, həmin iddia məhkəməyə təqdim ediləndən 15 gün sonra yəni 13 dekabr tarixdə ön tarixə yazılmış məktubla banka gəlib rəhbərliyi aldadaraq inandırmışdır ki, narazılıq və qanun pozğunluğu yoxdur. Halbuki işdəki sənədlərlə təsdiq olunur ki, “Maraqlı şəxs Bokt”-Açıq Səhmdar Cəmiyyətindən Bərşadın götürdüyü 30 min ABŞ dolları kreditin faizlərindən əlavə əsas borcunun 12 min 20 dollarını mənzilin əldən çıxmaması naminə müqaviləyə əsasən Cavabdeh2 ödəmişdir. Bundan sonra iddiaçı Cavabdeh2 və ailə üzvlərinin mənzildən çıxarılmasına, mənzili boşaltmalarına dair yeni iddia qaldırmış, bu iddia Cavabdeh2 qaldırdığı iddiaya nəticə verilənə kimi dayandırılmışdır. Hazırkı iddia üzrə cavabdehlərin qanunsuz hərəkətləri 300 min manat dəyərində əmlakımın Vüqarın mülkiyyətinə keçməsi ilə nəticələnmişdir. Cavabdehlər qanunsuz əməlləri ilə 300 min dəyərində əmlakı Cavabdeh2 əlindən almaq üçün hər vasitədən istifadə edib. Cavabdehlər tərəfindən sənədlərinin qanunun tələbləri səviyyəsində tərtib edilməməsi, mənzili ələ keçirmək üçün qanunsuz üsullardan istifadə etmələri, Cavabdeh2 əsassız məhkəmə çəkişmələrinə cəlb etmələri, müxtəlif təşkilatların qapısını döyməyə məcbur etmələri, bütün bunların əsəblərini tarıma çəkməsi, getgələ salınması, 2 il götür-qoy edib bu işin nə ilə nəticələnəcəyini düşünməyi, pulunu verib mənzil aldığı halda məhkəmə çəkişmələrinə cəlb edilməyi, pulunun dəyərdən düşməsi, mənzilsiz qalmağı, 300 min ziyana düşəcəyinin gündəmə gəlməsi mənəvi sartıntı keçirməyi ilə nəticələmiş, cavabdehə mənəvi ziyan dəymişdir. Mənəvi ziyana görə Cavabdeh2 elə ziyan vurmağa cəhd etdikləri 300000 (üç yüz) min manat ödənilməlidir. Qanun maddi zərərlə yanaşı mənəvi zərərin də mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Göstərilən faktları təsdiq edən Ali Məhkəmə qərarını, mütəxəssis rəyini, iddiaçının hərraca və Banka Bərşad əvəzindən qanunsuz pul ödəməsinə, onun buna səlahiyyətinin olmamasına və bankın qanunsuz olaraq 34 001.93 dollar dəbbə pulu, 741.74 dollar faiz borcu olduğu halda cavabdehdən xəbərsiz mənzili iddiaçının xahişi ilə ipoteka yüklülüyündən azad etməsinə dair olan və eləcə də başqa sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə belə təkzibolunmaz sübutları sübut kimi qəbul etməməsinə və cavabdehlərin cinayət xarakterli əməlləri törətmələrinin hüquqa zidd olub- olmamasınada qətnamədə aydınlıq gətirməmişdir. Eləcə də qətnamədən bəlli deyil ki, yuxarıda sadalanan çoxsaylı sübutların hansı təsdiq edilmir, düz deyil. İşin təsdiq olunan faktiki hallarını qoyub nəzəri fərziyyələr irəli sürüb “iddia tələblərinin əsası kimi istinad edilən hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir” kimi məntiqə söykənməyən ümumi sözlə iddianı təmin etməmişdir. İddiaçının göstərdiyi kimi Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsini alıb. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, həmin şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi C.Mahmudov apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 2(006)-2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1 130000 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən 69 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-623/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən, mübahisə predmeti barədə müstəqil tələb irəli ürən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-8752/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 69 saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Hüquqi dəyərləndirmə: Kollegiya həm iddiaçı, həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək, hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İstinad olunan maddənin mənasından göründüyü kimi iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 17.980 ABŞ dolları məbləğində borcun Cavabdeh1 əvəzinə etibarnamə əsasında iddiaçı tərəfindən ödənilməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli qəbzin surətindən (i.v. 4) görünür ki, qeyd edilən 17.980 ABŞ Dolları İddiaçı tərəfindən deyil, Cavabdeh1 tərəfindən ödənilmişdir. Odur ki, qeyd edilən qəbz həmin məbləğin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. İddiaçı məbləği ödədiyini iddia etsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında həmin halı təsdiq edən hər hansı sübut aşkar edilməmişdir. Mənəvi zərərin ödənilməsi ilə bağlı Cavabdeh2 apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Hazırki iş üzrə cavabdeh 300000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 300000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, kollegiya hesab edir ki, mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı və ilkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3625/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar