Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2418/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili Vəkil3 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-916/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-916/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Səbinə Nuriyeva) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29.2-ci maddələrinə və Azərbaycan Respublikası MM-in 146.1, 146.2, 152.5, 178.1, 228.2, 647.2, MPM-in 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 218.1, 220.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
4. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil özbaşına tikilidir və mübahisə üzrə artıq qüvvədə olan məhkəmə qətnaməsi vardır. Eyni iddia tələbi üzrə iki dəfə məhkəmədə baxılması qanunvericiliyə ziddir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəyə baxılmış və iddia təmin edilməmişdir. Mübahisə predmeti ilə bağlı artıq qüvvədə olan qətnamə vardır və eyni predmet üzrə məsələyə yenidən baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmədə mübahisəyə yenidən baxılması ilə Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin tələbləri pozulmuşdur və ona görə də qətnamə ləğv edilməlidir.
5. İddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6410/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin 15 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6410/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq da göstərdi ki, iddiaçı mənzilə görə ondan aldığı 40.000 manat puldan, qətnamənin olmasına baxmayaraq, bugünədək bir manat da olsa qaytarmamışdır.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmasını xahiş etdi, bidirdi ki, mənzilə görə cavabdehdən aldığı və məhkəmə qətnaməsinə görə qaytarmalı olduğu 40.000 manatdan bir manat da olsa cavabdehə qaytarmamış, evi satmaq istəyir, evi satıb pulu qaytarmaq istəyir, çünki onun pensiyadan başqa gəliri yoxdur. Bu səbəbdən rayon məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etdi. Sübutların tədqiqi:
11. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 3888/2019 nömrəli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı Cavabdehler İddiaçı və X4 qarşı Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı evə görə verdiyi 40.000 (qırx min) manat pulu X5 və X1 alınıb ona qaytarılması tələbi qismən təmin edilərək, cavabdeh X2 40.000 (qırx min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
12. 18.05.2022-ci il tarixli DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı, X3 və Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadırlar. Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Tətbiq edilən prosessual hüquq normaları:
14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
19. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
20. Belə ki, apellyasiya məhkəməsinin bundan əvvəlki qətnaməsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndində qeyd etmişdir ki, ...apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən, işin hallarını tam nəzərə almamışdır. Çünki işin hallarından da göründüyü kimi, cavabdeh bu evə, iddiaçı ilə evin alğı-satqı barədə razılaşması əsasında köçmüş, evin razılaşdırılmış pulunu iddiaçıya tam ödəmişdir. İddiaçı qanuni qüvvəyə minmiş qətnaməyə əsasən, mənzilə görə ödənilmiş 40000 manat pulu cavabdehə ödəmək öhdəliyi daşıyır. Lakin o, öz öhdəliyini icra etmədiyi halda cavabdehdən evdən çıxmağı tələb edir. Bu vəziyyətdə məhkəmə işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verməli idi.Lakin məhkəmə bu normaların tələblərini nəzərə almamış və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırda İddiaçı uzun illərdir istifadəsində olan fərdi yaşayış evini sataraq qeyd olunan qətnamə üzrə müəyyən edilmiş öhdəliyi yerinə yetirmək istəsə də, Cavabdeh hal-hazırda həmin evdə yaşaması və iddiaçının həmin evi satmağına mane törətməsi səbəbindən evi sata bilmir. Hal-hazırda tərəflər arasında qeyd olunan evin cavabdehə satılmasına dair razılaşma baş tutmamışdır. Belə olan halda hazırda cavabdehin həmin mənzildə yaşaması iddiaçının hüquqlarını pozmaqdadır (bənd 46).Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçının evi satıb cavabdehə olan borcu qaytarmaq niyyətindən çıxış etdiyi qənaətindədir. Lakin nəzərə alınmalıdır ki, iş materiallarına əlavə olunmuş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1626/2021 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6643/2021 №-li qətnamələrindən göründüyü kimi, İddiaçı həmin iş üzrə iddia tələbi “Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti 15 ünvanındakı evin satılması, əldə olunmuş pul vəsaitindən öz hesabına qaz, su, elektrik ayrılması, texniki şərtlərin alınması, ayrıca sayğacların quraşdırılması və pasport qeydiyyatına alınması üçün ödədiyi 5000 manat pulun, 2018-ci ilin iyun ayından bu günə kimi ortalama hesab ilə təşkil edən 16500 manat kirayə haqqının xaric edilməsi və bunlardan sonra cavabdehin evdən çıxarılmasını tələb etmişdir (bənd 47).
21. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır (bənd 50).
22. Mülki Məcəllənin 560.3-cü maddəsinə görə, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (maddə 560.3.2.); .digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi (maddə 560.3.4.).
23. Kollegiya kassasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçının qanuni qüvvəyə minmiş qətnaməyə əsasən, mənzilə görə ödənilmiş 40000 manat pulu cavabdehə ödəmək öhdəliyi daşımağına baxmayaraq, həmin öhdəliyi icra etmədən hazırkı tələblə çıxış etməsi Mülki Məcəllənin 560.3.2 və 560.3.4-cü maddələrinin təsiri altına düşür, hüquqdan sui-istifadə isə yolverilməz olduğundan iddia tələbi təmin edilə bilməz.
24. İddianı təmin edən rayon məhkəməsi isə cavabdehin mübahisəli mənzildə qalması və mənzildən çıxmamasını iddiaçının həmin mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə mane yaratması qənaətinə gələrkən hazırkı işin hallarına Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verməmiş, nəticə də isə iş üzrə yanlış qənaətə gəlmişdir.
25. Beləliklə, şərh olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, eləcə də cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi baş verdiyindən və buna görə də cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticə:
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, tərəflər arasındakı həqiqi münasibətlərə tətbiq olunmalı maddi hüquq norması tətbiq olunmamış, nəticədə də cavabdehin hüquqlarının pozulmasına gətirib çıxaran düzgün olmayan qətnamə qəbul olunmuşdur ki, bu səbəbdən də cavabdehin apellyasiya şikayəti təmin edilməli qətnamə qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-916/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov