Məhkəmə qərarları › İş №2(103)-2420/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2420/2021

09.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2420/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin direktoru X3 və MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3687/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Ağstafa rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin verdiyi xx xxxx 2020-ci il tarixli, 19 nömrəli əmrinin verildiyi andan etibarsız hesab edilərək ləğv olunması, işə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, mənimsənilmiş əmək haqqının verilməsi və onun əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3687/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Cavabdeh isə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əmək müqaviləsinə qanunla müəyyən olunmuş qaydada – Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “d” bəndi ilə xitam verilmiş, o, xx xxxx 2020-ci il tarixində əmək kitabçasını və işdən çıxarılma ilə bağlı əmri əldə etmiş, iddia qaldırmaq üçün prosessual müddəti (1 ay) ötürmüş, cavabdeh tərəfindən ona son haqq-hesab işdən çıxarıldığı gün lazımi qaydada ödənilmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh MMC-nin direktoru N.Cəfərov apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçının əmək müqaviləsində işdən çıxarılmanın əsası kimi texniki yanlışlıq səbəbindən ƏM-in 68.2-ci maddəsinin a) bəndi göstərilmişdir, əlavə olaraq cavabdehin “xxxx” MMC ilə bağladığı xx xxxxxx 2019-cu il tarixli subpodrat müqaviləsinin müddəti başa çatdığından, bu hal tərəflərin iradəsindən asılı olmayan haldır və Məcəllənin 68.2-ci maddəsinin d) bəndinin təsiri altına düşür, eyni zamanda bildirdi ki, MMC iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır ki, onun da müddəti xx xxxx 2020-ci il tarixdə bitmişdir, bu səbəbədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin digər nümayəndəsi (baş mühasib vəzifəsində işləyən) M.İsgəndərov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda göstərdi ki, iddiaçıya əmək kitabçasının verilməsi rəsmi şəkildə sənədləşdirilmədiyini və hansı tarixdə verilməsini deyə bilməyəcəyini, habelə MMC-nin maddi vəziyyəti ilə əlaqədar olaraq iddiaçıya işdən çıxarılma ilə bağlı ona ödənilməli olan son haqq-hesabın iki dəfə olmaqla – 13 aprel və xx xxxx 2020-ci il tarixlərində ödənildiyini təsdiq etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdi . Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Sübutların tədqiqi: Məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli Cavabdeh MMC-nin əmri ilə İddiaçı Cavabdeh MMC-də avtobur sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə 19 nömrəli əmr ilə Cavabdeh MMC-yə sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə 19 nömrəli əmr ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsininin «a» (işçinin öz xahişi ilə) bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin xx.xx.2019-cu il tarixli, xxxxxxx000301 əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən müddətli olaraq, hər ay 180 manat əmək haqqı ödənilməklə sürücü vəzifəsində çalışır. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 016/20 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) xitam verilmişdir. Mülki iş materiallarında “xxxx” ASC tərəfindən verilmiş İddiaçı-CPS hesabından çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən xx xxxx 2020-ci il tarixdən sonra xx xxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərində ödənişlər edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin ümumi əsasları kimi aşağıdakılar təsbit olunmuşdur: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 016/20 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Kollegiya bildirir ki, ƏM-nin 68-ci maddəsi ümumi norma kimi çıxış edir və 68.2-ci maddənin d) bəndində göstərilən halların siyahısı Məcəllənin 74-cü maddəsində dəqiq şəkildə göstərilmişdir ki, həmin halların arasında cavabdehin dəlil kimi istinad etdiyi əsas (xx xxxxxx 2019-cu il tarixli subpodrat müqaviləsinin müddətinin bitməsi) nəzərdə tutulmamışdır. Eyni zamanda araşdırmalar zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək müqaviləsinə xitam verildiyi zaman (xx xxxx 2020-ci il) xx xxxxxx 2019-cu il tarixli subpodrat müqaviləsinin müddəti (xx xxxxxx 2020-ci il) hələ başa çatmamışdır. Bundan başqa, İddiaçı əmək kitabçasının surətindən görünür ki, cavabdeh daha bir pozuntuya yol verərək əmək müqaviləsinə xitam verməsi əsası kimi ƏM-in 68.2-ci maddəsinin a) bəndi göstərilmişdir (i/v 5). Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndindən göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işə götürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. “xxxx” ASC tərəfindən verilmiş İddiaçı-CPS hesabından çıxarışdan görünür ki, iddiaçının işdən azad edilməsindən – xx xxxx 2020-ci il tarixdən sonra cavabdeh tərəfindən iddiaçının hesabına iki dəfə olmaqla xx xxxxx 2020-ci il tarixdə 568 manat və xx xxxx 2020-ci il tarixdə 100 manat olmaqla ödənilmişdir (i/v 71-72). Bu fakt məhkəmə kollegiyasnın iclasında cavabdehin nümayəndəsi (MMC-də baş mühasib vəzifəsini icra edən) M.İsgəndərov tərəfindən təsdiq edilmişdir. ƏM-in 83-cü maddəsinə əsasən 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Kollegiya cavabdeh tərəfin izahatında iddiaçı ilə əmək müqaviləsinin müddətinin bitməsinə dair məlumat ilə bağlı bildirir ki: - Əvvəla, cavabdeh apellyasiya şikayətində bu faktı dəlil kimi göstərməmişdir. - İkincisi isə, müddətli əmək müqavilələrinə xitam verilməsini tənzimləyən ƏM-in 73-cü maddəsinin 1-ci bəndinin tələbinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Hazırkı halda cavabdeh tərəf qeyd olunan normada nəzərdə tutulmuş müddətə əməl etməmiş, bununla da, tərəflər arasında bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur, həm də cavabeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun müddətinin bitməsi əsasına görə deyil, tamamilə başqa əsasla xitam vermişdir. Cavabdehin hazırkı əmək mübahisəsi ilə bağlı iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ƏM-in 296-ci maddəsinin 2-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər və 296 maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı iddia ərizəsində əmək kitabçasını ərizəsini vermədən 10 gün əvvəl bir vətəndaş vasitəsilə əldə etdiyini bildirmiş, cavabdeh şikayətində bu fakta etiraz etsə də, əks halla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi vaxtdan 1 (bir) ay ərzində iddia qaldıraraq qanunvericiliklə müəyyən olunmuş müddəti buraxmamışdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti açıqaşkar əsassız, rayon məhkəməsi iş üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı" iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onların verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəfin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3687/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar