Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2421/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5772/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən həmin iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin 260.000 manat qiymətlə açıq hərracda satılması və əldə olunan məbləğin 3/5 hissədə Cavabdeh, 2/5 hissədə isə İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X5 cavabdehlə xx.xx.1991-ci ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2013-cü il tarixli Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi qaydada boşanmışdır. Hal-hazırda 2/5 hissədə iddiaçının mülkiyyətində olan və mübahisə predmeti olan mübahisəli mənzil qardaşı ilə cavabdehin birgə nikahı dövründə əldə etdikləri əmlak olmuş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli, 2(102)- 1630/2014 saylı qərarı əsasında mülkiyyətə daxil olan əmlak kimi qiymətləndirilərək, cavabdeh ilə iddiaçının qardaşı X3 paylı mülkiyyət şəklində hüquqları tanınmışdır. Sözügedən mənzilin 3/5 hissəsinə cavabdehin, 2/5 hissəsinə isə iddiaçının qardaşı X3 mülkiyyət hüquqları məhkəmə tərəfindən tanınaraq DƏDRX-də qeydiyyatdan keçmişdir. Daha sonra iddiaçının qardaşı X5 xx.xx.2015-ci il tarixdə sözügedən mənzilə dair payını (2/5 hissə) bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə vermişdir. Hal-hazırda sözügedən mənzil iddiaçı və cavabdehin paylı mülkiyyətindədir. Sözügedən mənzil halhazırda bazarda satış qiymətlərinə uyğun olaraq 230.000 (iki yüz otuz min) manat qiymətindədir və hal-hazırda alıcısı vardır. Lakin qanunvericiliyin tələblərinə uyğun olaraq sözügedən paylı mülkiyyət satılarkən payın satılan hissəsi ilkin olaraq digər payçıya təklif edilməli və o, imtina etdiyi təqdirdə sözügedən məsələ məhkəmə qaydasında öz həllini tapmalıdır. Belə ki, sözügedən mənzil məhkəmə qərarına uyğun olaraq açıq hərracda satılıb, əldə olunan vəsait paylara mütənasib şəkildə bölünməlidir. Sözügedən mənzil 230.000 manat məbləğində satıldıqda 92.000 manat məbləğ (2/5 pay hissəsi) iddiaçıya ödənilməlidir. xx.xx.2019-cu il tarixində cavabdehə rəsmi qaydada müraciət ünvanlayaraq sözügedən mənzilə dair payına münasibətdə nəzərdə tutulan 92.000 manat kompensasiya ödəyərək iddiaçının payını alması barədə təklifi cavabdeh tərəfindən imtina ilə cavablandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 5772/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin 2/5 hissəsinin İddiaçı, 3/5 hissəsinin isə Cavabdeh verilməsi, mənzilin ilkin satış qiymətinin 195.000 manat qiymətləndirilməsi, ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pul vəsaitinin 50 faizinin İddiaçı, 50 faizinin isə Cavabdeh aid edilməklə, həmin məbləğin Cavabdeh tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə tam şəkildə ödənilməsi nəzərə alınması və İddiaçı 150 manat pulun tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5772/2019 saylı qətnaməsini mənzilin ilkin satış qiymətinin 195.000 manat qiymətləndirilməsi, ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pul vəsaitinin 50 faizinin İddiaçı, 50 faizinin isə Cavabdeh aid edilməklə, həmin məbləğin Cavabdeh tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə tam şəkildə ödənilməsi nəzərə alınması və İddiaçı 150 manat pulun tutularaq, Cavabdeh ödənilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin dəyəri hazırda bazardakı satış qiymətlərinə uyğun olaraq 230.000 manat təşkil edir. Daşınmaz əmlak bazarında qiymətlərdə artımın olduğu nəzərə alınsa, mənzilin 2014-cü ildə 230.000 manat, 2019-cu ildə isə 195.000 manat olması qeyri-realdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil X6 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmiş, məhkəmənin sonuncu iclasında isə apelyasiya şikayətinin həcminin azaldılması barədə əlavəni məhkəmə kollegiyasına təqdim edərək mənzilin ilkin satış qiymətinin 200.000 manat müəyyən edilərək açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin 2/5 İddiaçı, 3/5 hissədə isə Cavabdeh ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X4 apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı apellyasiya şikayətində qətnamənin yalnız mübahisəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, habelə ekspertiza tədqiqatının dəyərinin tərəflər arasında bərabər şəkildə bölünməsinə dair hissəsini mübahisələndirmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətində mübahiələndirilən hissədə yoxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinin RX seriyalı, ******* saylı Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin 2/5 hissəsi İddiaçı, 3/5 hissəsi isə Cavabdeh paylı mülkiyyətindədir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-11657/2018 saylı qətnaməsinin surətindən görünür ki, X5 (hazırkı iş üzrə iddiaçının qardaşı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən mənzilin paylara mütənasib hissədə naturada ayrılması və s. məsələləri mübahisələndirmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018ci il tarixli qətnaməsi ilə X3 iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu məhəllə 458, Fuad İbrahimbəyov küçəsi ev 12, 6 saylı mənzilin paylara mütənasib surətdə bölüşdürülməsi... qət edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilmiş və X3 iddiası rədd edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-11657/2018 saylı qətnaməsinin surətindən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2017-ci il tarixli 17890 saylı rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu məhəllə 458, Fuad İbrahimbəyov küçəsi ev 12, 6 saylı mənzilin təcrid mənzillər şəklində, tərəflərin paylarına uyğun naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarına əlavə olunmuş «Velokuryer bicycle services» kuryer xidməti tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən Cavabdeh bildiriş göndərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisəli mənzil tərəflərin ümumi paylı mülkiyyətindədir. Həmin mənzilin tərəflərin paylarına mütənasib şəkildə naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. İddiaçı həmin mənzilə münasibətdə öz payına düşən hissənin dəyərinin ona ödənilməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bununla razılaşmamışdır. Mənzilin açıq hərracda ilkin satış qiyməti 195.000 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü və 220.5-ci maddələrinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin, paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 183/E nömrəli ekspert rəyinə əsasən tərəflərin paylı mülkiyyətlərində olan mənzilin dəyəri 195.000 manat qiymətləndirilmişdir. Bakı Apelyasiya Məhkəməsində keçirilən xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili N.Quliyeva vəsatət verərək Bakı şəhəri Yasamal rayonu məhəllə 458, Fuad İbrahimbəyov küçəsi ev 12, 6 saylı mənzilin yenidən qiymətləndirilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi “X10” MMC-yə həvalə edilmişdir. “X10” MMC tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli ƏEM/İ 40-325/20 saylı qiymətləndirmə rəyində Bakı şəhəri Yasamal rayonu məhəllə 458, Fuad İbrahimbəyov küçəsi ev 12, 6 saylı mənzilin bazar dəyərinin 200.000 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilmiş qiymətləndirmə zamanı mübahisəli mənzilin bazar qiymətinin 195.000 manat, apellyasiya instansiyasında həyata keçirilmiş qiymətləndirmə zamanı isə 200.000 manat olması müəyyən edilmişdir. Hər iki rəyin məzmunundan görünür ki, qiymətləndirici tərəfindən mübahisəli mənzilin tədqiqat aparılan vaxta olan bazar qiyməti müəyyən edilmişdir. Həmçinin, müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş mənzilin ilkin satış qiyməti ilə hazırkı qiymətləndirmə rəyində müəyyən edilmiş əmlakın bazar qiyməti arasında kəskin fərq mövcud deyildir (qiymətlər arasındakı fərq təxminən 2% təşkil edir). Məhkəmə kollegiyası hesab edir ki, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsinə dair rəylərdə göstərilən bazar qiyməti həmin mənzilin ümumi vəziyyəti, təmir səviyyəsi, yerləşdiyi ərazi, həmin ərazidə olan mənzillərin orta satış qiyməti və s. amillər əsasında formalaşmaqla, təqribi xarakter daşıyır. Üstəlik, əmlakın açıq hərracdan satılması zamanı ilkin satış qiymətinin müəyyən edilməsi əmlakın məhz həmin qiymətə satılması anlamına gəlmir, bu qiymət hərracın gedişində tələb və təklifdən asılı olaraq, arta və ya azala bilər. Belə olan halda qiymətləndirmə rəylərində mübahisəli əmlakın müəyyən edilmiş ilkin satış qiymətləri arasında olan cüzi fərqi kollegiya birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətinin dəyişdirilməsi üçün əhəmiyyətli dəlil hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərin əsaslı hesab etmir. Belə ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv olunmasına səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 5772/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2421/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2421/2020
03.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver